Məhkəmə qərarları › İş №2(103)-1356/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1356/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1356/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3590/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını Cavabdeh təhvil verməyi, sonuncu isə ilkin ödəniş olaraq 30.000 manat, qalan 35.000 manatı isə 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən yeni (işlənməmiş) «Alexandrite Pro» lazer epcihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr (soyutma cihazı, kuşetka, lampa lupa, alət masası, həkim stulu, həkim üçün eynək, pasient üçün eynək, reklam üçün RoİİUP, stabilizator, distillə su) Cavabdeh təhvil verilmişdir.

3. Cavabdehin ödənilməli olan 35.000 manatdan ödədiyi məbləğ 2.918 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı MMC-nin vəsatətinə əsasən X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını 30.000 manat ilkin ödəniş olmaqla, qalan 35.000 manatı müqaviləyə əlavədə nəzərdə tutulmuş cədvələ uyğun olaraq 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla 24 ay müddətinə Cavabdeh nisyə satmışdır. “Alexandrite Pro” lazer epilyasiya cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Cavabdeh aktı şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Cavabdeh cihazı aldıqdan sonra iki ay 1459 manat olmaqla, cəmi 2918 manatı iddiaçıya ödəmişdir. Cavabdeh ilkin ödənişlə birlikdə cəmi 32.918 manat ödəniş etmiş, 2023-cü ilin may ayından ödəniş etməmişdir. Cavabdeh cihazın X4 tərəfindən xx.xx.2023-cü ildə ünvan 1 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonundan oğurlandığını bildirərək, ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 2033 nömrəli müqavilə üzrə 32.082 manat əsas borcu, gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 0,1%-i miqdarında hesablanmış 437,70 manat cərimə borcu yaranmışdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 187,56 manat dövlət rüsumu ödəmişdir.

7. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, o, ünvan 2 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonunda işləyir. İddiaçı MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını 30.000 manat ilkin ödəniş etməklə, qalan 35.000 manatı müqaviləyə əlavədə nəzərdə tutulmuş cədvələ uyğun olaraq 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla 24 ay müddətinə nisyə almışdır. xx.xx.2023-cü il tarixdə cihaz ona təhvil verilmişdir. O, 2023-cü ilin mart və aprel aylarının pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə onun tanışı olan X4 ünvan 2 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonunun qapısını qıraraq “Alexandrite Pro” lazer epilyasiya cihazını oğurlamışdır. O, X2 oğurluq etməsi ilə bağlı polisə şikayət etmişdir. O, Nəsimi RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Onun şikayəti əsasında qarar ləğv edilmişdir və araşdırma davam etdirilir. O, “Alexandrite Pro” lazer epilyasiya cihazını işlətməklə pul qazanır və borcunu ödəyirdi. X1 “Alexandrite Pro” lazer epilyasiya cihazını ona geri qaytarmayıb, bu səbəbdən işləyib borcunu ödəyə bilmir. “Alexandrite Pro” lazer epilyasiya cihazının alınması üçün ilkin ödədiyi 30.000 manat və 2 ay üçün ödədiyi 2918 manatı onun özünə məxsusdur, bu pulların X3 heç bir aidiyyəti yoxdur. “Alexandrite Pro” lazer epilyasiya cihazı onun özünə məxsusdur. “Alexandrite Pro” lazer epilyasiya cihazı ona qaytarıldıqdan sonra işləyərək cihazın pulunu ödəməyə etiraz etmir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3590/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan “Alexandrite Pro” lazer epilyasiya cihazının özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək üçün məhkəməyə müraciət etmək hüququ vardır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 448.1, 462.1 və 600.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3590/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmadığından həmin maddənin tələbləri pozulmuşdur. Maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən qəbul edilmiş məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. İddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiaz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində ətraflı araşdırma aparılmışdır. Eyni zamanda birinci instansiya məhkəməsində cavabdehin Nəsimi Rayon Polis İdarəsinə cinayət işinin başlanması ilə bağlı müraciəti olduğuna görə məhkəmə iclası bir neçə dəfə təxirə salınmışdır. Müqavilə bağlanan zaman Pərviz adlı şəxs də cavabdehlə bir yerdə olmuşdur. Həmin vaxt müqavilənin kimin adına bağlanacağı və öhdəliyin kimin adına olması barədə qarşı tərəfin fikri öyrənilmişdir. Orada hər iki şəxs bildirmişdir ki, müqavilə cavabdehin adına bağlanacaqdır. Həm müqavilə, həm də hüquqi baxımdan cavabdehi tanıyırlar. Cinayət işinin rədd olunması barədə qərardan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

23. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 24.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur.

27. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

28. 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

29.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 30.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 31.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 32.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. 35.Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını Cavabdeh təhvil verməyi, sonuncu isə ilkin ödəniş olaraq 30.000 manat, qalan 35.000 manatı isə 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə predmeti olan cihaz verilməsi öncədən razılaşdırılmış müvafiq hədiyyələr ilə birlikdə Cavabdeh təhvil verilmişdir. O, ödənilməli olan 35.000 manat məbləğindən cəmi 2.918 manat ödəməklə, üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. 36.Beləliklə cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 37.Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan anlaşıldığı kimi əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdehin tərəf olduğu müqavilənin bəndlərindən, həm də mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.

38. Göründüyü kimi, alıcı tərəfindən müqavilə şərtləri pozulduğu halda qeyd edilən hüquq iddiaçıya aid olur və iddiaçı əşyanın ödənilməsini tələb etməklə həmin hüququn realizəsi üsullarından bu formanı seçməklə hər hansı qanun normasının pozulmasına yol vermir. Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 39.Apellyasiya şikayətində qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə X4 arasında öhdəlik hüquq münasibətlərinin yaranıb-yaranmamasına hüquqi qiymət verilməlidir. Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. 40.Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. 41.İş materiallarından göründüyü kimi, lazımi qaydada icra edilməsi tələb edilən müqavilə iddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Bu hal da işin mübahisələndirilməyən hallarına aiddir və hazırda mübahisəli cihazın istənilən üçüncü şəxsin qanunsuz və ya qanuni sahibliyində olması halı hazırki işin hüquqi həllinə hər hansı təsiri yoxdur. Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə X4 arasında hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçı müqavilə üzrə yaranmış borcun ödənilməsini ondan tələb emək üçün müvafiq əsaslar mövcud deyildir. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 42.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3590/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar