Məhkəmə qərarları › İş №2(103)-13396/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13396/2019

20.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13396/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X21, Cavabdehin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “miras əmlaklara vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(010)-5086/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş X7 miras qalmış əmlaklara - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0,02 ha torpaq sahəsinə və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X17 ilə xx xxxxxxx 2000-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X10 doğulmuşdur. Nikahları xx xxxxxx 2015-ci ildə pozulmuş, nikah pozulduqdan sonra mərhum X17 Cavabdeh1 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, onların X18 adlı uşaqları doğulmuşdur. X17 xx xxxxxx 2016cı il tarixdə Bakı şəhərində ölmüşdür. Ölümündən sonra X11 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili miras qalmışdır. Yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 qeyd edilən miras əmlaklara qanun üzrə vərəsəlik hüquqlarının tanınması və müvafiq şəhadətnamələrin verilməsi üçün 2016-cı ilin noyabr ayında Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, xx xxxxxx 2016-cı ildə onun ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Lakin miras əmlakın bölünməsi ilə bağlı Cavabdeh1 ilə aralarında mübahisə olduğundan miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(010)- 5086/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yetkinlik yaşına çatmayan X1 və X2, habelə yetkinlik yaşına çatmayan X12 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaklara payların X5 1/3 hissə, X6 1/3 hissə, X13 1/3 hissə olaraq müəyyən edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə X1 və X2 vərəsəlik hüquqlarının tanınması və payların müəyyən edilməsi hissəsində ləğv olunmasını, iddianın həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi kimi miras əmlakları qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir. İddiaçı müddət ötürüldükdən sonra notariat orqanına müraciət etmiş, ərizəsində yalnız “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin vərəsəlik qaydasında keçməsini xahiş etmiş, torpaq sahəsini göstərməmişdir. Buna baxmayaraq iddiaçı bir müddət sonra ərizəsini geri götürmüş, ondan da təqribən 8 ay sonra isə məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. O və qızı torpaq sahəsini 2 ildən artıq müddətdir ki, faktiki qəbul etmiş və saxlanmasını təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-338/2019 saylı qətnaməsi ilə cavabdeh X8 apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(010)-5086/2018 saylı qətnaməsinin - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan X1 və X2, habelə yetkinlik yaşına çatmayan X12 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaka payların X5 1/3 hissə, X6 1/3 hissə, X13 1/3 hissə olaraq müəyyən edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı – «xx.xx.2016-cı ildə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 vərəsəlik hüquqlarının tanınması» barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-5395/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-338/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki,iddiaçı mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmədən kənar qaydada danışıqlar zamanı mübahisəyə son qoyulması üçün avtomobil iddiaçıya təklif edilsə də, iddiaçı bundan imtina etmişdir. Qətnaməni avtomobilə dair hissədə mübahisələndirməmələri mirasın iddiaçı tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Ev mübahisəli torpaq sahəsində yerləşir və cavabdeh öz azyaşlı övladı ilə birlikdə orada yaşayır. Məhkəmə kollegiyasını iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu məhkəməyə ünvanladığı ərizəsində işə ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: «Apellyasiya instansiyası məhkəməsi “Mirasın qəbul edildiyi müddət” adlanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsini düzgün təfsir etməmişdir. Həmin maddəyə görə: “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Həmin maddənin tələbinə görə vərəsə “vərəsəliyə çağrıldığı” halda 3 ay ərzində mirası qəbul etməlidir. Lakin iş materialları ilə “vərəsələrin vərəsəliyə çağrılması” təsdiq olunmur. (Vərəsələrin “vərəsəliyə çağırılmalı olması Mülki Məcəllənin 1300, 1301, 1317 və 1318-ci maddələrində də təsbit olunmuşdur”). Həmin maddənin ikinci cümləsinin tələbinə müvafiq olaraq mirasın açıldığı gündən 6 ay keçməmiş vərəsələrin qanuni nümayəndəsi tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət edilmişdir.» Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına əsasən X17 ilə İddiaçı xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuş, onların rəsmi nikahından iki uşaqları (xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X10-birinci növbə vərəsələr) doğulmuş, nikahları 2015-ci il tarixdə pozulmuşdur. Həmçinin, X11 Cavabdeh1 xx xxx 2015-ci il təvəllüdlü X18 (birinci növbə vərəsə) adlı bir uşağı da vardır. X17 (miras qoyan) xx xxxxxx 2016-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı ildə 1066 nömrə ilə qeydiyyat aparılmışdır. X11 valideynləri - atası X14 xx.xx.1991-ci ildə, anası X3 isə xx.xx.2015-ci ildə ölmüşdür. X11 ölümündən sonra mülkiyyətində - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və «Mercedes- Benz C200» markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil qalmışdır (miras aktiv). Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi xx xxxx 2016-cı ildə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən isə «Mercedes-Benz C200» markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2016-cı ildə X11 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İşdə olan sübutlardan (notariat işinin təsdiq olunmuş surəti və s.) həmçinin müəyyən olunur ki, İddiaçı verdiyi etibarnamə əsasında X16 yetkinlik yaşına çatmayan X1 və X2 adından ərizə ilə Bakı şəhəri 6 saylı notariat kontoruna müraciət edərək, mərhum X7 miras qalmış «Mercedes-Benz C200» markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, ərizə əsasında xx.xx.2016-cı ildə vərəsəlik işi açılmış, X9 və X10 miras qoyanın vərəsələri olaraq tanınmışdır. Notariat orqanı tərəfindən miras əmlaka şəhadətnamə verilmədən, İddiaçı xx xxxxxx 2017-ci il tarixli ərizə ilə müraciət edərək, təqdim olunmuş sənədlərin əslinin ona qaytarılmasını xahiş etmiş, bu səbəbdən də sənədlər ona geri qaytarılmışdır. Məhkəmə X9 və X10, habelə X12 miras qoyan X11 birinci növbə vərəsələri olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0.02 ha torpaq sahəsinə və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüquqlarının tanınmalı olması və onların hər birinə hər əmlak üzrə bərabər payda - 1/3 hissə pay müəyyən edilməli olması qənaətinə gələrək, iddia tələbini təmin etmişdir. Cavabdeh avtomobilə aid hissədə qətnaməni mübahisələndirməmişdir. Mübahisə yalnız 0,02 ha torpaq sahəsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Göründüyü kimi, qanun mirasın qəbulu üçün iki qayda müəyyən etmişdir: «notariat kontoruna mirasın qəbulu barədə ərizə vermək» və ya «əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul edildiyini şəksiz nümayiş etdirmək». Eyni zamanda, mirasın qəbulu üçün müddət də müəyyən olunmuşdur. Belə ki, vərəsə mirası üç ay ərzində qəbul edə bilər, altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Birinci instansiya məhkəməsi müddətlə bağlı bildirmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı 2016-cı ilin noyabr ayında, yəni qanunla müəyyən edilmiş müddətdə miras əmlaklara uşaqlarının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında xx xxxxxx 2016-cı ildə vərəsəlik işi açılmış, uşaqları X9 və X10 miras qoyanın vərəsələri kimi tanınmışdır. Belə olan halda İddiaçı uşaqlarına münasibətdə mirasın qəbul edilməsi vaxtını ötürməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı müddət ötürüldükdən sonra notariat orqanına müraciət etmiş, ərizəsində torpaq sahəsini göstərməmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı 2016-cı ilin noyabr ayında miras əmlaklara uşaqlarının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı notariat kontoruna müraciət etmişdir. Cavabdeh iddiaçının həmin ərizədə torpaq sahəsini göstərməməsini vurğulayır. Kollegiya qeyd edir ki, iddiaçının həmin vaxt torpaq sahəsinin mövcudluğundan məlumatı olmaması halı nəzərə alınmalıdır. İddiaçı notariat kontoruna xx xxxxxx 2016-cı ildə vəfat etmiş X7 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, ərizə əsasında xx.xx.2016-cı ildə vərəsəlik işi açılmış və X9 və X2 miras qoyanın vərəsələri olaraq tanınmış, bundan sonra, Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 2122 saylı məktubundan göründüyü kimi, notariat kontoru ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə sorğu ilə müraciət edərək, mərhum X11 adına olan hər hansı bir daşınmaz əmlakın olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli cavab məktubu ilə X11 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması Notariat Kontoruna bildirilmişdir. İddiaçı mirasın qəbul edilməsi vaxtını ötürməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5086/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan X1 və X2, habelə yetkinlik yaşına çatmayan X12 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaka payların X5 1/3 hissə, X6 1/3 hissə, X13 1/3 hissə olaraq müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar