Məhkəmə qərarları › İş №2(103)-1329/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1329/2022

05.10.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1329/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: müqavilənin dəyişdirilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair 2(005)- 1924/2019 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 19 mart 2013-cü il tarixli 17082 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Bakı şəhəri Sabunçu rayonu 2595ci məhəllə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 7 saylı binanın 1-ci blok, 17-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 92,06 kv.metr olan 170 saylı mənzili iddiaçıya satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində həmin mənzilin dəyərini (qiymətini) cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 71372,41 manat müəyyən edilmiş və cavabdeh mənzilin dəyərini (qiymətini) hər ay 523,04 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məhkəmədə iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış 19 mart 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79,0 rəqəmi ilə əvəz edilməsi, həmin müqavilənin 2.1-ci bəndində 71372,41 rəqəminin 57033,61 rəqəmi ilə əvəz edilməsi, həmin bənddə 532,04 rəqəminin 403,55 rəqəmi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, müqavilədə mənzilin sahəsi 92,06 kv.metr göstərildiyi halda, xx.xx.2019-cu il tarixdə təmirlə əlaqədar mənzilin sahəsini ölçərkən mənzilin sahəsinin 79 kv.metr olduğu müəyyən edilmişdir. Buna görə də müqavilənin mənzilin sahəsi, qiyməti və aylıq ödəmə ilə bağlı bəndlərinin dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin nəticəsi olmamışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(005)- 1924/2019 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 19 mart 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 86,2 rəqəmi ilə əvəz edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı ekspertin rəyi ilə divarların və arakəsmələrin sahələri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 86,2 kv.metr təşkil edir. Cavabdeh müqavilə ilə iddiaçıya ümumi sahəsi 92,06 kv.metr olan mənzil satmaq əvəzinə, arakəsmələr də daxil olmaqla ümumi sahəsi 86,2 kv.metr olan mənzil satmışdır. Bu da iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. İddiaçı sözügedən mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq müəyyənləşdirildiyini düşünüb və həmin mənzilin 71372,41 manat qiymətləndirilməsini özü üçün münasib dəyər hesab edib və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq verib. İddiaçının tələbi mənzilin ümumi sahəsinin 74,3 kv.metr olmaqla müqavilənin müvafiq bəndinə dəyişiklik edilməsi hissəsində əsassızdır. Çünki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının, arakəsmələrin, dəhliz və eyvanların, habelə yardımçı sadələrin daxil edilməsi öz əksini tapıb və iddiaçı bu bəndlə razılaşaraq müqaviləni imzalayıb. Bu baxımdan mənzilin ümumi sahəsi 74,3 kv.metr deyil, arakəsmələr daxil olmaqla ekspert rəyi ilə müəyyən edilmiş 86,2 kv.metr kimi qeyd edilməli və müqavilənin 1.1-ci bəndində 92,06 rəqəmi, 86,2 rəqəmi ilə əvəz edilməlidir. Cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar çıxarılmasına dair ərizəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir və iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə 01 mart 2019-cu il tarixdə müraciət etdiyindən, qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 568.1, 373.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı qətnamənin ləğv edilib iddianın tam təmin edilməsini, cavabdeh "xxxx" STİK ASC isə qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən, məruzəçi), Elnur Həsənov və Fuad Babayev) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş və tərəflər arasında bağlanmış 19 mart 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79,0 rəqəmi ilə əvəz edilməsi qət edilmişdir.

9. Cavabdeh "xxxx" STİK ASC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Gündüz Quliyev sədrlik edən, məruzəçi, İlqar Xələfov və Zaur Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Səmədov sədrlik edən,məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmiş, iddiaçının apellyasiya şikayəti isə təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbinin əsasını müqavilənin bəndlərinin dəyişdirilməsi təşkil etdiyi halda, cavabdehin sözügedən müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması, yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi sübuta yetirilmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi göstərilmişdir. Həmin müqavilənin 2.1-ci bəndində isə bu sahəyə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olması qeyd edilmişdir. Deməli, mənzilin ümumi sahəsi üçün vahid qiymət müəyyən edilib və qiymət hər kvadrat metr üçün hesablanmayıb. Yəni iddiaçı divarları, arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri də daxil olmaqla ümumi sahəsi müəyyən edilən mənzilə görə 71372,41 manat ödəməyi öz iradə ifadəsi əsasında öhdəsinə götürüb. Eyni zamanda tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşaraq üzərlərinə qarşılıqlı öhdəliklər götürüblər. Belə olan halda, heç bir qanuni əsas olmadan tərəflərdən birinin istəyi ilə digər tərəfin iradəsinə zidd olaraq həmin şərtlərin dəyişdirilməsi yolverilməzdir.

Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov sədrlik edən və məruzəçi, Vüqar Həsənov və İspəndiyar Şəfiyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisənin faktiki hallarına və mülki iş materillarına uyğun gəlmədiyi üçün əsaslı sayıla bilməz. Belə ki, cavabdehin iddiaçıya satdığı mənzilin ümumi sahəsi 92,06 kv.metrdir. Bu sahəyə mənzilin divarlarının, arakəsmələrinin, dəhliz və eyvanının sahələri, habelə yardımçı sahələrinin sahəsi aid edilib və müqavilənin bu şərtləri iddiaçı ilə xüsusi şəkildə razılaşdırılıb. Lakin ekspertin rəyinə görə, həmin sahələr nəzərə alındıqda belə cavabdeh iddiaçıya 6,4 kv.metr az sahə satıb. Belə olan halda cavabdehin sözügedən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması, yəni iddiaçıya müqavilədə şərtləndirilmiş qaydada deyil, daha az sahəli başqa mənzil satması və bununla da iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması açıq-aşkardır və apellyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə almayıb və bu xüsusata düzgün hüquqi qiymət verməyib. Apellyasiya instansiyası məhkəməsi, iddianın özünün əsassız olduğunu qeyd edib, ondan müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi məsələsinin mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmədiyini və prosessual qənaət prinsipini nəzərə alıb, bu xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət olmadığını qeyd edib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının öz hüququnun pozulduğunu nə vaxtdan bilməsi və ya bilməli olması aydınlaşdırılmaqla, hazırkı mülki mübahisəyə iddia müddətinin tətbiqi və iddia müddətinin axımı məsələsinə də hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın qismən təmin edilməsinin əsas səbəbi kimi, tərəflər arasında bağlanmış müqavilənin qanuna zidd olan 1.2ci bəndini (bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələri də daxildir) əsas götürməyini, iddiaçının imza edib, razılaşmağı ilə əsaslandırmışdır. Lakin məhkəmə müqavilənin 1.2-ci bəndinin mülki qanunvericiliyin tələblərinə zidd olduğuna görə etibarsız olduğunu nəzərə almamışdır.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli müqavilədə mənzilin sahəsi 92.06 kv.m müəyyən edilmiş, mənzilin ümumi sahəsi hesablanarkən mənzilin sahəsinə arakəsmələr də daxil edilmişdir. Belə olan halda, iddiaçı müqaviləni imzalayarkən və mənzili təhvil alarkən bundan məlumatı olmuş və aktı imza edərək mənzili qəbul etmişdir. İddiaçı xx.xx.2013-cü ildə alqı-satqı müqaviləsini bağlayarkən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsinin aid edildiyinə dair müqavilədə bənd olduğunu bildiyindən və ya bilməyə borclu olduğundan həmin müqavilədən irəli gələn tələblə bağlı 2019-cu ildə qaldıraraq 3 illik iddia müddətini ötürdüyündən iddia tələbi rədd edilməlidir.

Apellyasiya şikayətlərinə qarşı etiraz

17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İştirak etdiyi məhkəmə iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi Araz Tağıyev təmsil etdiyi Cəmiyyətin apellyasiya şikayətinin əsaslı olduğunu, analoji işlər üzrə "xxxx" STİK ASC-nin xeyrinə çıxmış çoxsaylı məhkəmə qətnamələrinin mövcud olduğunu bildirərək qətnamənin iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 589.1. Əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətlərində iddiaçı qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

23. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 avqust 2022-ci il tarixli 10/2046 saylı rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7 nömrəli binanın, İ Blok, 17-ci mərtəbəsindəki 170 nömrəli 2 otaqdan ibarət mənzilin sahəsinin 74,3 kv.metr təşkil etdiyi və həmin sahənin 19 mart 2013-cü il tarixli 17082 nömrəli müqavilədə göstərilən sahəyə (92,06 kv.metr) uyğun olmadığı müəyyən edilmişdir. Ekspertin rəyinə görə həmin mənzilin sahəsi azaltma əmsalı nəzərə alınmadan 79,4 kv.metr, azaltma əmsalı nəzərə alınmaqla 74,3 kv.metr təşkil edir. Mövcud məhkəmə təcrübəsində mənzillərin sahəsinin azaltma əmsalı nəzərə alınmadan hesablanması tətbiq olunduğundan, "xxxx" STİK ASC tərəfindən İddiaçı satılmış mənzilin sahəsinin 79,4 kv.metr, yəni müqavilədə nəzərdə tutulmuş sahəsindən 12,66 kv.metr az olması müəyyən edilir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməmişdir. Buna görə də iddiaçı cavabdehə qarşı müqavilənin dəyişdirilməsi tələbini yox, Mülki Məcəllənin 587-ci maddəsində nəzərdə tutulmuş tələbləri (alış qiymətinin mütənasib azaldılması, alqı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılması, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması və s.) irəli sürə bilərdi. Mübahisəyə iddia müddətinin tətbiq olunması məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 589.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya qüsurlu mənzil satılmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində əşyanın qüsurları ilə bağlı tələblərin daha uzun müddətdə irəli sürülə bilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçı mənzilin qüsurları ilə bağlı tələbləri mənzilin ona təhvil verildiyi 19 mart 2013-cü il tarixindən 2 il ərzində irəli sürə bilərdi. İş materiallarından görünür ki, hazırkı iddia 1 mart 2019-cu il tarixində, yəni iddia müddəti keçdikdən sonra qaldırılmışdır. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. (i.v.37-38) Buna görə də iddia həm də iddia müddətinin keçməsi əsasına görə rədd edilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1924/2019 saylı mülki iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar