Məhkəmə qərarları › İş №2(103)-1357/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1357/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1357/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri alınması və borc” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2019-cu il tarixli A452 saylı X3 və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair Cavabdeh arasında bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşmanın ləğv olunması və hesablanmış 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) ABŞ dolları məbləğində borc və 8774 (səkki min yeddi yüz yetmiş dörd) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 28598 (iyirmi səkkiz min beş yüz doxsan səkkiz) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin, avtomobilin nasazlığı üçün hesablanmış 13000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı MMC-nə müraciət edərək marka-modelli – Mercedes Benz S63 AMG minik, tip – Sedan, rəngi – Qara metalik, buraxılış ili – 2014, ban nömrəsi – WDD2221781A061778 oln avtomobili lizinqə almaq istədiyini bildirmişdir. Bundan sonra, həmin avtomobil İddiaçı MMC ilə satıcı arasında 18 sentyabr 2018-ci il tarixdə bağlanmış A452 Salı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 200000 (iki yüz min) manata alınmışdır. Alqı-satqıdan sonra avtomobilə 10PP176 qeydiyyat nişanı verilmişdir. Sonradan avtomobilin qeydiyyat nişanı dəyişilərək 99AA344 olmuşdur. İddiaçı MMC ilə X5 arasında bağlanmış 18 sentyabr 2018-ci il tarixli A452 saylı X4 əsasən lizinq öhdəliyi 80000 (səksən min) ABŞ dolları, lizinq mükafatı illik 24 faiz dəərəcəsi ilə olmaqla 24 ay müddətinə lizinqə verilmişdir. 12 dekabr 2018-ci il tarixli Əlavə razılaşmaya əsasən A452 saylı lizinq müqaviləsi üzrə öhdəliklər X1. 12 iyul 2019-cu il tarixli Əlavə razılaşmaya əsasən A452 lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh keçmişdir. Müqavilə şərtlərinə əsasən, lizinq obyekti olan avtomobil razılaşdırılmış məbləğ qrafik üzrə öhdəliklər Cavabdeh keçmişdir. Müqavilə şərtlərinə əsasən, lizinq obyekti olan avtomobil razılaşdırılmış məbləğ qrafik üzrə tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə keçməli idi. Lakin caavabdeh Cavabdeh lizinq müqaviləsinin şərtlərinipozaraq aylıq ödənişlərini qrafiklə müəyyən olunmuş vaxtda və məbləğdə ödəməmişdir. Belə ki, 0057/21 saylı, 18 fevral 2021-ci il tarixli arayışla da müəyyən olunur ki, müqavilə üzrə aylıq ödəniş 3103 ABŞ dolları məbləğində nəzərdə tutulmuş və lizinq predmeti 8 aydan artıq müddət ərzində cavabdehin istifadəsində olmuşdur, lakin cavabdeh həmin müddət ərzində öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və bununla da müqavilə üzrə aylıq ödənişlərdən 19824 ABŞ dolları məbləğində ödənilməmiş (gecikdirilmiş) öhdəliyi və 8774 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Cavabdehin gecikdirilmiş borcu da nəzərə alınmaqla ümumilikdə 72276 ABŞ dolları məbləğində öhdəliyi qalmışdır ki, həmin məbləği tam ödəməklə lizinq obyektinə mülkiyyət hüququnu əldə edə bilərdi. Həmçinin cavabdeh avtomobili yararsız vəziyyətə salmışdır. Avtomobilə baxış zamanı 13000 manata yaxın xərc hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin gecikdirilməsi barədə tam və təfsilatı üzrə məlumat verilməklə borcunun ödənilməsi tələbi, həmçinin hesablanmış borc məbləği ödənilməyəcəyi halda müqavilənin ləğv olunacağı daa bildirilməklə 25.09.2020-ci il tarixli xəbərdarlıq-bildiriş təqdim olunmuşdur. Odur ki, lizinq müqaviləsi ləğv olunmaqla lizinq obyekti olan avtomobil geri alınmaqla hesablanmış borc da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9364,0 (doqquz min üç yüz altmış dörd) ABŞ dolları əsas borc, 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9564 (doqquz min beş yüz altmış dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun qismən, iddianın qismən təmin edilməsi hissəsində ləğv olunmasını və iddianın tam rədd edilməsini xahiş edən Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, 12 iyul 2019-cu il tarixli X2 A452 saylı X4 əlavə razılaşmadan görünür ki, A452 nömrəli X7 üzrə öhdəliklər Cavabdeh ötürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmuş, qrafik üzrə məbləğ vaxtı-vaxtında ödənilmişdir. 2020-ci ilin noyabr-dekabr aylarında, Bakı şəhəri Nərimanov rayonu, X11 küçəsi 13 ünvanında lizinq obyekti olan Mercedes Benz S 63 AMG minik markalı, tip- Sedan, rəngi –qara metalik, buraxılış ili – 2014, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən İddiaçı MMC-nin nümayəndələri olan Turqut və İmran adlı şəxslərə təhvil verilmişdir. Bu faktı təsdiq edən şahidləri də vardır. Lizinq təşkilatı da bu halı mübahisələndirmir, əksinə məhkəmə iclasında da təsdiq etmişdir. Bundan sonra İddiaçı MMC-yə dəvət olunaraq, MMC-də vəzifəli şəxs sayılan Ruslan müəllimin göstərişi ilə sözügedən avtomobildən imtina ərizəsini imzalamışdır. Bununla bağlı bütün sənədləşmə MMC-də saxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 747.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə lizinq obyektinin Cavabdeh istifadəsindən alınmasını nəzərə almamış, lizinq obyekti iddiaçıya verilsə də, ondan lizinq ödənişlərinin tutulmasına dair əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, cavabdeh 2020-ci ilin noyabr-dekabr aylarında lizinq obyektini iddiaçıya qaytarmışdır. Belə olan halda, borcun gecikdirilmiş vaxtı üçün ödəmə tələb edə bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi, lizinq ödənişləri lizinq obyektindən istifadəyə görə verilir. Hazırki iş üzrə Cavabdeh tərəfindən lizinq obyekti 1 ilə yaxın müddətdir ki, İddiaçı MMC-yə təhvil verilməklə, hazırda lizinq obyektindən istifadə olunmur. Belə olan halda, Lizinq verən tərəfindən hər hansı lizinq ödənişlərinin tələb olunması tamamilə əsassız və qanunsuzdur. Belə ki, 12 iyul 2019-cu il tarixdən lizinq obyektinin təhvil verildiyi anadək, yəni lizinq obyektindən istifadə müddətində bütün ödənişlər Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, AR Mülki Məcəlləsinin 747.1; 748-1.9; 748-10.1-cu maddəsinin tələbləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. İddiaçı MMC tərəfindən AR Mülki Məcəlləsinin 423.2ci maddəsinin tələblərinə riayət olunmamış, buna baxmayaraq işə baxan məhkəmə bu hala hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin qoşmasına “xəbərdarlıq-bildiriş məktubunun surəti” qeyd edilsə də, faktiki olaraq həmin xəbərdarlıq məktubu əlavə edilməmişdir. Bununla belə, mütləqdir ki, xəbərdarlıq məktubunda lizinq müqaviləsinin ləğv edilməsinə dair hər hansı məlumat əks olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri pozulmuş, 200 manat məbləğində yüksək dəbbə pulu cavabdehdən əsassız olaraq tutulmuşdur. Beləliklə, lizinq obyekti iddiaçı tərəfindən geri alındığına görə cavabdehdən dəbbə pulu tutulması əsassızdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin qoşmasına “xəbərdarlıqbildiriş məktubunun surəti” qeyd edilsə də, faktiki olaraq həmin xəbərdarlıq məktubu əlavə edilməmişdir. Bununla belə, mütləqdir ki, xəbərdarlıq məktubunda lizinq müqaviləsinin ləğv edilməsinə dair hər hansı məlumat əks olunmalıdır ki, həmin məlumatlar sözügedən “xəbərdarlıq-bildiriş məktubu”nda qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən AR Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2-ci və 149.2.4-cü maddələrinin tələblərinə əməl olunmamış, pretenziya qaydasına riayət edilmədiyi üçün iddia tələbləri baxılmamış saxlanılmalı idi. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş pretenziya qaydasına əməl etməmiş, cavabehə heç bir bildiriş, məlumat vermədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinin birbaşa pozuntusudur. İddiaçı MMC Cavabdeh ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salmamış, riayət eməmiş, buna dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Hakim isə qanunvericiliyin tələblərini araşdırmadan iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən lizinq obyektinin iddiaçıya geri qaytarılması halı aydınlaşdırılmamış, bununla da əsassız olaraq lizinq obyektinin Cavabdeh olmadığı müddət üçün də əsassız borc məbləği və dəbbə pulu hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir və bunun nəticəsi olaraq da cavabdeh avtomobilin yerini deyərək, avtomobil götürülməsini bildirmişdir və tərəflərindən avtomobil götürülmüşdür. Hesablanmış borca dair maliyyə arayışı var və avtomobilin cavabdehdə olduğu müddət üçün borc hesablanmışdır. Bundan başqa cavabdeh, ödənişlərin həyata keçirilməsini qeyd etsə də bu barədə sübutlarını təqdim etməmişdir. Həmçinin müqavilə müddəti bitdiyi üçün pretenziya qaydasına əməl edilməsi vacib olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı qətnamənin iddianın qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişlər. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir və bu səbəblə də hazırkı apellyasiya baxışı mübahisələndirilən hissə ilə məhdudlaşmaqla qətnamə apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılır. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan X5 ilə lizinq verən İddiaçı MMC arasında bağlanmış A452 nömrəli, 18 sentyabr 2018-ci il tarixli X8 müqaviləsinin surətindən görünür ki, X5 lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobili bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 iyul 2019-cu il tarixli X2 A452 saylı X4 Əlavə razılaşmadan görünür ki, A452 nömrəli X7 üzrə öhdəliklər Cavabdeh ötürmüşdür. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 12.07.2019-cu il tarixli, A452 nömrəli X8 Müqaviləsi üzrə aylıq ödənişlərdən 15519 (on beş min beş yüz on doqquz) ABŞ dolları və 8774 (səkkiz min yeddi yüz yetmiş dörd) ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 24293 (iyirmi dörd min iki yüz doxsan üç) ABŞ dolları öhdəlik mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyinə görə yaranmış borcunu 3 gün ərzində ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 27 avqust 2021-ci il tarixli 9/5755 №li ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış öhdəliyin ötürülməsi haqqında 12.07.2019-cu il tarixli A452 saylı X4 edilmiş Əlavə razılaşmanı şərtlərinə əsasən ekspertiza qarşısına qoyulmuş sual üzrə 25.10.2020-ci il tarixinə Cavabdeh iddiaçıya ödənilməli olan əsas borcu (müqavilə müddəti ərzində qrafik üzrə ödənilməli olan məbləğ 46545,0 ABŞ dolları çıxılsın faktiki cəmi ödənilmiş məbləğ 37181,0 ABŞ dolları) 9364,0 ABŞ dolları və eyni zamanda müqavilə şərtlərinə görə hər gecikdirilmiş günə əsasən hesablanmış cərimə məbləği 1498,0 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas lizinq məbləği üzrə 9364,0 ABŞ dolları, cərimə üzrə 1498,0 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 748-10.4-cü maddəsində təsbit edilmişdir ki, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış A452 nömrəli, 18 sentyabr 2018-ci il tarixli X4 əsasən İddiaçı MMC ümumi dəyəri 200000 manat olan «Mercede Benz S63 AMG» minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə verilmişdir. 12 iyul 2019-cu il tarixli «lizinq alan» İddiaçı MMC və Cavabdeh A452 saylı öhdəliyin ötürülməsi haqqında lizinq müqaviləsinə əlavə razılaşma imzalanmış və Cavabdeh 74797.54 (yetmiş dörd min yeddi yüz doxsan yeddi ABŞ dolları əlli dörd sent) ABŞ dolları məbləğində borcu, illik 24 (iyirmi dörd) % olmaqla İddiaçı MMCyə ödəməyi öz öhdəsinə götürmüş və lizinq obyektini təhvil almışdır. Həmin müqaviləyə əsasən lizinq alan isə lizinq predmetini qəbul etməyi və 18.09.2020-ci il tarixədək bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında lizinq haqqını qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək lizinq predmetini cavabdehə təhvil versə də, cavabdehdə lizinq obeyekti olan müddətdə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və lizinq predmetini iddiaçıya geri qaytarmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində lizinq obyektindən istifadə müddətində bütün ödənişlərin həyata keçirildiyini qeyd etsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kmi İddiaçı MMC ilə X5 arasında bağlanmış A452 nömrəli, 18 sentyabr 2018-ci il tarixli X4 əsasən İddiaçı MMC ümumi dəyəri 200000 manat olan «Mercedes Benz S63 AMG» minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə verilmişdir, bundan sonra Cavabdeh 74797.54 (yetmiş dörd min yeddi yüz doxsan yeddi ABŞ dolları əlli dörd sent) ABŞ dolları məbləğində borcu, illik 24 (iyirmi dörd) % olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüş və lizinq obyektini təhvil almışdır və həmin müqavilə 18.09.2020-ci il tarixədək qüvvədə olmuşdur. Lakin birinci instansiya məhkəməsi müqavilə üzrə borcun müəyyən edilməsi barədə ekspertiza təyin edərkən, borcun məbləğinin 15.10.2020-ci il tarixə qədər hesablanması barədə sual qoymuşdur. Halbuki işin qeyd olunan hallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə 18.09.2020-ci il tarixədək qüvvədə olmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, müqavilə üzrə aylıq ödəniş 3103 ABŞ dolları olmuşdur. Belə olan halda 15.10.2020-ci il tarixə hesablanmış 9364 ABŞ dollarından bir aylıq ödəniş 3103 ABŞ dolları çıxılmaqla əsas borcun məbləği 6261 ABŞ dolları müəyyən edilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MMnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki iş üzrə də cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca həyata keçirmədiyindən dəbbə pulunun tələb edilməsi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu işin faktiki halları nəzərə alınmaqla 200 ABŞ dolları məbləğədək azaldılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir (i.v 54-55). Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh tutulmalı olan əsas borcun məbləği hissəsində dəyişdirilməklə, Cavabdeh iddiaçının xeyrinə 6261 ABŞ dolları tutulmalı, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 383, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməli olan əsas borcun məbləği 6261 (altı min iki yüz altımış bir) ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar