Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1343/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)-2806/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı N 022286 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi 5 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları 04 saylı reyestr kitabında 538 səhifədə 30/17317 saylı qeydə alma nömrəsi ilə qeydə alınmışdır.
2. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş FM seriyalı N 033857 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi 5 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları 04 saylı reyestr kitabında 538 səhifədə 30/3250 saylı qeydə alma nömrəsi ilə qeydə alınmışdır.
3. Hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A. İmanlı tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini hədiyyə alana bağışlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (əvvəlki 6cı Masazır) kücəsində yerləşən 5 saylı fərdi yaşayış evinə dair cavbdehlər X5 ilə X9 arasında bağlanılan xx.xx.2021- ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, A.Məmmədov küçəsi 99 saylı evin 76 saylı mənzili və Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov küçəsi 5 saylı fədi yaşayış evi iddiaçının mərhum atası X8 mülkiyyətində olmuş, T.İ.Əmrahov vəfat etdikdə həmin daşınmaz əmlaklar miras əmlak kimi iddiaçının anası cavabdeh X2 mülkiyyətinə keçmişdir. İddiaçı və onun bacıları atalarından sonra analarını ailənin başçısı hesab etdiklərinə görə daşınmaz əmlakları analarının adına rəsmiləşdirilməsinə razılıq vermişlər. İddiaçı Bakı şəhəri Binəqədi rayonu 9 mkr, A.Məmmədov küçəsi 94 saylı evin 76 saylı mənzilində daimi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin son zamanlar iddiaçının anasının ona qarşı münasibəti dəyişərək pisləşmişdir. Belə ki, iddiaçının anası atasından qalan miras əmlaklardan ona heç bir pay verilməyəcəyinə, bütün əmlakların digər cavabdeh olan iddiaçının bacısına veriləcəyini bildirir. İddiaçıya anası qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayon 9-cu mkr, A.Məmmədov küçəsi 99 saylı evin 76 saylı mənzilinin bacısının adına bağışlanma yolu ilə rəsmiləşdirilməsinə razılıq verməsini təklif etmiş, lakin iddiaçı mənzilin bağışlanmasına razı olmadığı üçün anası ona qarşı iddia qaldıraraq həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Bir necə gün əvvəl iddiaçıya anası X2 iddiaçının atasından miras qalan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 6, Masazır küçəsi 5 saylı fərdi yaşayış evni cavabdeh iddiaçının bacısı X4 bağışlaması məlum olmuşdur. İddiaçının həmin evdə qeydiyyatı olmağına görə notariat orqanında onun razılığı tələb edilməmiş və bu səbəbdən anası iddiaçının icazəsi və razılığı olmadan həmin evi iddiaçıdan xəbərsiz bağışlamışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (əvvəlki 6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinə dair cavabdehlər X5 ilə X9 arasında bağlanılan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
6. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur və formal mülahizələrdən ibarətdir. Belə ki, Cavabdeh1 və N.TƏmrahova iddiaçının doğma anası və bacısıdır. Mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov küçəsində yerləşən 5 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və həmin fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə digər Cavabdeh2 bağışlanmışdır. Cavabdeh1 oğlu İddiaçı Nur MTK-da mənzil alıb vermiş və həmin mənzili iddiaçı xx.xx.2023-cü il tarixdə X1. Bütün bunlarla bağlı Binəqədi Rayon Məhkəməsinin icraatında olan kompensasiya verməklə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki işə baxılan zaman MTK-dan sorğu əsasında əldə edilmişdir. Lakin iddiaçı hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evin 76 saylı mənzildən istifadə hüququna kompensasiya verməklə xitam veriləndən sonra belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçı qərəzli olaraq anasının ona qarşı iddia qaldırmasından sonra belə bir addım atmışdır. Əslində isə əmlakların ananın adına keçməsi və digər hərəkətlər zamanı İddiaçı razılıq vermiş və üzərindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq heç zaman bu məsələni mübahisələndirməmişdir. Cavabdeh1 hər iki övladına mənzil və ev alaraq bağışlamışdır. Bağışlama tam qanuni və əsaslı şəkildə həyata keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin iddiaçı etibarsızlıqla bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik mübahisələndirmə müddətini ötürməklə iddia qaldırmış, yəni bağışlamadan xeyli keçməsinə baxmayaraq iddiaçı bu halı mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslara deyil, yalnız əmlakda məcburi pay hüququnu əsas gətirərək bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini bildirmişdir. Məcburi pay və digər tələblər mülkiyyətçinin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdıra bilməz. Mülkiyyətçinin öz əmlakına dair sahiblik, istifadə və onunla bağlı sərəncam vermək hüququ üçüncü şəxslərin davranışından aslı ola bilməz. Ona görə də İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)- 2806/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X10)
8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, araşdırma zamanı cavabdehlər arasında bağlanmış əqdin mükli qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış etibarlı əqd olması öz təsdiqini tapdığından, qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları onların əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət etdiyindən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirildiyindən, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biri olduğu üçün bu hüquqların məhdudlaşdırılması, yalnız qanunvericilik qaydasında mümkün olmaqla belə məhdudlaşdırmanın digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməli olduğundan, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə, məcburi payın hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına tamamlanmasını tələb etmək hüququ olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2-ci, 666.1-ci, 667-ci, 668.1.1-ci, 670-ci, 1145-ci, 1193-cü, 1194-cü, 1195-ci, 1196-cı, 1197-ci, 120-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarına və bir sıra Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, işə baxan məhkəmə iddiaçı ilə cavabdehlərin şəxsi motiv əsasında pozulan münasibətlərinin xarakterini nəzərə almamış, bu zaman hüquqdan suiistifadə məqamlarına diqqət yetirməmiş, işin bununla bağlı faktiki hallarını müəyyən etməmişdir. Nəticədə iddiaçının sosial xarakterli mülki hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
22. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021 - ci il tarixdə bağlanmaqla Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini hədiyyə alana bağışlamışdır. İddiaçı cavabdehlər anası Cavabdeh1 və bacısı Nərmin Əmrahova arasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinə dair 11. 12.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin, gələcəkdə həmin əmlakın mirasa daxil olacağı halda onun məcburi payının arta biləcəyi ehtimalı ilə etibarsız əqd hesab edir.
23. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın mirasa daxil olacağı halda onun məcburi payının arta biləcəyi ehtimalı olduğunun bildirmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün aldadılmanın nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia ərizəsində anası və bacısı ilə münasibətlərinin pozulmasını və anası ilə əlaqələrinin gərginləşməsini bildirməsi iddia tələbinin yeganə əsaslandırmasıdır.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının anası tərəfindən bağışlama müqaviləsi əsasında əmlakın iddiaçının bacısına bağışlanması mülkiyyətçi kimi qanunvericiliyin ona verdiyi hüquqdur, yəni öz mülkiyyəti üzərində sərbəst surətdə sərəncam vermək hüququndan istifadəsini özündə ehtiva edir. Həmin hüququn həyata keçirilməsi zaman iddiaçının razılıq verməsi də, qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının isə özt ələbinin əsası kimi istinad etdiyi hallar işin faktiki halları ilə də öz təsdiqini tapmamaqla, sözügedən müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
25. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”. Göründüyü kimi, maddə kifayət qədər açıq və dəqiqdir. Belə ki, qeyd edilən müddəadan çox aydın şəkildə məlum olur ki, söhbət əşyanın miras qoyan tərəfindən hələ öz sağlığında 3-cü şəxsə (bu digər vərəsədə ola bilər) bağış olaraq verilməsindən gedir. Sonra yenə açıq şəkildə qeyd olunur ki, bu üçüncü şəxsə bağışlanan əşya miras əmlaka daxil edildikdə məcburi pay həcmi arta biləcəksə, onda həmin bu artan məbləğ məcburi pay sahibi vərəsə(lər) tərəfindən tələb oluna bilər. Nəhayət, həmin müddəanın sonunda bariz şəkildə göstərilir ki, hədiyyənin verilməsindən 2 il keçdikdən sonra miras açılarsa (miras qoyan vəfat etmişsə) məcburi payın həcmi müəyyənləşdirilərkən miras qoyan tərəfindən verilən hədiyyələr hesaba alınmır. Bu eyni zamanda digər tərəfdən məntiqi zərurət olaraq o deməkdir ki, mirasın açılmasından əvvəlki 2 il ərzində edilən bağışlamalar məcburi payın müəyyənləşdirilməsi zamanı nəzərə alınır. Lakin hazırki halda cavabdehlərdən biri olan Şərəbanı Əmrahova öz mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə həmin əmlakı xx.xx.2021-ci tarixdə bağışlamış və bağışlamadan 2 illik qanunvericilikdə göstərilən müddət ötmüşdür. Bunu vurğulamaqla kollegiya qeyd edir ki, hətta gələcəkdə də ananın vərəsəsi kimi iddiaçıya münasibətdə mübahisəsi gedən bağışlanan əmlak hesabına məcburi payın tamalanmasını tələb etmək hüququ mövcud ola bilməz. Hazırki halda isə sağ olan mülkiyyətçinin iddiada qeyd edilən əsasa görə öz amlakı üzərində sərəncam vermək hüququnun bu formada məhdudlaşdırılması qanuni və əsaslı sayıla bilməz.
26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə raşılaşaraq qeyd edir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)- 2806/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.