Məhkəmə qərarları › İş №2(103)-138/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-138/2024

23.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-138/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: miras əmlaka məcburi payın vəsiyyətnamə üzrə vərəsənin paya əlavə edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka məcburi payın payına əlavə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2776/2022 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının mərhum anası Rakiya Alimova xx.xx.1996-cı il tarixli vəziyyətnamə ilə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilini oğlu İddiaçı vəsiyyət etmişdir.

2. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X1 məxsus əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində V-15 nömrə ilə qeyd edilmiş vərəsəlik işi açılmış, xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən əmlakın 7/10 hissəsinə İddiaçı, mirasda məcburi payları olan X6 və X2 hər birinə 1/10 hissəsinə hüququ tanınmış, miras əmlakın 1/10 hissəsi mirasda məcburi payı olan X5 adına açıq saxlanılmışdır.

3. Miras əmlakda qeydiyyatda olmuş X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. X10 həyat yoldaşı Maraqlı şəxs vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı 9 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı В-179/2022 №li vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzildən mərhum X7 məxsus olan 1/10 hissədən ibarətdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X5 adına açıq saxlanılmış 1/10 hissədə payın İddiaçı vərəsəlik payına əlavə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası Rakiya Alimova xx.xx.1996-cı il tarixdə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilini oğlu İddiaçı vəsiyyət etmişdir. X3 01 iyul 2002-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016- cı il tarixdə Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən V-15 nomrəli vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə notarial orqan tərəfindən xx.xx.2016-cı il tarixli 2V-42 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilərək qeyd olunan miras əmlakın 9/10 hissəsi vərəsələrə verilmişdir, miras əmlakın 1/10 hissəsini məcburi payda hüququ olan digər vərəsə (iddiaçının qardaşı) Boris Alimovun adına açıq saxlamışdır. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Boris Alimovun vərəsələrinə aid edilən qanunla nəzərdə tutulan müddətlər bitdikdən sonra İddiaçı notariat ofisinə müraciə edərək Boris Alimovun adına açıq saxlanılmış 1/10 hissənin də ona verilməsini xahiş etmişdir. 38 saylı xususi notariat ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Alimov Boris miras əmlakı faktiki qəbul etdiyindən həmin 1/10 hissəyə vərəsəlik şəhadətnaməsinin İddiaçı verilməsi mümkün deyildir. Notarial kontorun qeyd etdikləri ilə razı deyil. Notarial Kontor tətbiq edilməli hüquq normasını tətbiq etməmişdir, əksinə tətbiq edilməməli hüquq normasına istinad etmişdir. Notarius “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə istinad edərək hesab etmişdir ki, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər... Beləliklə, müəyyən olunur ki, iddiaçının anası Alimova Rakiyanın xx.xx.2002-ci il tarixdə vəfatından sonra, və ümumiyyətlə öz vəfatı anına qədər (xx.xx.2021-ci il tarixə qədər) X8 anasından miras qalmış əmlakda məcburi payının ona verilməsi üçün müraciət etməmişdir. Notarial orqan, əsas qanunu kənara qoyaraq, Təlimata əsasən Boris Alimovun həmin ünvanda qeydiyyatda olmasını nəzərə alaraq onun da miras əmlakda məcburi payını tanımışdır, həmin hissəni açıq saxlamışdır. Lakin, Boris Alimovun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə onun heç bir vərəsəsi həmin payın irsi transmissiya qaydasında da keçirilməsini tələb etməmişlər. Beləliklə, 7/10 paya sahib olan İddiaçı mülkiyyətində olan əmlak üzərində tam hüquqlarını həyata keçirə bilmir, əmlak üzərində açıq qalmış 1/10 hissəyə görə sərəncam verə bilmir. Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən, açıq saxlanılmış həmin pay vəsiyyətnamədə qeyd olunan vərəsələrə (yəni İddiaçı) verilməlidir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2776/2022 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X5 adına açıq saxlanılmış 1/10 hissədə payın İddiaçı payına əlavə edilməsi və həmin hissədə paya vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 xx.xx.2002-ci il tarixdə Yesenovsk şəhərində ölmüşdür. xx.xx.1996-cı il tarixdə sonuncu ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzili oğlu (iddiaçı) İddiaçı vəsiyyətnamə ilə vəsiyyət etmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən V-15 nömrəli vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə notarial orqan tərəfindən xx.xx.2016-cı il tarixli 2V-42 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilərək qeyd olunan miras əmlakın 7/10 hissəsi İddiaçı verilmişdir, miras əmlakın 1/10 hissəsini məcburi payda hüququ olan iddiaçının qardaşı Boris Alimovun adına açıq saxlamışdır. 38 saylı xüsusi notariat ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Alimov Boris miras əmlakı faktiki qəbul etdiyindən həmin 1/10 hissəyə vərəsəlik şəhadətnaməsinin İddiaçı verilməsi mümkün deyildir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının anası Alimova Rakiyanın xx.xx.2002-ci il tarixdə vəfatından sonra, habelə öz vəfatı anına qədər (xx.xx.2021-ci il tarixə qədər) X8 anasından miras qalmış əmlakda məcburi payının ona verilməsi üçün müraciət etməmişdir. Notarial orqan, əsas qanunu kənara qoyaraq, Təlimata əsasən Boris Alimovun həmin ünvanda qeydiyyatda olmasını nəzərə alaraq onun da miras əmlakda məcburi payını tanımışdır, həmin hissəni açıq saxlamışdır. Lakin, Boris Alimovun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə onun heç bir vərəsəsi həmin payın irsi transmissiya qaydasında da keçirilməsini tələb etməmişlər.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı anası Rakiya Alimovanın vəsiyyətnamə üzrə vərəsəsi kimi bəhs edilən daşınmaz əmlakla bağlı qanuna uyğun şəkildə notariusa müraciət etmiş, lakin vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə ölmüş qardaşı Boris Semyonoviçin məcburi pay hüququ ilə əlaqədar ona 1/10 hissədə pay ayrılmış və həmin hissədə cavabdeh tərəfindən iddiaçının pay haqqının tanınmasından imtina edilmişdir. MM-nin 1202.2-ci, 1262-ci, 1273-1-ci maddələrinin təhlilindən göründüyü kimi hazırki mübahisəli halla bağlı olan daşınmaz əmlakla bağlı hüquqlar vəsiyyətnamə ilə bütünlüklə iddiaçının xeyrinə bölüşdürülmüş, habelə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməsi işin faktiki halları ilə müəyyən olunmur, bunun əksinə məcburi pay haqqı müəyyən edilmiş vərəsə Boris Semyonoviçin öldüyü, habelə sonuncunun məcburi payı tələb edəcək vərəsəsinin olmadığı işin halları ilə aşkar görünür. Belə ki, iddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi açıq qalmış 1/10 hissəyə şəhadətnamə ala bilməsə də, həmin əmlaka faktiki sahiblik etməsi və yuxarıda qeyd olunan hallar məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunur. Beləliklə, həmin əmlaka hazırda iddiaçı tərəfindən faktiki sahiblik edilir, o cümlədən əmlaka dair (1/10 hissəsinə) hər hansı bir şəxsin məcburi payı tələb etmək hüququ mövcud deyil, iddiaçının hazırda vəsiyyətnamə üzrə yeganə vərəsə olması işin mübahisəsiz halları ilə müəyyən olunur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.2, 1194, 1202.2, 1246, 1248, 1255, 1262, 1263, 1273-1, 1324-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96, 99-cu bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 220.5-ci maddələrinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəliklə bağlı konstitusion hüquq norması qeyd edir ki, dövlət vərəsəlik hüququna təminat verir. Birinci instansiya məhkəməsi 1/10 paya malik olan X10 vərəsələrinin mövcud olub-olmadığını araşdırmamışdır. Halbuki, X10 həyat yoldaşı Maraqlı şəxs vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı 9 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı В-179/2022 №li vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmənin Boris Alimovun vəfatından sonra onun heç bir vərəsəsinin həmin payın irsi transmissiya qaydasında keçirilməsini tələb etməmələri barədə gəldiyi qənaət həqiqəti əks etdirmir. 9 saylı notariat ofisinin В-179/2022 №li vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi: arvadı Maraqlı şəxs olmaqla o, miras əmlakdan tam hissədə pay almalıdır. Lakin birinci instansiya məhkəməsi analarından miras qalan əmlakdan 7/10 hissədə paya sahib olan İddiaçı faktiki olaraq miras əmlakdan məcburi payı qəbul etmiş və qərəzli münasibətdə olduğu mərhum qardaşı Boris Alimovun vərəsələri olduğu halda payına yiyələnmək istəməsi barədə əsassız olan iddiasını təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

17. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, hazırki işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Qərarının hazırki mübahisəyə də tətbiq edilməli olması ilə bağlı mövqe ilə razı deyil. Bundan başqa, miras əmlak artıq mövcud deyil və yerində başqa ev inşa edilmişdir.

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiya Maddə 29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

21. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı: - Vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. - Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. - Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır. - Məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir. - Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır; - Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir; - Mülki Məcəllənin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir; - Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

26. Belə ki, işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193, 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1255, 1202.2-ci maddələri, habelə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin birinici və yeddinci bəndlərinin əlaqəli şərh edilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır.

27. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən müəyyən edilmişdir ki, “ ... qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır... ... Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.

28. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.

29. Belə olan halda X5 miras əmlakdan 1/10 hissədə məcburi payı onun mülkiyyəti sayıldığından və vəfatından sonra arvadı Maraqlı şəxs tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əldə edildiyindən, habelə yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı hazırki mübahisəyə də şamil edildiyindən iddia tələbi təmin edilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2776/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka məcburi payın payına əlavə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Maraqlı şəxs ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar