Məhkəmə qərarları › İş №2(103)-1363/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1363/2020

27.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1363/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı və onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxx» MTK-nə qarşı borcun əsassız hesab edilməsi, maliyyə arayışının qaytarılması və istifadə hüququnun tanınması tələbinə dair, «xxxxxxxxxx» MTK-nın cavabdeh İddiaçı qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxx» MTK-nə qarşı borcun əsasız hesab edilməsi, maliyyə arayışının qaytarılması və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli müqavilədən əmələ gələn borcun əsassız hesab edilməsi, onun 230.000 manat ödəniş etməsini təsdiq edən maliyyə arayışının ona qaytarılması və Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758- 759-cu məhəllə, 111 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək, cavabdeh «xxxxxxxxxx» MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, onun mülkiyyətini təsdiq edən sənədin, yəni çıxarışın alınması üçün lazım olan sənədlərin (protokoldan çıxarış, mənzilin sxemi, Forma 2, və s.) müvafiq Dövlət Orqanına verilməsi vəzifəsinin qoyulması, həmçinin onunla «xxxxxxxxxx» MTK arasında bağlanan 2-ci müqavilənin, hansıki orada mənzilin sahəsi 255. kv.m göstərilmişdir, o, müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini həcmini artıraraq «xxxxxxxxxx» MTK-nə ödənilmiş 25.240 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: xx.xx.2013-cü il tarixdə «xxxxxxxxxx» MTK ilə 111 saylı mənzili almaq üçün müqavilə bağlamışdır. Mənzilin yaşayış sahəsi 134,92 kv.m, ümumi dəyəri isə 230.000 manat təşkil etmişdir. O, müqavilə bağlanan gün 100.000 manat məbləğində ilk ödəniş etmiş və hər ay 32.500 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 4 ay müddətində hər ay 32.500 manat məbləğində pulu sözü gedən MTK-ya köçürmüşdür. Son ödəniş tarixi xx.xx.2014-cü il tarix razılaşmışlar. Bundan sonra onun «xxxxxxxxxx» MTKnə heç bir borcu qalmamışdır. Bu barədə ona maliyyə arayışı da verilmişdir. xx.xx.2018-ci il tarixdə mənzilə çıxarış alması ilə əlaqədar lazım olan bəzi sənədləri tələb etmək üçün «xxxxxxxxxx» MTK-nə getmiş və orada ona təqdim olunmuş maliyyə arayışını ondan guya yoxlamaq üçün almışlar. Sonradan yeni bir müqavilə tərtib edərək, mahiyyətini ona izah etmədən imza etdirmişlər. O, latın qrafikası ilə oxuya bilmədiyinə görə həmin müqaviləyə imza etmişdir. X9 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün protokoldan çıxarış lazım idi. Ona bildirmişlər ki, «bu müqaviləni imzala, sonra sənə sənədlər təqdim olunacaq». Sonradan o, maliyyə arayışını tələb etdikdə isə ona bildirmişlər ki, «Sizin «xxxxxxxxxx» MTK-nə 25.270 manat borcunuz qalıb və 3 ay vaxt ərzində ödəməlisiniz, əks halda mənzil başqa şəxsə satılacaqdır». O, etiraz etdikdə, bildirmişlər ki, «Siz artıq imza etmisiniz və həmin məbləği ödəməlisiniz». Göründüyü kimi, cavabdeh (cavabdehin məsul şəxsləri) onu aldadaraq istədikləri sənədə imza etdirməklə onu və ailəsini acınacaqlı vəziyyətə salmışdır. Daha sonra maddi vəziyyəti ilə əlaqədar həmin mənzili satmalı olmuşdur. Cavabdehdən evin əsl sahəsinə uyğun, yəni 229.73 kv metrdən ibarət olmaqla yeni müqavilə verilməsini və ondan pul tələb etməmələrini xahiş etmişdir. Lakin buna baxmayaraq MTK ona “25240 manat ödənilməsə sənin mənzilinin sənədləşəməsi aparılmayacaq və evin satışını edə bilməyəcəksən” deyə bildirdilər. Məcburən xx.xx.2019-cu il tarixdə olmayan 25 kv. metr sahəyə görə hesablanmış həmin 25240 manatı MTK-ya ödəyərək borcun olmaması barədə arayış alıb, mənzili başqa şəxsə satmışdır. Göründüyü kimi məcburiyyət qarşısında MTK-ya bu məbləği ödəmişdir. Lakin iş üzrə ekspertiza keçirilmiş və məlum olmuşdur ki, mənzilin sahəsi heç 230 kv. metr də deyil. «xxxxxxxxxx» MTK İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, A.Bakıxanov küçəsi, 758- 759-cu məhəllədə inşa edilmiş binanın 2-ci girişi, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 255 kv.m olan 111 saylı, 5 otaqlı mənzilin qalmış 25,27 kv.m sahəsi üçün ödənilməyən 25.270 manat borcun cavabdeh İddiaçı «xxxxxxxxxx» MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır: İddiaçı 255 kv.m tikinti sahəsi olan mənzilin 229,73 kv.m-nin dəyərini, yəni 230.000 manat ödəmiş, qalan sahənin dəyərini ödəməmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı sözügedən mənzilə dair çıxarış almaq üçün lazım olan sənədləri tələb etmək üçün «xxxxxxxxxx» MTK-nın fəaliyyət göstərdiyi ünvana gəlmişdir. Həmin vaxtı ona bildirilmişdir ki, mənzilin faktiki sahəsi 255 kv.m-dir, bunun isə 229,73 kv.m dəyəri ödənilmişdir. İddiaçı isə öz növbəsində bildirmişdir ki, mənzilin qalmış dəyəri 25.270 manatı çıxarış aldıqdan sonra bankdan kredit götürüb ödəyəcəkdir. Buna görə də, onunla ödənilməmiş məbləğə dair də tərəflər arasında müqaviləyə dəyişiklik edilmişdir. Mənzilin qalmış dəyərini tam ödəməyən payçı İddiaçı 25.270 manatının ödənilməsinə və mənzilin dəyərindən 2% məbləğində cərimə tutulmasına dair qətnamə çıxarılması zəruridir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, 25.270 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: xx.xx.2013-cü il tarixli 111 №-li müqaviləyə və maliyyə arayışına əsasən «xxxxxxxxxx» MTK bildirmişdir ki, 234,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzilin pay dəyəri payçı X5 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materialları içərisinə həmin müqavilə və maaliyə arayışı daxil edilmişdir, lakin məhkəmə bunları nəzərə almamışdır. Yeni müqvilə imzalandıqdan sonra onlar «xxxxxxxxxx» MTK-ya 25.270 Azn borcu yarandığını bildirdilər. Həmin məbləğ ona aid deyil. Köhnə müqavilə üzrə heç bir borcu yoxdur. Həqiqətən öhdəliklərinin hamısını yerinə yetirmişdir. Evi Səriyyə xanım adlı alıcıya satmış, alıcı da yalnız mülkiyyət sənədinin olacağı təqdirdə alqı-satqı edəcəyini bildirmişdir. Buna görə də saxta şəkildə tərtib edilmiş müqavilədə göstərilən məbləği ödəməyə məcbur olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, evi alıcıya satanda sənədlərdə mənzilin sahəsi 230 kv.m. yazılmışdır. Evdəki mebellər bahalı olduğu üçün satış qiyməti yüksək olmuşdur. Mənzili 500.000 manata satmışdır. 25.270 manatı əsassız olaraq cavabdeh ondan almışdır. Çünki mənzilin sahəsinin 255 kv.m. olmadığı təsdiq olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X6 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, iddiaçıya borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Sonradan təmsil etdiyi şəxs tərəfindən aparılmış ödəniş məcburən həyata keçirilmişdir. Çünki idiaçıya pul lazım olmuş və ona görə mənzilin satmaq istəmişdir. Cavabdeh təşkilat bundan istifadə edərək mənzilin sahəsinin artıq olması adı ilə iddiaçıdan 25.270 manat pulu əsassız olaraq alaraq mənimsəmişdir. Düzdür iddia tələbi 25.240 manat yazılsa da, əslində həmin məbləğ 25.270 manat olmuşdur. İddiaçıya elə ilkin olaraq mənzilin sahəsi düz hesablanmamışdır. 1-ci instansiya məhkəməsi onların iddiasına yarımçıq baxmışdır. Onların iddiası saxta müqavilənin etibarsız hesab olunması və pulun geri qaytarılması barədə idi. Çünki pul tələbi barədə iddianı onlar tələbin artırılması kimi irəli sürmüşdülər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: xx.xx.2013-cü il tarixli, 111 nömrəli müqaviləyə əsasən, «xxxxxxxxxx» MTK Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə ünvanında yaşayış binasını payçıların vəsaiti hesabına inşa etməyi, həmin binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 229,73 kv.m, yaşayış sahəsi 135,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzili inşa edərək payçı İddiaçı təhvil verməyi, İddiaçı «payçı» isə mənzilin dəyəri 230.000 manatı «xxxxxxxxxx» MTK-nə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Daha sonra 2018-ci ildə İddiaçı sözügedən mənzilə dair çıxarış almaq üçün lazım olan sənədlərin verilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh mənzilin həqiqi sahəsinin 255 kv.m. olması və iddiaçı tərəfindən yalnız 229,73 kv.m. sahənin ödənildiyini əsas götürərək əlavə pul tələb etməyə başlamışdır. 2018-ci ildə cavabdeh 2013-cü ildə bağlanmış müqaviləyə uyğun bir müqavilə tərtib etmiş, mənzilin sahəsinin 255 kv.m göstərməklə iddiaçının qalıq borcunun 25.270 manat təşkil etdiyi göstərilmişdir. Müqavilə 2018-ci ildə bağlansa da, tarixi 2013-cü ildə bağlandığı qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı sonuncu müqavilənin etibarsızlığını, mənzilin rəsmi qeydiyyata alınması üçün zəruri olan sənədlərin verilməsi vəzifəsinin «xxxxxxxxxx» MTK-nın üzərinə qoyulmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh «xxxxxxxxxx» MTK qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 25.270 manatın ödənilməsini iddiaçıdan tələb etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı X4 ilə həmin mənzilin alqı-satqısına dair razılaşmış, xx.xx.2019-cu il tarixli ərizəsi ilə MTK-ya müraciət edərək, həmin mənzilin pay hüquqlarının X1 adına rəsmləşdirilməsini xahiş etmişdir. Mənzilə pay hüququnun X2 verilməsindən əvvəl iddiaçı 255 kv.m. sahəyə görə tələb olunan əlavə 25.270 manatı ödəmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə ünvanında yaşayış binasının payçıların vəsaiti hesabına inşa etməyi, həmin binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 255 kv.m olan 111 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Daha sonra «xxxxxxxxxx» MTK ilə X4 arasında xx.xx.2019-cu il tarixli, 111 nömrəli müqavilə imzalanmış, həmin müqavilədən görünür ki, «xxxxxxxxxx» MTK Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə ünvanında yaşayış binasını payçıların vəsaiti hesabına inşa etməyi, həmin binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 255 kv.m, yaşayış sahəsi 134,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzili inşa edərək payçı X2 təhvil verməyi, X4 isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. X4 mübahisəli mənzilin faktiki sahibi olmaqla hazırda həmin mənzil onun istifadəsindədir. Mübahisə ilə bağlı dəyərləndirmə: İşə baxan məhkəmə iddiaçının ümumi sahəsi 255 kv.m sahəsi olan mənzili həmin ölçüdə də özgəninkiləşdirməsi faktının (satması faktının) mövcudluğunu onun tələbinin tam əsassız olmasını təsdiq edən hallardan biri kimi qiymətləndirmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özü şüurlu surətdə, bilərəkdən məhkəmə mübahisəsi davam edən dövrdə cavabdehin ona müqavilə öhdəlikləri üzrə tələbinin haqlı olmasını qəbul edərək borclu qaldığı məbləği könüllü surətdə ödəməsini həyata keçirmiş, özü və həyat yoldaşı sözügedən mənzili və pay hüquqlarının X1 adına rəsmləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə İddiaçı ilə cavabdeh «xxxxxxxxxx» MTK arasında bağlanmış sonuncu müqavilənin etibarsız olmasını və cavabdeh «xxxxxxxxxx» MTK-nın əsassız varlanmış olduğunu nəzərə almamışdır. Müəyyən olunur ki, İddiaçı ilə cavabdeh «xxxxxxxxxx» MTK arasında mübahisəli mənzilə dair bağlanmış birinci müqaviləyə əsasən iddiaçı ümumi sahəsi 229.73 kv.m sahəsi olan mənzilin dəyərini tam ödəmişdir. Daha sonra iddiaçı həmin mənzilə dair çıxarış alınması ilə bağlı zəruri olan sənədlərin verilməsi üçün MTK-ya müraciət etmişdir. Bundan sonra mübahisəli mənzilə dair cavabdehin təkidi ilə yeni müqavilə bağlanmış və mənzilin ümumi sahəsi 255 kv.m. göstərilmişdir. İddiaçının əvvəlki müqavilə üzrə mübahisəli mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, mənzilin ümumi sahəsinin ölçüləri dəyişdirilmiş və əlavə pul tələb edilmişdir. Lakin sonuncu müqavilə üzrə dəyişikliklərin hansı əsasla edilməsi müəyyən deyil. İddiaçı bildirir ki, həmin müqavilə onun iradəsi olmadan aldatma nəticəsində imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq müqavilə aldatma yolu ilə bağlanmışdır və etibarsız hesab olunmalıdır. Belə ki, əvvəla, müqavilənin şərtlərinin sonradan hansı əsasla dəyişdirilməsi məlum deyil. Müqavilə dəyişdirilənə qədər ilkin müqavilə üzrə iddiaçı ödənişləri tam olaraq etmiş, həmin müqavilə əsasında mənzilə sahiblik etməyə başlamışdır. Altı ildən sonra iddiaçının daha artıq məbləğ ödəyərək, müqavilənin dəyişdirilməsi şərti ilə razılaşması ağlabatan deyil. İddiaçı bildirir ki, o yalnız çıxarış almaq üçün müəyyən sənədlərə imza atmışdır. Cavabdeh özü elə qarşılıqlı iddia ərizəsində etiraf etmişdir ki, iddiaçı mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədləri almaq üçün 2018-ci ildə kooperativə gəlmiş və ona mənzilin sahəsinin artıq olması bildirilərək müqavilə bağlanmışdır. 2013-cü ildə dəyəri tam olaraq ödənilmiş mənzilə görə mənzilin sahibinin 6 il sonra könüllü pul ödəməyə razılığını bildirməsi nə məntiqə, nə ağlabatan mühakiməyə sığır. Açıq-aşkar görünür ki, iddiaçıya maddi vəziyyəti ilə bağlı pul lazım olmuş, mənzili təcili olaraq satmaq qərarına gəlmiş və cavabdeh təşkilat iddiaçının bu vəziyyətindən istifadə edərək mənzilin sahəsinin faktiki artıq olmasını israr edərək onunla müqavilə bağlanmasına nail olmuş və mənzilin satılmasına o şərtlə imkan vermişdir ki, tələb olunan pulu iddiaçıdan alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2. maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşə birinci instansiyada baxılan zaman mənzilin həqiqi sahəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunmuş, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə ünvanında «xxxxxxxxxx» MTK tərəfindən inşa edilən yaşayış binasının 2-ci girişinin, 13-cü mərtəbəsində yerləşən 111 saylı mənzilin ümumi sahəsi 222,12 kv.m təşkil edir. İşə baxan məhkəmə qeyd etmişdir ki, həmin ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin buna baxmayaraq məhkəmə mənzilin hazırkı faktiki sahibinin müqavilənin etibarlılığını mübahisələndirmədiyi üçün rəyin hazırkı iş üzrə sübut növü kimi qiymətləndirilməsinə hüquqi zərurət görməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qətnamə işin həqiqi hallarına uyğun olmalıdır. Həmin rəy isə mənzilin sahəsinin 255 kv.m. olmadığını, həqiqi sahəsinin 222,12 kv.m təşkil etdiyini təsdiq edir. Lakin iddiaçı faktiki mövcud olmaya sahəyə görə əlavə məbləğ ödəmişdir. Mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olması da bir daha təsdiq edir ki, müqavilə aldatma yolu ilə bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2013-cü il tarixli müqavilə həmçinin saxtalaşdırılaraq, arxa tarixə tərtib olunmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdikləri elə özlüyündə müqavilənin arxa tarixə tərtib olunduğunu göstərir. Belə ki, cavabdeh müqavilənin xx.xx.2013-cü il tarixdə bağlandığını bildirir. Eyni zamanda bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə müraciət etmiş, həmin vaxt iddiaçıya mənzilin faktiki sahəsinin 255 kv.m olması bildirilmiş və əlavə pul tələb olunmuşdur. Buna görə də dəyişiklik olunaraq müqavilə imzalanmışdır. Lakin həmin müqavilədən görünür ki, müqavilə xx.xx.2013-cü il tarixlidir. Həmçinin müqavilədə xx.xx.2018-ci il tarixdə qalıq borcun hesablandığı qeyd olunub. xx.xx.2013-cü il tarixdə tərtib olunmuş müqavilədə qalıq borcun xx.xx.2018-ci il tarixdə hesablanmasının qeyd olunması birbaşa göstərir ki, müqavilənin bağlanması arxa tarixə rəsmiləşdirilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələbə qiymət verməmişdir. İddiaçı onunla «xxxxxxxxxx» MTK arasında bağlanan 2-ci müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, sonradan iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, 25.240 manat pul vəsaitinin cavabdehdən alınmasını da xahiş etmişdir. Lakin məhkəmə səhvən iddia tələbinə dəqiqləşdirmə kimi qiymət vermiş, tələbin artırılmasını nəzərə almamışdır. İddiaçı həmçinin sonradan ödənilmiş 25.270 manat pulu tələb edir. Həmin məbləği iddiaçı 25.27 kv.m. (255-229.73) artıq ödədiyi sahəyə görə tələb edir. Baxmayaraq ki, ekspert rəyi ilə mənzilin həqiqi sahəsinin ona birinci müqavilə üzrə satılmış sahədən də az olduğu müəyyən olunur. Əslində birinci müqaviləyə dəyişiklik edilməsi, sonuncu müqavilədə mənzilin sahəsinin artıq göstərilməsi və həmin sahəyə görə də əlavə məbləğin ödənilməsi yalnız cavabdehin iradəsi ilə olmuşdur. Belə ki, iddiaçı həmin mənzilə payının özgəninkiləşdirilməsini istəmiş, bununla əlaqədar çıxarış almaq üçün zəruri sənədlərin verilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə mənzilin sahəsini artıq göstərməklə əlavə məbləğin ödənilməsini tələb etmişdir. Məhkəmə gedişatı zamanı isə mənzilə alıcı tapılmış, iddiaçı evin satılmasına manelərin aradan qaldırılması üçün məcbur olaraq həmin pulu ödəmişdir. Elə işin qeyd olunan faktiki halları cavabdehin əsassız varlanmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2. maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1. maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin faktiki sahəsi 222,12 kv.m olan mənzilin sahəsinin 255 kv.m. göstərməsi, olmayan sahəyə görə əlavə pul alması əsassızdır və cavabdeh həmin məbləği geri qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən fərqli olaraq, iddiaçının ümumi sahəsi 255 kv.m olan mənzilə pay hüququnun X1 adına rəsmləşdirilməsinə dair notarial qaydada ərizəsini iddiaçının cavabdehin müqavilə öhdəlikləri üzrə tələbinin haqlı olmasını qəbul etməsi kimi qiymətləndirmir. Belə ki, həmin ərizədə mənzilin sahəsinin 255 kv.m. olması ona görə yazılmışdır ki, cavabdeh məhz sonuncu müqavilə (255kv.m. yazılan) üzrə onun mənzilinin sahəsinin həmin ölçüdə olmasını israr etmişdir. İddiaçı ekspert rəyindən sonra bilmişdir ki, mənzilin sahəsi ona satılan ölçüdən (229 kv.m) də azdır. Belə olan halda razılaşmada fərqli sahənin yazılması mümkün deyildi. İddiaçı özgəninkiləşdirmədə maraqlı olduğu üçün qarşı tərəfə inanaraq mənzilin sahəsinin 255 kv.m. olmasına inanmış və payın satılması zamanı ərizə həmin sahəni göstərmişdir. Mənzilin faktiki sahəsi artıq olmadığı təqdirdə iddiaçıdan artıq pul alınması özlüyündə cavabdehin əsassız varlanması deməkdir. İddiaçının mənzili satarkən ərizənin hansı qaydada yazması həmin iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddiaçının tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirməklə səhv nəticəyə gəlmişdir. İddiaçı əsaslı olaraq pozulmuş hüquqlarının müdafiəsini tələb edir. Çünki əsassız olaraq pul ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əməlləri hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Belə ki, iddiaçı həmin mənzilə payının özgəninkiləşdirilməsini istəmiş, cavabdeh isə bunun qarşılığında mövcud olmayan sahəyə görə əsassız pul vəsaiti tələb edərək almışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sonuncu müqavilənin etibarsız hesab olunması cavabdeh «xxxxxxxxxx» MTK ilə X4 arasında bağlanmış müqavilənin etibarlılığına heç bir təsir etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ikinci müqavilə etibarsız olsa da, iddiaçının birinci müqavilə üzrə mübahisəli mənzilə pay hüququ olmuşdur, daha sonra MTK-ya ərizə yazaraq, pay hüququnun X1 adına özgəninkiləşdirilməsini xahiş etmişdir. Həmin ərizədə mənzilin sahəsinin 255 kv.m. olması isə heç bir əhəmiyyət kəsb etmir. İddiaçı mənzilə payını satarkən onun sahəsini artıq göstərməsi X4 ilə İddiaçı arasında yaranan mübahisənin predmeti ola bilər. Çünki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mənzilin alqı-satqısı ilə bağlı münasibətlər həmin şəxslər arasında baş tutmuş, yəni mənzili kooperativ satmamış, formal rəsmiləşdirməni həyata keçirmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı ərizəsində 25.240 manat tələb etdiyindən məhkəmə kollegiyası MPM-nin 218.3 maddəsinə əsasən tutulmalı olan məbləği həmin həcmdə müəyyən edir. İlk iddianın əsaslı olması barədə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavadehin pul tələbi barədə qarşılıqlı iddiası əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, işə baxan məhkəmə mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə ünvanında inşa edilmiş binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 255 kv.m, yaşayış sahəsi 134,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzilə dair «xxxxxxxxxx» MTK ilə İddiaçı arasında imzalanmış xx.xx.2013-cü il (saxta tarixli) tarixli, 111 nömrəli müqavilə (arxa tarixə sonradan bağlanılmış) etibarsız hesab edilsin. 25.240 (iyirmi beş min iki yüz qırx) manat məbləğində pul cavabdeh «xxxxxxxxxx» MTK-dan tutularaq iddiaçıya ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar