Məhkəmə qərarları › İş №2(103)-1359/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1359/2021

18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1359/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4784/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh “xxxx” ASC Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı **********40013 saylı abunə koduna hesablanmış 412 (dörd yüz on iki) manat borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən Xətai rayonu, Neapol küçəsi, 4 saylı evin 13-cü mənzilinə əsassız olaraq hesablanmış 412 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ildən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 4 saylı evin 13 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilin icarədarı olan atası X3 xx xxxxxx 2008-ci ildə ölmüşdür, lakin icarə müqaviləsi onun adına qalmaqdadır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının mənzilinə görə blokda quraşdırılmış elektrik sayğacında yaranmış nasazlığın aradan qaldırılması üçün 2019-cu ilin may ayında sayğaca baxış keçirilmiş, nasaz olan sayğac yenisi ilə əvəz edilmişdir. xx xxxx 2020-ci ildə cavabdehin iddiaçıya göndərdiyi xəbərdarlıqdan sonra ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxx 2020-ci ildə sayğaca baxış keçirilmiş, akt tərtib olunaraq sayğacın sıfır xəttinin ayrılması və kənardan sıfır xəttinin götürülməsi qeyd olunmuş, iddiaçıya 412 manat cərimə hesablanmışdır. İddiaçı bu məsələ ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən bildirilmişdir ki, 2019-cu ilin iyun ayında mənzilə sərfiyyat verilməmiş, iddiaçının iştirakı ilə sayğaca baxış keçirilən zaman sxemin səhv olduğu, sayğacın implusunun döyünmədiyi aşkar edilmişdir. Həmin vaxt iddiaçının iştirakı ilə elektrik sayğacına baxış keçirilməmişdir, iddiaçının belə aktın olmasından xəbəri olmamışdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Abdullayev Fərid Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 027102 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 saylı hərbi şəhərcik, ev 14, 2 saylı mənzil X2 xüsusi mülkiyyəti kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə 63 saylı reyestr kitabının 9535 nömrəli səhifəsində xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan görünür ki, X2 mülkiyyətində olan Bakıl şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 saylı həbri şəhərcik, ev 0014, mənzil 0002 ünvanında iddiaçı tərəfində mütamadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmişdir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 4 saylı evin 13 saylı mənzilin qanuni sahibi X3 olmuş, və o, xx xxxxxx 2008-ci ildə vəfat etmişdir. İddiaçı hazırda həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 181538 saylı aktın surətindən görünür ki, iddiaçının sahibliyində olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Həmin aktda həmçinin göstərilmişdir ki, yoxlama zamanı sayğacın sıfır xəttinin ayrıldığı, sayğacın dövlət möhürünün pozulduğu, üst qapaqda xüsusi dəlik açıldığı müəyyən olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 412 manat pul tələb edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, abonentin elektrik enerjisindən istifadə ilə bağlı 412 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli 18 №-li Qərarın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 7.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Həmin Qərarın 10.17-ci maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Kollegiya hesab edir ki, elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan bununla da iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-cu il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar