Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1350/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: elektrik enerjisindən istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1964/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028233 nömrəli akta görə, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman fərdi yaşayış evinə məxsus elektrik sayğacının dövriyyədən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir.
2. Abunə kodu **********30000 olan abunə haqqında sənəddən görünür ki, NDM 028233 nömrəli akta əsasən ünvan 1 ünvanına müvafiq olaraq 1593,02 manat əlavə ödəniş hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanı üzrə abonent hesabına hesablanmış 1642 manat məbləğində əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ünvan 2 ünvanında yerləşən evində (abonent kodu: **********30000) yaşamadığı işığın əlavə sərfiyyatına görə 1642 (bir min altı yüz qırx iki manat) manat məbləğində borc barəsində bilririş təqdim edilmişdir. Buna görə də o, "xxxx" ASC-yə şifahi müracfət edərək həmin borcun ləğv edilməsini (silinməsini) xahiş etmişdir. Cavabdeh təşkilata müraciət etdi, onlar ona bildirdilər ki, guya sayğaca müdaxilə olunmuşdur. Sayğacın hesablaşma-uçot dəstinə baxış keçirən zaman qüsur aşkar edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın irəli sürdüyü səbəblər əsassızdır. Belə ki, sayğaca kənar müdaxilənin olubolmamasından xəbərsiz olmuş, həmçinin qeyd edilən səbəbdən onun həmin sayğacı qorumağı da fiziki cəhətdən qeyri-mümkün olub. Əgər sayğaca kənar müdaxilə olubsa, möhürü qırılıbsa, bu vizual olaraq müşahidə edilə bilər və akt elə yerində, qonşuların iştirakı ilə tərtib edilib, yerində də foto və video çəkiliş aparıla bilərdi. Bununla da onu deməyə imkan verir ki, sayğacda ya hər hansı problem olmayıb, ya da sayğac onun təqsiri olmadan nasaz olub.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1964/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı məxsus **********30000 saylı abonent hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1642 (min altı yüz qırx iki) manat məbləğində borcun silinməsi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 36,42 (otuz altı manat qırx iki qəpik) manatın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 028233 saylı, xx.xx.2022-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun yaranmasına səbəb olan akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış 1642 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11, 8.2, 8.33-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 124.1, 217.4-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1964/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, abonent İddiaçı Əliheyder qızına məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı fərdi yaşayış evinin sayğacına müdaxilə ediləmsi edilməsi aşkar olunmuş və aşkar olunmuş faktla bağlı müvafiq akt tərtib olunmuşdur. 11 mart2022-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları abonent İddiaçı Əliheyder qızına məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın dövriyyədən axan yükü qeyd etmədiyi, sayğacın alt örtük qapağına vurulmuş möhürün siminin kəsilərək vintin içərisində gizlədildiyini, sayğacın alt qapağını açdıqdan sonra sayğacın “C” fazasının giriş yuvasınaçıxışxəttinin bərkidildiyi aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı tərəflərindən NDM № 028233 saylı, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 12254 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 1593.02 manat məbləğində müəyyən edilməklə abonentin **********30000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində tərəflərindən sadəcə ehtimala əsaslanaraq iddiaçıya məxsus fərdi yaşayış evinə kənar xəttin çəkilməsinə dair qənaətə gəlindiyini və həmin ehtimalı təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Hesab edilir ki, məhkəmənin bu mövqeyi tam əsassızdır. Belə ki, 11 mart 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı aşkar olunmuş sayğaca müdaxilə faktının "xxxx" ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmış və həmin video görüntülərin əks olunduğu disk tərtib olunmuş aktla birgə sübut qismində məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qeyd edilən sübutun tədqiqini aparmamış, yəni həmin video görüntülərə tərəflərin iştirakı ilə baxış keçirməmiş, video görüntülərdə qeyd olunan və iş üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə öz qətanməsində sayğacda aşkar olunmuş pozuntu faktının məhz istehlakçı tərəfindən yarandığına dair heç bir sübutun məhkəməyə təqdim edilmədiyini və Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə istinad edərək həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməli olduğunu qeyd etmişdir. Lakin Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1964/2022 saylı qətnaməsi çıxarılan zaman Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin maddəsi 77.2-ci maddəsinin artıq ləğv edilmişdir. Belə ki, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nomrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.2-ci maddə ləğv edilmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almamış və öz qətnaməsini əsaslandırarkən qüvvədən düşmüş hüquq normasına istinad edərək prossesual hüquq normasının pozuntusuna yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, hal şahidlərinin iştirakı ilə aktın tərtib edilməsi artıq məcburi norma deyil, qüvvədən düşmüşdür. İddiaçı tərəfindən sayğaca müdaxilə olunub.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
16. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
17. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının,o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “1642 (min altı yüz qırx iki) manat məbləğində borcun silinməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İddiaçı 1642 manat məbləğində əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
23. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, 1593,02 manat borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 028233 saylı, xx.xx.2022-ci il tarixli akt əsasında 12254 kvts. itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış, qalan məbləğ istifadə olunmuş sərfiyyata görə olan borcdur.
24. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ASC-nin istinad etdiyi akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, iddiaçı tərəfindən elektrikdən istifadə qaydalarının pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir. Bundan başqa, sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abunə kodu **********30000 olan abunə haqqında sənədə baxış nəticəsində və cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı verdiyi izahatından müəyyən edilir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən qalan borc (1642-1593,02=48,98) istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borcdur. İş materiallarının araşdırılması zamanı bu borcun əsassız hesablanmasını təsdiq edən hər hansı sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
27. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “1642 (min altı yüz qırx iki) manat məbləğində borcun silinməsi” hissəsində dəyişdirilməli, İddiaçı məxsus **********30000 saylı abonent hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1593,02 (min beş yüz doxsan üç manat iki qəpik) manat məbləğində borcun silinməsi müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
29. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1964/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “1642 (min altı yüz qırx iki) manat məbləğində borcun silinməsi” hissəsində dəyişdirilsin. İddiaçı məxsus **********30000 saylı abonent hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1593,02 (min beş yüz doxsan üç manat iki qəpik) manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev