Məhkəmə qərarları › İş №2(103)-1391/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1391/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1391/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: subroqasiya qaydasında pul vəsaitinin tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4362/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə X12 arasında bağlanmış PAG********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “Ford Ranger” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə həmin avtomobil Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən etibarnaməsiz idarə olunarkən Bakı şəhəri, Əmircan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Vaz 21074” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin “Yekun akt”ına əsasən “VAZ 2107” minik markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 1.565 manat (565 manat ehtiyyat hissələri, 1.000 manat təmir xərci) məbləğində müəyyənləşdirilmişdir. PAG********** nömrəli sığorta şəhadətnaməsinə əsasən cavabdeh tərəfindən hadisə nəticəsində zərərçəkmiş şəxs olan X4 xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1.565 manat məbləğində sığorta ödənişi (kompensasiya) ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.565 manat məbləğində sığorta ödənişinin, 35,65 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1.601,05 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki halları göstərilməklə əsaslandırılmışdır.

4. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki tələbin ona qarşı yox, avtomobilin mülkiyyətçisinə qarşı yönəldilməli olmasına istinad edərək, mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4362/2024 nömrəli qərardadı ilə mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4362/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş zərərə görə 1.565 manat məbləğində sığorta ödənişinin, 35,65 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. (hakim X9)

7. Məhkəmənin subroqasiya qaydasında pulun tutulması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “Ford Ranger” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi qəza nəticəsində X8 idarə etdiyi “Vaz 21074” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən “Vaz 21074” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 1.565 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş və tərtib edilmiş qərarla sığorta hadisəsi baş verərkən cavabdehin təqsiri müəyyən edilmişdir. Hadisə nəticəsində cavabdeh zərər çəkmiş şəxsin avtomobilinə ziyan vurduğuna görə iddiaçının sonuncuya qarşı suboqrasiya hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir.

8. Məhkəmə iddia tələbinin ödənilmiş 35,65 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 936-cı, 1097-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.4-cü, 63.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini sığorta münasibətlərini tənzimləyən bir sıra qanunvericilik aktlarına istinad etməklə onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi onun mülkiyyətində olmamış, yalnız hadisə baş verən gün onun tərəfindən idarə edilmişdir. Buna əsasən inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bu barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan pul məbləğinin avtomobilin mülkiyyətçisindən tutulmasını xahiş etməsinə baxmayaraq, qətnamədə bu məsələyə dair hər hansı bir münasibət bildirilməmiş və heç bir araşdırma aparılmamışdır. Bundan başqa, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsinə zidd şəkildə çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxsə əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Nəticə etibarilə, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Hazırkı halda sığorta şirkətinin ondan ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. Digər tərəfdən, qanunvericiliyin tələblərinə zidd olaraq, real zərərin dəyəri yox, uydurma bir rəqəm tələb edilmişdir. Məhkəmə isə həmin rəqəmi araşdırmadan və onun doğruluğunu yoxlamadan, qətnaməni sığorta şirkətinin xeyrinə qəbul etmişdir. Məhkəmə sübut kimi yalnız iddiaçı tərəfin təqdim etdiyi sığorta aktına əsaslanmış və həmin sənəddəki məlumatların doğruluğunu araşdırmamışdır. Nəticədə, məhkəmə tərəfindən ədalətli və obyektiv bir qətnamə çıxarılmaq əvəzinə, yalnız tərəflərdən birinin mənafeyinə xidmət edən bir qətnamə qəbul edilmişdir. Bu, məhkəmənin hüquqi tələb və prosedurlara riayət etməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə əlaqədardır. Bununla belə, ona məhkəmədən əvvəl iddiaçı tərəfindən hazırki tələblə bağlı heç bir pretenziya məktubu göndərilməmişdir. İddiaçı sığorta şirkət tərəfindən iddia ərizəsində pretenziya göndərildiyi göstərilsə də, həmin pretenziyanın çatdırılmasını təsdiq edən sənəd təqdim edilməmiş, məhkəmə isə bu hala münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və işin hallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 1ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

23. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan və bu sahəni tənzimləyən aidiyyəti müddəalarına istinad edərək ilk növbədə qeyd edir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə subroqasiya hüququ sığorta şirkətinə sığortalıya (sığorta olunana), o cümlədən sığortalı avtomobili idarə edən sürücüyə qarşı ödədiyi sığorta ödənişi həddində pulu geriyə tələb etmək hüququ verir. Subroqasiya qaydasında geriyə tələb hüququnun əsasları icbari sığorta qanunvericiliyində dəqiq müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, “Ford Ranger” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olması, baş vermiş hadisədə cavabdehin təqsirli olması, sığorta hadisəsi nəticəsində “Vaz 21074” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 1.565 manat məbləğində sığorta ödənişinin edilməsi işin mübahisə edilməyən hallarını təşkil edir.

25. Hazırda iddiaçı “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə istinadən sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili etibarnaməsi (idarə etmək hüququ) olmadan idarə etdiyini, bu halın da subroqasiya hüququnun yaranma əsaslarından biri kimi müəyyən edildiyini iddia edir. Bu səbəbdən də sığorta hadisəsi nəticəsində ödənilmiş 1.565 manatın cavabdehdən tutulmasını tələb edir.

26. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin “Ford Ranger” minik markalı, ** SM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında idarə etmişdir.

27. Məhkəmə kollegiyası vurğulayır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “Hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.

28. Bununla belə, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur.

29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.

30. Hazırki halda isə cavabdehin sözügedən avtomobili onun mülkiyyətçisinin razılığı olmadan və ya onun iradə ifadəsinə zidd şəkildə idarə etməsi müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

31. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun.

32. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır.

33. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

34. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür.

35. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir.

36. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır.

37. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə əsasən nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Bu baxımdan cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır.

38. Məhkəmə kollegiyası iddia ərizəsində “İcbari Sığortalar haqqında” AR qanununun 63-cü maddəsinə istinad edildiyini nəzərə alaraq qeyd edir ki, əvvəla, iddiaçı tələbində yalnız həmin maddəyə istinadla kifayətlənmiş və həmin halın əsaslarını göstərə bilməmişdir. Bununla yanaşı iş materiallarında cavabdehin hadisə yerindən yayınmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Belə ki, cavabdehin inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməsi barədə qərarda da onun hadisə yerindən yayınması müəyyən edilmir. Başqa sözlə, əgər cavabdeh hadisə yerindən yayınmış olsa idi, onun barəsində həm də İXM-nin 327.6-cı maddəsinə əsasən də inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilməli idi. Bundan başqa, polis orqanında verilmiş izahatlarla da cavabdehin hadisə baş verdikdən sonra hadisə yerini tərk etdiyi sübut olunmur. İddiaçı tərəf özü də bu mövqedən çıxış etmir.

39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

40. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 1.565 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4362/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar