Məhkəmə qərarları › İş №2(103)-1370/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1370/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1370/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı pul tələbinə dair ilkin; Cavabdeh1 mənzillərin qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-571/2019 saylı iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 54.000 ABŞ dolları və 136.000 manat pulun tutularaq ona ödənilməsi və həmin pul məbləğinin Cavabdeh1 adına rəsmiləşdirilmiş, digər Cavabdeh2 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 191,4 kv.m, 4 otaqdan ibarət 109 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində cavabdeh, Türkiyə vətəndaşı Cavabdeh1 nağd pul və əmlaklar vermiş və Cavabdeh1 bu günə ümumilikdə iddiaçıya 54.000 ABŞ dolları və 136.000 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında razılaşmaya əsasən, iddiaçının verdikləri müqabilində cavabdeh özünə məxsus mübahisəli mənzilə dair 362/2 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin və pay haqqının iddiaçının adına dəyişdirilməsinə etiraz etmədiyi və gələcəkdə onun bu mənzilə və hüquqi şəxsə qarşı hər hansı maddi iradə və tələbinin olmayacağı barədə notariat qaydada ərizə vermişdir. Lakin, sonradan cavabdeh onu aldatmış və həmin ərizəni ləğv etmiş, iddiaçının pullarını isə qaytarmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK) tərəfindən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsi 36-cı məhəllədə inşa edilmiş binada yerləşən iki ədəd, ümumilikdə sahələri 252 kv.m olan mənzillərlə bağlı İddiaçıla bağlanmış müqavilələrin ləğv edilməsi və mənzillərin qaytarılaraq ona təhvil verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia əsassızdır. Belə ki, İddiaçı ona altı ədəd avtomaşını olduğunu, 4 ədədini obyektlə dəyişdiyini, qalan ikisini evlə dəyişmək istədiyini bildirib. Avtomaşınları evlə dəyişməyi tikinti-təmir işləri ilə məşğul olan, əvvəldən tanıdığı Ramin adlı şəxsə təklif ediblər. Ramin mübahisəli mənzili Mustafaya təklif edib. Sonuncu mənzilə baxdıqdan sonra təklifi qəbul edib. Şəxsiyyətini təsdiq edən sənədi özündə olmadığı üçün həmin mənzil xx.xx.2016-cı il tarixdə Şahinin adına sənədləşdirilib və o, xx.xx.2016-cı il tarixdə 6 saylı Notariat Kontorunda müqavilənin İddiaçı adına rəsmiləşdirilməsinə etirazının olmadığı barədə ərizə verib. Qarşılığında İddiaçı **-OV-*** dövlət qeydiyyat nişanlı, "Discovery" markalı və **-OG-*** dövlət qeydiyyat nişanlı "X1" markalı avtomobilləri etibarnamə əsasında Raminə verib və əlavə 11.000 ABŞ dolları pul alıb. Bir müddət sonra Ramin ona zəng edərək hər iki avtomobilin oğurluq olduğunu bildirib. Ramin avtomaşınları Şahinə qaytarıb və onların qarşılığında verdiyi evi geri tələb edib, lakin Mustafa evi və aldığı pulu qaytarmaqdan imtina edib. Bundan sonra Ramin **- OV-*** dövlət qeydiyyat nişanlı, "Discovery" markalı avtomaşını Mustafanın özünə qaytarıb və **-OG-*** dövlət qeydiyyat nişanlı "X1" markalı avtomaşını 64500 manata sataraq pulunu da özü alıb. Mustafa Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən bir evi 80.000 manata sataraq pulunu Raminə verib, sonradan evlə maraqlandıqda "xxxxx" MTKdan bildirilib ki, Ramin tərəfindən mənzilin dəyəri ödənilməyib. Avtomaşınların oğurluq çıxması və mənzilin dəyərinin ödənilməməsi səbəbindən müqavilə ləğv edilib və o, ərizə verərək mənzili "xxxxx" MTK-ya geri qaytarıb. Bir müddət sonra Ramin cinayət məsuliyyətinə cəlb edilərək, məhkum edilib və hal-hazırda cəza çəkir. Bundan sonra iddiaçı onu məcbur edib ki, mübahisəli mənzilin əvəzində ona ev versin, pulunu cəzasını çəkəndən sonra Ramindən alar. Buna etirazını bildirib, onun bu işə heç bir aidiyyətının olmadığını, məsuliyyət daşımadığını və bütün problemlərin avtomaşınların oğurluq çıxmasından sonra yarandığını bildirib. Lakin Mustafa onu hədələdiyindən məcbur qalaraq "xxxxx" MTK tərəfindən Sumqayıt şəhəri Sülh və Dostluq küçəsi 36-cı məhəllədə inşa edilmiş binada yerləşən iki ədəd, ümumilikdə sahələri 252 kv.m olan mənzillərin İddiaçı adına keçirilməsinə etirazının olmadığı barədə ərizə yazıb və həmin mənzillər müqavilə əsasında İddiaçı adına MTK-da sənədləşdirilib. Bütün şifahi razılaşmalar Raminlə İddiaçı arasında olub və sonuncu qarşısında hər hansı bir öhdəliyi olmayıb, əksinə cavabdeh İddiaçı iki ədəd mənzili ondan almaqla ona külli miqdarda ziyan vurub. İddiaçı hər hansı bir iddia tələbi ilə Ramindən nəyi isə tələb edə bilərdi. Bununla bağlı Ramin məhkəməyə dəvət edilib ifadəsi alına bilər, cavabdehin verdiyi pullar Ramindədir və ona bir qəpik də olsun pul verilməyib. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin, həm İddiaçı, həm də Raminin təqsiri üzündən baş vermişdir və onun bu işdə heç bir qazancı və marağı olmamışdır, əksinə mənzillərindən məhrum olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə heç bir araşdırma aparmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində ilkin iddia ərizəsində göstərilənlərin əhəmiyyətli hissəsini açıq şəkildə etiraf etmişdir. Həmin hissələrin işin mübahisəsiz halları olmasına baxmayaraq məhkəmə onları nəzərə almamış, həmçinin özünü Cavabdeh2 MMC-nin direktoru kimi təqdim edən Adilağa Hüseynovun mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı izahatına qiymət verməmişdir. Həmçinin məhkəmə Cavabdeh1 izahatlarındakı ziddiyyətlərə, ilkin iddiaçıya məxsus mənzilin də 80000 manata satıldığını etiraf etməsinə heç bir münasibət bildirməmiş, iddiaçıya məxsus avtomobillərə və mənzil dair Cavabdeh1 verilmiş etibarnamələrə istinad etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yazılı izahat təqdim edərək, şikayətin və izahatın məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, “xxxxx” MTK tərəfindən inşa edilmiş və iddiaçının adına rəsmiləşdirilmiş mənzillər iddiaçıya məxsusdur, Cavabdeh1 tərəfindən ona verilməyib və sonuncunun həmin mənzillərə aidiyyəti yoxdur. Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin apellyasiya şikayətinə etiraz edərək və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, əvvəllər iddiaçı ilə çox yaxın dost olublar və bir evdə yaşayıblar. Aralarında etimad olduğu, həmçinin müəyyən dövrdə axtarışda olduğu üçün Mustafa özünə məxsus bəzi əşyalara dair ona etibarnamə verib. Bu etimad qarşılıqlı olub, belə ki, o da özünə məxsus olmuş əmlaklara, o cümlədən, zavoda dair iddiaçının adına etibarnamə verib. Cavabdeh qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmişdir. İddiaçı tələbini təsdiq edən yeganə yazılı sübut qismində məhkəməyə mübahisəli mənzilin pay dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi barədə Cavabdeh2 MMCnin xx.xx.2016-cı il tarixli maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. İddiaçının təqdim etdiyi bütün digər yazılı sübutlar kserosurətlərdir. Birinci instansiya məhkəməsi iş üzrə belə qənaətə gəlmişdir ki, iddiaçı məhkəmə baxışı zamanı öz tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməyib, qarşı tərəfdən öhdəliyin icrasını tələb etsə də, həmin öhdəliyin yaranmasına əsas ola biləcək hər hansı razılaşmanın mövcudluğunu sübut edə bilməyib. Ona görə də ilkin iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ilkin iddianın təmin edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirak onun özü üçün neqativ nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Baxılan iş üzrə iddiaçı Cavabdeh1 54000 ABŞ dolları və 136000 manat pulun tutulmasını və həmin pulun mübahisəli mənzilə yönəldilməsini tələb edir. Tələb onunla əsaslandırılır ki, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində nağd pul və əmlaklar vermiş və tərəflər arasında razılaşmaya əsasən, iddiaçının verdikləri müqabilində cavabdeh özünə məxsus mübahisəli mənzilə dair 362/2 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin və pay haqqının iddiaçının adına dəyişdirilməsinə etiraz etmədiyi və gələcəkdə onun bu mənzilə və hüquqi şəxsə qarşı hər hansı maddi iradə və tələbinin olmayacağı barədə notariat qaydada ərizə vermişdir. Lakin, sonradan cavabdeh onu aldatmış və həmin ərizəni ləğv etmiş, iddiaçının pullarını isə ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Baxılan iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyil. Eyni zamanda cavabdeh aralarında iddiaçının istinad etdiyi şərtlərlə müqavilə bağlandığını qəbul etmir, əslində razılaşmanın iddiaçı ilə Ramin adlı şəxs arasında əldə edildiyini, iddiaçıdan hər hansı məbləğdə pul və ya əmlak almadığını bildirir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli mənzil daşınmaz əmlakdır və belə əmlaka dair alqı-satqı müqaviləsi ilə bağlı qanunla müəyyən edilmiş forma tələbi (yazılı və notariat təsdiq) mövcuddur. Beləliklə iddiaçı ilə cavabdeh arasında öhdəliyin əmələ gəlməsinə əsas verən müqavilə bağlanmamışdır. Belə olan halda iddianın təmin edilməsi üçün tələbin qanuni əsası olmalıdır. İddiaçının cavabdehdən pul tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 1097.1, 1091-1092-ci maddələri təşkil edə bilər. Bunun üçün iddiaçı müvafiq olaraq tələb etdiyi əmlakın (pulun) onun mülkiyyəti olduğu və cavabdehin qanunsuz sahibliyində olduğunu (157.2); yaxud cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona zərər vurulduğunu (1097.1); yaxud da cavabdehin qanuni əsas və ya müqavilə əsası olmadan onun əmlakı hesabına əsassız varlandığını (1091-1092) sübuta yetirməlidir. Lakin iddiaçı qanunun tələb olunan dispozisiya şərtlərinin həqiqətən mövcud olduğu barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisəli mənzilin pay dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi barədə Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışı istisna olmaqla təqdim olunmuş bütün digər yazılı sübutlar kserosurətlərdir və MPM-in 89-cu maddəsinə əsasən qeyri-mötəbərdir. Bu baxımdan iddia tələbi özü-özlüyündə əsassızdır və təmin oluna bilməz. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işin tərəflərin mübahisəsiz qaydada qəbul etdiyi faktiki hallarının – işin mübahisəsiz hallarının müəyyən olunmasını istisna etmir. Bunun üçün isə ilk növbədə iddiaçı tələbin əsasında duran faktiki hallarla bağlı öz mövqeyini ifadə etməli və cavabdeh tərəfin izahatları əsasında işin mübahisəsiz halları müəyyən edilməlidir. Baxılan iş üzrə iddiaçı nə iddia ərizəsində, nə də məhkəməyə təqdim etdiyi şifahi və yazılı izahatlarında iddia tələbinin əsasını təşkil edən faktları və hadisələri təsvir etməmişdir. İddiaçının işin faktiki halları üzrə mövqeyi yalnız cavabdehin sadaladığı bəzi faktlara etirafedici (mübahisəsiz) faktlar kimi qiymət verilməsi ilə məhdudlaşmışdır. Bu isə məhz iddiaçının passivliyi səbəbindən tərəflərin izahatları əsasında işin mübahisəsiz hallarını birmənalı müəyyən etməyə imkan verməmişdir. Eyni zamanda Cavabdeh1 hazırkı iş üzrə verdiyi heç bir şifahi və yazılı izahatında iddiaçıdan pul və ya əmlak aldığını etiraf etməmiş, əksinə bunu dəfələrlə təkzib etmişdir. Yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında mübahisə yaranmasına səbəb olan və onların izahatlarında istinad etdikləri bütün əmlaklar daşınmaz əmlaklar və ya reyestrdə qeydə alınmalı olan daşınar əşyalar olduğundan tərəflərin izahatları əsasında həmin əmlaklara dair alqı-satqı müqavilələrinin bağlandığını və ya bu əmlakların özgəninkiləşdirildiyini müəyyən etmək mümkün deyil. Cavabdeh1 yazılı etirazlarında (qarşılıqlı iddia ərizəsində) iddiaçıya məxsusluğu ehtimal olunan mənzil və avtomobillərin üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirildiyini təsdiq etsə də, həmin əmlakların dəyəri qismində alınmış pulun ona verildiyini heç bir izahatında təsdiq etməmişdir. Yalnız iddiaçıya məxsus bəzi əmlaklara dair Cavabdeh1 adına etibarnamələrin verildiyi sonuncunun iddiaçı qarşısında 54.000 ABŞ dolları və 136.000 manat pul öhdəliyinin yaranmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. Mübahisəli mənzilə dair cavabdehin adına müqavilənin tərtib olunması da cavabdehin əmlak əldə etməsi kimi qiymətləndirilə bilməz. Çünki iş üzrə həm iddiaçı tərəf, həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 mübahisəli mənzilə dair sonuncu ilə bağlanmış müqavilənin etibarsız olduğunu qəbul edir. Qeyd olunmalıdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, baxılan iş üzrə Cavabdeh1 iddiaçıdan pul aldığını və ya onun əmlakı hesabına digər şəkildə varlandığını etiraf etmədiyi üçün yalnız cavabdehin verdiyi izahatlar əsasında iddia təmin oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-571/2019 saylı iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar