Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1351/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: borcun silinməsi və pulun geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi, pulun geri qaytarılması” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(011)-55/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alğı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə “Azəriqaz” İB tərəfindən **********00063 nömrəli abonent kodu verilmiş və həmin evi təbii qazla təhciz edən qaz xəttinin üzərində “Smart G4” markalı “itron” tipli qaz sayğacı quraşdırılmışdır. İlk dəfə 2017-ci il tarixində “Azəriqaz” İB-nin nümayəndələri iddiaçının fərdi yaşayış evindən bir neçə metr uzaqlıqda olan 1302AZ**********31 nömrəli “Smart G4” markalı “itron” tipli qaz sayğacını başqa bir qaz sayğacı ilə əvəz etmiş, çıxarılmış qaz sayğacını da dövlət yoxlamasına göndərmişlər.
2. İddiaçıya məlum olmuşdur ki, laboratoriyaya göndərilmiş qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsinin müəyyən edilməsi səbəbilə İddiaçı adına 410,40 manat məbləğində cərimə borcu yazılmışdır. Belə ki, müvafiq laboratoriya rəyi əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2017-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonra isə həmin akt əsasında xx.xx.2017-ci il tarixində qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda 2052 m3 qaz itkisinin yaranması səbəbindən iddiaçıya 410,40 manat məbləğində cərimə borcu qeyd edilmişdir. İkinci dəfə isə 2018-ci il tarixində “Azəriqaz” İB-nin nümayəndələri iddiaçının fərdi yaşayış evindən bir neçə metr uzaqlıqda olan 1702AZ**********85 nömrəli “Smart G4” markalı “itron” tipli digər qaz sayğacını da başqa bir qaz sayğacı ilə əvəz etmiş və çıxarılmış qaz sayğacını təkrar dövlət yoxlamasına (laboratoriya) göndərmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, laboratoriyaya göndərilmiş həmin qaz sayğacının gövdəsinin əzilmiş olması, daxilində yad əşya qırıntısının aşkar edilməsi səbəbilə onun adına 1944 manat məbləğində cərimə borcu yazılmışdır. Belə ki, müvafiq laboratoriya rəyi əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonrasında isə həmin akt əsasında xx.xx.2018-ci il tarixində hesabat qəbul edilmişdir. Qəbul edilmiş hesabatda 9720 m3 qaz itkisinin yaranması səbəbindən iddiaçıya 1944 manat məbləğində cərimə borcu qeyd edilmişdir.
3. Barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə ümumilikdə 2354,40 manat məbləğində cərimə borcu hesablanmışdır.
4. Hesablanmış cərimə borcları ayrı-ayrılıqda 05/2017-ci il tarixində və 11/2018 tarixində smart qaz kartına borc qismində köçürülmüşdür. 05/2017-ci il tarixindən 09/2020ci il tarixinə kimi tərəfindən müəyyən məbləğlərdə smart qaz kartına ödənişlər edilmişdir ki, həmin ödənişlərin də 275,15 manat hissəsi qaz sayğacından borca tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı – Cavabdeh “Azəriqaz” İB tərəfindən İddiaçı qarşı tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq ümumilikdə hesablanmış 2354,40 manat məbləğində cərimə borcunun silinməsi və 05/2017-ci il tarixdən 09/2020-ci il tarixinə kimi qanunsuz olaraq İddiaçı abonent hesabından borca tutulmuş 275,15 manat məbləğində pul vəsaitinin cavabdeh “Azəriqaz” İB–dən tutularaq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, “Azəriqaz” İB tərəfindən ona qarşı əsassız olaraq tərtib edilmiş ümumilikdə 2079,25 manat məbləğində cərimə borcunun silinməsi, 09/2020-ci il tarixinə kimi tərəfindən olunmuş ödənişlərdən borca tutulan 275,15 manat məbləğində pul vəsaitinin onun hesabına geri qaytarılması və çəkilmiş 121 manat məbləğində məhkəmə xərclərinin “Azəriqaz” İB-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qaz sayğaclarının dövlət yoxlamasında onun iştirakı təmin olunmamış, eləcə də qaz sayğaclarında yaranmış və aşkar edilmiş qüsurlarda onun heç bir təqsiri olmamışdır. Belə ki, fərdi yaşayış evindən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta “SOCAR” işçisinin də müdaxilə etməsi mümkündür. İddiaçı əlavə olaraq qeyd edir ki, tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda iddiaçının ad və soyad qrafasının qarşısında “imtina” yazısı qeyd olunmuşdur. Halbuki, həmin aktların tərtib olunmasından iddiaçının xəbəri olmamış və ona aktları imzalamaq təklif edilməmişdir. İddiaçı bu və sair kimi səbəblərdən də birtərəfli qaydada tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları, habelə həmin aktlar əsasında tərtib olunmuş qərar və hesabatı da qanunsuz və əsassız hesab edir. Barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq ümumilikdə 2354,40 manat məbləğində cərimə borcu hesablanmışdır. 05/2017-ci il tarixindən 09/2020-ci il tarixinə kimi tərəfindən müəyyən məbləğlərdə smart qaz kartına ödənişlər edilmişdir ki, həmin ödənişlərin də 275,15 manat hissəsi qanunsuz olaraq qaz sayğacından borca tutulmuşdur.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(011)-552022 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9cu bəndlərinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Mülki Məcəllənin 448.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə,yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
13. 4.2-ci bənd. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
14. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
15. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. 4-9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
18. 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). mart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5470/2020 saylı qətnaməsindən görünür ki, “Azəriqaz” İB tərfindən İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə” dair iddia tələbi təmin olunmuş və İddiaçı 2079,82 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu tutularaq, “Azəriqaz” İB-nin ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1584/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5470/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması qət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5470/2020 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1584/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
31. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, “Azəriqaz” İB tərəfindən İddiaçı hesablanmış cərimə borcunun əsaslı olmadığı, belə cərimənin yazılması üçün iddiaçı tərəfindən hər hansı delikt (hüquqazidd əməl) törədilməsinin sübuta yetirilməməsi müəyyən edilmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsində əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 33.Kollegiya göstərilənlərə əsasən qeyd edir ki, cavabdehin qeyd edilən dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qaz sərfinə görə iddiaçıya hesablanmış 2079,25 manat məbləğində borc silinməsi və borca görə tutulmuş 275,15 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının abonent hesabına geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir.
35. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(011)-55/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.