Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1338/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2669/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1099 manat əsas borcun, 31 manat dövlət rüsumunun və 0,4 manat bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, 40011515 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh dəyəri 1154 manat olan “Samsung Galaxy A53” markalı mobil telefonu 55 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində aylıq 92 manat ödəmək şərti ilə kreditlə almış, öhdəliklərinin icra olunmaması nəticəsində 13 mart 2023-cü il tarixə 1099 manat əsas borcu yaranmışdır. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanmış faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2669/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsinə əsasən (hakim Etibar Mustafayev) iddianın təmin olunması qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alnmışdır). Apellyasiya icraatı zamanı "xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, xx.xx.2022-ci il tarixində "xxxx" MMC ilə bağlanmış 40011515 saylı“Nisyə alqı-satqı müqaviləsi” üzrə sifariş etdiyi mobil cizahın əldə edilməməsi səbəbindən müqavilənin ləğv edilməsi, 55 manat ilkin ödəniş məbləğinin ona geri qaytarılması, nəticədə "xxxx" MMC və İddiaçı QSC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən, adında olan 1099 manat borc qalığının "xxxx" MMC-nin öhdəliyi olması, məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməməsi, işə onun iştirakı olmadan baxılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ediməli, iddia rədd edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, 40011515 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh dəyəri 1154 manat olan “Samsung Galaxy A53” markalı mobil telefonu 55 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində aylıq 92 manat ödəmək şərti ilə kreditlə almışdır. İddiaçı məhz həmin müqaviləyə əsaslanaraq, cavabdeh tərəfindən öhdəliyin tam (lazımi qaydada) icra olunmamasını əsas göstərmişdir. "xxxx" MMC-nin (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) məhkəmə kollegiyasının sorğusuna cavab qismində təqdim edilən izahatından aydın olur ki, alıcı Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində 40011515 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Lakin sifariş edilən “Samsung” markalı mobil telefon gec çatıdırldığından cavabdeh məhsuldan imtina etmiş, cəmiyyət də bununla razılaşmışdır. Sadəcə olaraq müqavilə bağlanıldıqdan sonra tələb güzəşt olunmuş və sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. Ona görə də texniki səhv nəticəsində şəxsə qarşı belə bir iddia qaldırılmışdır. Şirkət texniki səhv nəticəsində borclu kimi göstərilən müştərilər barəsində məlumat vermiş, lakin məlumat verilməsinə baxmaraq, İddiaçı QSC həmin şəxslərə qarşı iddia qaldırmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsi üzrə almadığı məhsula görə cavabdehdən pul tələb edilə bilməz. Eyni zamanda, üçüncü şəxs "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müştəri (Cavabdeh) müqavilə üzrə sifariş etdiyi 1099 manat məbləğində məhsuldan (Samsung Galaxy A53 (A536) 8GB/256GB Black) imtina etmişdir və xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilmişdir. Hazırda həmin müqavilə üzrə borc 0 azn təşkil edir. Bundan əlavə, üçüncü şəxs "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, 40011515 müqaviləsi üzrə verilmiş 1099 manat kredit tam bağlanıb və bu öhdəlik üzrə heç bir borc məbləği yoxdur. Beləliklə, işdə olan sübutlara və izahatlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən sifariş edilən “Samsung” markalı mobil telefon gec çatıdırldığından cavabdeh məhsuldan imtina etmiş, tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 421.1, 421.2 və 421.3-cü maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-nin 568.2-ci maddəsinə əsasə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qanunvericiliyin tələbindən də göründüyü kimi alğı-satqı müqaviləsi əsasında tərəflər arasında qarşılıqlı öhdəliyin yaranma əsası alıcının əşyanın qiymətini ödəmək, satıcının isə əşyanı alıcıya verməklə şərtlənir. Hazırki iddia üzrə cavabdeh bağlanılmış alğı–satqı müqaviləsinin icrasından imtina etmiş, üçüncü şəxs isə bu halla razılaşmışdır. Üçüncü şəxsin təqdim etdiyi yazılı mövqeyindən, habelə arayışlardan bu hal tam təsdiq olunur. İddiaçı isə bunun əksini təsdiq edəcək hər hansı sübut təqdim edə bilmir. MM-in 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. MM-in 657.8-ci maddəsinə əsasən mal göndərənin alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödənişinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin. Bununla belə, üçüncü şəxsin malın satılması nəticəsində yaranmış hüquqları tələbin güzəşti qaydasında iddiaçıya keçmişdir. Belə olan halda, iddiaçı hüquqi baxımdan mövcud olmayan müqavilədən irəli gələn pul öhdəliyinin cavabdeh tərəfindən ödənilməsini tələb edir ki, bu hal hazırki vəziyyətdə qanunauyğun deyildir və iddia üzrə tələb edilən məbləğin ödənilməsi məsələsi isə iddiaçı ilə cavabdeh arasında deyil, üçüncü şəxs arasında həll edilməlidir. Beləliklə, öhdəliyə qanuni əsaslarla xitam verildikdən sonra iddiaçı tərəfindən hazırki tələb irəli sürülmüşdür ki, bu tələbin də qanuni və faktiki əsasları mövcud deyildir və iddia rədd olunmalıdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməməklə prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Qeyd edilənlər MPM-in 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması nəticəsinə gəldiyindən, iddiaçının dövlət rüsumu kimi ödədiyi və cavabdehdən tələb etdiyi 31 manat dövlət rüsumunun, habelə 0,4 manat bank xərcinin iddiaçının özünə aid edilməsi qənaətinə gəlir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2669/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2669/2023 saylı, 01 may 2023-cü il il tarixli qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci (iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu və 0,4 manat bank xərci) iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1338/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1338/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver