Məhkəmə qərarları › İş №2(103)-1359/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1359/2025

16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1359/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* nömrəli akta əsasən ona hesablanmış hesablanmış 777,60 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1510/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə” dair iddia ərizəsi üzrə 2(061)- 1510/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Tərtər Rayon Məhkəməsi hesab etmişdir ki, məhkəmə hazırlıq iclasında araşdırılan iddia ərizəsindən, iddiaçının nümayəndəsi X1 verdiyi məlumatdan və məhkəməyə təqdim etdiyi yaşayış yeri barədə arayışdan iddiaçının 2002-ci ildən Şəmkir rayonu, Kür qəsəbəsi, R.Əliyev küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Göründüyü kimi iddia ərizəsi nə cavabdehin olduğu yer üzrə, nə də ki, istehlakçının yaşayış yeri üzrə verilməmişdir. Həmçinin tərəflər arasında qazdan istifadəyə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilə bağlanmadığından iddia ərizəsinin müqavilənin bağlandığı və ya icra olunduğu yer kimi qəbulu mümkün deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qazdan istifadəyə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilə bağlanmadığından iddia ərizəsinin müqavilənin bağlandığı və ya icra olunduğu yer kimi qəbulunun mümkün olmaması” barədə mövqeyi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan aktdan da göründüyü kimi istehlakçıya hesablanmış borc məbləği sayğaca müdaxilə edilməsi əsası ilə tərtib edilmişdir ki, bu da tərəflər (Cavabdeh İB və X3) arasında müqavilə münasibətləri olduğunu, müqavilənin icra yerinin, yəni qazın paylandığı (satıldığı) yerin də Tərtər rayonu olduğu barədə qənaətə gəlməyə əsas verir. Bu səbəbdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10181/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı iddia tələbini düzgün olaraq Tərtər rayon Məhkəməsinə vermişdir. Lakin məhkəmə tərəfindən mülki işin aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməkdə haqlı olmamışdır. Hazırki iddia ərizəsindən də müəyyən edildiyi kimi, iddia tələbinin predmeti “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 noyabr 2023-cü il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 777,60 manat məbləğində borcun abonent hesabından silinməsi barədədir. Göründüyü kimi istehlakçıya hesablanmış borc məbləği sayğaca müdaxilə edilməsi əsası ilə tərtib edilmişdir ki, bu da tərəflər (Cavabdeh İB və X3) arasında müqavilə münasibətləri olduğunu, müqavilənin icra yerinin, yəni qazın paylandığı (satıldığı) yerin də Tərtər rayonu olduğu barədə qənaətə gəlməyə əsas verir. Başqa sözlə iddiaçı özü hazırda Tərtər rayonunda yaşamasa da, borc məbləğinin hesablanmasına əsas verən sayğacın Tərtər rayonun Alıçarlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırıldığı aşikardır. Belə olan halda iş materiallarına müqavilə əlavə edilməsə də, həmin evə qazın verilməsi ilə bağlı sayğacın quraşdırılması artıq cavabdeh qurumla iddiaçı (abonent) arasında müqavilə bağlanması kimi qəbul edilməli, bu hal isə tərəflər arasında qazın verilməsi və istifadə edilməsi ilə bağlı müqavilə hüquqlarından irəli gələn münasibətlərin yarandığını göstərir. Bu baxımdan da kollegiya hesab edir ki, hazırki iddia məhz 36.9-cu maddələnin təsiri altına düşməklə Tərtər rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” iddia tələbi üzrə mülki işə Tərtər Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar