Məhkəmə qərarları › İş №2(103)-1347/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1347/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1347/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KM MMC tərəfindən ünvan 1, 2347-48-ci məhəllədə tikilmiş binanın 1-ci girişinin, 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 85.5 kv.m. təşkil edən 1 otaqdan ibarət 37 saylı mənzildən çıxarılarkən, mənzilin alınması üçün ödədiyi 45860 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2020-ci il tarixdə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsinə əlavə olaraq Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəməyə cəlb olunması, mübahisəli mənzilə münasibətdə dələduzluq edən X5 barəsində xüsusi qərardad çıxarılıb prokurora göndərilməsi, ünvan 1 ünvanında olan mübahisəli mənzilə münasibətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən sonra çıxarılmış məhkəmə qətnaməsinin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-2258/20) iddia rədd edilmişdir. İddiaçı4 sözügedən qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı4 hazırda mühasələndirilən mənzili 2012-ci ildə Cavabdeh1 MMC-dən almış, mənzil alınarkən təmirsiz vəziyyətdə olmuş, mənzili aldıqdan bir müddət sonra 2013-cü ilin fevralında təmir işlərinə başlamışdır. 2014cü ildə o, Bakı Ağır Cinayətlər Məhkəməsində açılmış cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. O, cavabdehi tanımamışdır, onun hazırda yaşadığı mənzili almaq üçün görüşdüyü şəxs Fuad Mirzəyev olmuşdur, cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı mənzili Etalon-İnşaat MTKdan almışdır, lakin hazırda elə bir şirkət mövcud deyildir. 2013cü ildən o, həmin mənzildə yaşayır, mənzilin əvvəllər kiminsə tərəfindən alınıb satılması ilə bağlı heç bir məlumatı olmamışdır, məhkəmə qərarı ilə həmin mənzilə cavabdehin mülkiyyət hüququ tanınmış, ondan mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri kimi 14548.80 manat pulun tutularaq ona ödənilməsi qərara alınmş, mənzildən çıxma və həmin pulun ödənilməsinin eyni vaxtda icra olunması qət edilmişdir, həmin məbləğ onun hesabına köçürülmüş, lakin sonradan məlum olmuşdur ki, cinayət işi üzrə yeni açlmış hal müəyyən olunmuşdur və həmin hal ondan ibarətdir ki, cavabdeh xxxx KM MMC-nin təsisçisi F.Mirzəyevlə mənzilin əvəzinə ona 52000 ABŞ dolları məbləğində pulun qaytarılması barədə razlığa gəlmiş və F.Mirzəyev Cavabdeh2 xx.xx.2013-cü ilədək ona həmin pulu ödəyəcəyi barədə yazılı iltizam vermişdir. İşin qeyd edilən halı həmin cinayət işi üzrə şahid qismində işə cəlb edilmiş şəxslərin ifadələri ilə də təsdiq olunur. Qeyd edilənlər ona əsas verir ki, işə yeni açılmış halların əsasında onun mənzilə ödədiyi 45860 ABŞ dolları cavabdeh tərəfindən ona geri qaytarılsın. Hesab edir ki, yeni açılmış həmin hallar Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi nəzərdə tutulan 45860 ABŞ dollarının hazırkı cavabdehdən tutulmasına əsas yaradır, yəni həmin məbləğin hazırkı cavabdeh tərəfindən ona ödənilməsi öhdəliyi yaranır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi A.A.Abzərov iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 1, məhəllə 2347-48 ünvanında yerləşən giriş 1, mərtəbə 6, 47 saylı mənzili xx xxxxxx 2007-ci il tarixdə “xxxx” MTK-dan kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən pulunu tam ödəməklə almışlar, 2013-cü ildə İddiaçı4 mənzili qanunsuz olaraq zəbt etmişdir, iddiaçılara dəfələrlə mənzildən çıxması barədə xəbərdarlıq edilsə də, müraciətləri nəticəsiz qalmışdır. Sonradan onlara məlum olmuşdur ki, “xxxx” MTK-nın bütün hüquqi səlahiyyətləri xx.xx.2009-cu il tarixdən sifarişçi təşkilat olan Cavabdeh1 MTK-ya keçmiş və həmin cəmiyyət xx.xx.2012-ci il tarixdə X2 xəbəri olmadan mənzili qanunsuz olaraq İddiaçı4 satmışdır. İddiaçı4 onların müvəqqəti olaraq Rusiyada olmaqlarından istifadə edərək mənzilə köçmüşdür. İddiaçı ilə aralarında yaranmış mübahisəni həll etmək üçün eyni zamanda ekspertiza keçirilmiş və ekspert rəyi ilə həmin evin təmiri üçün iddiaçı tərəfindən çəkilmiş xərc hesablanmışdır, həmin məbləğ onlar tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda mənzilin onlara məxsus olması barədə məhkəmə qətnaməsi qüvvədədir və icra mərhələsindədir, iddiaçılar hüquqlarından sui-istifadə edərək hər dəfə müxtəlif bəhanələrlə icra işini pozmağa çalışırlar. Sonda A.A.Abzərov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh1 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmişlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1124/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə Cavabdeh1 MMC-dən 45860 ABŞ dollarının məzənnə üzrə manatla və 30 manatın tutularaq İddiaçı4 ödənilməsi, eləcə də mənəvi zərərə görə Cavabdeh1 MMC-dən 5000 manat tutularaq İddiaçı4 ödənilməsi, X1 isə mənzildə aparılmış təmir-tikinti işlərinin dəyərini təşkil edən 14548.80 manatın tutularaq İddiaçı4 ödənilməsi, X5 tərəfindən 14548.80 manat pulun ödənilməsi ilə İddiaçı4 mübahisəli mənzilindən çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı4 ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, İddiaçı4 mənzildən çıxarılması qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2015-ci il tarixli 1(101)-442/2014 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin İcra Vərəqəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 və X3 barəsində olan 1(101)-442/2014 saylı xx.xx.2014-cü il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 1(103)-342/15 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmiş və həmin tarixdə qanuni qüvvəyə minmişdir. Hökmlə payçıların əmlaklarının əsl sahiblərinə qaytarılması Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Cavabdeh1 MMC-nin rəhbərliyinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli TT**********506145488 saylı qəbzdən görünür ki, X6 qətnamə üzrə İddiaçı4 ödəməli olduğu 14548,8 manat pul vəsaitini Xətai rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmış, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh A.Abzərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında iddiaçılardan yalnız İddiaçı4 mübahisələndirmişdir. Məhkəmə kollegiyası buna baxmayaraq mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnamənin əsaslılığını tam həcmdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisəli mənzilə dair İddiaçı4 ilə 2012-ci ildə, cavabdeh A.Abzərovla isə bundan xeyli müddət əvvəl 2007-ci ildə müqavilə bağlanmışdır. Qüvvədə olan məhkəmə qərarları ilə İddiaçı4 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2012ci il tarixli müqavilə etibarsız hesab edilmiş, İddiaçı4 mənzildən çıxarılması, Cavabdeh1 MMC-dən vurulmuş maddi ziyana görə 45860 ABŞ dollarının və mənəvi zərərə görə 5000 manatın, A.Abzərovdan isə mənzildə aparılmış təmir-tikinti işlərinin dəyərini təşkil edən 14548.80 manatın tutulub İddiaçı4 ödənilməsi, A.Abzərov tərəfindən 14548.80 manat pulun ödənilməsi ilə İddiaçı4 mübahisəli mənzilindən çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. A.Abzərov qətnamənin ona aid olan hissəsini icra edərək İddiaçı4 ödəməli olduğu 14548,8 manat pul vəsaitini Xətai rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Hazırda İddiaçı4 və digərləri qüvvədə olan məhkəmə qətnaməsi ilə Cavabdeh1 MMC-dən tutulmuş 45860 ABŞ dollarının A.Abzərovdan tutulması barədə qətnamə çıxarılmasını xahiş edirlər. İddia tələbinin əsası kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 və X3 barəsində olan xx.xx.2014-cü il tarixli hökmünə və həmin hökmlə müəyyən edilmiş yeni açılmış hallara istinad olunmuşdur. Hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmiş və həmin tarixdə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 16.1, 560.1-ci, Mülki Prosessual Məcəlləsinin 82-ci və sair maddələrinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmə işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, ünvan 1, 2347-48-ci məhəllə ünvanında yerləşən 37 saylı mübahisəli mənzil A.Abzərova məxsusdur, iddiaçılar həmin mənzildə yaşayır, məhkəmə qətnaməsi əsasında iddiaçının həmin mənzildən çıxarılmaları qət edilmişdir və həmin qətnamə hazırda icra mərhələsindədir. Məhkəmə qeyd etmişdir ki, cavabdehdən tələb edilən məbləğ iddiaçının mənzilə görə ödədiyi məbləğ olduğundan və həmin məbləğin qaytarılması vəzifəsinin məhkəmə qətnaməsi əsasında Cavabdeh1 MMC-nin üzərinə qoyulması cavabdehin bu barədə öhdəliklərini istisna edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. İddiaçının cavabdehdən tələb etdiyi məbləğin artıq məhkəmə qətnaməsi əsasında “xxxx KM” MTK-dan tutulması qət edilmişdir, həmin məbləğin təkrarən cavabdeh A.Abzərovdan da tutulması, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində artıq müəyyən edilmiş halların yenidən digər formada təhrif edilməsinə yönəlmiş dəlillərə söykənən iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddianın hökmlə müəyyən edilmiş yeni açılmış hallarla əsaslandırılmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, həmin hökm Cavabdeh1 MMC-dən İddiaçı4 xeyrinə 45860 ABŞ dolları tutulması barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi çıxarılarkən artıq mövcud idi və həmin hökmlə müəyyən edilmiş hallar işdə iştirak edən şəxslərə və eləcə də işə baxan məhkəməyə məlum idi. Digər tərəfdən, yeni açılmış hər hansı halın mövcudluğu qəbul olunsa belə, bu, yeni iddia qaldırılması üçün deyil, MPM-nin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktına, hazırkı halda Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə və onunla bağlı yuxarı instansiya məhkəmələrinin qərarlarına yeni açılmış hallar üzrə icraat qaydasında ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət etmək üçün əsas ola bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar