Məhkəmə qərarları › İş №2(103)-1332/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1332/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1332/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5241/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.362 manat pulun iddiaçıya qaytarılması və cavabdehin əməlinin hüquqi qiymət verilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X6 ilə Lizinq yolu ilə qohumu Nümayəndə ilə birlikdə “Şevrole” markalı avtomobil almaq üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Avtosell lizinq” şirkətində müqavilə bağlanmışdır. Cavabdeh hər ay 652 manat ödəmək şərti ilə ilk 3 (üç) ayın pulunu 1.955 manat almışdır. xx.xx.2021-ci il tarixdə cəmi bir ayın pulunu lizinq şirkətinə ödəmişdir, qalan 2 ayın pulunu olmadığı bəhanə gətirərək aldatma yolu ilə həmin pulu ödəməkdən yayınmışdır. Bu münvalla maşına aid olan yerdə qalan pulu tam iddiaçı ödəsə də, Cavabdeh sonra söz verdiyi 1.362 manatı yenə müxtəlif bahənələrlə ödəməkdən boyun qaçırmışdır və sonda yenə həmin məbləği iddiaçı ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh həmin vaxtdan onunla bütün əlaqələri kəsmiş və bu günə kimi də həmin pulu qaytarmamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Xətai RPŞ-nin 37-ci bölməsinə iddiaçı müraciət etmişdir və xx.xx.2024-cü il tarixdə həmin bölməsinin baş təhqiqatcısı polis mayor Əhmədov Kamran tərəfindən “Cinayət işinin rədd edilməsi” barədə qərar qəbul edilmişdir və məsələ ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 25-ci maddəsinə əsasən məhkəməyə tövsiyyə olunmuşdur. İddiaçı bildirir ki, əldə etdiyi məlumata görə Cavabdeh bu məsələdən əvvəl Yasamal RPŞ tərəfindən axtarışdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5241/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh 1362 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu olaraq 33,62 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnaməni yalnız cavabdehin əməllərinə hüquqi qiymət verilməməsi hissəsində mübahisələndirmişdir. İddiaçının apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1332/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə onun apellyasiya icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi xahiş etdi. Bildirdi ki, cavabdehin qanunsuz əməlləri ilə bağlı müvafiq hüquqmühafizə orqanlarına da müraciət etmişdir. Lakin prokuror müvafiq hərəkətlərin edilməsi üçün məhkəmə göstərişinin olmasının vacibliyini qeyd edir. Hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin əməli cinayət xarakterli olduğu üçün iddianın «cavabdehin əməlinə hüquqi qiymət verilməsi» hissəsinə baxıb tədbir görməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir.Kollegiya onun iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, hazırki mülki iş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmaqla baxışdan çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki işdə iddia ərizəsinin məzmunundan, iddiaçının məhkəmə iclasında verdiyi izahatından və mülki məhkəmə icraatında məhkəmələrin bununla bağlı səlahiyyətlərinin həddindən məlum olur ki, iddiaçının “Cavabdeh əməlinə hüquqi qiymət verilməsi ilə bağlı tələb” irəli sürməkdə istəyi cavabdeh barəsndə xüsusi qərardad çıxarılaraq müvafiq tədbir görülməsindən ötrü prokurorluq orqanına göndərilməsindən ibarət olmuşdur. Həmçinin müəyyən olunur ki, İddiaçı pulunun Cavabdeh tərəfindən mənimsənilməsi faktı üzrə hüquq-mühafizə orqanlarına da müraciət etmiş və müvafiq araşdırılma aparılmışdır. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən material üzrə cinayət işinin başlanılmasnın rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildimişdir ki, 2021-ci ilin aprel ayında X2 əmisi İddiaçı Talib oğlu ilə gəlib 5300 manat lizing yolu ilə ödəniş edib “Chevrolet Cruz2” markalı avtomobili almışlar. Sonra avtomobili öz adlarına keçirmişlər. Bu zaman onun 1362 manat borcu qalmışdır. Lakin, onun həmin şəxslərin pulunu keçirmək niyyəti olmamışdır, hazırda vəziyyəti yaxşı olmadığından imkanı olan kimi qaytaracağına söz vermişdir. Həmin qərarla müəyyən edilmişdir ki, “...şikayətçi İddiaçı 2021-ci ilin aprel ayında Cavabdeh avtomobil alan zaman ödəməsi üçün sonuncuya 2 ayın pulu olan 1362 manat pulu versə də, sonuncu həmin pulları ödəməmişdir. Bununla da məlum olur ki, hadisədən 2 ildən artıq (3 ilə yaxın) müddət keçmişdir. Yəni İddiaçı Talib oğlunun hazırkı şikayətini nəzərə alaraq, hadisələrin baş verdiyi gündən bu günədək, yəni İddiaçı Talib oğlunun şikayət etdiyi xx.xx.2024-cü il tarixədək 2 ildən artıq, 3 ilə yaxın müddət keçmişdir.” Kollegiya hesab edir ki, iddiaçının “cavabdehin əməlinə hüquqi qiymət verilməsi (xüsusi qərardad çıxarılması)” barədə tələbi hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, belə ki, işdə iştirak edən şəxslərin işə baxılması ilə əlaqədar istənilən məsələyə dair vəsatət vermək hüququ vardır və qanun xüsusi qərardad çıxarılması barədə vəsatətin verilə bilməsini istisna etməmişdir. Bu da onu deməyə əsas verir ki, xüsusi qərardad həm işdə istirak edən şəxsin vəsatəti, həm işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Lakin MPM-in 265.4-cü maddəsinin məzmununa diqqət yetirdikdə aydın olur ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxarır. Qətnamə isə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qəbul edilən və işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır. Qeyd edilənlərə əsasən kollegiya, iddiaçının “cavabdeh barəsində xüsusi qərardad çıxarılması” barədə istəyini tələb kimi deyil, “prosessual vəsatət” kimi qiymətləndirdiyindən hesab edir ki, həmin məsələ üzrə qətnamə çıxarılmalı deyildir. Eyni zamanda işdən göründüyü kimi Cavabdeh İddiaçı qarşı törətdiyi hüquq pozuntusu barədə hüquq-mühafizə orqanları artıq məlumatlı olduğundan və araşdırılaraq yuxarıda qeyd edilən müvafiq qərar qəbul edildiyindən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsinə də zərurət qalmamışdır. Buna baxmayaraq iddiaçı apellyasiya şikayətində həmin “tələb”ə baxılmadığını bildirərək apellyasiya instansiya məhkəməsi tərəfindən onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı qətnamə çıxarılmalı olmayan məsələni mübahisələndirərək onunla bağlı qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddiaçının apellyasiya şikayətinin mülki-prosessual məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi yaranmış vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, hazırki vəziyyətdə iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5241/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və birinci instaniya məhkəməsindən geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5241/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Hazırki mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5241/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1332/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılsın və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar