Məhkəmə qərarları › İş №2(103)-1324/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1324/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1324/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1324/2025 (Açar sözlər: subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2179/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-H 241/21 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Baic X3 Luxury” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Baic M60 Platinium” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 2692 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Baic M60 Platinium” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 2692 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 091/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı ** PY *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 2692 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 2692 (iki min altı yüz doxsan iki) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 2692 manat məbləğində sığorta ödənişi, 46,92 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 2739,32 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2179/2024 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 916.1, 936.1, 936.2, 1096.1, 1097, 1114-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki baic markalı avtomobil “Perfomance Center”-ə məxsusdur və hər iki avtomobil lizinq ilə alındığı üçün həmin avtomobil servisində kasko və icbari sığorta olunmuşdur. Hər iki baic markalı avtomobilin kasko sığortası A-Group sığorta şirkətində servis tərəfindən məcburi kasko sığortası olunmuşdur. Qəza zamanı bütün sənədlər qaydasında olmuş, spirtli içki və ya psixoloji dərmanların təsiri altında olmamışdır. Qəzada iştirak edən hər iki avtomobilin məcburi icbari sığortası da olub. Qəza zamanı sığorta şirkətinin nümayəndəsi qəza yerinə yaxınlaşdığı zaman hər iki avtomobilin eyni servisə məxsus olduğu üçün sığorta işləmlərinin də eyni siğorta şirkəti tərəfindən aparılaraq hər iki avtomobilin təmin olunacağını bildirmiş, yalnız onun sığorta müqaviləsində hər iki tərəflə razılaşdırılmış 200 AZN franşizanı ödəyəcəyini söyləmişdir. Hər iki avtomobilin həm icbari, həm də kasko sığortası eyni sığorta şirkətinə məxsus olmuşdur. “A Group” sığorta şirkəti qarşı tərəfə dəyən maddi ziyanı o deyil, həmin dövr üçün qüvvədə olan onun icbari sığorta şirkəti ödəməli olduğu halda, ona qarşı qaldırdığı bu iddianı əsassız və qanunsuz hesab edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3 və 394- 1.4-cü maddələrinin tələblərinə əsasən işə iddia icraatı qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

12. Maddə 886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.

13. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

14. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

15. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

16. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

18. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

19. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

20. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 25.. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalar düzgün tətbiq olunmamışdır ki, bu da qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.

30. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallara əsasən Cavabdeh idarə etdiyi “Baic M60 Platinium” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, bu zaman Baic X3 Luxury” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, həmin hadisədə təqsirli olması səbəbi ilə AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Sığortaçı qismində "xxxx" ASC tərəfindən sığorta edilən "xxxx" MMC məxsus “Baic X3 Luxury” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2692 manat məbləğində sığorta ödənişi ödənmişdir.

31. Göründüyü kimi cavabdehin idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və təqsirli hərəkəti nəticəsində digər bir avtomobilə zərər yetirməsi işin mübahisəsiz halını təşkil etmişdir. Lakin hazırki iş üzrə ziddiyyətli məqam ödənilən sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasının mümkünlüyü ilə bağlıdır.

32. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sığortaçı qismində "xxxx" ASC sığorta edilən "xxxx" MMC məxsus “Baic X3 Luxury” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək – 3 il müddətinə sığorta olunmuşdur. O cümlədən Cavabdeh idarə etdiyi “Baic M60 Platinium” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomaşının "xxxx" ASC tərəfindən icbari sığortalanması da işin materialları və tərəflərin hər ikisinin izahatları ilə öz təsdiqini tapmışdır.

33. Həmçinin iş materiallarındakı yazışmalardan məlum olur ki, "xxxx" ASC tərəfindən edilmiş sığorta ödənişinin qaytarılması ilə bağlı cavabdehin idarə etdiyi avtomobilin icbari sığortaçısı "xxxx" ASC-yə məktubla müraciət olunsa da, sonuncu tərəfindən ödənişin edilməsindən imtina olunmuşdur.

33. Lakin qeyd edilməlidir ki, həm zərərvuran qismində cavabdehin idarə etdiyi, həm də iddiaçı tərəfindən sığoratalanan avtomobillərin hər ikisi lizinq obyekti olmaqla mülkiyyət hüquqları "xxxx" MMC-yə məxsusdur və bu zaman sığortalı, sığortaçı, faydalanan və ya üçüncü şəxs anlayışlarının hazırki işə tətbiqi zamanı müəyyən məqamlar ortaya çıxır.

34. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 5.2ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. 6.1-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.

35. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.

36. Sözügedən Qanunun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.

37. Qanunun 7-ci maddəsinə əsasən isə sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

38. Qanunvericilikdə verilən anlayışlardan da göründüyü kimi sığorta hadisəsinin baş verməsi halında zərəri vuran, həmin zərəri ödəyən, xeyrinə pulun ödəniləcəyi və sonradan reqress qaydada tələb olunma hüququna malik olan şəxslərin dairəsi konkret təsbit olunmuş, hansı hallarda həmin statusları daşıya biləcəkləri öz əksini tapmışdır.

39. Lakin yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə həm zərərvuran şəxsin idarə etdiyi, həm də iddiaçı tərəfindən sığortalanan və zərər vurulan avtomobil eyni şəxsə məxsusdur və nəticədə hazırki mübahisə üzrə üçüncü şəxsin mövcudluğu istisna olunur. İşin mübahisəsiz halıdır ki, cavabdehin idarə etdiyi avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır və bununla bağlı sonuncuya müvafiq sığorta haqqı ödənmişdir.

40. Bu halda kollegiya hesab edir ki, dəymiş zərərlə bağlı iddiaçı tərəfindən edilmiş ödənişin cavabdehdən tələb edilməsi əsassız olmaqla icbari sığorta anlayışının və bununla bağlı mövcud qanunvericiliyin məqsədlərinə uyğun hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, bu halda iddiaçının mövcud mübahisəni "xxxx" ASC ilə həll etməsi daha məqsədəmüvafiq olardı.

41. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin halları, o cümlədən maddi və prosessual hüquqların tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləğlərii onu ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2179/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləğlərii onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar