Məhkəmə qərarları › İş №2(103)-1318/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1318/2025

11.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1318/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi (abonent kodu: **********00081) ünvanında yaşayır. Cavabdehin əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar olunmuş, bununla bağlı xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı aktlar tərtib edilmiş, iddiaçıya aktlar əsasında ümumilikdə 3825,14 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız hesablandığını bildirərək onun silinməsini tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən abonent koduna əsassız olaraq hesablanmış 3825,14 manat borcun silinməsi və 287,5 manat pulun ona geri qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaz xəttinə qanunsuz qoşulma olmamış, borc əsassız yazılmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7447/24 saylı iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin olunaraq, iddiaçının abonent hesabına cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 3825,14 manat borcun silinməsi, iddiaçının abonent hesabı üzrə ödənilmiş 287. 50 manat məbləğində pul vəsaitinin geri qaytarılması, cavabdehdən 61,13 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyini sübuta yetirə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 5.2-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Aktın imzalanmasından imtina edilməsi zərərin ödənilməsinin tələb olunmasının qarşısını almır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

16. İşdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya borc hesablanarkən 11 akt əsas götürülmüşdür. Aktlarda iddiaçının sayğacdan kənar qaz xəttindən istifadə etdiyi qeyd olunmuşdur.

17. İddiaçı həmin aktlar əsasında hesablanmış borcun qanunsuz, əsassız olduğunu bildirərək hazırkı iddianı qaldırmış və əsassız hesablanmış borcun silinməsini tələb etmişdir.

18. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iş üzrə məhkəmətrasoloji ekspertizası təyin etmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/437 saylı rəyi ilə tədqiqata təqdim edilən borunun üzərində müaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

20. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, istinad olunan aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə yeni məzmunda 8-1-ci hissə əlavə edildikdən sonra tərtib olunmuşdur və həmin maddənin təsiri altına düşür.

21. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə də qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. Göründüyü kimi, Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

25. Cavabdeh apellyasiya şikayətində aktların tərtibi zamanı fotoşəkillər də çəkildiyini və sayğaca müdaxilənin həmin şəkillərdən də açıq-aşkar göründüyünü qeyd etsə də, məhkəmə kollegiyası iş materiallarında belə fotoşəkillər müəyyən etmədi. Cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı fotoşəkil təqdim etməmişdir.

26. Apellyasiya şikayətinin başqa bir dəlili iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən aktın işə baxan məhkəmə tərəfindən düzgün araşdırılmaması və qiymətləndirilməməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvanda qaz sayğacı fərdi yaşayış evinin daxilində, yaxud həyətyanı torpaq sahəsində deyil, küçədə divara bərkidilməklə quraşdırılmışdır və cavabdehin mütəmadi olaraq həmin sayğacın normal işləyib-işləmədiyinə nəzarət etmək, lazım gəldikdə qanunla müəyyən olunmuş tədbirləri görmək imkanı olmuşdur. Lakin cavabdeh bununla bağlı qanunda nəzərdə tutulmuş hər hansı tədbir görməmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

28. Yuxarıda qeyd olunduğu kimi, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir və cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir mötəbər sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

29. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar