Məhkəmə qərarları › İş №2(103)-1381/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1381/2023

20.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1381/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “sərəncamın qüvvədən düşmüş hesab edilməsi, həmin sərəncam əsasında kompensasiya tələb edilməsinin əsassız olması” barədə iddia tələbinə dair mülki iş üzrə Qərardadı (Açar sözlər: “sərəncamın qüvvədən düşmüş hesab edilməsi, həmin sərəncam əsasında kompensasiya tələb edilməsinin əsassız olması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Maraqlarına toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bundan sonra, Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 08 oktyabr 2018-cı il tarixli qərardadı ilə "xxxx" MTK mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “sərəncamın qüvvədən düşmüş hesab edilməsi, həmin sərəncam əsasında kompensasiya tələb edilməsinin əsassız olması və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir (1-ci cild, i/v 125).

3. Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır (1-ci cild, i/v 138).

4. Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı və Cavabdeh1 qarşı “qeyriyaşayış sahəsinin sökülərək ərazinin boşaldılması hissədə” iddia tələbi ayrıca icraata ayrılmışdır (1-ci cild, i/v 148).

5. Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “sərəncamın qüvvədən düşmüş hesab edilməsi, həmin sərəncam əsasında kompensasiya tələb edilməsinin əsassız olması” barədə iddia tələbinə baxılaraq iddianın təmin edilməsi, “İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamın qüvvədən düşmüş hesab edilməsi, İddiaçı tərəfindən Cavabdeh2 Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamına istinad edərək "xxxx" MTK-dan torpağa görə kompensasiya tələb edilməsinin əsassız hesab edilməsi qərara alınmışdır.

6. Həmin qətnamədən maraqlarına toxunan şəxs X2 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətində rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyini bildirmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs G.Hacıyevanın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və qeyd etdi ki, rayon məhkəməsi prosessual qanunvericiliyə zidd olaraq hazırkı iddia tələbinə baxmışdır, belə ki, hazırkı mübahisə ümumi məhkəmədə yox, inzibati məhkəmədə baxılmalı idi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir.

12. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Belə olan halda məlum olur ki, hazırkı mübahisə, yəni iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “sərəncamın qüvvədən düşmüş hesab edilməsi, həmin sərəncam əsasında kompensasiya tələb edilməsinin əsassız olması” barədə iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin təsiri altına düşdüyündən, inzibati məhkəmədə baxılmalıdır.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə - hazırkı halda mülki mühakimə icraatında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

15. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, G.Hacıyevanın apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

18. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

19. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Maraqlarına toxunan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırkı tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar