Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1388/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Arif İbrahimovun və Cəmil Əfəndiyevin, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxx” MMM-nin Cavabdeh qarşı “xidmət müqaviləsinin imzalanması, yığılmış xidmət haqqı borcunun və cərimənin ödənilməsi” tələbinə dair 2(006)-2977/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMM Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə sahiblik və istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanı ilə Ə.Quliyev küçəsi 130 A) ünvanda yerləşən 16 saylı mənzilə dair MMM-in təqdim etdiyi 01.04.2017-ci il tarixli kommunal xidmət müqaviləsinin imzalanması öhdəliyinin qoyulması, cavabdehdən MMM-in xeyrinə 8696,49 manat xidmət haqqı borcu, ödənilmiş 30 manat dövlət rüsumu, indiyə kimi borc vəsaitinin bilərəkdən ödənilməməsi nəticəsində dəymiş 600 manat cərimə olmaqla, cəmi 9326,49 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMM-ə qarşı «mənzilə sahiblik və istifadə hüququna dair yaradılmış maneələrin aradan qaldırılması, mənzildə təmir işləri aparılması üçün maneə yaradılmasının qadağan olunması, liftdən istifadəyə şərait yaradılması, elektrik, su, qazın verilməsinin bərpa olunması vəzifəsinin üzərinə qoyulması» tələbinə dair iddia qaldırmış, MMM tərəfindən iddia üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli 2(006)- 2821/2018 saylı qərardadı ilə MMM-in qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, ərizə geri qaytarılmış, hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.06.2018-ci il tarixli 2(103)-7397/2018 saylı qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli, 2(006)-2821/2018 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri, Ə.Quliyev küçəsi 334-cü məhəllədə cavabdehində mənzili olan bina «xxxx» MTK tərəfindən inşa edildikdən sonra sakinlər tərəfindən məskunlaşmağa başlanmışdır. 2014-cü ildən bina daxili imkanlar hesabına saxlanmış, daha sonra isə “xxxx” MMM ilə imzalanan müqaviləyə əsasən idarəçiliyə verilmişdir və kommunal xidmətlər göstərilmişdir. Cavabdehin mənzilinə kommunal xidmətlər dövrü iyun 2015-ci il tarixdən başlanmışdır. «xxxx» MTK ilə cavabdeh arasında imzalanan 15.09.2011-ci il tarixli müqavilənin 3.2-ci bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, payçıya ayrılan mənzilin və binanın ümumi istifadəsindən onun hissəsinə düşən xərcləri vaxtı-vaxtında, ilk dəfə 12 ay qabaqcadan ödəyəcək və xidmət müqaviləsi imzalayacaqdır. «xxxx» MTK qanuni əsasla uzun müddətdir ki, “xxxx” MMM ilə müqavilə imzalayaraq mənzil-kommunal xidmətlərini ona tapşırmışdır. Böyük bir təsərrüfat olan bu işlər uzun müddətdən bəri yüksək keyfiyyətlə və uyğun qiymətlərlə həyata keçirilmişdir. “xxxx” MMM-in sakinlərə təqdim etdiyi tariflərə bina üzrə real xərclərin aylar və ya illər üzrə cəm halda hesablanması və ümumi xərclərin binanın ümumi kvadratına bölünərək hər bir kvadrat metr üçün əmsal çıxarılması, daha sonra isə həmin əmsalın sakinlərin istifadəsində olan ümumi sahəyə vurulması yolu ilə icra edilmişdir. Sakinlərlə MMM arasında imzalanan fərdi müqavilələr ilə xidmətlər göstərilmiş və xidmət haqları yığılmışdır. Bəzi sakinlər tərəfindən xidmət haqları ödənilmədiyindən onlara qarşı məhkəmə mübahisəsi açılmışdır. İlk iddia ərizəsi verilən zaman cavabdeh aralarında müqavilənin olmamasına istinad etmişdir. 01.04.2017-ci il tarixli müqavilə poçt vasitəsi ilə cavabdehə göndərilmişdir və tərəfindən qəbul edilmişdir. Cavabdeh uzun müddətdir ki, Bakı şəhəri Ə.Quliyev küçəsi 334-cü məhəllədə ümumi sahəsi 216,6 kv.m olan mənzilə sahiblik edir. Onun mənzildən istifadə etməməsi ümumi xərclər üzrə ödənişləri icra etməməsinə haqq qazandırmır. Mövcud qanunvericiliyə əsasən çoxmənzilli binada yaşayan və ya yaşamasa da mənzili olan şəxslər birmənalı olaraq binanın saxlanması və s. xərcləri ödəməlidirlər. Hazırda cavabdehin «xxxx» MMM-ə 16 saylı mənzil üzrə 8.696,46 manat borcu yaranmışdır. Həmçinin, hazırda cavabdeh MMM-nin kommunal xidmətlərindən istifadə edir – lift ilə qalxıb düşür, onun materialı lift ilə qaldırılır, mənzilinə verilən su nasosları MMM tərəfindən ödənilən elektrik enerjisinin hesabına işləyir, mənzil mühafizə edilir, torpağın icarə haqqı ödənilir, dövriyyədən şirkət üzrə hesablanan vergilər və digər ödənişlər yerinə yetirilir. Göründüyü kimi, cavabdeh xidmətdən istifadə edərək onunla müqavilə münasibətlərini etiraf edir və aralarında müqavilə münasibətləri olduğu kimi davranır. Sadəcə xidmət haqqını ödəmək istəmir. Əgər tərəflər müqavilə münasibətlərinə uyğun davranırlarsa, onun şərtlərinə vicdanlılıqla əməl edib, öhdəliklərini yerinə yetirməlidirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(006)-2977/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları sadalanaraq göstərilmişdir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir, lakin Bakı şəhəri, ünvan 1 ünvanı ilə Ə.Quliyev küçəsi 130 A) ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası hazırda istismara verilməmişdir, digər tərəfdən mənzil sahibləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsini arzulamamış, bu baxımdan da onlar müvafiq dövlət qurumlarında qeydiyyatdan keçməmişdir. Kommunal xidmət haqlarının artırılması mənzil sahiblərinin razılıqları olmadan MMM tərəfindən birtərəfli qaydada qaldırılmasına əsasən həyata keçirilmişdir.Tarif Şurasının 22.12.2016-cı il tarixli qərarına əsasən qiymətlər artırıldıqdan sonra hər bir mənzil sahibinə ətraflı məlumat verilmişdir. Bu məsələ ilə bağlı hər hansı bir mübahisə yaranmamışdır. MMM tərəfindən iddia müddət ötürülməmişdir. Cavabdeh MMM qarşı iddia qaldırdığı zaman MMM hazırki iddia tələbi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin ərizə 16.04.2018-ci il tarixdə qeydə alınmış, lakin həmin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə Kollegiyasının 03.02.2020-ci il tarixli iclasında «xxxx» Mənzil Tikinti Kooperativi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli, 2(103)-970/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(102)-3730/20 nömrəli qərarı ilə “xxxx” MMM-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-970/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər və izahatlarında bildirdilər ki, qeyd edilən yaşayış binasının sahə mülkiyyətçilərinin iştirakını təmin etmək çətin olduğu üçün kommunal xidmət haqqlarının miqdarının təsdiq edilməsinə dair ümumi yığıncağın keçirilməsi mümkün olmamış və bu səbəbdən belə bir qərarı təqdim edə bilmirlər. Tərəflər 10.10.2019-cu il tarixdə mənzil-kommunal xidməti haqqında müqavilə imzalamışlar. Cavabdehin təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, "xxxx” MMM hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi, iddiaçının istinad etdiyi müqavilələr üzrə cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüququnun olmaması nəticəsinə gələrkən mövqeyini belə əsaslandırmışdır ki, adları çəkilən hüquqi şəxslər arasında bağlanmış müqavilə binanın sakinləri üçün hüquqi qüvvəyə malik deyil. Çünki, Cavabdeh həmin müavilənin tərəfi olmayıb, onunla «xxxx» MMM arasında isə müqavilə bağlanmamışdır. Bundan əlavə, «xxxx» MTK-nın «xxxx» MMM ilə 06.02.2015-ci il tarixli müqaviləni bağlamağa səlahiyyətli olması üçün kooperativin ali orqanı olan Ümumi Yığıncağın 05.02.2015-ci il tarixli qərarı olmalıydı ki, həmin qərar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda binanı idarə etmə üsulunu seçmək binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. İş üzrə iddiaçı, ərizəsində tələblərinin əsası kimi həm müqaviləyə, həm də qanundan irəli gələn öhdəliklərə istinad edir. Belə olan halda, iddia tələblərinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan "iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Belə ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə, tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verməlidir. Belə olan halda, «xxxx» MMM-in tələbinə Mülki Məcəllənin 1087-ci və digər aidiyyəti maddələri çərçivəsində hüquqi qiymət verilmədən rədd edilməsi əsaslı yanaşma hesab edilə bilməz. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə «xxxx» MTK arasında bağlanmış 15.09.2011-ci il tarixli müqaviləyə əsasən, «xxxx» MTK, Bakı şəhəri, Ə.Quliyev küçəsi 334-cü məhəllədə yaşayış binasının tikintisi başa çatdıdan sonra həmin binanın 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 216,6 kv.m. təşkil edən, 5 otaqlı, 16 saylı mənzili, həmçinin qarajı payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən, Cavabdeh, tikintisi başa çatdıqdan sonra tikiləcək bina Kooperativin balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin (ilk dəfə 12 ay qabacadan) vaxtı-vaxtında ödənilməsini, öz payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisə ilə müqavilə bağlamağı öz öhdəsinə götürmüşdür. «xxxx» MTK ilə «xxxx» MMM arasında bağlanmış 06.02.2015-ci il tarixli «yaşayış binasının idarəetmə və istismarının tapşırılması haqqında» müqavilə ilə ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının idarəetmə və istismarı İddiaçı MMM-ə tapşırılmışdır. Həmin ildən etibarən sözügedən binada bu işlər İddiaçı MMM tərəfindən aparılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Məcəllənin 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Mənzil Məcəlləsinin 137.1-ci və 137.6-cı maddələrinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Mənzil Məcəlləsinin 137.8-137.10-cu maddələrinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 141.1-141.6-cı maddələrinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Mülki hüquq münasibətlərində bir şəxsin tələb hüququ qarşı tərəfin müvafiq öhdəliyini ehtiva edir. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür (Mülki Məcəllənin 385.1-ci maddəsi). Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda sadalanmış və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının pul tələbinin (buna müvafiq olaraq cavabdehin pul ödəmək öhdəliyinin) müqavilədən və ya qanundan irəli gəldiyi aydınlaşdırılmalıdır. İddiaçı təşkilat, Cavabdeh «xxxx» MTK ilə bağlanmış 15.09.2011-ci il tarixli müqavilə əsasında binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə xidmət xərclərini payına uyğun olaraq vaxtında ödəmək öhdəliyini üzərinə götürdüyünü, «xxxx» MTK ilə «xxxx» MMM arasında bağlanmış 06.02.2015-ci il tarixli müqavilə əsasında sözügedən binada idarəetmə və istismar işlərinin ona həvalə edildiyini bildirir. İddiaçı ona da istinad edir ki, 2015-ci ildən etibarən sözügedən xidmətləri faktiki olaraq göstərmiş və binanın digər sakinləri kimi cavabdeh bu xidmətlərdən yararlanmışdır. İddiaçı, eyni zamanda bina sakininin mənzildə yaşamasından asılı olmayaraq binanın idarəçiliyi ilə bağlı göstərilmiş xidmətlərin əvəzini ödəmək öhdəliyinə dair Mənzil Məcəlləsinin 135 və digər maddələrinə, habelə qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair normalara istinad etmişdir. Göründüyü kimi, iddiaçı, ərizəsində tələblərinin əsası kimi həm müqaviləyə, həm də qanundan irəli gələn öhdəliklərə istinad edir. Belə olan halda, iddia tələblərinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan "iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Kollegiya bildirir ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, binanı inşa etmiş «xxxx» MTK-nın «xxxx» MMM ilə bağladığı 06.02.2015-cil tarixli müqavilə əsasında binanın idarəçiliyini məhz sonuncu şirkət həyata keçirir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq «xxxx» MMM tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları, bir çoxunun «xxxx» MMM ilə yazılı müqavilə bağlaması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, həm «xxxx» MTK, həm də sahə mülkiyyətçiləri binanın idarəçiliyini «xxxx» MMM-yə tapşırmışlar. Kollegiya onu da bildirir ki, «xxxx» MTK-nın Ümumi Yığıncağının 05.02.2015ci il tarixli qərarının təqdim edilməməsi faktı özü-özlüyündə «xxxx» MMM ilə bağlanmış 06.02.2015-ci il tarixli müqavilənin etibarsız olması nəticəsinə gəlmək üçün kifayətedici əsas deyil. Çünki, bu səlahiyyətin olmamasına görə həmin müqavilənin etibarsız sayılması haqında nəinki «xxxx» MTK tələb irəli sürməmiş, əksinə işdən görünür kimi müqavilə tərəfləri binanın idarəçiliyi ilə bağlı əqddə razılaşdırılmış hərəkətləri faktiki olaraq icra etmişlər və edirlər. Mülki Məcəllənin 358-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Halbuki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində «xxxx» MMM tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. O da nəzərə alınmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir (§20). Məhkəmə kollegiyası tərəflər arasındakı münasibətlərin mülki hüquqi müqaviləyə söykənməsə belə iddiaçının göstərdiyi xidmətlərdən cavabdehin yararlanması, faktiki hərəkətlərlə onları bəyənməsi nəzərə alınmaqla iddiaya qanundan irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verərək hesab edir, subyektiv hüququn olmamasına əsaslanılaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.3-cü maddəsinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44- 47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. İş materiallarından isə iddia ərizəsində tələb olunan müddət üçün cavabdehlə iddiaçı arasında kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya qeyd olunan qərarın qəbul edilməsi müəyyən olunmur, iddiaçı tərəf bununla bağlı sübutlar təqdim etməmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçının təmsilçiləri bildirmişlər ki, qeyd edilən yaşayış binasında kommunal xidmət haqqlarının miqdarının təsdiq edilməsinə dair sahə mülkiyyətçilərinin iştirakı ilə ümumi yığıncağın keçirilməsi mümkün olmadığından bu barədə qərarı təqdim edə bilmirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxx” MMM tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(006)-2977/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” MMM Cavabdeh qarşı cavabdehin üzərinə sahiblik və istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanı ilə Ə.Quliyev küçəsi 130 A) ünvanda yerləşən 16 saylı mənzilə dair MMM-in təqdim etdiyi 01.04.2017-ci il tarixli kommunal xidmət müqaviləsinin imzalanması öhdəliyinin qoyulması, cavabdehdən MMM-in xeyrinə 8696,49 manat xidmət haqqı borcu, ödənilmiş 30 manat dövlət rüsumu, indiyə kimi borc vəsaitinin bilərəkdən ödənilməməsi nəticəsində dəymiş 600 manat cərimə olmaqla, cəmi 9326,49 manat pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1388/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1388/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver