Məhkəmə qərarları › İş №2(103)-1368/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1368/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1368/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı bonus-malus əmsallarının silinməsi və sığorta haqqının yenidən hesablanması barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: icbari sığorta) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3 (HŞİ) qarşı bonus-malus əmsallarının silinməsi və sığorta haqqının yenidən hesablanması barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-3950/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13 iyun 2023-cü il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən İddiaçı məxsus “Mersedes Benz ML 350” markalı, dövlət qeydiyyat nişanı ** BK *** olan nəqliyyat vasitəsinə 3 bonus-malus əmsalı tətbiq edilməklə 450 manat yekun sığorta haqqı hesablanmışdır.

2. “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən İddiaçı ünvanlamış məktubunda qeyd olunmuşdur ki, iddiaçının Büroya daxil olmuş müraciətinə baxılmış, Büronun informasiya sistemində iddiaçının adına (FİN: xxxxxxx) rəsmiləşdirilmiş PAG********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə 26 dekabr 2022-ci il tarixdə sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini cavabdehin bağladığı və sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən həyata keçirərək (qanuni əsaslarla), iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə “İcbari Sığorta Bürosu” HŞİ hesablanmış bonus-malus əmsallarının qanunsuz hesab edilərək silinməsi, sığorta haqqının yenidən hesablanması, ödənilmiş 100 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığorta edərkən sığorta haqqı olaraq ondan 450 manat pul alınmışdır. Sığorta haqqının yüksək olmasından şübhələnərək bu barədə cavabdehə rəsmi müraciət etmişdir. Cavabdehin 20 iyun 2023-cü il tarixli, **-VM-***2023 saylı cavab məktubunda Büronun informasiya sistemində axtarış zamanı iddiaçının adına olan avtonəqliyyat vasitəsinin 26 dekabr 2022-ci il tarixdə sığorta hadisəsi törətdiyi və bu səbəbdən malus tətbiq edildiyi aşkarlandığı, hadisənin törədilməsinin iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. Mülkiyyətində olan başqa - “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığorta edərkən eyni qaydada bonus-malus əmsalı 3 hesablanmaqla, 304,39 manat sığorta haqqı alınmışdır. Hesab edir ki, ona yazılmış cavab məktubunda istinad olunan “İcbari sığortalar haqqında” AR Qanununun 53.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Mülkiyyətində olan “Lexus ** MK ***” markalı avtonəqliyyat vasitəsilə sığorta hadisəsi törədilərkən həmin avtonəqliyyat vasitəsini özü idarə etməmişdir və inzibati xətanı törədən şəxs etibarnamə ilə avtomobili idarə edən oğlu X9 məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan və sığorta hadisəsi törətməmiş başqa avtonəqliyyat vasitəsinə də eyni əsaslarla bonus-malus əmsalının tətbiq edilməsi qanuna uyğun deyildir.

5. “İcbari Sığorta Bürosu” HŞİ etiraznı onunla əsaslandırmışdır ki, sözügedən sığorta növü avtomobilin yox, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Qanunvericilik ilə hüquqi və fiziki şəxslərdən başqa heç bir məfhumun məsuliyyətinin yaranması halı nəzərdə tutulmadığından, sığorta haqlarını artıran və ya azaldan əmsallar (bonus və ya malus) avtonəqliyyat vasitəsinə yox, həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini sığortalamış şəxsə münasibətdə hesablanır. Sığorta müqaviləsi bağlanarkən bonusun və ya malusun hesablanmasının inzibati tənbehin ödənilib-ödənilməməsi ilə hər hansı bir əlaqəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Sığorta müqaviləsi və ondan irəli gələn münasibətlər mülki hüququn predmetinə, qəza törədənin təqsiri və məsuliyyəti isə inzibati xəta haqqında qanunvericiliyin predmetinə aiddir. Hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan digər şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmir. İddiaçı mülkiyyətində olan “Lexus” markalı, 10-MK101 dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta haqqı ödəyərək və icbari sığorta müqaviləsinin tərəfi olaraq sığortalı qismində çıxış etmiş, bununla da həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini sığortalamışdır. X9 26 dekabr 2022-ci il tarixdə (sığorta müqaviləsi qüvvədə olduğu zaman) həmin avtomaşını qanuni əsaslarla (iddiaçının könüllü şəkildə verdiyi etibarnamə əsasında) istismar edərək yol nəqliyyat hadisəsi törətmişdir və üçüncü şəxslər qarşısında onun (yəni sığorta olunanın) mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi üzərindən sığortalanmışdır. Bonus və ya malus Qaydanın tələblərinə əsasən sığorta olunana yox, sığortalıya münasibətdə tətbiq edildiyindən, iddiaçının oğlu Ü.İddiaçı törətdiyi sığorta hadisəsi nəticəsində hesablanmış Malus əmsalı sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir. Bununla yanaşı, sığorta hadisəsinin olub-olmamasından və sığorta ödənişinin keçirilib-keçirilməməsindən asılı olaraq hər yeni sığorta müqaviləsi bağlandıqda Bonus-Malus əmsalı yenidən hesablanır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)- 3950/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçı mülkiyyətində olan “Lexus” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icbari sığorta müqaviləsi bağlayaraq, sığorta haqqını ödəmiş, bununla da həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. X9 26 dekabr 2022-ci il tarixdə həmin avtomaşını idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və üçüncü şəxslər qarşısında onun mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi ilə sığortalanmışdır. İddiaçının oğlu Ü.İddiaçı törətdiyi sığorta hadisəsi nəticəsində hesablanmış Malus əmlası sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni “İcbari siğorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13.2, 34.2, 53.1, 53.3, 53.4, 57.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.1- ci yarımbəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi işə birtərəfli baxmış, işin hallarını düzgün araşdırmamış və qanunları əsas götürmək əvəzinə, hüquqi qüvvəsi aşağı olan təlimatları, qaydaları əsas götürərək əsassız qərar vermişdir. Qanuna görə inzibati xətanın subyekti həmin əməldə təqsirli bilinən şəxsdir. Belə ki, sığorta hadisəsini törətmiş şəxs artıq etdiyi təqsirli əmələ görə məsuliyyətə cəlb edilmişdir. Sığorta hadisəsini törətməmiş, lakin avtonəqliyyat vasitəsinin mülkiyyətçisini təkrar məsuliyyətli şəxs kimi qiymətləndirmək hüququn əsas prinsiplərinə ziddir və yuxarıda adı çəkilən qanunun müvafiq maddəsinin tələblərini kobud şəkildə pozur. Şəxs törətdiyi təqsirli əmələ görə yalnız bir dəfə məsuliyyətə cəlb edilə bilər. Qanunun bu müddəsi Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiyanın ruhundan irəli gəlir. Hər hansı bir təlimata və ya qaydalara əsaslanaraq hüququn fundamental prinsiplərinə zidd olan olaraq qərar qəbul edilməsi yolverilməzdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Etiraz onunla əsaslandırılmışıdr ki, iddiaçını apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə qərar qəbul edərkən "Normativ hüquqi aktlar haqqında" Qanunun 4-cü maddəsini nəzərə almamışıdr. “İcbari siğortalar haqqında" Qanunun 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Azerbaycan Respublikastntn Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli 2511 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası" nın 1.1-ci maddəsinə əsasən bu qayda “İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə slğorta haqqı məbləğlərinin hesablanması ile bağlı məsələləri tənzimləyir. Qayda slğorta haqqı məbləğlərinin hesablanması ile bağlı məsələləri tənzimləyərək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğorta müqaviləsi bağlanarkən ödənilməli olan siğorta haqqı məbləğlərini müəyyənləşdirmişdir. Siğorta haqqı məbləğlərinin hesablanması ilə bağlı məsələləri tənzimləyən qaydada onun icra olunmamasına görə məsuliyyət müəyyən edilməmişdir. İddiaçı tərəfindən müvafiq qaydanın Azərbaycan Respublikasının hər hansı bir normativ hüquqi akt ilə ziddiyyət təşkil etməsinə dair hər hansı bir dəlil gətirilməmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə istinad edərək bildirmişdir ki, inzibati xətanın subyekti həmin əməldə təqsiri bilinən şəxsdir. Belə ki, siğorta hadisəsini törətmiş şəxs artıq etdiyi təqsirli əmələ görə məsuliyyətət cəlb edilmişdir. Siğorta hadisəsini törətmiş, lakin avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin təkrar məsuliyyətli şəxs kimi qiymətləndirmək hüququn əsas prinsiplərine ziddir ve yuxarıda adı çəkilən qanunun müvafiq maddəsinin tələblərini kobud şəkildə pozur. Şəxs törətdiyi təqsirli əmələ görə yalnız bir dəfə məsuliyyətə cəlb edilə bilər. Bildirir ki, siğorta müqaviləsi və ondan irəli gələn münasiblətlər mülki hüququn predmetinə, qəza törədənin təqsiri ve məsuliyyəti isə inzibati xəta haqqında qanunvericiliyin predmetinə aiddir. Münasibətin yaranması üçün tərəflər arasında icbari siğorta müqaviləsinin bağlanması mütləqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzirnlənən münasibətlərin icbari siğorta müqaviləsi ilə tənzimlənən mülki hüquqi münasibətlərə heç bir aidiyyəti yoxdur. Hər hanst bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan digər şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.

16. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:

1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

17. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası”: 1.2.1. Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. 2.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ... hesablanır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə (Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.) istinad edərək qeyd edir ki, inzibati xətanın subyekti həmin əməldə təqsiri bilinən şəxsdir, siğorta hadisəsini törətmiş şəxs artıq etdiyi təqsirli əmələ görə məsuliyyətət cəlb edilmişdir, sığorta hadisəsini törətmiş, lakin avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin təkrar məsuliyyətli şəxs kimi qiymətləndirmək hüququn əsas prinsiplərine ziddir və yuxarıda adı çəkilən qanunun müvafiq maddəsinin tələblərini kobud şəkildə pozur, şəxs törətdiyi təqsirli əmələ görə yalnız bir dəfə məsuliyyətə cəlb edilə bilər.

21. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisə üzrə bu norma üzrə qiymətləndirmə aparmaq məntiqə və qanuna ziddir. Belə ki, apellyatorun istinad etdiyi norma inzibati məsuliyyətin əsaslarını müəyyən edir, iddiaçının mülkiyyətində olan “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil onun verdiyi etibarnamə əsasında oğlu tərəfindən idarə edilərkən yol – nəqliyyat hadisəsi törədilmiş və bu normanın tələbləri nəzərə alınaraq sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan digər şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmək üçün əsas ola bilməz.

22. Apellyatorun tələbi ondan ibarətdir ki, hər 2 avtomobil, həm mülkiyyətçi olaraq onun verdiyi etibarnamə əsasında yol – nəqliyyat hadisəsinin törədildiyi “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə, həm də yol – nəqliyyat hadisəsinə aidiyyatı olmayan, onun tərəfindən digər avtomobillə hadisəni törətmiş şəxsə etibarnamə verilməmiş “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə hesablanmış bonus-malus əmsalları qanunsuz hesab edilərək silinsin.

23. Sığorta qanunvericiliyi hüququn xüsusi sahəsi olsa da, mülki qanunvericiliyin tərkib hissəsidir və buna görə də mülki qanunvericiliyin prinsipləri, ümumi müddəaları həmin sahəyə də aid edilməlidir.

24. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

25. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi İddiaçı mülkiyyətində olan “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermişdir, yəni, əqd mövcuddur və bu əqd onun üçün mülki hüquq və vəzifələr yarada bilər.

26. Mübahisənin düzgün həlli üçün qətnamənin 14-16-cı bəndlərində qeyd olunan normativ hüquqi aktlarda “sığortaçı”, “sığorta olunan” və “avtonəqliyyat vasitəsinin sahibi” anlayışlarının məzmununa diqqət yetirilməlidir.

27. İstər Mülki Məcəllədə, istərsə də “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda verilən anlayışlar eyniyyət təşkil edir və həmin normaların məzmununa əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir.

28. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda isə bu anlayışlar icbari sığortanın mahiyyətindən irəli gəlinərək bir qədər konkretləşdirilir. Həmin Qanunun 6.1 və 6.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Hazırkı iş üzrə icbari sığorta müqaviləsində digər şəxsin adı qeyd olunmadığından həm sığortalı, həm də sığorta olunan şəxs avtomobilin mülkiyyətçisi, yəni, İddiaçıdur.

29. “Avtonəqliyyat vasitəsinin sahibi”nin anlayışı isə yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsində aşağıdakı kimi verilmişdir: Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Bu normanın məzmunu baxımından yanaşıldığı təqdirdə hadisənin baş verdiyi vaxt “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi həm mülkiyyətçi İddiaçı, həm də avtomolili qanuni əsasla (etibarnamə) ilə istismar edən şəxs X4r. Lakin sonuncunun adı sığorta müqaviləsində qeyd olunmadığından və yuxarıda qeyd olunduğu kimi, əqdin (etibarnamənin) mövcudluğu İddiaçı üçün vəziəfələr yaratdığından məhkəmə kollegiyası hesab edir ki, “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə bonus – malus əmsalları düzgün tətbiq olunmuşdur.

30. Digər - “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol – nəqliyyat hadisəsinin törədilməməsi, mülkiyyətçi tərəfindən həmin avtomobilə dair X5 etibarnamə verilməməsi işin mübahisələndirilməyən hallarıdır.

31. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası”nın 1.2.1-ci bəndində qeyd olunur ki, Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

32. Yuxarıda qeyd olunduğu kimi, hər 2 avtomobilə münasibətdə “sığortalı” mülkiyyətçi X4r və cavabdehin iddiaya etirazının əsasını da məhz bu xüsusat təşkil etmişdir ki, “sığorta haqlarını artıran və ya azaldan əmsallar (bonus və ya malus) avtonəqliyyat vasitəsinə yox, həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini sığortalamış şəxsə münasibətdə hesablanır.”

33. Məhkəmə kollegiyası sığorta haqlarını artıran və ya azaldan əmsalların avtonəqliyyat vasitəsinə deyil, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini sığortalamış şəxsə münasibətdə hesablanmalı olması barədə cavabdehin arqumenti ilə razılaşır. Bonus-Malus sisteminə verilən anlayışdan da görünür ki, bu sistem əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

34. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası”nda sığortalının mülkiyyətində olan bir avtomobillə sığorta hadisəsi törədildikdə onun mülkiyyətində olan bütün avtomobillərə bonus – malus əmsallarının tətbiqi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Yəni, Bonus- Malus sisteminə verilən anlayışda nəzərdə tutulan “sığortalıya münasibətdə” sözləri bonus – malus əmsallarının onun mülkiyyətində olan bütün avtomobillərə tətbiqini nəzərdə tutmur. Bir avtomobillə sığorta hadisəsi törədildikdə sığortalının mülkiyyətində olan bütün avtomobillərə bonus – malus əmsallarının tətbiq olunması qənaətinə gəlmək üçün bu anlayışda “əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin” ifadəsinin əvəzinə “əvvəlki sığorta müqavilələri üzrə sığortalının mülkiyyətində olan nəqliyyat vasitələrinin” ifadəsi qeyd olunmalı idi. Bu anlayışda qeyd olunan “əvvəlki sığorta müqavilələri” ifadəsi də məhz sığorta hadisəsinin törədildiyi avtomobilə dair bağlanmış sığorta müqavilələrini nəzərdə tutur.

35. Bundan başqa, mülkiyyətçi İddiaçı tərəfindən mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair digər avtomobilə etibarnamə verilmiş şəxsə - X5 etibarnamə də verilməmişdir, yəni, həmin avtomobilə dair əqd və ümumiyyətlə Mülki Məcəllənin 14-cü maddəsinə əsasən bu avtomobillə bağlı mülki hüquq və vəzifələr yaranması üçün nəzərdə tutulmuş əsaslardan heç bir mövcud deyildir.

36. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə bonus – malus balları üzrə əmsal tətbiq edilməsi və bu hissədə birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə əsassızdır.

37. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda müzakirə olunan qaydada qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən edilməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)- 3950/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)- 3950/2023 nömrəli qətnaməsi qismən – “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə hesablanmış bonus – malus əmsallarının qanunsuz hesab edilərək silinməsi və sığorta haqqının yenidən hesablanması” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddiası “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə hesablanmış bonus – malus əmsallarının qanunsuz hesab edilərək silinməsi və sığorta haqqının yenidən hesablanması hissəsində qismən təmin edilsin. “İcbari Sığorta Bürosu” X6 tərəfindən İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə digər ödəniş həyata keçirilmiş sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus – malus əmsalı silinsin və sığorta haqqı yenidən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar