Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1340/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3386/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 münasibətdə ləyaqətsiz vərəsə elan edilərək, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının mərhum anası X1 xüsusi mülkiyyətindədir. Həmin evə dair texniki pasport da mərhum anasının adına tərtib edilmiş, hal-hazırkı vaxtadək miras əmlak hesab olunan ünvan 1 ünvanında yerləşən ev miras əmlak olaraq vərəsələr arasında bölünməmişdir. Cavabdeh onun bacısı qızıdır. Mərhum anası X5 Cavabdeh tərəfindən boğulub öldürüldükdən sonra yandırılması nəticəsində baş vermiş cinayətin nəticəsi olaraq ölmüşdür. Cavabdehin onun anası X4 öldürərək yandırması ilə bağlı Sabunçu rayon Məhkəməsinin 13.01.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20.04.2006-cı il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Mərhum anasının ondan və cavabdehin anası Absalamova Mahirədən başqa vərəsəsi yoxdur. X2 da ölmüşdür. Anası öldürülən zaman cavabdehin anası sağ olduğundan, miras əmlakda paylar müəyyən olunan zaman X9 çatacaq payı cavabdehin qəbul etməsi ehtimalı vardır. Lakin o, anasının məhz cavabdehin törətdiyi cinayət əməli nəticəsində qətlə yetirildiyindən, X3 münasibətdə ləyaqətsiz vərəsə hesab edilir. Bu səbəbdən, Cavabdeh X3 münasibətdə ləyaqətsiz vərəsə elan edilərək, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3386/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh X3 münasibətdə ləyaqətsiz vərəsə elan edilərək, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin xalasıdır. Cavabdeh iddiaçının bacısı X7 qızıdır. Hazırda iddiaçının soyadı Cəfərova olsa da və iş materiallarında İddiaçı ilə X8 eyni şəxs olması barədə hər hansı sübut olmasa da, qohumluq münasibətləri tərəflər arasında mübahisə predmeti deyildir. ünvan 3 iddiaçının anası və cavabdehin ana tərəfdən nənəsi olan mərhum Absalamova (Vəliyeva) Tahirə Qurbanəli qızına məxsus olmuşdur. Məhkəməyə təqdim edilsə də, iş materiallarına əlavə edilməmiş, hazırkı apellyasiya şikayətinə əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehə ünvanlanmış 29.04.2021-ci il tarixli məktubundan, eləcə də, iş materiallarında 19-22 vərəqlərdəki sənədlərdən məlum olur ki, həmin daşınmaz əmlak üzərində Absalamova (Vəliyeva) Tahirə Qurbanəli qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində bu günədək qeydə alınmamışdır, lakin həmin əmlaka dair Absalamova (Vəliyeva) Tahirə Qurbanəli qızının adına inventarlaşdırma qaydasında 1973-cü ildə və 2008-ci ildə texniki pasportlar tərtib edilmişdir. 2008-ci il tarixli texniki pasport cavabdehin anası Mahirənin müraciəti əsasında tərtib edilmişdir. ünvan 3 ünvanından iddiaçı 1982-ci ildə ailə həyatı qurması səbəbilə daimi yaşamaq üçün Qazaxıstana köçmüşdür. İş materiallarında 63-cü vərəqdə olan Maşqatağa qəsəbə nümayəndəsinin 05.07.2021-ci il tarixli məktubundan məlum olur ki, iddiaçı həmin ünvandan 08.07.1982-ci ildə qeydiyyatdan çıxmışdır. Bir müddət sonra iddiaçı ailəsi ilə birlikdə Bakıya qayıdaraq, Əhmədli qəsəbəsində öz evlərində yaşamağa başlamışdır. X1 ölümünə qədər onun evində Tahirə, onun qızı - cavabdehin anası Mahirə, Mahirənin uşaqları olan oğlu İntiqam və qızı Sevinc (cavabdeh) daimi olaraq yaşamışlar. Absalamova(Vəliyeva) Tahirə Qurbanəli qızı 09 oktyabr 1997-ci il tarixdə cavabdeh tərəfindən öldürülmüşdür. Bu əməlinə görə cavabdeh Sabunçu rayon xalq məhkəməsinin 13.01.1998-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 18.04.2006-cı il tarixli qərarı əsasında, o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında 27 və 42-ci vərəqlərdə olan sənədlərlə müəyyən olunur ki, cavabdeh 20.04.2006-cı il tarixdə müəssisədən azad olunmuşdur. Qətnamənin 3-cü vərəqinin əvvəlində cavabdehin adından yazılmış izahatda göstərilmişdir ki, “nənəsini öldürdüyü evdə yandırdığından o, həbs olunan zaman ev yararsız və yanmış vəziyyətdə olmuşdur”. Cavabdeh məhkəmə iclasında belə məzmunda izahat verməmişdir, çünki həqiqətdə o, nənəsini yaşadığı evdə yandırmamışdır. İş materiallarında 43-46-cı vərəqlərdə olan Sabunçu rayon xalq məhkəməsinin 13.01.1998-ci il tarixli hökmündən də məlum olur ki, cavabdeh nənəsini evdə boğaraq öldürsə də, cinayətin izini itirmək məqsədi ilə, nənəsini palaza büküb sürüyərək evdən çıxarmış, evin qapısından təxminən 7-8 metr aralıda, həyət darvazasının yanında olan tualet quyusuna ataraq, üstünə neft tökərək yandırmış, quyunun üstünü taxta ilə bağlamışdır. Göründüyü kimi həmin hadisə zamanı ev yanmamış və bu səbəbdən yararsız vəziyyətə düşməmişdir. Bu hökmdən həmçinin sözügedən evdə hadisə vaxtı Tahirə, Mahirə, Sevinc və İntiqamın yaşadığı, iddiaçının həmin evdə yaşamadığı müəyyən olunur. Tahirənin ölümündən sonra ünvan 3 ünvanında Tahirənin qızı - cavabdehin anası Mahirə və cavabdehin qardaşı İntiqam daimi olaraq yaşamışlar. İddiaçı anası Tahirənin ölümündən sonra bu günədək heç vaxt həmin evdə yaşamamış, evə sahiblik etməmişdir. Bu günədək Tahirənin ölümü üzrə onun adına notariat orqanında vərəsəlik işi də açılmamışdır. Beləliklə, Tahirənin ölümündən sonra, faktiki olaraq ona məxsus olan ünvan 3 əmlakı onun yalnız bir qızı – cavabdehin anası Mahirə tərəfindən faktiki olaraq qəbul olunmuşdur. İddiaçı isə anasının ölümündən sonra miras əmlak hesab oluna biləcək sözügedən evi nə faktiki olaraq, nə də rəsmi olaraq qəbul etməmişdir. Qətnamənin 3-cü vərəqinin əvvəlində cavabdehin adından yazılmış izahatda göstərilmişdir ki,“anası X12 uzun müddət psixi xəstəlikdən əziyyət çəkdiyindən, onun həbsdə olduğu müddətdə daim xəstəxanada müalicədə olmuşdur”. Cavabdeh məhkəmə iclasında belə məzmunda izahat verməmişdir. Cavabdehin anası Mahirəni cavabdehin nənəsi Tahirə xəstəxanaya yerləşdirmişdi, cavabdeh Tahirəni öldürdükdən sonra isə Mahirə xəstəxanadan çıxaraq, sözügedən evdə oğlu – cavabdehin qardaşı ilə birlikdə daimi yaşamışdır. Cavabdeh 20.04.2006-cı il tarixdə cəzadan azad olunduqdan sonra, yaşamaq üçün ünvan 3 ünvanına gəlmiş və həmin evdə yaşamışdır. Məhkəməyə təqdim edilsə də, iş materiallarına əlavə edilməmiş, hazırki apellyasiya şikayətinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 26.03.2019-cu il tarixli ******* nömrəli arayışdan məlum olur ki, həbsdən azad olunduqdan sonra cavabdeh həmin ünvana təkrarən 20.05.2006-cı il tarixdən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Cavabdeh bu günədək həmin ünvan üzrə qeydiyyatdadır. Həmin arayışdan həmçinin iddiaçının sözügedən ünvan üzrə qeydiyyatda olmadığı bir daha müəyyən olunur. Sonrakı illərdə cavabdeh ünvan 4 ünvanında təmir işləri görüb, ünvan üzrə olan kommunal borcları ödəyib. İş materiallarında 64-cü vərəqdə bu barədə qəbzlər vardır. 2015-ci il tarixdə cavabdehin anası Mahirə ölmüşdür. Onun ölümündən sonra ünvan 3 ünvanında Mahirənin övladları – oğlu İntiqam və qızı Sevinc (cavabdeh) daimi yaşamışlar. Beləliklə, ünvan 3 Tahirənin ölümündən sonra həmin əmlakı faktiki qəbul etmiş qızı Mahirənin ölümündən sonra Mahirənin miras əmlakı kimi onun övladları tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin tədqiq edilmiş materiallarına əsasən qeyd edir ki, Cavabdeh 09 oktyabr 1997-ci ildə nənəsi X4 qəsdən öldürdüyünə görə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 18 aprel 2006-cı il tarixli qərarının surətindən görünür ki, Cavabdeh 1 il 5 ay 23 gün cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. X5 09 oktyabr 1997-ci il tarixdə baş vermiş ağır cinayət nəticəsində öldükdən sonra mübahisəli əmlaka İddiaçı və cavabdehin anası faktiki sahiblik etməyə başlamışdır. Mübahisəli əmlak ünvan 1 ünvanında yerləşən evdən ibarətdir. Həmin evə dair X1 adına texniki pasport tərtib edilmişdir, həmin əmlaka dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X1 qanun üzrə birinci dərəcəli vərəsələri iddiaçı Cəfərova (Absalamova) Samirə Nadir qızı və cavabdehin anası X12 olmuş, sonuncu isə psixi xəstəlikdən əziyyət çəkdiyindən, daim ruhi dispanserdə stasionar müalicədə olmuşdur. X12 02.03.2015-ci il tarixdə “hipertoniya xəstəliyi 3-cü mərhələ” səbəbindən ölmüşdür. X1 ölən zaman vərəsələri Cəfərova (Absalamova) Samirə Nadir qızı və X12 olmuşdur. İşdə olan kommunal ödənişlər barədə qəbzlərdən görünür ki, 2017-2019-cu illərdə mübahisəli əmlaka dair kommunal ödənişlər Cavabdeh tərəfindən aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1137 və 1143-cü maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh miras qoyan nənəsi X3 qarşı qəsdən həyatdan məhrumetmə cinayət törətmiş, ondan miras qalan əmlakda isə, yəni ünvan 1 ünvanında Cavabdeh cəzadan azad edildiyi vaxtdan yaşamaması, həmin əmlaka faktiki sahiblik etməməsi təsdiq edilmişdir. Lakin 2005-ci ildən 2021-ci ilədək müxtəlif ünvanlarda yaşasa da, 2021-ci ilin may ayından miras əmlak ünvan 1 ünvanında yerləşən evə köçüb orada yaşamaq qərarına gəlmişdir. Belə olan halda, Cavabdeh X3 münasibətdə ləyaqətsiz vərəsə elan edilməli, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə görə, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras almaq hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Kollegiya qeyd edir ki, X5 09 oktyabr 1997-ci il tarixdə rəhmətə getmişdir. Belə olan halda, ilk növbədə hazırki mübahisəyə miras əmlakın açıldığı zaman Azərbaycan Respublikası ərazisində qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. «Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş (01 noyabr 1997-ci il tarixədək olan dəyişikliklərlə) Azərbaycan SSR Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 531-ci maddəsinə əsasən miras qoyanın, onun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşlar, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə kollegiyası mübahisəyə hüquqi nəticələrin yarandığı zaman münasibətdə tətbiq etdiyi qanunvericiliyin normalarına əsasən qeyd edir ki, 09 oktyabr 1997-ci il tarixdə X5 rəhmətə getdikdən sonra onun iki vərəsəsi olmuşdur: iddiaçı Cəfərova (Absalamova) Samirə Nadir qızı və cavabdehin anası X12. Cavabdeh isə nənəsi Tahirə Absalamova rəhmətə gedən zaman onun vərəsəsi ola bilməzdi. Çünki, ölmüş şəxsin ölən zaman birinci növbə vərəsələri olmuş və ondan qalan əmlakı faktiki olaraq qəbul etmişdirlər. Belə olan halda, Cavabdeh nənəsi Tahirə Absalamovaya münasibətdə ləyaqətsiz vərəsə də ola bilməzdi. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh cəzaçəkmə müəssisəsindən 2006-cı ildə azad olmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra, hazırki iş üzrə olan mübahisəli əmlaka qeydiyyata düşərək, qardaşı ilə birlikdə mütəmadi olaraq yaşamışdır. 2015-ci ildə Cavabdeh anası (Tahirə Absalamovanın qızı-vərəsəsi) rəhmətə getmişdir. Bundan sonra Sevinc anası tərəfindən qəbul edilmiş miras əmlakı anasından vərəsəlik qaydasında keçən əmlak kimi faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Belə olduğu təqdirdə isə mübahisənin cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və onun məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məsələyə hüquqi qiymət verilərkən hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1159.1.1 və 1159.1.3-cü maddələrinin tələblərinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1.). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (1159.1.3.). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür (1203.1). Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər (1203.2). Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir (1203.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 13.12.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq qeyd edir ki, cavabdeh anası Mahirə Absalamova rəhmətə getdikdən sonra miras qalmış əmlakı faktiki qəbul etmiş və anasına münasibətdə onun son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməmişdir. Belə olan halda isə cavabdeh anasına münasibətdə ləyaqətsiz vərəsə deyil və ondan qalmış miras əmlakdan da məcburi pay almaq hüququndan məhrum edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3386/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1340/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1340/2022
22.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver