Məhkəmə qərarları › İş №2(103)-13643/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13643/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13643/2019 16.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Cavabdeh Ləğv Prosesində olan Cavabdeh3 X2 nümayəndəsi Nümayəndə2 Fəxrəddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2nə və Ləğv Prosesində olan Cavabdeh3 X1rşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2nə və Ləğv Prosesində olan Cavabdeh3 X1rşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 4, mənzil 18-in 22312 manata xxxxxxxxx ASCnin etibarnamə əsasında nümayəndəsi X4 əldə edilməsinə dair xx.xx.2017-ci il tarixdə, Bakı şəhəri Nərimanov Rayonu İ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllədə auksion mərkəzində keçirilən hərracın nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: 2-ci qrup Qarabağ müharibəsi əlilidir. 1992-ci ildə Döyüş zamanı aldığı xəsarətlər nəticəsində gözünün birinin görməsi tamamilə itirilmiş, kəllə beyin xəsarətləri nəticəsində kəskin psixi durumunda yaranan xəstəliklər müdafiə nazirliyinin, eləcə də Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin təsdiqlədiyi arayışdan da göründüyü kimi "şəxsiyyətin emosianal davamsız pozuntusu" xəstəliyindən əziyyət çəkir. Son 26 illik həyatı yalnız müalicə müəssisələrində keçir. Müharibə yaralarından da ağır yaranı ona Ləğv edilmiş "xxxxxxxxx" ASC və Sabirabad rayon İcra şöbəsi vurmuşdur. Belə ki, ona məxsus olan Sabirabad şəhəri İ.İsgəndərov küçəsi ev 4, mənzil 18, onun xəbəri olmadan xx.xx.2017-ci il tarixdə hərrac yolu ilə satılmışdır. 22312 manata "xxxxxxxxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X5 əldə etmişdir. Evinin satılmasını 30.04. 2019-cu il tarixli məktubla Daşınar və Daşınmaz Əmlakın satışı mərkəzi rəsmi olaraq bildirmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi xx.xx.2019-cu il tarixdə rəsmi olaraq ona təqdim edilmiş, Sabirabad İcra və probasiya şöbəsi qiymətləndirici dəvət olunması barədə qərarı xx.xx.2019-cu il tarixdə rəsmi olaraq ona çatdırmışdır. Xəstəliyi ilə əlaqədar 5 ildən artıqdır ki, evində yaşaya bilmir. Xəstəxanalarda və kliniki tibb mərkəzlərində mütəmadi müalicə kursları alır. İkinci qrup əlil və görmə qabiliyyətini böyük həcmdə itirdiyi üçün həyat yoldaşı Nümayəndə1 daima yanında olduğundan o, hərracda iştirak edə bilməmişdir. 16000 manat kredit götürərək 15000 manatdan çox pul ödəmişdir. Hərracdan sonra da ödəmələr olmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi ilə icra hərəkətləri həyata keçirilmiş və mənzili xəbəri olmadan satılmışdır. Qiymətləndirilməsi həyata keçirilərkən evə baxan olmamışdır. Evə dair hərraclar keçirilərkən hərracın keçirilməsi qaydalarına riayət olunmamış və hərrac-düzgün keçirilməmişdir. xx xxxxx 2016-cı il tarixdən Qazax rayonu Kosalar kəndində X7 ilə faktiki nikah münasibətlərində yaşayır. Kənd icra nümayəndəliyinin verdiyi arayış da bunu təsdiq edir. Nümayəndə1 ilə nikah münasibətlərinə övladlarına görə xitam verməmişdir. Onunla 3 ildən artıq bir vaxtdır ki, yaşamır. Yalnız evin hərrac yolu ilə satıldığını öyrəndikdən sonra, yəni aprel-may aylarında görüşmüşdür. Ona heç bir bildiriş təqdim edilməmiş, bütün proseslər mülkiyyətçi olaraq hüquqlarının pozulması ilə iştirakı olmadan keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ləğv Prosesində olan Cavabdeh3 X2 nümayəndəsi Nümayəndə2 Fəxrəddin oğlu apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilmiş, bu barədə qəzetdə elanlar verilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Hərrac Təşkilatının № 42/01 nömrəli, xx xxxx 2017-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzil Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Sabirabad Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubunun və “xxxxxxxxx” ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 35 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 29 750 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 22312,50 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xxxxxxxxxx ASC əmlakı qəbul edərək balansına götürmüşdür. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Tərəflər arasında hərracın nəticələrinin ləğvinə dair mübahisə mövcuddur. Əslində iddiaçı hərracın nəticələrinin etibarsızlığını tələb edir. Ona görə məhkəmə kollegiyası iddiada hərracın nəticələrinin ləğv olunması və yaxud etibarsız hesab olunması sözlərini qanunun göstərişləri baxımından nəzərə alır (Mülki Məcəlləsinin 416.1. maddəsi). Kredit müqaviləsinin bağlanması, məhkəmə qətnaməsi ilə borcun əmlaka yönəldilməsi, əmlakın hərraca çıxarılaraq satılması və ikinci hərracdan sonra əmlakın banka təklif olunması və sonuncunun mülkiyyətinə keçməsi işin mübahisəsiz hallarıdır. İddiaçının mübahisələndirdiyi hallar ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona lazımi qaydada məlumat verilməmiş, hərrac keçirilmə qaydaları pozulmaqla əmlak bankın mülkiyyətinə keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1. maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2. maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilməsi ilə bağlı: Məhkəmə kollegiyası hesab edir ki, hərrac barədə iddiaçıya lazımi qaydada məlumat verilməməsi barədə dəlil əsaslıdır. Belə ki, iş üzrə iki dəfə hərrac keçirilməsi göstərilmişdir-xx xxx 2017-ci il və xx xxxx 2017-ci il tarixlərdə. Məhkəmənin sorğusu əsasında hərracın keçirilməsinə dair sənədlər tələb olunaraq götürülmüşdür. Həmin sənədlər işin 51-62-ci səhifələrinə tikilmişdir. Sənədlərdən görünür ki, 1-ci hərrac barədə, yəni xx.xx.2017-ci il tarixdə keçiriləcək hərrac barədə bildiriş ümumiyyətlə həmin sənədlərdə mövcud deyil. Qovluqda olan sənədlərdə iki bildiriş var və hər iki bildiriş 2-ci hərrac barədədir. Həmin bildirişlərdə hərracın xx xxxx 2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur. Bildirişlərin çatdırılması barədə poçt sənədlərindən görünür ki, (55-56-cı səhifələrdə) hər iki kuryer çatdırma qəbzi xx.xx.2017ci il tarixdə göndərilmiş və xx.xx.2017-ci il tarixdə ünvanda “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Deməli bu göndəriş sənədləri də ikinci hərracla bağlıdır. Hansı səbəbdən 2-ci hərracla bağlı iki sənəd hazırlanması və göndərilməsi məlum deyil. Bildirişlərin eyni gündə, yəni xx.xx.2017-ci il tarixdə çatdırılması qeyd olunsa da, hər iki mədaxil qəbzində qeydlər fərqlidir. Deməli həmin sənədlər həqiqəti əks etdirmir. Çünki eyni gündə, eyni ünvana iki çatdırma xidməti tərəfindən bildirişin aparılmasına zərurət yox idi. Eyni gündə, eyni ünvana, eyni məzmunlu bildiriş göndərilmiş və hər iki bildiriş eyni qeydlə-bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Belə qənaət hasil olur ki, bir gündə iki kuryer iki bildirişi həmin ünvana çatdırmışdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Cavabdeh2 nümayəndələri hazırkı işə baxılmasında iştirak etməmişlər. Həmin işə baxılmasında cavabdeh Ləğv Prosesində olan Cavabdeh3 X2 nümayəndəsi iştirak etmişdir. Birinci hərrac barədə bildiriş və onun çadırılması barədə sənədin sonradan işə kimin əlavə etməsi aydın deyil. Çünki bu barədə məhkəmə iclas protokolunda heç bir qeyd yoxdur. Hərrac təşkilatında aşkar edilməyən bildirişi güman olunur ki, bankın nümayəndəsi işə baxılmasının sonunda məhkəməyə təqdim etmişdir (işin 97-98-ci vərəqələri). Sonradan məhkəməyə təqdim edilmiş xx xxx 2017-ci il tarixdə birinci hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişin çatdırılmasına dair qəbz iddiaçı tərəfindən imzalanmamışdır. Həmin qəbzdə alıcı “anası Anaxanım” yazılmışdır. Qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Məhkəmə kollegiyası iddiaya etiraza dair təqdim edilən sübutları mötəbər hesab etmir. Qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Beləki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Çünki borcun məbləğindən dəyərli olan mənzilinin hərraca çıxarılmış dəyərindən xeyli aşağı qiymətə bankın mülkiyyətinə keçməkdənsə onu öz təşəbbüsü ilə satması ona daha sərfəlilidr. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırkı işdə ədalətin bərqərar olması görünmür. Cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş əmlak real dəyərindən aşağı qiymətə bankın mülkiyyətinə keçmişdir. Əmlakın satış qiyməti 35000 manat qiymətləndirilmiş (dörd otaqlı, sahəsi 67 kv.m olan mənzil), lakin hərraclar baş tutmadığı üçün 22312.50 manata bank tərəfindən alınmışdır. Bundan sonra da icra sənədi üzrə 4272.83 ABŞ dollar borc qalmışdır. İddiaçı Qarabağ müharibəsi əlilidir, döyüş zamanı aldığı xəsarətlərlə əlaqədar sağlamlığında yaranmış bir sıra xəstəliklərdən əziyyət çəkir. Məhkəmə kollegiyası hesab edir ki, oxucu kütləsi olmayan qəzetdə elan verilməklə, ipoteka qoyana hərracın keçirilməsinə dair məlumat verilməməklə, əmlakı dəyərindən qat-qat aşağı qiymətə bankın mülkiyyətinə verilməsi ipoteka qoyanın mülkiyyət hüquqlarına qəsddir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. Əmlakın dəyərindən qat-qat aşağı qiymətə hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması inandırıcı deyil. Bu halın mövcudluğu açıq hərracların hazırkı durumunu, yəni onların əslində formal olaraq keçirilməsinin bariz nümunəsidir. Çünki Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzilin (67 kv. sahəsi olan, bax iş səhifə 27) açıq hərraclarda real dəyərindən aşağı qiymətə alınmaması açıq-aşkar hərracın formallığını təsdiq edir. Nə qədər ki, açıq hərraclar onda iştirak edənlərin üzünə bağlıdır, insanların ora sərbəst çıxışı mümkün deyil, ədalətli hərracdan söhbət gedə bilməz. Hərracın mahiyyət ondan ibarətdir ki, orada satışa çıxarılan əmlak tələb və təklifə uyğun olaraq daha artıq vəsait təklif edən şəxsə satılır. Lakin analoji işlərin baxılması təcrübəsi ölkəmizdə keçirilən hərraclarda heç bir halda hərraca çıxarılan əmlakın ilkin satış qiymətindən yuxarı qiymətə satılması halını qeydə almamışdır. Əksinə əksər hallarda ya ikinci hərracdan sonra əmlaklar öz real dəyərindən qat-qat aşağı qiymətə tələbkarlara təklif olunur, və yaxud ikinci hərracda yenə də real dəyərindən aşağı qiymətə tələbkarın adına rəsmiləşdirilir. Bu fakt keçirilən hərracların mahiyyəti barədə hər şeyi demiş olur. Hazırkı işdə guya açıq hərrac keçirilməsi, alıcı olmadığı üçün mənzilin 22312.50 manata banka təhvil verilməsi və borclunun üzərində bundan sonra da 4272.83 ABŞ dollar borc saxlanması ədalətsizdir. Yadda saxlamaq lazımdır, hərrac-mülkün, əşyanın, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması deməkdir. Bu heç bir halda başqasının əmlakının mənimsənilməsi üsulu kimi çıxış etməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1. maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2. maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, açıq hərrac qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyi üçün onun nəticələri etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə xx xxxx 2017-ci il tarixli protokol və hərracın yekunları üzrə digər əqdlər etibarsız hesab olunsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar