Məhkəmə qərarları › İş №2(103)-1333/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1333/2022

24.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1333/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi X10 iştirakları ilə İddiaçı Cavabdeh2 Qennadiyevnaya və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair cavabdehlərin arasında 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ №0608704 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, X7 mirasını qəbul etməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti uzadılmış, Həsənova (Kloçkova) Svetlana Qennadyevna və X4 adlarına X3 miras qalmış "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə 27.02.2015-ci il tarixli 2V-01-15 №li reyestr qeydiyyatlı və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair 27.02.2015-ci il tarixli 2V-01-16 №li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, həmin pul vəsaitinə və torpaq sahəsinə 1/3 hissədə Həsənova (Kloçkova) Svetlana Qennadyevnanın, 1/3 hissədə X4, 1/3 hissədə onun vərəsəlik payları müəyyən olunmuş, onların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi Bakı şəhər 20 saylı notariat kontoruna həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2017-ci il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamənin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.03.2021-ci il tarixdə reyestr çıxarışı verilmişdir. Bundan sonra, paylı mülkiyyətçi olaraq torpaq sahəsinin naturada bölünməsi ilə bağlı danışıqlar aparmaq üçün Cavabdeh2 müraciət etdikdə və bu məsələ ilə bağlı torpaq sahəsinə baxış keçirdikdə bilmişdir ki, ümumi paylı mülkiyyətlərində olan 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsi Cavabdeh1 istifadəsindədir. Bununla bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin 10 000 (on min) manata satılmasına dair 15.04.2017ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, həmin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair 27.02.2015-ci il tarixli 2V-01-16 №li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, alqı-satqı müqaviləsi vərəsəlik şəhadətnaməsinin məhkəmədə mübahisələndirildiyi və şəhadətnamənin ləğv olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra bağlanmışdır. Bundan başqa, həmin müqavilə bağlanan zaman, eləcə də hazırda da torpaq sahəsi paylara uyğun şəkildə naturada bölünməmişdir. Eyni zamanda, cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqavilə dəyəri cəmi 10 000 manat olmuşdur. Halbuki, həmin ərazidə torpağın 1 sotunun dəyəri 10 000 manatdan bahadır və alqı-satqının predmeti olan torpaq sahəsinin həmin hissəsində dəyəri 50 000 (əlli min) manatdan artıq olan tikili (villa) mövcud olmuşdur. Beləliklə, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan sənədlər məhkəmə qərarı ilə ləğv olunduğundan və müqavilə görünüş üçün bağlandığından uydurma əqddir və cavabdehlər arasında bağlanmış həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi (vəkili) onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, iddiaçının müvafiq iddianı irəli sürməyə subyektiv hüququnun olmadığı barədə qənaətinin mülki qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etdiyini, cavabdehlərin özlərinin izahatları ilə müqavilənin görünüş üçün bağlandığının müəyyən edildiyini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən qətnaməsini yalnız mübahisəli torpaq sahəsinin payçılar arasında natural qaydada bölünməməsi səbəbilə Şəbinə Həsənovanın subyektiv hüquqa sahib olmadığı qənaəti ilə əsaslandırmış, beləliklə də Mülki Məcəllənin 213-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddi hüquq normasına görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əsva barəsində üçüncü şəxslərə qarsı tələblər irəli sürə bilər və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinin 1/3 hissədə mülkiyyətçisi olduğundan, ümumi mülkiyyətdə olan həmin əmlaka dair bağlanmış əqdin etibarsızlığı ilə bağlı iddia tələbini irəli sürmək üçün subyektiv hüquq sahibi olmuşdur. Digər tərəfdən məhkəmə, prosessual hüquq normalarını kobud şəkildə pozmuş və sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verməmişdir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlarla mübahisələndirilən müqavilənin məzmunu və şərtləri, Cavabdeh1 nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı etirazın məznunda göstərilənlər, eləcə də iş üzrə üçüncü şəsx Arif Həsənov tərəfindən verilmiş iddia ərizəsinin məznunda göstərilən hallarla, digər Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatı ilə də mübahisələndirilən əqdin etibarsızlığı öz təsdiqini tapır. Cavabdeh1 nümayəndəsi Mehdi Hadıyev iddiaya qarşı verdiyi yazılı etirazda, eləcə də məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onlar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş evi müqavilə tərəfi olan Cavabdeh2 deyil, həmin əmlaka hər hansı aidiyyəti olmayan X5, həm də mübahisələndirilən müqavilədə qeyd olunan məbləğə deyil, 90 000 manata almış, müqavilə tərəfi olan Cavabdeh2 isə hər hansı məbləğdə pul ödəməmişlər. Cavabdeh2 da məhkəmə icalsında verdiyi izahatında göstərmişdir ki, faktiki olaraq Cavabdeh1 ilə müqavilə bağlasa da, həmin alqı-satqı müqaviləsinə görə ona pul vəsaiti verilməmişdir. Eyni zamanda X12 da öz iddia tələbində göstərmişdir ki, torpaq sahəsinin 0,045 ha hissəsini və orada inşa edilmiş evi o, Mehdi Hadiyevə 100 000 manata satmış, Cavabdeh2 Qennadiyevna alqı-satqı müqaviləsini alıcı Cavabdeh1 ilə 15.04.2017-ci il tarixində bağlamış, o, artıq evin və torpaq sahəsinin pulunu, yəni 100 000 manatı Mehdi Hadıyevdən aldığından, müqavilədə göstərilən 10 000 manatı Cavabdeh1 adından banka o ödəmiş, sonda alqı-satqı müqaviləsi bağlandıqdan, sənədlər rəsmiləşəndən sonra Cavabdeh2 bankdan verilmiş 10 000 manat pulu götürüb ona qaytarmışdır. Bütün qeyd olunanlarla, hətta cavabdehlərin özləri tərəfindən bildirilənlərlə təsdiq və sübut olunur ki, mübahisələndirilən əqd etibarsızdır. Lakin buna baxmayaraq məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu qənaətin hər bir kəlməsi, kəsb etdiyi məna məhkəmənin öz qətnaməsində istinad etdiyi və etmədiyi bütün qanunvericilik aktlarına və həmin qanunların tənzimlədiyi münasibətlərlə daban-dabana zidd olmaqla böyük təəssüf və təəccüb hissi doğurur. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi X13 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkdiyindən dəniz havası olan ərazidən ev almaq qərarına gəlmiş, bu məqsədlə şəhərdəki mənzillərini sataraq Mərdəkan ərazisində ev axtarmağa başlamışlar. Şəhərdən qonşuluqda yaşayan Arifin öz bağını satdığını öyrənmiş, torpaq sahəsini və həmin torpaqda inşa edilmiş evi X5 100 000 manata almış, Arifin tələbi ilə torpağın və evin sahibi olmuş mərhum X6 arvadı Svetlana Qennadiyevnaya alqı-satqı zamanı həmin 100 000 manatın 10 000 manatını ödəmişdir. X8 deməsinə görə torpaq sahəsini X9 90 000 manat ödəməklə almış, ona 10 000 manat borcu qalmış, ödənişdən sonra Marat Həsənov sözügedən əmlak üzərində sərəncam verməsinə dair Arif Həsənova baş etibarnamə vermis, sonuncu da Marat Həsənovun ölümündən sonra həmin əmlakı ona satmışdır. Cavabdeh2 Qennyadiyevna hələ ərinin sağlığı dövründə qeyd edilən əmlakın Arif Həsənova satıldığını, 10 000 manat borclu qaldığını bildiyindən Arif Həsənovun tapşırığı ilə onunla alqı-satqı müqaviləsi bağlamış, qalıq 10 000 manat notariusun depozit hesabına köçürülmüşdür. İddiaçı iddiası həm də ona görə əsassızdır ki, torpaq sahəsinin iddiaçıya hər hansı bir aidiyyəti yoxdur, iddia üçün hüquqa malik deyil. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mərhum Maratla 2009-cu ildə ailə qurmuş, 2014-cü ildən Arif Həsənovu tanımış, mərhum həyat yoldaşı mübahisəli torpağın 0,045 ha hissəsini Arif Həsənova satmış, lakin torpağın rəsmi alqı-satqısı həyata keçirilməmiş, onların arasında şifahi razılaşma olmuş, Marat Arifə sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, Arif Həsənov sonradan orada ev tikmişdir. X14 arasında Arif Həsənovun faktiki istifadəsində olan 0,045 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin alqı-satqı müqaviləsinə görə ona ödənilən 10 000 manatı Arifə qaytarmışdır. Alqı-satqı ilə bağlı hər-hansı bir narazılığı yoxdur, həmin yeri onun mərhum əri sağlığında satmışdır. Hazırda istifadəsində 0,075 ha torpaq sahəsi vardır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, iddia tələblərinin təmin edilməməli olduğu nəticəsinə mübahisəli torpaq sahəsinin payçılar arasında natural qaydada bölünməməsi və İddiaçı torpaq sahəsinin hansı hissəsinə hüququnun yaranmasının müəyyən edilmədiyi səbəbilə onun müvafiq tələblə çıxış etmək hüququna (subyektiv hüquqa) malik olmadığı qənaəti ilə gəlmiş, beləliklə gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Halbuki, iddia tələbi ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə dair mülkiyyətçilərdən birinin bağladığı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlıdır və belə olan halda, həmin iddianı irəli sürən mülkiyyətçinin subyektiv hüquq sahibi olmadığı qənaəti mülki qanunvericilik normaları ilə uzlaşmamaqdadır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-215.6-cı maddələrinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Mülki qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi iddiaçı, müvafiq iddia tələbini irəli sürmək üçün zəruri olan subyektiv hüququn hər üç elementinə, yəni öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququna malik şəxsdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən İddiaçı, 26.08.2014-cü il tarixdə vəfat etmiş X6 qeyri-rəsmi nikah münasibətindən doğulmuş qızı, Cavabdeh2 Marat Həsənovun rəsmi nikahda olduğu həyat yoldaşı, Fərid Həsənov isə həmin nikahdan dünyaya gəlmiş oğludur. İşin hallarından aydın olur ki, Marat Həsənovun ölümündən sonra Cavabdeh2 və Fərid Həsənov Bakı şəhəri 20 saylı notariat kontoruna ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciət etmiş, 27.02.2015-ci il tarixdə onlara vərəsəlik şəhadətnamələri verilmiş, həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə onların hər birinin ½ hissədə mülkiyyət hüquqları qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin iş materiallarında olan 31.01.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, Həsənova (Kloçkova) Svetlana Qennadyeva və X4 adlarına X3 miras qalmış "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə 27.02.2015-ci il tarixli 2V-01-15 №-li reyestr qeydiyyatlı və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair 27.02.2015-ci il tarixli 2V-01-16 №-li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X3 miras qalmış "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə 1/3 hissədə Həsənova (Kloçkova) Svetlana Qennadyevnanın, 1/3 hissədə X4, 1/3 hissədə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi və onların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin Bakı şəhəri 20 saylı notariat kontoruna həvalə olunması qət edilmişdir. İşin müəyyən olunan halına görə, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.07.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə icraya yönəldilmiş, İddiaçı torpaq sahəsi üzərində 1/3 hissədə mülkiyyət hüququ 10.03.2021-ci il tarixdə qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh2 15.04.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinin paylı mülkiyyətində olan ½ hissəsinin 0,045 hektarını X1 10 000 manata satmış, torpağın həmin ölçüdə hissəsi sonuncunun sahibliyinə verilmişdir. Bununla yanaşı işin hallarından aydın olur ki, həmin alqı-satqı müqaviləsi əsasında Nigar Hadıyevanın adına daşınmaz əmlakın dövlət reyestri xidmətində müvafiq qeydiyyat aparılmamış, torpaq sahəsinə dair İddiaçı 10.03.2021-ci il tarixdə verilən çıxarışda, torpağın onun, Cavabdeh2 və Fərid Həsənovun adlarına 1/3 hissə olmaqla qeydə alındığı göstərilmişdir. İddiaçı məhz göstərilən hallara əsaslanaraq müvafiq iddia tələbini irəli sürdüyündən, kollegiya müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılmasını zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi alqı-satqı müqaviləsini lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmayan müqavilə kimi qiymətləndirmək mümkün deyildir; belə ki, alqı-satqı müqaviləsi bağlanarkən mübahisəsi gedən torpaq sahəsinin ½ hissəsi Cavabdeh2 mülkiyyətində olmuş, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu hüquqa əsas verən vərəsəlik şəhadətnaməsinin ləğvi haqqında qətnamə mövcud olsa da, qətnamə qanuni qüvvəyə minməmiş, torpaq sahəsinin üzərinə hər hansı həbs və ya məhdudiyyət qoyulmamış, qətnamənin mövcudluğundan Cavabdeh1 məlumatlı olmamış, Cavabdeh2 mülkiyyətindəki ½ hissənin (600 kvadratmetr) 0,045 hektarını (450 kvadratmetr) Cavabdeh1 satmışdır. Müqavilənin bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu da mübahisə mövzusu deyildir – belə ki, müqavilənin notarial qaydada təsdiqləndiyi, alqı-satqı məbləğinin notariusun depozit hesabına mədaxil edildiyi, həmin məbləğdən vergi tutulduğu, qalan hissəsinin isə Cavabdeh2 ödənildiyi işin mübahisələndirilməyən halıdır; Cavabdeh2 ödənilən məbləğin sonradan onun tərəfindən Arif Həsənov adlı şəxsə verilməsi isə müqavilənin etibarsız sayılmasını şərtləndirən hal kimi qəbul edilə bilməz. Müqaviləni bağlamış şəxslərin arasında iradə və onun bildirilməsi vahidliyinin olubolmaması məsələsi ilə bağlı isə qeyd olunmalıdır ki, Nigar Hadıyeva (onun həyat yoldaşı) torpaq sahəsinin alqı-satqısı ilə bağlı sövdələşməni Arif Həsənov adlı şəxslə aparmış olsa da, adı çəkilən şəxsin torpaq sahəsinin alqı-satqının predmeti olan hissəsini Marat Həsənovdan faktiki satın alaraq həmin hissə üzərində ev inşa etdiyi bilavasitə tərəflərin izahatları ilə müəyyən edilmişdir və Cavabdeh1 (həyat yoldaşı) üçün sövdələşməni kiminlə aparmaq əhəmiyyətli olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Belə ki, uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər; Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Bu kontekstdə kollegiya hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsinin, iddiaçının iddia etdiyi kimi, uydurma və ya yalan əqd olduğu qənaətinə gəlmək də mümkün deyildir. “G. Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yuxarıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsinin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, mübahisəsi gedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın alan Cavabdeh1 onu vicdanlı əldə etmişdir (o, Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas təşkil edən vərəsəlik şəhadətnaməsinin ləğv olunduğunu bilmirdi və bilməli də deyildi) və bu baxımdan iddiaçının hər hansı hüququnun pozulduğu qəbul olunsa belə, bu pozuntu mübahisəli əmlakı vicdanla əldə etmiş Cavabdeh1 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2018-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Qladışeva Rusiyaya qarşı” iş üzrə 06.12.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələblərinin təmin edilməsi vicdanlı alıcı olan Cavabdeh1 əldə etdiyi əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 satdığı sahə Bakı Apellyasiya Məhkəməsinin 31.01.2017-ci il tarixli qətnaməsi əsasında onun hüququnun tanındığı sahədən 50 kvadratmetr artıq ölçüdə olduğundan, əslində mübahisələndirilən müqavilənin etibarsızlığından məhz 50 kvadratmetr sahəyə münasibətdə söz edilə bilər – belə ki, yuxarıda qeyd olunduğu kimi, Marat Həsənovdan miras qalmış 0,12 ha ölçülü torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Fərid Həsənovun hər birinin adına 1/3 hissə (400 kvadratmetr) olmaqla qeydə alınmış, Cavabdeh2 satdığı sahə payına düşən ölçüdən 50 kvadratmetr artıq olmuş, beləliklə də hazırda İddiaçı 350 kvadratmetr (50 kvadratmetr az) torpaq qalmışdır. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh1 satılmış sahənin üzərində tikilinin mövcud olması məsələnin mahiyyətini dəyişdirmir – çünkü Marat Həsənovun miras kütləsində belə bir tikili olmamış, həmin tikili reyestrdə qeydə alınmamışdır. Başqa sözlə, mübahisələndirilən müqavilənin etibarlılığı İddiaçı payına düşməli olan 50 kvadratmetr sahənin satılması ilə bağlı hissədə müzakirə oluna bilər – bununla belə kollegiya, həmin müzakirəni də vicdanlı alıcının lehinə şərh edərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh2 qarşı tələb irəli sürmək hüququnun olduğunu İddiaçı izah edir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının “torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınması və boşaldılaraq ona təhvil verilməsi” tələblərini də əsassız sayır; çünkü sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3655/2021 saylı iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 Qennadiyevnaya və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və boşaldılması” tələbləri təmin olunmasın. İddiaçının ödədiyi dövlət rüsumları və bank xidməti xərcləri onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar