Məhkəmə qərarları › İş №2(103)-1338/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1338/2023

05.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1338/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı1 və onun vəkili və nümayəndəsi Vəkil3 oğlunun, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 05 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil X5 mülkiyyətində olmuşdur, o, xx.xx.2021-ci ildə vəfat etmişdir.

2. X6 qanun üzrə birinci növbəli vərəsələri – İddiaçı1, İddiaçı2 və Cavabdeh3 hesab olunmuş, miras əmlaka dair vərəsələrin hər birinin payı 1/3 hissədə müəyyən edilməklə, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil xx.xx.1996cı il tarixdə anaları X5 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə İradə Əliyeva vəfat etmişdir. Bundan sonra xalaları Cavabdeh4 88 yaşlı “alzheimer” xəstəsi olan, nənələri Cavabdeh3 5 saylı DNK-da baş etibarnamə almış, sonra 12 saylı DNK-ya Cavabdeh3 adından müraciət edərək onun adına xx.xx.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh4 Cavabdeh3 tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Cavabdeh4 etibarnaməni 5 saylı DNK-da almış, sonradan 12 saylı DNK-dan etibarnamə əsasında yalnız özünün iştirakı ilə vərəsəlik şəhadətnaməsini almışdır. Onun bunu etməkdə məqsədi o olmuşdur ki, 12 saylı DNK-da Cavabdeh3 ümumiyyətlə görməsinlər və onun hansı halda olduğunu bilməsinlər. Cavabdeh4 məqsədi onların nənəsinin yeganə birinci dərəcəli qanun üzrə vərəsəsi kimi nənələri öldükdən sonra onun mirasını ələ keçirməkdir. Cavabdeh3 uzun illərdir yaddaş pozuntusundan əziyyət çəkir, hətta ən yaxın qohumlarını tanımır, xəstədir, mübahisə edilən mənzilin harda yerləşməsindən belə xəbəri yoxdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçılar, Cavabdeh3 xəstə olmasını, baş verənləri anlamamasını qeyd etsələr də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Həmçinin etibarnamədə “bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər” bəndinin qeyd edilməsi, etibarnamənin və etibarnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin başqa-başqa notariat ofisində təsdiqlənməsi etibarnamənin etibarsız hesab edilməsi üçün əsas deyildir.

7. Məhkəmə həmçinin iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissələri ilə bağlı hesab etmişdir ki, iddia tələbi etibarnamənin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan və digər tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin oluna bilməz.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 346 və 362-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə “tibb arayış”la kifayətlənərək işə Cavabdeh3 iştirakı olmadan baxaraq, eyni zamanda iş üçün həlledici sayılacaq onun ifadəsini almadan formal mülahizələrə söykənərək qərar qəbul etmişdir. 5 saylı Notarius qanunun tələblərinə məhəl qoymayaraq, Cavabdeh3 savadsız olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən vərəsəlik işini nəzərdən keçirdikdə notariusun yazmağı və oxumağı bacarmayan Cavabdeh3 etibarnamənin mətnini oxumadığı və bu barədə heç bir qeyd yazmadığı məlum olur. Bundan başqa, etibarnamələrin, özəlliklə də baş etibarnamələrin imza hissəsində vətəndaşlar imza çəkdikdən sonra notariuslar tərəfindən həmin hissədə ən azından vətəndaşa öz soyadını yazmağa, bir çox hallarda isə yalnız soyadın yazılması ilə kifayətlənməyərək həmçinin adın və ata adının yazılması tələb olunur. Mübahisə olunan etibarnamədə bu tələb də pozulmuşdur. Belə ki, imza hissəsinə imza çəkildikdən sonra soyad və ad yazılmamışdır. Etibarnamənin verilməsi ilə bağlı daha bir pozuntu notariat işində fotoşəkillərin çəkilməməsidir. İşin ədalətli həlli Cavabdeh3 dindirilməsindən asılıdır. Yalnız bu halda onun iradə ifadəsini müəyyən etməklə ədalət bərqərar olmalıdır. Məhkəmə isə cavabdehin dindirilməsi üçün faktiki heç bir hərəkət etməmiş, mübahisənin düzgün həlli üçün nə ekspertiza keçirib, nə də Cavabdeh3 dindirib. Cavabdeh3 barəsində məhkəmə-psixiatrik ekspertiza təyin etməli idi.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.A.Əsgərov - sədrlik edən və məruzəçi, A.N.İmanov və F.Ş.Talışinski) 17 may 2022-ci il tarixli, 2(103)- 3405/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin 88 yaşlı Cavabdeh3 “alzheimer” xəstəsi olması, qohumlarını tanımaması, deyilənləri dərk elməməsi, fikrini izah edə bilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən Cavabdeh4 etibarnamə verilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları iddiaçılar nə birinci instansiya məhkəməsinə, nədə ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişlər.

13. Məhkəmə kollegiyası həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin Cavabdeh3 dindirilməsi, barəsində məhkəmə-psixiatrik ekspertizasının təyin etməli olması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 10 aprel 2022-ci il tarixdə öldüyündən onun apellyasiya icraatında dindirilməsi mümkün olmamışdır.

14. Beləliklə də, İddiaçı1 apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 346 və 362-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 3-cü bəndinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Həmçinin Cavabdeh3 barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilməsini xahiş edilmiş, lakin məhkəmələr iş üçün əhəmiyyətli olan bu xüsusata münasibət bildirməmişlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X2 (məruzəçi), X7 və X9) 2(102)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3405/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, işdən mübahisəsiz qaydada görünən odur ki, cavabdeh miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmüşdür.

20. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, Cavabdeh3 1934-cü il təvəllüdlü (88 yaşlı) olmaqla, savadı olmaması, “alzheimer” xəstəliyindən əziyyət çəkməsi, yaddaşı və digər intelektual qabiliyyətlərinin əhəmiyyətli dərəcədə pozulması halları üzrə ümumiyyətlə araşdırma aparılmamışdır.

21. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 324.1, 337.1, 346.1, 346.2, 362.2, 1133.1, 1145, 1146, 1243.2, 1246 və 1248.1- ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 217.1, 407.2 və 416.1-ci maddələrinə istinad etmişdir.

Təkrar apelyasiya instansiyası məhkəməsindəki icraat

22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci apellyasiya baxışı zamanı digər Cavabdeh3 vəfat etmişdir. İddiaçı1 şübhə var ki, 5 saylı Notariat Kontorunda rəhmətlik Cavabdeh3 iştirak etməmişdir. İştirikı da mümkünsüz idi. Belə ki, o, savadsızdır, qızının ölümü barəsində ona deyilməmişdir, yaddaşı gedib-gəlirdi, qohumlarını tanımırdı. Bundan başqa həmin etibarnamədə imza yerində soyad yazılmayıbdır. Təlimatın 22-ci bəndində isə qeyd olunub ki, mütləq imza, soyad qeyd edilməlidir. Bundan əlavə etibarnamə verilərkən fotoşəkil də olmalıdır. Cavabdeh3 savadsız olması ilə bağlı qeyd olmalıdır. Notarius qeyd edir ki, guya Cavabdeh3 savadsız deyildir. Cavabdeh3 savadsız olması ilə bağlı tərəfindən arayış təqdim edilmişdir, Ali məhkəmə həmin arayışa qiymət vermişdir. Etibarnamədə soyad qeyd edilməyibdir, soyad qeyd edilmədiyi halda notarius etibarnaməni təsdiq etmir. Cavabdeh3 şəxsiyyət vəsiqəsində olan imza ilə etibarnamədəki imza bənzəmir. Etibarnamə 5 saylı notariat kontorunda, vərəsəlik işi isə 12 saylı notariat kontorunda açılmışdır. Burada məqsəd Cavabdeh3 öz qızının ölüm faktını gizlətmək olmuşdur. Əgər Cavabdeh3 etibarnamə verə bilirdisə vərəsəliklə bağlı özü müracət edə bilərdi. Apellyasiya şikayətinin məğzi ondan ibarətdir ki, Cavabdeh3 notariat ofisində iştirak etməyibdir, iştirak etmiş olsa belə, imza ona məxsus deyildir. Etibarnamədə imzadan əlavə soyadda olmalıdır, notariat kitabında da bu barədə məlumat yoxdur. Burda əsas məsələ Cavabdeh3 xəstə olması ilə əlaqədardır. Bununla bağlı poliklinikaya sorğu verdilər, cavabında poliklinikada tibbi kartoçkanın olmaması ilə bağlı məlumat verildi. Daha sonra poliklinikaya 27 mayda tibbi kartoçkadan çıxarış almaqları barədə məlumat verilib. Bundan sonra TƏBİBə müraciət edilib, hazırda bununla bağlı araşdırma gedir. Burda əsas məqsəd Cavabdeh3 xəstə olmasını sübut etməkdir.

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkilinin sözlərini təsdiq etmiş, apellyasiya şikayətinin təmin olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ali Məhkəmənin qərarının 46-cı bəndində qeyd edilmişdir ki, 07 sentyabr 2021-ci il tarixində Notariat Kontoruna müraciət olunmuşdur, lakin onlar xx.xx.2021-ci il tarixində Notariat Kontoruna müraciət etmişdir. Ali Məhkəmənin qeyd etdiyi tarix qanunun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi tarixdir. Ali Məhkəmənin qərarının 57-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh3 “alzheimer” xəstəliyindən əziyyət çəkmiş, yaddaşı və digər intelektual qabiliyyətləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Buradan da görünür ki, bu dəlili sadəcə iddiaçı tərəf irəli sürmüşdür. Digər bir məsələ Ali Məhkəmənin qərarının 58-ci bəndində qeyd edilən notariat hərəkətlərinin aparılması ilə bağlıdır. Təlimatda qeyd edilir ki, notariat hərəkətlərinin aparılmasını xahiş edən şəxs savadsız və kordursa həmin zaman notarius həmin sənədləri şəxsə oxumağa borcludur. Təlimatdan görünür ki, hər iki komponent eyni zamanda olmalıdır. Ümimiyyətlə savadsızlığın özü hüquqi baxımdan mübahisəli mövzudur. Şəxsin savadlı olub-olmaması məsələsi qanunla tənzimlənən məsələ deyildir. Şəxsin savadsız olması təhsilin mövcud olub-olmaması ilə əlaqədar deyildir. Bundan başqa Cavabdeh3 xəstəliyi ilə bağlı bildirirəm ki, əgər həmin şəxsin xəstəliyi var idisə hardasa qeydiyyatda olmalı idi, müəyyən dərman preparatları yazılmalı idi, müalicə almalı idi. “Alzheimer” xəstəliyi digər xəstəliklərdən fərqli xəstəlikdir.

25. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o dəfələrlə hakimlərin nəzərinə çatdırmışdır ki, anası, Cavabdeh3 ömür boyu onunla yaşamışdır. İddiaçı neçə ildir ki, öz nənəsini görməyibdir. Anasının heç bir xəstəliyi olmamışdır. Sadəcə noyabr ayında koronavirus xəstəliyi vaxtı anasının ayağında qanqrena xəstəliyi yaranıb, həmin qanqrenadan da ürəyində tənginəfəslik yaranmışdır. Bu haqda o məhkəməyə arayış da təqdim etmişdir.

26. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu X10 izahat verərək bildirmişdir ki, o həmin etibarnaməni təsdiq etmişdir. 27 may 2021-ci il tarixində Cavabdeh3 şəxsən müraciət etmişdir. Cavabdeh3 yanında Cavabdeh4 da olmuşdur. İşin içində doğum haqqında şəhadətnamə də mövcuddur. Cavabdeh3 özü müraciət edərək etibarnamə verilməsini xahiş etmiş, o, fəaliyyət qabiliyyətli olmuşdur. Hüquq və vəzifələri ona izah edilmişdir. Təlimatda qeyd edilir ki, şəxs həm savadsız həm də kor olduğu təqdirdə etibarnamənin məzmunu oxunmalıdır. Cavabdeh3 imzasından da görünür ki, o savadsızdır. Cavabdeh3 imza etməmişdən əvvəl o özü də ona etibarnamənin məzmununu izah etmişdir. Cavabdeh3 fəaliyyət qabiliyyətsiz olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq oluna bilərdi. Şəxsin fəaliyyət qabiliyyətsiz olması şifahi ünsiyyətlə, zahiri görünüşü ilə, sual-cavabla müəyyən olunur. Sual-cavab edilir, geniş suallar verilir və o cavab vermirsə etibarnamənin verilməsindən imtina edirik. Bu halları müşahidə etməmişdir. Cavabdeh3 şəxsən özü notariusa gəlib və iştirak etmişdir. O həmçinin daha sonra digər notariat hərəkətinin həyata keçirilməsi üçün müraciət etmişdir. Etibarnamə verilən zaman fotoşəkilin çəkilməsi vacib deyildi. İmza çəkiləndən sonra ad, soyad yazılmasına zərurət yox idi. Notariat hərəkətlərinin mahiyyəti, əmlakı satmağa dair etibarnaməni verdiyi şəxsə səlahiyyət verilməsi ilə bağlı ona sadə dildə izah edilmişdir. Cavabdeh3 anlaqlı olmuş və imzanı özü etmişdir. Cavabdeh3 iki dəfə imza atmasının səbəbi imzanın uyğunluğunun yoxlanması ilə əlaqədardır. Cavabdeh3 yaşlı olduğu üçün soyadını yaza bilməyib və iki dəfə imza çəkmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən maddi hüquq normaları:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

28. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. 346.2-ci maddəsinə əsasən, sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

32. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 33.1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

35. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

36. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

38. 1248.1-ci maddələrinə əsasən, Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

39. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

42. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın

44. 19, 35 və 39-cu bəndlərinə əsasən, əqdləri notariat qaydasında təsdiq edən notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini aydınlaşdırmalı, hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdır. Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.

45. 22-ci bəndlərinə əsasən əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya karlal şəxsin iradəsinə uyğundur.

Apelyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

İşə təkrar apellyasiya baxışı apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən 20890 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 7E-3806 nömrə ilə təsdiq olunmuş AR-İİ seriyalı, 314759 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən Cavabdeh3 adından etibar edilən Cavabdeh4 həmin etibarnamə ilə miras qəbul etməyi və yaxud ondan imtina etməyi, ərizə imzalamağı, vərəsəlik şəhadətnaməsini almağı və sair hərəkətləri yerinə yetirməyi 2 il müddətinə, xx.xx.2023-cü il tarixədək etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi nəzərdə tutulmuşdur.

51. Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən X8 və Nəcəf-zadə X13 iştirakı ilə təsdiq edilmiş, bu barədə 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, Cavabdeh3 özünə məxsus bütün daşınar və daşınmaz əmlakını Cavabdeh4 vəsiyyət etmişdir.

52. Baxılan iş üzrə mübahisə vərəsəlik münasibətləri ilə bağlı olmaqla, iddia tələbinin əsasını Cavabdeh3 adından verilmiş etibarnamənin, həmin etibarnamə əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və müvafiq olaraq miras əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi təşkil edir. Belə ki, tərəflər miras qoyanın qanun üzrə birinci növbəli vərəsələridir iddiaçılar miras qoyanın övladları, Cavabdeh3 isə anasıdır.

53. Miras qoyan X11 12 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın anası olan Cavabdeh3 xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən onun adından miras əmlakı qəbul və ya imtina etmək, ərizə imzalamaq, vərəsəlik haqqında şəhadətnaməni almaq və digər hüquqi hərəkətləri yerinə yetirmək barədə müvafiq səlahiyyətlərini xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən iki il müddətinə Cavabdeh4 ötürmüşdür.

54. Cavabdeh3 adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə, həmçinin İddiaçı2 xx.xx.2021-ci il tarixdə 12 saylı Notariat Kontoruna müraciət etmiş, X3 qalmış miras əmlakı qəbul etdiyini bildirmiş, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi anası Cavabdeh3 müəyyən edilərək ona miras əmlakdan 1/3 hissədə pay verilmişdir.

55. Vərəsəlik institutunun vacib aspektlərindən biri olan mirasın qəbul edilməsi müddəti hüquq münasibəti iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Əgər varis göstərilən müddət ərzində mirası qəbul etməzsə, o, mirası qəbul etmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq mirası qəbul etmə müddətinin ötürülməsi həm hüququn xitamına, həm də onun müdafiəsi hüququnun xitamına səbəb olur.

56. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsə mirası qəbul etməyə yönələn hərəkətləri edərək, ya mirası qəbul etdiyi barədə notariat kontoruna ərizə verməli, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə mirası qəbul etmək hüququ həm birbaşa iradə ifadəsi ilə (mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etmə barədə ərizə verməklə), həm də vərəsənin miras qəbul etmək niyyətini ifadə edən konklyudent hərəkətlərlə (vərəsənin əmlakı faktiki idarə etməsi və ona faktiki sahiblik etməsi) həyata keçirilə bilər.

57. İş materiallarından da göründüyü kimi, Cavabdeh3 digər Cavabdeh4 vasitəsilə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmədən, vaxtında müraciət etmişdir.

58. Bundan əlavə, iddiaçılar cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələblərini onun verilməsinə əsas olmuş etibarnamənin qanunvericiliyin tələblərinə uyğun olmaması, yəni Cavabdeh3 1934-cü il təvəllüdlü (88 yaşlı), savadsız olması, “alzheimer” xəstəliyindən əziyyət çəkməsi, yaddaşı və digər intelektual qabiliyyətlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində özünə aid səlahiyyətlərini başqa şəxslərə ötürmək qabiliyyətində olmaması ilə əsaslandırmışdır.

59. Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edilən mübahisəli hallara düzgün qiymət vermək məqsədilə məhkəmə kollegiyası tərəfindən iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsinin onun üzərinə düşdüyü izah edilmiş, iddia ərizəsində, apelyasiya və kassasiya şikayətlərində qeyd edilən məsələlərin həqiqi olmasını təsdiq edən sübutların qiymətləndirilməsi üçün məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

61. Buna baxmayaraq etibarnamə verilən zaman nənələrinin anlaqsız vəziyyətdə olduğunu sübut etmək vəzifəsini daşıyan iddiaçılar ölən cavabdehin öz qohumlarını tanımadığına (şahid ifadələri), tibbi kartoçkadan çıxarış alması üçün müraciət etdiyi TƏBİB tərəfindən araşdırmanın aparıldığına (yazılı sübut) və s. istinad etsələr də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

62. Cavabdehin yaşlı və savadsız olması halı digər cavabdehlər tərəfindən mübahisələndirilməsə də, qeyd edilməlidir ki, bu hallar onun öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətinin qüsurlu olmasına dəlalət etmir. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Belə ki, Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün hakim şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Halbuki iddiaçılar tərəfindən Cavabdeh3 psixi pozuntusu olub-olmamasını təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin bu səbəbdən iddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatəti məhkəmə kollegiyası təmin etməmiş, gəldiyi qənaəti cavabdehin vəfat etdiyi, etibarnamənin verildiyi tarixdən öncə isə onun hər hansı müalicə müəssisəsinə müraciət etdiyini, hər hansı dərman preparatından istifadə etdiyini, səhhətinin hər hansı həkim tərəfindən müşahidə edildiyi və s. bu kimi halları təsdiq edən sənədlərin mövcud olmadığı, bununla da vəsatətlə təyin olunması tələb edilən ekspertizanın keçirilməsi üçün əsas ola bilən tədqiqat materialının olmadığı ilə əsaslandırmışdır.

64. Notariat hərəkətlərin aparılması zamanı notarius tərəfindən hər hansı qanun pozuntusuna yol verilib-verilmədiyini müəyyən etmək üçün məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata (bundan sonra “Təlimat”) istinadən aşağıdakıları qeyd etməyi zəruri sayır.

65. Belə ki, həmin Təlimata əsasən əqdləri (hazırki halda etibarnamənin verilməsi tapşırıq müqaviləsinin bağlanmasına bərabərdir) notariat qaydasında təsdiq edən notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini aydınlaşdırmalıdır. Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, notariat hərəkətlərini aparmaqdan imtina etməlidir. Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.

66. Bundan başqa həmin Təlimatda qeyd edilmişdir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.

67. İş materiallarından göründüyü kimi Cavabdeh3 savadsız olsa da kor deyildir. Qeyd edilən bu hallar isə, onu deməyə əsas verir ki, etibarnaməni təsdiq edən notariusun cavabdehə etibarnamənin mətnini oxumaması və bu barədə həmin etibarnamədə hər hansı qeyd yazmaması, hazırki iddia tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Bundan başqa notariat hərəkətlərini aparan notariusda cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxs olmamasına dair şübhələr yaranmamış, hətta daha sonra şahidlərin iştirakı ilə vəsiyyətnamənin təsdiq edildiyi məqamda onun hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsi və öz iradəsini aydın ifadə edə bilməsi təkrarən yoxlanılmışdır.

68. Beləliklə apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə araşdırması zamanı cavabdehin adından verilmiş etibarnamənin və həmin etibarnamə əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

70. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

71. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci isə cavabdehdən alınaraq müvafiq hesaba köçürülməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmdov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar