Məhkəmə qərarları › İş №2(103)-1373/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1373/2022

03.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1373/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı və X11 qarşı “istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X7 Bakı şəhəri, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15 saylı mənzilini 2002-ci ildə aldığını, həmin vaxtdan orada yaşadığını, 2012-ci ildə mənzilin bacısına qalmaması məqsədilə onun oğlunun adına keçirilməsi barədə anası ilə razılığa gəldiklərini, bununla əlaqədar notariat kontorunda anasının mənzili oğlu Cavabdeh bağışladığını, həmin dövrdə tərbiyəli olan oğlunun anasının ölümündən sonra çox dəyişdiyini, ona əl qaldırmağa başladığını, onu evdən qovmaq istədiyini, dəfələrlə buna görə inzibati məsuliyyətə cəlb edildiyini, oğlunun heç yerdə işləmədiyini və işləmək istəmədiyini, halbuki oğlunu saxladığını, onun təhsil haqqını ödədiyini, indiki yoldaşının aldığı qızılları satıb onu əsgərlikdən qurtardığını, mənzilin oğluna bağışlamasına razılıq verməsinə çox peşman olduğunu bildirmiş, buna görə də 2012-ci ildə 2 saylı notariat kontorunda X13 və Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin bağışlanması barədə müqavilənin və Cavabdeh adına mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı və X11 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onların və X8 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilə istifadə hüquqlarının itirilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, nənəsi X13 22.10.2012ci il tarixdə ünvan 2 ünvanında yerləşən 15 saylı mənzili ona bağışlamış, mənzil mülkiyyətinə keçmişdir. Anası İddiaçı və ögey qardaşı X14 onun mənzilində qeydiyyatda olmaqla və yaşamaqla yanaşı, anasının əri X15 da razılığı olmadan mənzildə yaşayır. Həmin şəxsi mənzilindən çıxartmaq istəyəndə anası ona mane olur, onu şərləyir, polislə hədələyir və mənzili ondan almaq istəyir. Anası ilə münasibətləri heç vaxt yaxşı olmayıb, həmişə aralarında anasının təqsiri üzündən söz-söhbətləri yaranıb. Anası ümumi tanışların, qonşuların yanında onun barəsində əsassız və təhqirlə dolu fikirlər işlətmiş, şəxsiyyətini alçaltmış, barəsində yanlış məlumat verməklə polisə şikayət edərək guya onu döydüyünü bildirmişdi. Lakin bütün qonşular şahiddir ki, anasının normal həyat tərzi yoxdur, tez-tez spirtli içkilər qəbul edərək evə gəlib onunla mübahisə edir, əri türk vətəndaşı X12 onu döyməsi, təhqir etməsi üçün öyrədir. Artıq onların təzyiqlərinə dözməyib mülkiyyətçi kimi qanuni hüququndan istifadə edərək onları mənzilindən çıxartmaq qərarına gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək X9 əşyaları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, Mülki Məcəllənin 670-ci maddəsini tələbini pozduğunu, bağışlama müqaviləsinin öhdəliklə şərtləndirildiyini nəzərə almadığını, X10 onun ailə üzvü olmasına əhəmiyyət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh və onun nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, X15 isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın X11 qarşı yönəlmiş təmin olunan hissəsində də mübahisələndirməsi, qətnamənin həmin hissəsinin yoxlanılmasına əsas verə bilməz – çünkü qətnamənin müvafiq hissəsi İddiaçı mənafeyinə toxunmamaqla onun X9 mənafeyi üçün şikayət vermək səlahiyyəti mövcud deyildir. Qətnamə Cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün isə, qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissələr də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (apellyasiya baxışının predmeti olan) hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, X13 notariat kontorunda 13.10.2012-ci il tarixdə 4Ə-784 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi ilə mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin ümumi sahəsi 43,1 kv.m, yaşayış sahəsi 24,4 kv.m, yardımçı sahəsi 18,7 kv.m. olan iki otaqlı 15-16 saylı mənzillərini nəvəsi Cavabdeh bağışlamış, ilkin iddiaçı mənzilin bağışlanmasına etiraz etmədiyi barədə ərizə vermiş, mənzil 22.10.2012-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin hallarından aydın olur ki, Ökte X1, Cavabdeh isə anasıdır və o, anası ilə oğlu arasında bağlanmış bağışlama müqaviləsinin ləğvini oğlunun ailə münasibətlərindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini irəli sürməklə tələb etməkdədir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi bağışlama müqaviləsinin ləğvi ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və ləğv olunması ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən bağışlama müqaviləsinə hüquqi qiymətin verilməsi zəruridir: Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə isə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır…Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır…MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi, bir qayda olaraq, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. MM-in 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir…MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir”. İşin müəyyən olunmuş hallarına əsasən, mübahisələndirilən bağışlama müqaviləsi tərəflərin tam sərbəst iradələri əsasında bağlanmış, onun tərəfləri öz hüquq və vəzifələrinin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etməmiş, başqa sözlə, həmin müqaviləni hər hansı şərtlə bağlamamışlar. X7 vərəsəsi olan ilkin iddiaçının irəli sürdüyü faktiki hal, yəni Cavabdeh bağışlayana (Aza Çoçiyevaya) münasibətdə ailə münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş olması isə ümumiyyətlə sübuta yetirilməmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə isə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin ləğv edilməsinin həmin Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir, bununla belə kollegiyanın gəldiyi qənaətə görə, mübahisələndirilən müqavilə üzrə Cavabdeh öz üzərinə hər hansı bir öhdəlik götürməmişdir ki, onun pozulmasından və bu pozuntu nəticəsində ilkin iddiaçıya zərər vurulmasından bəhs edilə, eləcə də, bu zərərin ilkin iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyi irəli sürülə bilsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2689/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən (apellyasiya baxışının predmeti olan) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar