Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1352/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilələrinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: uydurma əqd, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “müqavilələrinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4410/2022 saylı 10 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında kreditin rəsmiləşdirilməsi kredit tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, kreditin şərtləri müəyyən edilmədən və kredit üzrə pul vəsaiti verilmədən qeyri-qanuni olaraq həyata keçrildiyindən, İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 1.297.223 manat məbləğində pul vəsaiti, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə təqsiri müəyyən olunmuş şəxslər tərəfindən "xxxx" ASC-yə vurulmuş ziyan kimi qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə onun arasında xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrdən irəli gələn kredit borcunun onun adından silinməsi və bu barədə kredit bürosuna rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə xx.xx.2010-cu il tarixli 10680 №-li kredit müqaviləsinə əsasən 36 ay müddətinə 820.000 manat, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 900.000 manat məbləğində kredit onun adına rəsmiləşdirilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialında rəsmiləşdirilmiş hər iki kreditə görə mühafizəçi işlədiyi "xxxx" MMC-nin rəhbəri İbrahim Hüseynovun tapşırığı ilə lazımi sənədləri imzalasa da, bankdan pul götürməmiş, adına rəsmiləşdirilən kreditin məbləğindən məlumatı olmamış, həmin pulun kim tərəfindən və nəyə sərf edildiyi ona məlum olmamışdır. Bununla bağlı 2015-ci ildə "xxxx" ASC-nin keçmiş idarə heyətinin sədri olan X4 və qeyrilərinə qarşı başlanılmış cinayət işi üzrə həm istintaq ərəfəsində şahid kimi dindirilmiş, həm də məhkəmədə şahid qismində dindirilmişdir. Həmin vəsaitin X4 və X5 tərəfindən götürülməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmü ilə təsdiqlənərək ümumilikdə 9.696.204,52 manat məbləğində vəsaitin X4 və X2 müştərək qaydada alınaraq "xxxx" ASC- yə verilməsi hökm edilmişdir. Belə olduğu təqdirdə onunla "xxxx" ASC arasında rəsmiləşdirilmiş kredit müqavilələri uydurma əqd kimi qiymətləndirilmişdir. Mülki qanunvericiliyə əsasən, uydurma əqd olduğundan hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması səbəbindən əqd etibarsız hesab edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh QSC arasında S-FK-30 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən onun kredit qovluğu Cavabdeh QSC-yə verilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4410/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələblərini, yəni onunla "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10680 №-li və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin uydurma əqd olmasını təsdiq edəcək sübut kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmündən çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Hökmdən çıxarışın surəti natamam olduğundan, kserosurət olduğundan, əsli ilə düzgünlüyü təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, sübut kimi qəbul edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni, Mülki Prosessual Məcəllənin 89.1, 89.2, 89.3 və 89.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4410/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona və qeyrilərinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmü elə kserosurət olaraq verildiyindən, təqdim edilmiş subutlar hökmdən kserosurət olaraq çıxarılıb məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi məhkəmə işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmiş, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən ədalətsiz qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki,xx.xx.2010-cu il tarixli 10680 №-li kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli 10934 №li kredit müqaviləsi adına rəsmiləşdirilmədən təxminən 2 ay qabaq əmək haqqlarının artırılması ilə bağlı ona və qeyrilərinə məlumat verilmişdi. Mühafizəçi işlədiyi ərəfədə əmək haqqı az olduğu üçün o və digər iş yoldaşları çox sevincli idi. Sözügedən müqavilələrə imza etmələrinin səbəbi də bu olmuşdur. Həqiqətən də həmin ərəfədə əmək haqları 200 manat artırılmışdı. Bir faktı da qeyd edir ki, analoji işlərlə bağlı köhnə iş yoldaşları tərəfindən Sumqayıt şəhər məhkəməsinə və digər rayon məhkəmələrinə “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair müraciət edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmünə əsasən kredit müqaviləsi etibarsız edilmiş və borc adlarından silinmişdir. Onu da qeyd edir ki, borc silinmədən adına heç bir bankdan kredit rəsmiləşdirə bilmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirərək qeyd etmişdir ki, idarə borcun silinməsini yalnız rəsmi məhkəmə qərarı əsasında həyata keçirə bilir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı 14 oktyabr 2016-cı il tarixli hökmündə müəyyən edilmişdir ki, hər iki kredit müqaviləsi üzrə vətəndaşa imza etdirilib, lakin kreditin kimə verildiyini iddiaçı bilmir. Kreditin kimlər tərəfindən götürülməsi hökmdə öz əksini tapmışdır. Məqsədləri bu işlərin məhkəmə qaydasında öz həllini tapmasıdır.
Apellyasiya baxışının hədləri 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
16. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 337.1-ci, 337.4-cü və 324.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
18. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
22. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
23. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
24. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 26.İş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 10680 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 14% dərəcəsini ödəmək şərtilə 820.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 27."xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 19834 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 14% dərəcəsini ödəmək şərtilə 900.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 28.Tarixi müəyyən edilməyən kassa məxaric orderindən görünür ki, İddiaçı adından 815.900 manat məbləğində pul məxaric edilmişdir. 29.20.12.2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı adından 481.323 manat məbləğində pul məxaric edilmişdir. 30."xxxx" MMC-dən xx.xx.2023-cu il tarixli SF-3655 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh BOKT QSC-yə 389.933 manat məbləğində borcu vardır. 31.Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə müəyyən edilmişdir ki, şahid qismində dindirilmiş İddiaçı 2010-cu iin sentyabr ayında şirkətin baş koordinatoru Vahid Abdullayev onu və digər mühafizəçiləri baş ofisə çağıraraq İbrahim Hüseynovun tapşırığına əsasən şəxsiyyət vəsiqələri ilə "xxxx" ASC-yə getməli və orada onlara təqdim ediləcək sənədləri imzalamalı olduqlarını tapşırmışdır. İşini itirməmək üçün digər işçilərlə birlikdə bankın Nəqliyyat filialına gedərək təqdim olunan sənədləri oxumadan imzalamış və pul götürmədən getmişlər. İbtidai istintaqda ona təqdim olunan tarixsiz ərizə, xx.xx.2010-cu il tarixli 10680 nömrəli kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli xəzinə məxaric orderində müştəri kimi ona aid qrafalardakı imzalar ona məxsus olmuş, həmin sənədlərə bankın Nəqliyyat filialında imza etmişdir. Sənədlərə imza etsə də, adına rəsmiləşdirilən 815.900 manat pulu bankdan götürməmiş, ona təqdim olunan tarixsiz ərizə, xx.xx.2020-cu il tarixli 10934 nömrəli kredit müqaviləsi və xx.xx.2011-ci il tarixli xəzinə məxaric orderində müştərri kimi ona aid qrafalardakı imzalar ona məxsus olmuşdur. Sənədlərə qol çəksə də adına rəsmiləşdirilən 481.323 manat pulu bankdan götürməmiş, həmin iki kredit üzrə olan pulun kim tərəfindən götürüldüyünü və hansı məqsədlərə xərcləndiyini bilməmişdir.
32. "xxxx" ASC-nin Nəqliyyat filialından fiziki şəxs İddiaçı verilmiş kredit vəsaiti üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditin şərtləri müəyyən edilmədən kreditin rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi, pul vəsaitinin "xxxx" ASC tərəfindən İddiaçı adına açılmış kredit üzrə əməliyyatların qeyri-qanuni olaraq həyata keçrildiyi nəzərə alınaraq "xxxx" ASC-yə vurulmuş ziyanın məbləği Azərbaycan manatında açılmış kreditlər üzrə 1.297.223 manat müəyyən edilir. İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 1.297.223 manat məbləğində pul vəsaiti, onun adına açılmış qeyri-qanuni kreditin, "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilir. 33.Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin yuxarıda göstərilən maddəsinə (82.4) istinad edərək qeyd edir ki, mübahisəli kredit müqavilələri üzrə iddiaçı tərəfindən pulun götürülmədiyi, kredit məbləğinin əslində "xxxx" MMC-nin işçiləri olan şəxslər tərəfindən mənimsənildiyi faktları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Hazırda həmin faktların preyudisiallığı bu mülki iş üzrə məcburidir və məhkəmə tərəfindən yenidən araşdırıla və sübut edilə bilməz. 34.Beləliklə apellyasiya baxışı zamanı təqdiq olunmuş sübutlara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə təqsiri müəyyən edilmiş və bank adından hərəkət edən şəxslərin "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinə əsasən iddiaçıya pul vermək, yəni iddiaçı üçün əqd bağlamaqla hüquqi nəticə yaratmaq niyyətində olmadıqları müəyyən edilmişdir. Belə olan halda mübahisələndirilən müqavilələr uydurma əqd hesab edilməli, çünki, müqavilələr ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. 35.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, xx.xx.2010-cu il tarixli və xx.xx.2010cu il tarixli kredit müqavilələri üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yarandığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçının mübahisəli müqavilələr üzrə cavabdeh qarşısında öhdəliklərin olması barədə məlumatlar həqiqətə uyğun olmayan məlumatlar kimi Cavabdeh QSC tərəfindən bank əməliyyat sistemindən silinməli və bu barədə müvafiq məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi həmin QSC-yə həvalə edilməlidir.
36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4410/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “müqavilələrin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri etibarsız hesab edilsin. Həmin müqavilələr üzrə mövcud kredit borcunun İddiaçı hesabından silinməsi, bu müqavilələr üzrə İddiaçı borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC BOKT-a həvalə edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov