Məhkəmə qərarları › İş №2(103)-1318/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1318/2020

15.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1318/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3641/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3118 manat 10 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3148 manat 10 qəpik məbləğində pulun Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,”İddiaçı” İstehsalat Birliyi xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evinə təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00131 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1705AZ**********30 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu müqavilənin və “Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbit edən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat;xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, Birliyin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehin mənzilində quraşdırılmış G4 markalı 1102AQ**********0 saylı qaz sayğacı, yeni, G-4 markalı 1702AZ**********64 saylı yeni qaz sayğacı ilə əvəzlənmiş və bu barədə xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Aktı cavabdehin nümayəndəsi Miryusif Rəsulov imzalamışdır. Aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, plombun qırıq olduğu, gövdənin üst hissəsində deşik olduğu müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2018-ci il tarixli 01322971 saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 564,40 manat dəymiş ziyan hesablanmışdır. Yenidən Birliyin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus qaz sayğacına baxış keçirilərkən yeni quraşdırılmış G-4 markalı 1702AZ**********64 saylı qaz sayğacının da üst plastmas hissədən deşildiyi aşkar edilmişdir. Faktla bağlı xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 1.814 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdehin cəmi borcu 3.118 manat 10 qəpik olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3641/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 840 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 870 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3641/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması bərədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddia tələbininin təmin edilməsi barədə qətnamədə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsi faktının öz təsdiqini tapmadığını əsas götürmüşdür. Məhkəmə iddiaçı tərəfdən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyibödəmədiyini araşdırmamış, tərəflərindən təqdim edilmiş fotoşəkillərə müansibət bildirməmiş, şahidlərin məhkəmədə verdiyi ifadələrə münasibət bildirməmiş, qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmaması barədə ekspertiza təyin etməmişdir. Məhkəmə yalnız cavabdehin fikirlərini əsas götürərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qətnaməsində cavabdeh istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödədiyini bildirmişdir. 1-ci və apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırsaydı onda məlum olardı ki, aktların yazıldığı 2018-2019-cu il tarixlərdə cavabdeh tərəfindən 1 manat da olsun ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən yalnız sonuncu dəfə 2017-ci il tarixdə ödəniş həyata keçirilmişdir. Göründüyü kimi məhkəmə bunların heç birini araşdırmamış, düzgün maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3641/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə”si bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evinə **********00131 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1705AZ**********30 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş aktlardan və fotoşəkillərdən göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixli **** saylı müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacın birləşmə nöqtəsindən əvvəl, özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, məhkəmə qeyd etmişdir ki, qaz paylayıcı şəbəkəyə aid qaz boru xəttinin qaz sayğacının birləşmə nöqtəsindən öncə kəsilərək, qazdan sayğacdan kənar istifadə edilməsi cavabdehin birbaşa təqsirli hərəkəti nəticəsində baş verən, düşünülmüş hərəkətdir və iddiaçının istinad etdiyi aktlar fakt üzrə, real olaraq tərtib edilmişdir. Həmçinin İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbit edən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi sənədlərdə qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, Birliyin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehin mənzilində quraşdırılmış G-4 markalı 1102AQ**********0 saylı qaz sayğacı, yeni, G-4 markalı 1702AZ**********64 saylı yeni qaz sayğacı ilə əvəzlənmiş və bu barədə xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Aktı cavabdehin nümayəndəsi Miryusif Rəsulov imzalamışdır. Aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, plombun qırıq olduğu, gövdənin üst hissəsində deşik olduğu müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2018-ci il tarixli 01322971 saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 564,40 manat dəymiş ziyan hesablanmışdır. Yenidən Birliyin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus qaz sayğacına baxış keçirilərkən yeni quraşdırılmış G-4 markalı 1702AZ**********64 saylı qaz sayğacının da üst plastmas hissədən deşildiyi aşkar edilmişdir. Faktla bağlı xx.xx.2018-ci il tarixli0178822 saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 1.814 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdehincəmiborcu 3118 manat 10 qəpik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. MM-nin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həm qaz paylayıcısının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, istehlakçının qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər verməsi ilk olaraq xx xxxxxx 2017-ci il tarixdə aşkar edilmişdir. Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2019-cu ilin aprel ayınadək davam etdiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən məbləğ istehlakçının xx xxxxxx 2017 - xx xxxxx 2019-cu il tarixləri arasında yol verdiyi pozuntulara görə tutulmalıdır.Ona görə də istehlakçıdan, yəni cavabdehdən xx xxxxxx 2017 - xx xxxxx 2019-cu il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 20 (iyirmi) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 5 (beş manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 30 (otuz) manat). Məhkəmə qeyd edilənləri nəzərə alaraq hər aya görə 20 (iyirmi) manat, ümumilikdə 17 ay (17x20=340) üçün 340 (üç yüz qırx) manat məbləğinin tutulmasını ədalətli hesab etmişdir. Bundan əlavə sadalanan aktlara əsasən iki dəfə sayğac dəyişdirilməsi nəzərə alınmaqla, ağlabatan qiymət olaraq hər sayğaca görə 250 manat olmaqla, cəmi 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 3641/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar