Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1344/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı "X1” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı «X1 MMC» cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 AZN məbləğində əsas borcun, 1623,37 məbləğində dəbbə pulunun, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 24814.51 AZN pulun cavabdehlərdən turulub "X1” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X4 və Cavabdeh2 da öz növbəsində İddiaçı MMC-yə qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş mənəvi zərərə görə 100.000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-437/20) hər iki iddia rədd edilmişdir. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı qətnaməni ilk iddianın rədd olunması hissəsində, cavabdeh isə qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazov, Ş.Məmmədova, iş № 2(103)-5185/21) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı "X1” MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xələfov) Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, imzalanmış müqaviləyə əsasən Cavabdeh1 göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləğ MMC-nin xəzinədarlığına ödənilməli idi. Müqavilənin 7.2-ci bəndinə əsasən əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 7.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Əməliyyat zamanı xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözügedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktikada çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq müqavilədə göstərilənlərdən əlavə tibbi xidmətlərə görə cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş edilməmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixlər aralığında xəstə Cavabdeh1 MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 24191,14 manat təşkil etmişdir ki, buna görə cavabdehlər 1000 manat məbləğində ödəniş etmişlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qalan 23191,14 manat borc məbləği bu günə qədər cavabdehlər tərəfindən ödənilməmişdir. MMC ilə cavabdehlər arasında müqavilə bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Nəzərə alınsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, MMC tibb müəssisəsi kimi sözügedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdehlər göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərlərinə götürdükləri öhdəliyi icra etməmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış müqaviləyə əsasən MMC qeysəriyyə yolu ilə əməliyyat edərək uşaqların doğulması üzrə tibbi xidmət göstərməli, onlar isə 2100 manat xidmət haqqı ödəməli idilər. Həmin məbləğ dərhal tərəflərindən cavabdehə ödənmişdir. Hospitalda qeysəriyyə əməliyyatı yolu ilə doğuş həyata keçirilmiş və Cavabdeh1 əməliyyatdan tam rahat çıxmışdır. Lakin sonradan onda fəsadlar baş vermiş, qanaxma olmuş, qanaxma nəticəsində komaya düşmüş, 4 gün komada qalandan sonra onu yenidən həyata qaytarmışlar və müalicəsi davam etdirilərək evə yazılmışdır. Komadan ayılandan sonra ona məlum olmuşdur ki, həkimlərin səhvi ucbatından qadınlıq orqanı zədələnmiş, doğuş zamanı cift tam götürülmədiyi üçün fəsad baş verərək onda qanaxma olmuş, onun və ərinin razılığı olmadan onun qadınlıq orqanı qanunsuz olaraq əməliyyat yolu ilə götürülmüşdür. Bütün bunlar nəticəsində Cavabdeh1 çox mənəvi iztirablar keçirmiş, həkim səhvi ucbatından qadın üçün ən vacib orqanından və bundan sonra dünyaya uşaq gətirmək imkanından məhrum olmuşdur. Bütün bu ağır günlər və baş vermiş ağır hadisələr nəticəsində kəskin və dərin iztirablar keçirmişlər və bu iztirablar bu gün də davam edir. Bunlar azmış kimi, cavabdeh MMC-nin rəhbərliyi hələ öz səhvləri ucbatından ona belə bir ağır xəsarət və ağır iztirablar yaşatmasına baxmayaraq, üstəlik onlardan öz səhvləri ucbatından baş vermiş ağırlaşma nəticəsində çəkdikləri xərcləri də istəyərək onları məhkəməyə vermişdir. Bütün bunlara görə MMC-dən çəkdikləri mənəvi iztirablara görə dəymiş mənəvi zərərin əvəzi olaraq 100 000 manat tələb edirlər. Çünki həm həmin müddət ərzində xəstəxanada koma vəziyyətdə yatarkən çəkdiyi əziyyətlər, həm əməliyyatlardan sonra çəkdiyi iztirablar, həm qadınlıq orqanının əməliyyat yolu ilə çıxarılması və ən əsası isə bundan sonra dünyaya uşaq gətirmək kimi müqəddəs ana hissindən məhrum edilməyi psixikasında, həyata marağında, sinir və əsəb sistemində sağalmaz izlər qoymuş və bu iztirablar bu gün də onları müşayiət edir və bütün bunlar nəticəsində mənəvi əzabları dözülməz olmuşdur. Bütün bunlara görə cavabdeh həm mənəvi, həm maddi, həm də cinayət məsuliyyəti qaydasında cavab verməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin xx.xx.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qərardadda qoyulan sualların ardıcıllığı ilə göstərilmişdir ki:
1. Ginekoloji təcrübəyə əsasən, “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatın texniki cəhətdən düzgün icrasından sonra uşaqlıq qanaxmasının baş verməsi mümkündür. Bu patologiya əksər hallarda uşaqlıq əzələlərinin tonusu, yəni yığılma qabiliyyətinin pozulması, həmçinin uşaqlığın fıbroması, mioması, miometriumda çapıq çox döllük hamiləliklərdə, dölyanı mayenin çox olması, iri döl və s. səbəblərdən yarana bilər.
2. Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatından sonra, onda erkən zahılıq dövründə baş vermiş uşaqlıq qanaxmasının qarşısının alınması üçün konservativ tibbi tədbirlər görülmüş, lakin bu tədbirlərin effektsizliyi səbəbindən tibbi göstəriş əsasında “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.
3. Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısınn alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuşdur.
4. Qanaxma mənbəyi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur. Lakin inkişaf edən damar daxili laxtalanma sindromu yenidən cərrahi hemostazın aparılmasına səbəb olmuş və təkrar cərrahiyyə əməliyyatı, yəni “Diaqnostik laporatomiya” və “Qalça arteriyasının bağlanması və qarınboşluğunun tamponizasiyası” icra edilmişdir.
5. Hər hansı bir tibbi müdaxilə zamanı orqanın çıxarılması zəruri olduğu hesab edilirsə xəstə və xəstənin qohumlarına məlumat verilməklə bu haqda razılıq alınır. Lakin həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra oluna bilər.
6. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı və əməliyyatından sonrakı müdaxilələr zamanı onda damarların zədələnməsi hesabına qanaxmanın baş verməsi müəyyən edilməmişdir.
7. Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının gedişi zamanı cift götürülmüş və toxumalar bərpa edilmişdir.
8. Cavabdeh1 adına təyinat vərəqələrində qeyd edilmiş dərman preparatları onun vəziyyətinə və müalicəsinə uyğun olmuşdur.
9. Dərman preparatlarının xəstəyə istifadə olunub-olunmamasını məhkəmətibbi yolla təyin etmək mümkün deyildir.
10. Cavabdeh1 adına ekspertiza tədqiqatına təqdim edilmiş stasionar xəstənin tibbi kartasında metodoloji xarakterli uyğunsuzluqlar müəyyən edilmədi. 11.12.13. Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur.
14. Cavabdeh1 müayinə və müalicəsi ilə əlaqədar onun digər xəstəxanalara köçürülməsi həkimlərin konsiliumunun qərarı əsasında həyata keçirilə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
İddiaçı "X1” MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın rədd olunması hissəsində mübahisələndirmiş və qətnamənin həmin hissədə ləğv olunmasını, iddia tələbinin tam təmin olunmasını, Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan əsas borc üzrə 23191,14 AZN məbləğində pulun, 1623,37 AZN məbləğində dəbbə pulunun, o cümlədən ödənilmiş ilkin iddia üzrə 30 AZN, apellyasiya şikayəti üzrə 15 AZN dövlət rüsumunun, ümumilikdə cəmi 24859,51 AZN məbləğin cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 443.1-ci və Mülki Prosessual Məcəllənin 101.7, 119.1, 119.5, 121.1, 386, 389, 390-cı maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh V.Mirzəmmədov apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı apellyasiya baxışının predmetini qətnamənin yalnız iddiaçı "X1” MMC tərəfindən mübahisələndirilən hissəsi, yəni ilk iddianın rədd olunması hissəsi təşkil etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv olunmalı, ilk iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin aradırılmış və faktiki müəyyən edilən hallarından görünür ki, ilkin iddia üzrə cavabdehlərdən Cavabdeh1 doğuşla əlaqədar "X1” MMC-yə müraciət etmiş, onlar arasında doğuşa görə müqavilə imzalanmış və müqavilənin dəyəri 2100 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilmiş, doğuş normal keçmiş, uşaqlar dünyaya gəlmiş, ananın da vəziyyəti normal olmuşdur. Lakin əməliyyatdan bir neçə saat sonra anada qanaxma başlamış, səbəbləri aydınlaşdırılmış, bir neçə saatdan sonra təkrar əməliyyata aparılmış, bu da bir nəticə verməmiş, təkrar olaraq ana 3 dəfə əməliyyat olunmuş, bir neçə gün kritik vəziyyətdə qalmış, sonradan vəziyyəti stabilləşmiş və xx.xx.2019-cu il tarixdə xəstə evə yazılmışdır. İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixlər aralığında xəstə Cavabdeh1 MMC-də müqavilə əsasında tibbi xidmət göstərildiyini, göstərilmiş tibbi xidmətin ümumi məbləğinin 24191,14 manat təşkil etdiyini, buna görə cavabdehlərin cəmi 1000 manat məbləğində ödəniş etdiklərini, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qalan 23191,14 manat borc məbləği ödəmədiklərini və bununla da müqavilə öhdəliklərini yerinə yetirmədiklərini bildirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 AZN məbləğində əsas borcun, 1623,37 məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən turulub "X1” MMC-yə ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi ilk iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 doğuşla bağlı tibbi xidmətlərin haqqını ödədikdən sonra əlavə olaraq ona göstəriləcək digər xidmətlərin də əvəzli olmaqla qarşılığını ödəməsinə dair öhdəlik götürməsi işin halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli «doğulacaq uşağın yaxınının razılığı» adlanan sənəddə doğulacaq uşağın valideyni kimi Cavabdeh2 göstərilsə də, həmin sənəddəki imzanı Cavabdeh1 imzalamışdır. Cavabdeh2 öhdəliklə bağlı heç bir sənədə imza etməmişdir (imzanın Cavabdeh1 aid olması ilkin iddiaçının və cavabdehlərin izahatları ilə təsdiq edilir). Cavabdeh1 iddiaçı MMC-nin hesabına müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə 600 manat da ödəmişdir. Lakin cavabdeh tərəfin izahatlarına əsasən onlara əlavə olaraq qeyd edilən məbləğin ödənilməsi bildirilmiş və bu məbləği ödəmək iqtidarında olduqları üçün həmin məbləği ödəmişlər və onlara ilk iddiada göstərilən məbləğin ödəməli olmalarına dair həmin vaxt heç kim məlumat verməyib. Bu barədə onlara qarşı iddia qaldırılan vaxt məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı cavabdehləri tibbi xidmət müqaviləsində göstərilən xidmətlərdən (doğuşla bağlı) əlavə göstərilən xidmətlərə görə 24191,14 AZN ödəməli olmalarına dair məlumatlandırmasını, ümumilikdə isə iddiasının əsası kimi istinad etdiyi cavabdehlərin onun qarşısında öhdəlik daşıyıcısı olmasını sübut edə bilməmişdir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin standart şərtləri etibarsızdır, tibb müəssisəsinin müqavilənin etibarsız şərtlərinə istinad etməsi və öz vəzifəsinə uyğun həyatı təhlükə qarşısında qalmış şəxsə təxirəsalınmaz tibbi yardım göstərildiyi üçün qarşı tərəfin təsəvvürü olmayan tənasübsüz məbləğ tələb etməsi əsassızdır, cavavbdehlərin iddiaçıdan asılı vəziyyətdə iddiaçının fəaliyyətinin əsasını təşkil edən reqlamentə zidd və mücərrəd şərtlərin müqaviləyə daxil edilməsi özlüyündə bu şərtlərin əhəmiyyətsizliyini müəyyən edir, ona görə də həmin xərclər cavabdehlərdən tutula bilməz. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 14, 217-ci və s. maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamışdır. Ali Məhkəmənin hazırkı iş üzrə mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan müqavilənin standar şərtlərinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin normalarına istinad etmiş, lakin həmin normaların dispozisiyasında göstərilmiş şərtlərin hazırkı mübahisəyə uyğunluğunu müəyyən etməmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən müqavilənin şərtlərini etibarsız hesab etmiş, lakin məhkəmənin gəldiyi nəticə aydın olmamaqla, tərəflər arasında bağlanmış müqavilənin hansı bəndlərinin müqavilənin standart şərtləri olması, həmin şərtlərdən hansının etibarsız sayılması və bu etibarsızlığın əsaslarının nədən ibarət olması göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin, “Özəl tibbi fəaliyyət haqqında” və “Tibbi sığorta haqqında” qanunların bir sıra normalarını sadalasa da, həmin normaların hazırkı mübahisənin həllinə aidiyyətini göstərməmişdir. Məhkəmə iddiaçının tələb etdiyi xərclərin tənasübsüz surətdə yüksək xərclər olmasını, iddiaçının tələb etdiyi qiymətlərin qısa müddətdə yüksəldilməsini qeyd etmiş, lakin cavabdehə göstərilmiş əlavə tibbi xidmətlərin, cərrahi əməliyyatların əslində hansı qiymətdə ola bilməsi, qiymətlərin yüksəldilməsinin nəyə əsasən müəyyən olunması qətnamədən aydın deyildir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq və işin müəyyən edilən hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə işin müəyyən olunmuş hallarına əsaslanaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh İlhamə Abıyeva arasında 16 oktyabr 2019-cu il tarixdə “Hamiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”sinin imzalanması, xx.xx.2019-cu il tarixdə doğuşun qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilməsi və əməlliyat nəticəsində əkiz uşaqların normal doğulması, əməliyyatdan bir neçə saat sonra xəstənin vəziyyətinin ağırlaşması, bunun qanaxmadan baş verməsi, xəstənin təkrar əməliyyata aparılması, təkrar əməliyyat nəticə vermədiyindən daha sonra 3 dəfə tibbi əməliyyata məruz qalması, xəstənin bir neçə gün kritik vəziyyətdə olması, sonradan vəziyyətinin stabilləşməsi, xx.xx.2019-cu il tarixdə evə buraxılması və cavabdehlər tərəfindən iddiaçının hesabına müqavilə şərtlərinə əsasən 2700 manat ödəniş edilməsi, evə bupaxıldıqdan sonra xəstədə hər hansı fəsadların qalmaması işin mübahisələndirilməyən hallarıdır. Hazırda mübahisələndirilən hissə doğuşdan sonra aparılmış əməliyyatlar və tibbi yardım xərcləri qismində 24814,51 manat pulun cavabdehlərdən tutulması məsələsidir. İddiaçı tələbinin əsası kimi MMC ilə cavabdeh İ.Abıyeva arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli “Hamiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”sinə istinad etmişdir. Cavabdehlər isə tibb müəssisəsi tərəfindən çəkilmiş həmin xərclərin həkimlərin səhvi nəticəsində olmasını irəli sürürlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işə baxılarkən həkimlər tərəfindən hər hansı səhvə yol verilməsi müəyyən edilməmişdir. Əksinə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı müqaviləyə istinad etməklə cavabdehdən aparılmış əməliyyatlar və tibbi yardım xərclərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xəstəyə göstərilən tibbi xidmətə görə qiymət cədvəli müəyyən edilmiş, həmçinin müqavilənin 5.3, 5.4, 5.5 və 5.7-ci bəndlərinə görə xəstəyə planlaşdırılan xidmətə daxil olmayan xidmətin göstərilməsi, proqrama daxil olmayan xidmətlərə görə ödəmənin qiymət cədvəlinə əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilməsi, müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci bəndində (2100 manat) göstərilən məbləğdən əlavə olaraq ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin: 3.1.1-ci bəndinə əsasən Bakı şəhəri, Səbail r-nu, Badamdar qəs, 1-ci yaşayış massivi 31. ünvanında yerləşən MMC-də, peşəkar həkim və tibb heyəti vasitəsi ilə “X3” çərçivəsində və proqramın seçilən növü üzrə doğuşa qədər, doğuş və doğuş sonrası bütün mərhələlərdə lazımi tibb xidməti göstərməyi öhdəsinə götürür. 3.2.6-cı bəndinə əsasən “X3” çərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə İ də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə İİİ) əsasən vaxtında və əksiksiz olaraq “Xəstəxana” ya ödəməyi öhdəsinə götürür və ödəmiş olduğu məbləği) göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. 3.2.7-ci bəndinə əsasən “Xəstə” və ya "Xəstə yaxını” hazırkı müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəsad çıxması proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən planlaşdırılan xidmətin qiyməti ana üçün 2100 manat təşkil edir. 5.3-cü bəndinə əsasən Proqrama daxil olmayan xidmətlərə görə ödəmə, xəstəxananın Qiymət Cədvəlinə əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilir. 5.4-ci bəndinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.5-ci bəndinə əsasən hazırki müqavilənin 1.3-cü maddəsindəki “Planlaşdırılan xidmət” ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə, “Xəstə” faktiki həyata keçirilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.7-ci bəndinə əsasən əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə tərəfindən 5.1- də göstərilən qiymətlərə əlavə olaraq xəstəxannın hesabına ödənilir. Göründüyü kimi, tibi xidmət xərclərinin ödənilməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur. Lakin bu müqavilə Cavabdeh2 tərəfindən deyil, Cavabdeh1 tərəfindən imzalanmışdır və belə olan vəziyyətdə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məsuliyyət də sonuncunun üzərinə düşür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə öhdəliyin yaranması üçün əsas iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilədir. Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə aparılmış əməliyyatlar və tibbi yardım xərcləri qismində ödənilməli olan 23191 manat məbləğində pul vəsaiti ondan iddiaçının xeyrinə tutulmalıdır. Digər Cavabdeh2 müqavilə tərəfi olmadığından, onu imzalamadığından ona qarşı tələb təmin oluna bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən tələb olunan məbləğin daha az olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası öz təşəbbüsü ilə göstərilən tibbi xidmətin dəyərinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etsə də, Səhiyyə Nazirliyi tərəfindən mütəxəssis rəyi verilmədiyindən ekspert bu barədə rəy verməkdən imtina etmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ilk iddia 1623,37 məbləğində dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin faktiki hallarını, cavabdehin əmak vəziyyətini və s. nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə Azərbaycan Respublikası MPMnin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi qismən - iddiaçı «X1 MMC»-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 AZN məbləğində əsas borcun, 1623,37 məbləğində dəbbə pulunun, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 24814.51 AZN pulun cavabdehlərdən tutulub "X1” MMC-yə ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. 23191,14 (iyirmi üç min yüz doxsan bir manat on dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh1 tutulub İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun qalan 15 manatı iddiaçı «X1 MMC»-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.