Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13398/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh “X14 FZE” Şirkətinin vəkili və nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1477/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “X14 FZE” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adının “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əvəzinə “X14 FZE” Şirkəti kimi oxunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC 2017-ci ilin ortalarına kimi iddiaçının müştərisi olmuşdur. Həmin firmanın səlahiyyətli nümayəndəsi X8 2017-ci ilin iyul ayında onunla ortaq olmaq istədiyini bildirmiş, o da şərtlər qane edəcəyi təqdirdə buna etiraz etməmişdir. Ortaqlığın mahiyyəti onun 2015-ci ildən etibarən Bakı şəhəri, Ələsgər Qayıbov 1222 ünvanda yerləşən, dəyəri 400.000 ABŞ dolları olan fabrikinin 50 faizinin onlara satılmasından ibarət olmuşdur. xx.xx.2017-ci il tarixdə Elçin Abdullayev ondan 20.000 ABŞ dolları endirim etməyini xahiş etmiş, o da etiraz etməyərək fabrikin 50 faizini 180.000 ABŞ dollarına satmağa razılaşmışdır. xx.xx.2017-ci il tarixdə baş tutan ikinci görüşdə ödəmə şərtləri və qalan 50 faizin necə veriləcəyi barədə müzakirə aparmışlar. X8 ona müəssisənin 50 faizi üçün 180.000 ABŞ dollarını müəyyən zaman ərzində ödəyəcəyini, qalan 50 faiz üçün isə 180.000 ABŞ dolları ödənilib qurtardıqdan sonra 24 ay ərzində əldə olunan gəlir bərabər şəkildə aralarında bölünəcəyini, həmin müddətin sonunda müqavilə bitəcəyini və onun müəssisə ilə heç bir əlaqəsi qalmayacağını təklif etmişdir. O, X5 təklifini qəbul etmişdir. Çünki əvvəlcədən 180.000 ABŞ dolları alacağını, qalan 24 ay ərzində mənfəətdən ən azı 10.000 ABŞ dolları qazanc əldə edəcəyini və beləliklə fabriki 3 il ərzində 420.000 ABŞ dollarına satmış olacağını düşünmüşdür. Üçüncü görüşdə hazırlanmış layihəyə görə onun 180.000 ABŞ dollarından 75.000 ABŞ dollarını nağd şəkildə əvvəlcədən alacağı, qalan 105.000 ABŞ dolları 15 ay ərzində ödəniləcəyi və həmin müddət ərzində əldə olunan gəlirin hamısının ona aid olacağı, 15 aydan sonra isə fabrikin qalan 50 faizi qarşılığında əldə olunan gəlirin aralarında bərabər şəkildə bölünəcəyi qərara alınmışdır. Həmin layihə əsasında müqavilə hazırlanmış, lakin son dəfə nəzərdən keçiriləcəyi üçün imzalanmamışdır. Buna görə 3 il icarədarı olduğu “xxxxxxxxxxx” MMC-nin ərazisindəki şirkətinin müqaviləsi ləğv edilmiş və yeni müqavilə “X14 FZE” Şirkətinin adına bağlanmışdır. Bu müqaviləyə görə o həmin şirkətdə istehsalatdan məsul nəzarətçi vəzifəsində çalışmalı və hər ay 1000 manat maaş almalı idi. O, 4 ay ərzində həmin pulu maaş olaraq almışdır. Elçin Abdullayev pulun hamısını Bakıda ödəyə bilməyəcəyini deyərək pulun bir qismini Bakıda ödəməyini, qalanını isə Dubaydan istədiyi bir hesaba köçürməyi xahiş etmişdir. O, razılaşmış və X8 ona xx.xx.2017-ci ildə arvadı X10 hesabına Dubaydan 20.000 ABŞ dolları, xx.xx.2017-ci ildə arvadı X10 hesabına Dubaydan 10.000 ABŞ dolları göndərmişdir.xx.xx.2017-ci ildə Bakıda ona nağd 20.000 ABŞ dolları ödənilmişdir. xx.xx.2017-ci ildə ona nağd 12.941 ABŞ dolları (22.000 manat qarşılığı) ödənilmişdir. xx.xx.2017-ci ildə ona nağd 11.197 ABŞ dolları (22.462 manat qarşılığı) ödənilmişdir. Beləliklə, o, müqavilədə yazılı olan avans üçün cəmi 74.138 ABŞ dolları məbləğində pul almışdır. Bundan başqa, aylıq gəlirlərdən çıxarılmaqla xx.xx.2018-ci il tarixdə arvadı X10 hesabına Dubaydan 9965 ABŞ dolları göndərilmişdir. Elçin Abdullayev pulları ondan heç bir imza almadan və heç bir qarşılıqlı müqavilə bağlanmadan ödədiyi üçün onun etimadını qazanmışdır. Cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2018-ci il tarixdə hazırlanan iki ayrı müqaviləni imzalamağı üçün mühasib vasitəsilə ona göndərmişdir. O, müqavilələrdən birinin alqı-satqı müqaviləsi olduğunu (xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi) və orada məbləğin 646.000 manat yazılmalı olduğu halda 108.850 manat yazıldığını görmüşdür. Həmin vaxt xarici ölkədə olan Elçin Abdullayevə zəng edərək bunun səbəbini soruşmuş, cavabında “Vergi idarəsi bu miqdar üçün ondan böyük vergi tələb edə bilər, onsuz da digər müqavilədə əsas miqdar yazılıb, bunu istədiyi zaman ikinci müqavilə bağlayıb dəyişərlər” deyə bildirmişdir. X5 bu cavabı ona inandırıcı gəlmiş və o, yenidən oxuma və yoxlama ehtiyacı hiss etmədən hər iki müqaviləni öz ofislərində Azizağa adlı baş mühasibin yanında imzalamış və geri göndərmişdir. İkinci müqaviləni xx xxxxxx 2017-ci il tarixdə imzalamış və işləri xx.xx.2018-ci il tarixdə başlamışdır. İşlərin böyük qismi neft şirkətlərində görülmüş və şəxsən o özü gedərək bütün işləri yerində yoxlayıb təslim etmişdir. İşlər sürətlə və qazanclı olaraq böyümüş və heç bir narahatçılıq olmamışdır. Gündəlik kassa hərəkətləri onun yoxlamasından sonra Elçin Abdullayevin böyük qardaşı Elmir Abdullayev tərəfindən hər gün e-maillə mühasibatlıq şöbəsinə göndərilirdi. Bundan başqa hər bir alış üçün onun icazəsi alınaraq istehsalda istifadə edilən materialların alınmasına da nəzarət edirdi. Gəlirin bölüşdürülməsi müqaviləsinin 4.1-ci maddəsinə görə vergi və ƏDV çıxıldıqdan sonra hər ay görülən işlərdən əldə olunan mənfəətin 95 faizi ona, 5 faizi isə Royalty adı altında “Sigma” şirkətinə ödənilməli idi. Bu ödəmələr işin görüldüyü aydan sonrakı ayın ilk 7 günü ərzində ödənilməli idi. O, hər ayın sonunda öz pulunu istədikdə E.Abdullayev deyirdi ki, hələ görülən işlərin pulunu almayıb, pulu aldıqdan sonra haqq-hesab edəcəkdir. Narahatçılıq yaratmamaq üçün ilk aylarda çox da bu məsələnin üzərinə getməmişdir. xx.xx.2018-ci il tarixdə yenidən görüşdükdə o, ilk 4 ayın mənfəətinin ödənilməsi üçün hesabları istəmiş, X8 isə ziyan etdiklərini söyləmişdir. Halbuki, əlavə etdiyi cədvəldən göründüyü kimi (EK 1) ilk 4 ayın satışları 135.45,04 manatdır və buradan cari xərclər çıxıldıqdan sonra qalan təmiz gəlir 78 020,67 manat təşkil edir. X8 ona bu hesabın düzgün olmadığını, onun hesablarda görmədiyi, əlavə xərclər və lisenziyalar qismində ödənilən pullar da hesaba daxil edilməli olduğunu demişdir. O isə onun söylədiklərinin heç birini qəbul etməmiş və onların razılaşmasının belə olmadığını, əgər istəsə aralarındakı müqaviləni poza biləcəklərini, avans kimi aldığı nağd pulları geri ödəyə biləcəyini, bu vaxta qədər olan gəlir ona ödənildikdən sonra nə qədər borcu qalsa dərhal ödəyə biləcəyini və dostca ayrılmalarının daha doğru olduğunu deyərək ayrılmışdır. Bundan başqa ayrılmaq istədiyini e-mailla da bildirmişdir. Bu məktubuna e-maillə cavab yazaraq ayrılacaqları təqdirdə ilk öncə X5 ödədiyi avansları geri ödəməli olduğunu, bundan sonra haqq-hesab aparılacağını, 50-55 faiz pay götürəcəyini və ödəmədən bir ay sonra avadanlıqlarını ona geri satacağını, əks təqdirdə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Onlar yenidən üz-üzə görüşmüşlər və o, aralarındakı münasibətə hörmət qoyaraq tələblərin ədalətsiz olduğunu, pulunu gətirib işini ona geri verməyini, əks halda həm vicdanın, həm da qanun qarşısında onun makinalarının pulunu ödəmədən X5 orada iş görə bilməyəcəyini demişdir. X8 isə malların öz adına olduğunu, onun isə başının çarəsinə baxmağını bildirmişdir. O, məhkəməyə müraciət edəcəyini bildirdikdə, cavabdeh istehza ilə ona bildirmişdir ki, ikinci müqavilənin 16-cı maddəsinə diqqət yetirsin- Müqavilənin 16.1-ci maddəsinə əsasən müqavilə üzrə bütün mübahisələr İngiltərə qanunvericiliyinin tələblərini uyğun həll edilməli və Müqavilənin 16.2-ci maddəsinə əsasən tərəflər arasında mübahisələr X1 məhkəmələrində baxıla bilər. O, müqavilənin 16-ci maddəsinə diqqət yetirmiş və ona SMR -FAB-MA-0720017 nömrəli xx xxxxxx 2017-ci il tarixdə ikinci Müqavilə bağlanan zaman cavabdehin onu aldadaraq müqaviləyə qanunusuz müddəalar daxil edildiyi məlum olmuşdur. Belə ki, cavabdeh əvvəlcə ona müqavilənin ilkin lahyihəsini təqdim etmişdir. Bütün şərtlər razılaşdırıldıqdan sonra o, xx xxxxxx 2017-ci il tarixdə müqavilənin hər iki nüsxəsinin sonuncu vərəqəsini imzalayıb cavabdehə göndərmişdir. Cavabdeh həmin müqavilənin nüsxələrini xx xxxxxx 2017-ci il tarixdə imzalayıb möhürlə təsdiq etmiş və müqavilənin bir nüsxəsini ona qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki cavabdeh müqavilənin ilkin mətnində olan vərəqələri dəyişdirmiş və müqavəli saxtalaşdırmışdır. Cavabdehin sonrakı hərəkətlərindən (əmlakı ələ keçirdikdən sonra müqavilə öhdəliklərini icra etməkdən qərəzli olaraq boyun qaçırması) müəyyən olunur ki, cavabdeh bu saxtkarlığı hansı niyyətlə etmişdir.Cavabdeh onu aldadaraq müqavilənin ilkin mətnində olan vərəqələri dəyişdirmiş və müqaviləyə qanuna zidd müddəalar daxil etmişdir ki, guya ki, tərəflər arasında mübahisələrə İngiltərə qanunlarına uyğun X2 məhkəməsində baxıla bilər. Bu mülki qanunvericiliyin tələblərinə tam ziddir. Sual verilir ki BƏƏ dövlətinin məhkəməsi İngiltərə qanunlarına əsasən mülki işə necə baxa bilər? Bu hansı qanunda nəzərdə tutulmuşdır? Bu tamamilə absurd, qanuna zidd müddəadır. Həm də buna görə müqavilənin 16-cı bəndi etibarsız sayılmalıdır. Göstərilən qayda hər iki tərəf hüquqi şəxs olduğu halda qeyri-dövlət təşkilatı olan “X6 Haqqında “ Qanuna əsasən tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən- Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan məhkəmələri baxırlar. Göstərilənləri nəzərə alaraq, SMR -FAB-MA-0720017 nömrəli xx xxxxxx 2017-ci il tarixdə müqavilənin qismən etibarsız sayılması, yəni müqavilənin 16-cı bəndinin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1477/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməsi,İddiaçı ilə cavabdeh “X14 FZE” Şirkəti arasında bağlanmış SMR-FAB-MA-0720017 nömrəli xx xxxxxx 2017-ci il tarixdə müqavilənin 16-cı bəndinin etibarsız hesab edilməsi,iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh “X14 FZE” Şirkətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “X14 FZE” Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan qətnaməni iddiaçının Müqavilə ilə bağlı tətbiq ediləcək qanunvericilik və müqavilə üzrə mübahisələrin X2 müvafiq məhkəmələrində həll edilməli olduğu müddəaları ilə bağlı sərbəst iradə ifadəsinin mövcud olmadığı qənaətinə gələrək qəbul etmişdir. Lakin məhkəmə bu qənaətə gəlmək üçün heç bir əsaslandırmadan və sübutdan istifadə etməmiş və sadəcə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin etibarsızlığı ilə bağlı müfaviq maddələrini sadalamaqla kifayətlənmişdir. Belə ki, məhkəmə tərəfdən əqdim aldatma, digər tərəfdən vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində bağlandığı qənaətinə gələrək iradə sərbəstliyinin olmadığını qeyd etsə də, qeyd edilən heç bir hal iş materiallarında olan heç bir sübutla təsdiqlənməmişdir. Belə qənaətə gəlmək üçün məhkəmə yalnız iddiaçının izahatına istinad etmişdir. Halbuki iş materiallarında olan sübutlardan da göründüyü kimi, iddiaçının Müqavilənin 16-cı maddəsi ilə bağlı aldalıması və ya həmin müddəanın vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində Müqaviləyə daxil edilməsi halı mövcud olmamışdır. Belə ki, Müqavilə imzalanmazdan öncə dəfələrlə iddiaçı ilə müzakirə edilmiş və hətta onun istəyinə əsasən müəyyən müddəalar Müqavilədən çıxarılmışdır. Müqavilənin 16-cı maddəsinin isə sonradan Müqaviləyə əlavə edilməsi fiziki cəhətdən mümkün deyildir. Belə ki, Müqavilənin müvafiq səhifəsinə diqqət yetirmək bunu anlamağa kiayət edir. Müqavilənin iddiaçıya elektron poçtla təqdim edilməsini təsdiq edən yazışmalar və Müqavilənin imzalanmasından öncəki və iddiaçıya qeyd edilən yazışmalar vasitəsilə təqdim edilmiş layihəsinin surəti məhkəməyə təqdim edilmişdir. Bütün yazışmalardan da aydın olur ki, iddiaçının aldadılması və ya vacib əhəmiyyətli yanılma halı mövcud olmamışdır. İddiaçı Müqavilənin 16-cı maddəsinin onun xəbəri olmadan və aldadılma vasitəsilə sonradan Müqaviləyə daxil edildiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa tərəflər Müqavilə üzrə aralarında yarana biləcək mübahisələrə X2 X15 ticarət zonasının məhkəmələri tərəfindən baxılacağına dair aşkar razılığa gəlmiş və bu, Müqavilədə öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərə görə də, Müqavilədən irəli gələn mübahisələrə (habelə müqavilənin 16-cı maddəsinin etibarsız hesab edilməsi məsələsi) yalnız X3 yerləşən X15 iqtisadi zonasının Məhkəmələrində İngiltərə qanunvericiliyinə əsasən baxıla bilər. Birinci instansiya məhkəməsi MPM-nin 88-ci və 106.1-ci maddələrini pozaraq, cavabdeh tərəfin təqdim etdiyi sübutları və məhkəmə baxışı zamanı verdiyi izahatı ümumiyyətlə qiymətləndirməmişdir. Halbuki, qeyd olunan prosessual müddəalara əsasən belə bir qiymətləndirmənin aparılması məhkəmənin vəzifəsidir. Beləliklə, birinci instansiya məhkəməsi bu sübutlar bardə heç bir qiymətləndirmə aparmadığına görə qeyd olunan prosessual normaları pozmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X14 FZE” Şirkətinin vəkili və nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1477/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və gəlirin bölüşdürülməsi müqaviləsindən görünür ki, satıcı bu müqavilənin 1 saylı Əlavəsində göstərilən xüsusiyyətlərə, miqdara, qiymətə uyğun olaraq, mal və texniki avadanlıqların bu Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcının ünvanına çatdırılmasını təmin edir. Alıcı isə qarşılığında müqavilənin 4-cü bəndinə uyğun olaraq, tərəflər arasında birgə əməkdaşlıq və iş münasibətlərini əhatə edəcək və tənzimləyəcəkdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların ümumi qiyməti 180.000 ABŞ dolları olaraq müəyyən edilib və bura müqavilənin 1 saylı Əlavəsində göstərilən qaydada malların qiymətinə onların qablaşdırılması, markalanması, yoxlanılması, saxlanılması, nəzərdə tutulmuş yerə çatdırılması və satıcı tərəfindən çəkilmiş digər xərclər daxildir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində qeyd edilən ümumi dəyərinə satıcı tərəfindən ödənilməli olan bütün rüsum və vergilər (o cümlədən ƏDV) daxildir. Alıcıya aid olan bütün vergi və rüsumlar alıcı tərəfindən ayrılıqda ödənilir və müqavilənin ümumi dəyərinə daxil deyil. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mallar satıcı tərəfindən alıcıya Bakıda malların saxlanıldığı yerdə müqavilənin qüvvəyə mindiyi tarixdə və ya alıcı tərəfindən müqavilənin 4.1.1-ci bəndinə uyğun olaraq, ödəniş edildiyi tarixdə təqdim edilir. Malların təslimi və qəbulu hər iki tərəfin imzaladığı qəbul aktı ilə təsdiq edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı müqavilənin ümumi dəyərini satıcıya aşağıdakı mərhələlərlə ödəyir: 1.1.1. 75.000 ABŞ dolları malların təslimi və qəbul edilməsi zamanı; və 1.1.2. 105.000 ABŞ dolları (bundan sonra “ikinci ödəniş”) başlanğıc tarixindən etibarən 15 ay ərzində aylıq əsasla və sonrakı ayın ilk həftəsi ödənmək şərtilə o şərtlə ödənir ki, biznes sırf biznesdən gələn xalis gəlir hesabına ikinci ödənişin satıcıya ödənilməsinə imkan verən həddə gəlirliliyə malik olsun. 4.2. satıcı ikinci ödəniş məbləğinin yuxarıda 4.1.2-ci bənddə müəyyən edilmiş qaydada biznesin gəlirliliyinin olmaması və ya kifayət qədər gəlirli olmamasına görə ala bilmədikdə alıcı heç bir məsuliyyət daşımır. Qeyd olunan müqavilənin 16.1-ci bəndinə əsasən bu müqavilə İngiltərə qanunvericiliyinə uyğun tərtib edilib və tənzimlənir. Həmin müqavilənin 16.2-ci bəndinə əsasən bu müqaviləyə aid və ya onunla bağlı yaranan hər hansı mübahisələr, anlaşılmazlıq və / və ya fərqlər, ilk olaraq tərəflər arasında qarşılıqlı razılıq əsasında həll edilir. Tərəflər hər hansı bir mübahisəyə dair razılığa gəlmədikdə, tərəflər bu məsələni X15, X2 müvafiq məhkəmələrində mübahisələndirir və məhkəmənin qərarı tərəflər üçün yekun və məcburi xarakter daşıyır. İşdə olan İddiaçı (satıcı) ilə Cavabdeh Şirkəti (alıcı) arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilədən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, mal materialları alıcıya satır, alıcı isə həmin malları qəbul edərək, müqavilənin məbləğini satıcıya ödəyir. İşə əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-4984 saylı, xx.xx.2018-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı müqaviləyə əsasən avadanlıqların və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Sigma Energy & Marine FZE” şirkəti arasında xx xxxxxx 2017-ci il tarixdə “Alqı-satqı və gəlirlərin bölüşdürülməsi müqavilə” Azərbaycan Republikasında bağlanmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazisində ticarət fəaliyyəti ilə məşğuldur. Eləcə də, cavabdeh qurumun Azərbaycan Respublikasında fəaliyyət göstərən nümayəndəliyi vardır. Müqavilə ilə alqı- satqısı nəzərdə tutulmuş əmlaklar Azərbaycan Respublikasında yerləşir. Eləcə də, müqavilənin icra yeri, yəni fəaliyyət göstərilərək gəlirlərin bölüşdürülməsi yeri Azərbaycan Respublikasıdır, iddiaçının X7 ilə bağlı hər hansı bir fəaliyyəti mövcud deyildir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı və gəlirin bölüşdürülməsi müqaviləsi ilə bağlı tətbiq ediləcək qanunvericilik və yaranan hər hansı mübahisələr, anlaşılmazlıq və/və ya fərqlər ilə əlaqədar məsələnin X15, X2 müvafiq məhkəmələrində mübahisələndirilməsi müddəalarına dair sərbəst iradə ifadəsi mövcud olmamışdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Kollegiya hesab edir ki, məhkəmə yuxarıda qeyd olunun qənaətə gəlmək üçün heç bir əsaslandırmadan və sübutdan istifadə etməmiş və sadəcə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin etibarsızlığı ilə bağlı müfaviq maddələrini sadalamaqla kifayətlənmişdir. Hazırki iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı onun cavabdeh tərəfdən əqdin aldatma, digər tərəfdən vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində bağlandığı və iradə sərbəstliyinin olmadığını qeyd etsə də, bu halı heç bir sübutla təsdiq edə bilməmişdir. Əksinə tərəflər arasında SMR-FAB-MA-0720017 nömrəli xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, tərəflər sərbəst iradə ifadəsi əsasında müqaviləni bağlamışlar. Lakin birinci instansiya məhkəməsi qeyd olunun halları nəzərə almamış və prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında sərbəsət iradə ifadəsi əsasında bağlanmış SMR-FAB-MA-0720017 nömrəli xx xxxxxx 2017-ci il tarixli müqavilənin 16-cı bəndinin etibarsız sayılmasına dəlalət edən hal mövcud olmadığından iddia tələbi əsassızdır və təmin edilə bilməz. Ona görə də, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1477/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X14 FZE” Şirkəti tərəfindən verilmişapellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1477/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-13398/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13398/2019
20.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver