Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-133/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(004)-2728/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı mülkiyyət hüquqlarının ilə ona məxsus torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə inşa edilmiş 2 mərtəbəli özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsinin "xxxx" MTK-ya təhvil verilməsi, eləcə də vurulmuş maddi ziyanın tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468- 472-ci məhəllədə inşa edilmiş 2 mərtəbəli özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsinin "xxxx" MTK-ya təhvil verilməsi, eləcə də, vurulmuş maddi zərərə görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 1.4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinə ayrılmışdır. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, “Memar-3’' MTK-nə ayrılmış sözügedən torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilərək, həmin hissədə qanunsuz olaraq iki mərtəbəli tikili inşa edilmişdir. Qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililər onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində onlara dəymiş maddi zərər təxminən 8000 manat təşkil edir. Həmin məbləğ cavabdehdən tutularaq onlara ödənilməlidir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(004)2728/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş iki mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə cavabdehlər tərəfindən qanunsuz olaraq iki mərtəbəli tikili inşa edilmişdir. Beləliklə məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsində Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncamına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 10/4696 nömrəli ekspert rəyini rəhbər tutaraq hesab etmişdir ki, "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468- 472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş 2 mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməlidir. Həmçinin iddia tələbinin vurulmuş maddi zərərə görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ödənilməsi hissəsində məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən dəymiş zərər barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən əsassız olmaqla, təmin edilməməlidir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk öncə sözügedən sərəncamın özünün qanuniliyinə düzgün hüquqi qiymət verməmiş, həmin sərəncamda konkret hansı torpaq sahəsinin ayrılmasından söhbət getdiyi bilinməmiş, qeyd edilən qeyri-müəyyən torpaq sahəsinə dair sözügedən sərəncam verilmişdir. Bundan əlavə X2 19-cu maddəsinin 6-cı abzasında göstərilən müqavilə bağlanmamışdır. Hansı ki, qeyd edilən maddənin tələbinə görə Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Lakin iş materiallarında belə bir müqavilə olmamışdır. Belə ki, mükli işdə olan sənədlərdən həm də məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır ki, sözügedən fərdi yaşayış evi təxminən 24 il bundan əvvəl orada tikilmiş və həmin evi o almışdır. Sözügedən müddət ərzində həmin torpaq sahəsi heç bir halda hansısa formada hasarlanmamış və ya iddiaçı təşkilata aid olmasını təsdiq edən heç bir işarət olmamışdır. Ora boş ərazi olmuş, şifahi razılıq əsasında sözügedən ev tikilmiş və hazırkı vaxta kimi bununla bağlı heç bir halda nə əvvəlki sahibində nə də ona etiraz olmamışdır. Bundan əlavə tək cavabdeh yox, həm də digər şəxslərin fərdi yaşayış evi tikilmiş və bəzi şəxslər həmin evlərə dair hətta çıxarışlar da əldə etmişdir. Bundan əlavə qeyd edilən evin sökülməsi barədə məhkəmə qətnaməsi hüquqdan sui-istifadəyə yol verməklə həm də ona ciddi maddi ziyan verilməsi ilə nəticələnəcəyini məhkəmə nəzərə almamışdır. Belə ki, sözügedən müddət ərzində həmin torpaq sahəsində aparılmış tikilinin sökülməsi və ya onun sahəsinə aid olması barədə hər hansı bir iddiaçı təşkilat tərəfindən etiraz olmamışdır. Bütün bunlar birlikdə onu göstərir ki, hazırkı iddia tələbi hüquqdan sui istifadə ilə bağlıdır və məhkəmə bu sui-istifadə tələbini təmin etməklə cavabdehin maddi ziyan və əsassız olaraq sahibliyində olan əmlakdan məhrum edilməsi ilə nəticələnməsini əsas yaratmışdır. Başqa sözlə, bu cür mövqe məhkəmənin işin faktiki vəziyyətini və hazırkı iddia tələbinin yalnız cavabdehə münasibətdə irəli sürülməsi və oxşar vəziyyətdə olan digər tikililərə münasibətdə irəli sürülməməsi kimi mühüm əhəmiyyət kəsb edən halları nəzərə almadan qəbul etmişdir. Həmçinin bü cür mövqe hazırkı vahid məhkəmə təcrübəsi ilə də uzlaşmır. Bundan başqa nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən-"xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş iki mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 180.1, 180.2 və 180.3-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncama əsasən Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 21.07.88-ci il tarixli 7/403 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468- 472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 99/284 saylı istifadəyə verilən torpaq sahəsinin xx.xx.1999-cu ayrıc aktına əsasən Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.Nərimanov küçəsi 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Memarlar İttifaqına (“Memar-2”) 0,39 ha əlavə sahələrinin ayrılmasına icazə verilmişdir (i.v.209-212). xx.xx.2003-cü il tarixli Torpaqdan daimi istifadəyə dair CN 0916 kod 01100003 olan Dövlət aktından görünür ki, Yasamal rayonu, N.Nərimanov küçəsi 468-472-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamına əsasən 0,827 ha sahə İddiaçı MTK-ya kooperativ yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır (i.v.157-160). Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin xx.xx.2006-cı il tarixli ayrıc aktına əsasən Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün Azərbaycan Memarlıq İttifaqına əlavə sahələrinin ayrılmasına icazə verilmişdir. İş materiallarına əlavə olunmuş 02 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin qərarından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qərardan görünür ki, araşdırma zamanı Bakı şəhəri, Xocavənd rayonu, Xocavənd ə/d, Xocavənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov döngəsi 17 ünvanında nömrəsiz evdə yaşayan xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 yazdığı izahatda bildirmişdir ki, 2020-ci ilin noyabr ayında Qarabağ ərazisində iştirak etdiyi döyüşlərdə yaralanaraq hərbi xidmətə yararsız kimi ehtiyata buraxılmışdır. Yaşamağa yeri olmadığı üçün o, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov döngəsi 17 ünvanında yerləşən dalanlarda avtomobilində gecələyirdi. Təxminən 1 ay bundan əvvəl tanımadığı şəxslər ona yaxınlaşaraq həmin ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evin Rusiya Federasiyasında yaşayan adını bilmədiyi Azərbaycanlıya məxsus olmasını, müharibə iştirakçısının küçələrdə qalmasını bildiyini, həmin evi ona bağışlanmasını demişdilər. Cavabdeh1 həmin evə köçərək, evdə təmir işləri aparmağa başlamışdır. Lakin bir neçə gündən sonra tanımadığı şəxs evə gələrək, həmin evin qanunsuz olaraq işlədiyi İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus olan torpaq sahəsində tikildiyini demiş və evi sökməyi ondan tələb etmişdir. Cavabdeh1 yaşadığı evin sənədlərinin olub-olmamasını və evin kimə məxsus olması barədə məlumatların olmadığımı izahatında qeyd etmişdir. Hazırda isə iddiaçı bildiririr ki, sözügedən torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilərək, həmin hissədə qanunsuz olaraq iki mərtəbəli tikili inşa edilmişdir. Qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililər onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 10/4696 nömrəli ekspert rəyi xx.xx.2023-cü il tarixli rəydən görünür ki, İddiaçı MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə yerləşən torpaq sahəsi ilə Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları üst üstə düşdüyü müəyyən edilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertizanın nəticəsi ilə İddiaçı MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə yerləşən torpaq sahəsi ilə Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının üst üstə düşməsi müəyyən edilsə də, hazırda iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin obyektiv həlli üçün cavabdehin inşa etdiyi tikilinin iddiaçıya ayrılmış torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsi araşdırılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk öncə sözügedən sərəncamın özünün qanuniliyinə düzgün hüquqi qiymət verməmiş, həmin sərəncamda konkret hansı torpaq sahəsinin ayrılmasından söhbət getdiyi bilinməmiş, qeyd edilən qeyri-müəyyən torpaq sahəsinə dair sözügedən sərəncam verilmişdir. Cavabdehin dəlillərinin qiymətləndirilməsi, eləcə də, iş üzrə obyektiv nəticəyə gəlmək üçün qeyd edilən xüsusat mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3929 saylı rəyindən görünür ki, göstərilən torpaq sahəsi ayrıc aktında qeyd olunan ölçülərə əsasən 1.4321 ha təşkil edir. Torpaq sahəsi şimaldan mövcud yaşayış evləri ilə, şərqdən N.Nərimanov küçəsi ilə, cənubdan M.Əliyev küçəsi ilə, qərbdən Qədirli küçəsi və mövcud yaşayış evləri ilə əhatə olunub. Sahə üzərində çoxmərtəbəli yaşayış binaları və digər vətəndaşlara məxsus yaşayış evi və qeyri-yaşayış tikililəri mövcuddur. Qeyd olunan 1.4321 ha və mübahisələndirilən 0.005 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50,0 kv.m sahə ayrıc daxilində yerləşir. Bundan əlavə ayrıc daxilində çoxlu sayda qeydiyyatdan keçmiş və qeydiyyatı barədə məlumat aşkar edilməmiş əmlaklar mövcuddur. Göründüyü kimi ünvan 1 ünvanındakı 1.4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Memarlar İttifaqına ayrılmış və işin faktiki halları ilə təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50,0 kv.m sahə ayrıc daxilində yerləşməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK-nın 0.827 ha torpaq sahəsi olmasına dair dövlət aktı təsdiq edilmişdir. Bununla belə "xxxx" MTK-ya ayrılmş ünvan 1də yerləşən 0,827 ha torpaq sahəsinin yerləşmə koordinatları müəyyən olunmaqla, Cavabdeh2 inşa etdiyi ev "xxxx" MTK- adına dövlət aktı ilə təsdi edilmiş 0.827 ha torpaq sahəsi ilə üst-üstə düşməsi kimi xüsusatın araşdırılması, cavabdehin dəlillərinin qiymətləndirilməsi, eləcə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün əlavə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9243 nömrəli, 11 iyun 2025-ci il tarixli rəyindən görünür ki, iddiaçının nümayəndəsi Dövlət aktına əsasən 8270.0 kv.m (0.827 ha) sahənin ayrıc aktı daxilində yerləşdiyini qeyd etsə də, lakin dəqiq mövqeyini bilmir. Bu səbəbdən həmin hissənin koordinatlarını təyin etmək mümkün olmamışdır. Ayrıc aktında qeyd olunan ölçülərə əsasən 1.4321 ha və mübahisələndirilən üzərində iki mərtəbəli yaşayış evi inşa olunan tikintialtı sahədən ibarət 50.0 kv.m sahənin koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50,0 kv.m sahə ayrıc daxilində yerləşir. Bundan əlavə ayrıc daxilində çoxlu sayda qeydiyyatdan keçmiş və qeydiyyatı barədə məlumat aşkar edilməmiş əmlaklar mövcuddur. İddiaçının nümayəndəsi Dövlət aktına əsasən 8270.0 kv.m (0.827 ha) sahənin ayrıc akti daxilində yerləşdiyini qeyd etsə də, lakin dəqiq mövqeyini bilmir. Bu səbəbdən həmin hissənin koordinatlarını təyin etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50,0 kv.m sahə ayrıc daxilində yerləşir. Bundan əlavə ayrıc daxilində çoxlu sayda qeydiyyatdan keçmiş və qeydiyyatı barədə məlumat aşkar edilməmiş əmlaklar mövcuddur. Beləliklə təqdim edilmiş ekspert rəyləri ilə ünvan 1 ünvanındakı 1.4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Memarlar İttifaqına ayrılmış və işin faktiki halları ilə təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50,0 kv.m sahə ayrıc daxilində yerləşməsi müəyyən edilmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd olunan halın müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncama əsasən Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 21.07.88-ci il tarixli 7/403 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468-472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmiş, lakin Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə cavabdehlər tərəfindən qanunsuz olaraq iki mərtəbəli tikili inşa edilmişdir. İş üzrə ekspert və mütəxəssis rəyləri olmasına baxmayaraq kollegiya qeyd edir ki, bu rəylər olmadan belə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin xx.xx.2006-cı il tarixli ayrıc aktına və mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdən aydın görünür ki, mübahisələndirilən tikili məhz İddiaçı ayrılmış ərazinin daxilində olması aydın görünür. ( i.v.23, 154, 174, 211) Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 6, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş iki mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdeh tərəfin mübahisəli evin 24 ildir tikilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, bu hal mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, yerində baxış zamanı Yasamal rayonu, N.ünvan 6 ünvanında İddiaçı MTK-qə ayrılmış torpaq sahəsinin təqribən 70 kv.m olan hissəsində bir müddət öncə müvafiq icazə və razılaşdırma sənədləri olmadan iki mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur ( i.v.15-16). Həmçinin Cavabdeh2 adına olan "xxxx" ASC-nin bildirişdən görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi işıq borcu ödənilmişdir ( i.v.70). Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı MTK-qə ayrılmış torpaq sahəsinin təqribən 70 kv.m olan hissəsində bir müddət öncə müvafiq icazə və razılaşdırma sənədləri olmadan iki mərtəbəli fərdi yaşayış evinin inşa edilməsinin göstərilməsi həmin evin məhz 24 il əvvəl inşa edilməsini təsdiq etmir. Bu halı həmçinin cavabdehin özünün də təqdim etdiyi ödəniş qəbzinin tarixi də təsdiq edir. Bir sözlə, cavabdeh mübahisəli evin 24 il əvvəl tikilməsinə, bu müddət ərzində həmin evə görə kommunal xidmət haqlarını ödəməsinə dair sübutlar təqdim etməmişdir. Halbuki Məhkəmə Kollegiyası tərəfindən cavabdeh tərəfə həmin sübutların təqdim edilməsi təklif olunmuşdur. Baxmayaraq ki, təqdim edilən sübutlar sonrakı sübutlara aid olacaqdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olaraq 100 manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(004)- 2728/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhramzadə