Məhkəmə qərarları › İş №2(103)-1375/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1375/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1375/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1805/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qanunla nəzərdə tutulmuş qaydada hər ay 300 manat olmaqla, 30 ay (2,5 il) üçün ümumi 9000 manat kompensasiya ödənilməklə onun ünvan 1, 387 saylı mənzilə dair istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla “xxxx” MMC arasında bağlanılmış xx xxxx 2006-cı il tarixli müqaviləyə əsasən MMC tərəfindən inşa olunmuş binadan ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzil almış və həmin mənzilin dəyəri 23256 ABŞ dolları onun tərəfindən tam olaraq ödənilmiş, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 49, 387 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. O və həyat yoldaşı X1 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Onun iddiasına əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzildən istifadə hüququ itirilmiş və qətnamə həmin şəxsin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab olunmuş, qətnamə ilə cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışdır. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilmiş, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı onun Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12435/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bundan əlavə, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinin özgəninkiləşdirilməsi ilə bağlı qeydiyyat aparılmasından cavabdehin çəkinməsi tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərdən cavabdehin çəkinməsi” kimi qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1923/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda cavabdehin ona məxsus mənzildə yaşaması onun və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozur. Cavabdeh onu və ailə üzvlərini ona məxsus mənzilə buraxmır. “X3” MMC tərəfindən verilmiş qiymətləndirici rəyə əsasən ünvan 1 ünvanında yerləşən 387 saylı mənzilin hazırkı dövrə olan aylıq kirayə dəyəri 300 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1805/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti, apelyasiya baxışı zamanı isə apelyasiya şikayətinə əlavə verərək, cavabdehə 12000 manat məbləğində kompensasiya verilməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə əlavədə göstərmişdir ki, “X.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarından aydın olur ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra mülkiyyət hüququnu əldə etmiş şəxslə həmin mənzildə yaşayan şəxslər arasında yeni münasibətlər yaranır, yəni onların arasındakı hüquq və vəzifələrin həcmi dəyişir, həmin münasibətlərdən irəli gələn mübahisələrdə isə tətbiq edilən norma mənzilə istifadə hüququnun yarandığı vaxt yox, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxt qüvvədə olan norma olmalıdır. Hazırda isə mübahisəli mənzil onun adına xx.xx.2019cu il tarixdə qeydə alınmış və qeydəalmadan sonra onunla cavabdeh arasında yeni mənzil münasibətləri yaranmışdır ki, bu münasibətlər də artıq qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir. Onunla cavabdeh arasında nikah bağlanmamış, sonuncu onun ailə üzvü olmamışdır. Cavabdehin mənzildən onunla bərabər istifadə hüququ qalmamış və sonuncu mənzildən hər hansı kompensasiya verilmədən çıxarılmalıdır, lakin o, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərarına uyğun olaraq, cavabdehə 9000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış, hazırda isə kompensasiya məbləğinin mübahisəli olmaqla hazırki mübahisənin uzanmasına gətirib çıxaracağını nəzərə alaraq, mübahisəyə daha tez son qoymaq məqsədi ilə cavabdehə 12000 manat kompensasiya təklif edir və hesab edir ki, bu məbləğ ağlabatandır. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini və əlavəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, mübahisəyə daha tez son qoymaq məqsədi ilə cavabdehə 12000 manat kompensasiya təklif edirlər və hesab edirlər ki, yetəri qədər ağlabatan məbləğdir. Kollegiya iclasında cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Təklif edilən kompensasiya məbləği ilə razı olmayaraq, mübahisəli evin iddiaçı ilə qeyri-rəsmi nikah münasibətlərində olduğu müddətdə aldıqlarını qeyd etdi. Təklif edilən kompensasiya məbləğinin 50000 manat müəyyən edilməsinə razı olduğunu bildirdi, belə ki, mübahisəli mənzilin satış qiyməti təxminən 100000 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona əlavənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki, 49 saylı evin 387 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3012 nömrəli reyestr kitabının 281263 nömrəli vərəqində qeydiyyata alınmışdır. Vİ-JQ seriyalı 292862 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx xxxxxxxx 1992-ci il tarixdə bağlanmış və nikah 780 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli “Asan 5” xidmət mərəkəzi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki, 49 saylı evin 387 saylı mənzilində X1 qeydiyyatdadır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1923/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12435/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1240/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12435/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı mülkiyyətçi kimi hüquqdan istifadə edərək, Cavabdeh mənzildə yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb edə bilməsi hüququ izah olunmuşdur. İşdə olan “X3” MMC-nin xx.xx.2020-ci il tarixli 013/20 saylı qiymətləndirici rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 387 saylı mənzilin hazırkı dövrə olan aylıq kirayə dəyəri 300 manat təşkil edir. İddiaçı iddia tələbində 9000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə mülkiyyətçi (iddiaçı) cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edirsə ona bazar qiyməti ilə müvafiq kompensasiya verməlidir. İddiaçı təklif etdiyi 9000 manat kompensasiyanın bazar qiymətinə uyğun olubolmaması barədə sübutlar təqdim etməmişdir. Birinici instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edən Kollegiya qeyd edir ki, əvvəla iddiaçı kompensasiyanın məbləği ilə bağlı sübut təqdim etmişdir, digər tərəfdən isə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub-olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edilə bilər. Məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmamış, formal əsasla iddianı rədd etmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər 2006-cı ildə rəsmi nikah bağlamadan faktiki ər-arvad münasibətlərinə girərək, təxminən 2008-ci ildən mübahisəli mənzildə birgə yaşamış, həmin münasibətlərdən onların uşaqları olmamış, cavabdeh xx.xx.2009-cu ildə mübahisəli mənzilə qeydiyyata düşmüş, 2018-ci ildə onların münasibətləri pozulmuş, xx.xx.2019-cu il tarixdə mənzil iddiaçının adına qeydə alınmışdır. İddiaçı əvvəlcə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə iddia qaldırmış, lakin iddiası uğursuz olmuş, sonra hazırki iddianı qaldıraraq, əvvəlcə cavabdehə 9000 manat kompensasiya təklif etmiş, apelyasiya baxışı zamanı isə kompensasiya məbləğini 12000 manata qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, «kompensasiya» dedikdə, mənzildən istifadə hüququ olan şəxsə verilməli olan kompensisiya məbləğinin ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mübahisəli mənzilin yerləşdiyi ərazidə (8-ci km. Bazarı, «İnci» şadlıq sarayının yanı) oxşar (1 otaqlı təmirli) mənzillərin aylıq kirayə haqqının təxminən 300 manat olması işdə olan qiymətləndirmə rəyi ilə bərabər, eyni zamanda müxtəlif internet resurslarında («Bina.az», «Əmlak.az», «Arenda.az» və s.) yerləşdirilmiş kirayə elanları ilə də təsdiq olunur. Belə olan təqdirdə təklif olunan 12000 manat kompensasiya məbləği cavabdehə aylıq kirayə haqqı 300 manat olmaqla, davamlı surətdə, yəni 3 il 4 ay müddətində oxşar mənzildə yaşamaq imkanı verir. Kollegiya hesab edir ki, təklif olunan 12000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Cavabdehin dəlilləri ilə razılaşmayan Kollegiya qeyd edir ki, onun tələb etdiyi 50000 manat əslində istifadə hüququnun xitamı üçün nəzərdə tutulan kompensasiya məbləğini yox, mübahisəli mənzilin bölünməsini ehtiva edir ki, bu da qanunla yolverilməzdir, yəni cavabdehin belə bir tələb hüququ yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, 12000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməli və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 1805/2020 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən 12000 manat kompensasiya verilməklə Cavabdeh ünvan 1, 387 saylı mənzilə dair istifadə hüququna xitam verilsin və Cavabdeh həmin mənzildən çıxarılsın, mənzil iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar