Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13369/2019 19.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Fərid Həsənovun, üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi İsrafil Şahverdiyevin iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı (üçüncü şəxslər “xxxx” Kommersiya Bankı ASC, Tovuz rayon İcra bölməsi və X2) hərracın etibarsız sayılması tələbinə dair 2(005)-2159/2019 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin xx.xx.2019-cu il tarixli hərracının etibarsız sayılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili 18-24 iyul tarixlərində ölkə xaricində olacağından iclasın təxirə salınmasını xahiş edib. Lakin məhkəmə vəkilinin iştirakını təmin etmədən qətnamə çıxarıb, çəkişmə prinsipinin tələblərini pozub. Məhkəmə iş üzrə qiymətləndirmə ekspertizası təyin edib, lakin iddianı rədd etməklə həmin rəyə istinad etməyib. Məhkəmə hərrac mərkəzinin dəyərləndirməsi ilə əvvəlki qiymətləndirmə arasında kəskin fərq olmadığına əsaslanıb. Belə olan halda, hazırki iş üzrə yenidən qiymətləndirmə ekspertizası təyin edilməsinə zərurət yox idi. Yaxud məhkəmə öz araşdırması zamanı əldə edilən sübut kimi “xxxx” LTD MMC-nin rəyini əsas götürməli idi. Həmin şirkətin verdiyi qiymət daha yüksək olub. Bu isə hərrac mərkəzinin qiymətləndirməni düzgün aparmadığını təsdiqləyir. Bundan başqa, Cavabdeh əmlaka hərtərəfli baxış keçirməyib və evi aşağı qiymətlə dəyərləndirib. Apellyasiya baxışı zamanı yenidən qiymətləndirilmə aparılmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-1234/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 20363 manat alınıb “xxxx” KB ASC-yə verilməli, tutma İddiaçı məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış sahəsinə bundan sonra – mübahisəli ev) yönəldilməlidir. İcra sənədi üzrə keçirilmiş ilk hərrac məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6054/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə mübahisəli evin satılması ilə bağlı keçirilmiş hərrac və həmin hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli, Y-112 saylı protokol etibarsız hesab edilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə əsasında mübahisəli evin xx.xx.2013-cü il tarixinə bazar dəyərinin 50000 manat, likvid dəyərinin isə 45000 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Qeyd olunan məhkəmə aktının icrası qaydasında hərrac proseduruna yenidən başlanmış, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli hesabatına əsasən, mübahisəli evin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 47000 manat müəyyən edilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh-yə ünvanlanmış 2676 saylı, xx.xx.2019-cu il tarixli məktubla mübahisəli evin hərrac yolu ilə satılması üçün sərəncam verilməsi xahiş olunmuş, hərrac təşkil olunmuş və bu barədə icra icraatı üzrə tərəflərə məlumat verilmişdir. “xxxx” KB ASC Hərrac Mərkəzinə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun ipoteka saxlayan kimi verdiyi hüquqdan istifadə edərək mübahisəli əmlakı təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 29962,5 manata adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırkı işə baxılarkən əmlakın yenidən qiymətləndirilməsi keçirilmiş Azərbaycan Respublikası “xxxx LTD” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən tərtib olunmuş rəyə əsasən, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə hesablanmış bazar dəyərinin 53000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1 və 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1 və 43.7, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7 və 8-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, mübahisəli əmlakın qiymətləndirilməsi zamanı müxtəlif tarixlərdə fərqli ekspertlər tərəfindən müəyyən edilmiş qiymətlər bir-birindən kəskin fərqlənmir, həmin qiymətlər müxtəlif dövrlərdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşdığından müvafiq dövrün şərtlərinə uyğun olaraq cüzi fərqlənmişdir. Bu baxımdan iddia əsasızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, tərəflərdən birinin hüquq və mənafelərini pozan, ümumilikdə hərrac prosesinin düzgün keçirilməməsinə səbəb olan səhvlər hərracın etibarsızlığı üçün əsas ola bilər. İddiaçı isə belə pozuntuları təsdiqləyən və (ya) tələbinin əsaslı və qanuni olmasına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı hazırkı iş üzrə hərracın etibarsızlığının əsası kimi satış qiymətinin düzgün müəyyən edilmədiyinə istinad edir. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli əmlakın qiymətləndirilməsi zamanı müxtəlif tarixlərdə fərqli ekspertlər tərəfindən müəyyən edilmiş qiymətlər bir-birindən kəskin fərqlənmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6054/2017 nömrəli iş üzrə aşardırması zamanı keçirilmiş qiymətləndirmə əsasında mübahisəli evin bazar dəyərinin 50000 manat, likvid dəyərinin isə 45000 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Mübahisələndirilən hərrac çərçivəsində də əmlakın bazar qiyməti 47000 manat, işə baxılarkən keçirilmiş qiymətləndirmə üzrə 53000 manat müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cü maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bu baxımdan ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin onun real bazar dəyərindən təxminən 10 faiz aşağı olması qanunla yol veriləndir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Belə olan halda, iclasın təxirə salınması məhkəmənin üzərinə qoyulmuş vəzifə deyil, onun səlahiyyətidir. İş materiallarında əmlakın qiyməti ilə bağlı kifayət qədər rəy və məlumatlar olduğu üçün apellyasiya baxışı zamanı əlavə qiymətləndirilmə keçirilməsinə zərurət olmamışdır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2159/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-13369/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13369/2019
19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver