Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13959/2019 13.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə iddiaçı Departamentin nümayəndəsi X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Departament, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 90 saylı otağına dair cavabdehə verilmiş xx.xx.2004-cü il tarixli, 0233 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Departamentə müraciət etmiş cavabdeh yataqxana binasının 90 saylı otağına dair adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 90 saylı otaqda 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X8 və ailəsi məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən cavabdeh 90 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodunun xx.xx.2004-cü il tarixli, 0233 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə həmin otaq onun istifadəsinə verilmişdir. Hal-hazırda cavabdeh başqa ünvanda – Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadad Məlik-Aslanov küçəsi, döngə 10, ev 71 ünvanında qeydiyyatda olmaqla yaşayır. Müəyyən edilir ki, məcburi köçkün yaşadığı boş olmayan yataqxana otağına guya order verilmişdir. Qeyd edilən order isə “Radioquraşdırma” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin qeyd edilən orderin verilməsinə əsas verən adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Odur ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra – MMC) müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd edilən 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 90 saylı otağa dair cavabdehə verilmiş orderin hüquqi əsası olmamışdır. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddətinin keçməsi səbəbi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı “Radioquraşdırma” İB-nin Həmkarlar İttifaqı Komitəsinin X4 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışına əsasən Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. Həmin Protokola əsasən yataqxanalarda fəhlə və qulluqçular yaşayan mənzillərə yeni nömrələrin verilməsi ilə əlaqədar zavod müdiriyyəti, HİK-nə və MMK-nə göstəriş vermişdir ki, yeni mənzil nömrələri əsasında order verilsin və yeni mənzil nömrəsi əsasında pasport qeydiyyatına salınsınlar. Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışına əsasən Birliyin xx.xx.2004-cü il tarixli, 41 saylı çıxarışını əsas tutaraq Birliyə məxsus Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmayaraq Birliyin order əsasında fəhlə və qulluqçularına verdiyi mənzillər onlara məxsusdur. Birliyə məxsus olan yataqxanada yaşayan məcburi köçkün ailələrinə mənzil verilən vaxt boşalacaq mənzillər qeyri-şərtsiz order verilmiş fəhlə və qulluqçulara verilməlidir. Həmçinin, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-3682/2016 saylı qətnaməsi ilə cavabdeh X3 adına verilmiş orderin etibarlı olması təsdiq edilmiş və BŞİH MKTD-nin səlahiyyətli şəxsinin etiraf ifadəsi öz əksini tapmışdır. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə qüvvədə qalmışdır. X1 müraciətinə baxılaraq müsbət cavab verilmiş, BŞİH MKTD-nin xx.xx.2018-ci il tarixli Sərəncamı əsasında ona DƏDRX tərəfindən Cavanşir küçəsi, ev 4, mənzil 3 ünvanına mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* saylı “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana ilkin olaraq “xxxx” MMC-nin balansında olmuşdur. Yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafıə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verilmiş, bundan sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə iddiaçı tərəfındən balansa qəbul edilmişdir. İddiaçı iddia tələbinin əsaslarından biri kimi qeyd edir ki, guya onun həmin orderlərdən heç bir məlumatı olmamışdır. Halbuki, işin faktiki hallarında da qeyd edildiyi kimi, iddiaçı tərəf cavabdehlər Dilavər Abdullayevin iddiaçı olduğu məhkəmə prosesində iştirak etmiş və orderlərdən məlumatlı olmuşdur. Ona görə də iddiaçı Departamentin bundan məlumatı var idi və indiyə kimi heç bir reaksiya verməməsinin də səbəbi qanunsuz olaraq vətəndaşlara mane olması olmuşdur. İddiaçı Departamentin iddia tələbinin ikinci əsası isə, cavabdehə verilmiş orderin “Radioquraşdırma” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarının olmamasıdır. Bu arqumentlə bağlı qeyd etməyi zəruri hesab edir ki, orderdə müdriyyətin möhürü vardır. Digər əsas kimi, “Radioquraşdırma” Zavodunun xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubuna istinad edilir. Halbuki, məktubun məzmunundan da aydın olur ki, MMC 2007-ci ildən orderlərin verilmədiyini qeyd etmiş, yəni 2007-ci ildən əvvəlki illərə heç bir münasibət bildirməmişdir. 2007-ci ilə kimi isə kifayət qədər order verilmişdir. İşin faktiki hallarından da aydın olur ki, cavabdeh İB-də mənzil növbəsində olmuşdur. Cavabdehə mübahisəli yataqxana otaqlarının verilməsi də, məhz onun mənzil növbəsində olması səbəbi ilə olmuşdur. Belə olan halda məcburi köçkünlər tərəfindən həmin mənzillərin zəbt edilməsi cavabdehin hüququnu pozsa da, dövlət tərəfindən yalnız 2016-cı ildə tədbir görülmüşdür. Ona görə də cavabdehin bununla bağlı hər hansı öhdəliyi yarana bilməz. Həmçinin Nazirlər Kabinetinin Qərarı və Prezidentin Sərəncamı dolayı yolla təsdiq edir ki, məcburi köçkünlər tərəfındən məskunlaşılmış yaşayış məntəqələri onların qanuni sahiblərinə qaytarılmalıdır. Belə olan halda, iddiaçı Departamentin istinad etdiyi kimi, mənzillərdə məskunlaşan məcburi köçkünlərin olması onlara orderlərin verilməsinə mane ola bilməz. Çünki, əvvəlki Mənzil Məcəlləsinin 48-ci maddəsində qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi olduğu halda ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Həmçinin əvvəlki Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci abzasında qeyd edilir ki, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Həmin Məcəllədə konkret olaraq qeyd edilir ki, orderin etibarsızlığı ilə bağlı iddia yalnız orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Lakin iddiaçı 3 il yox, 13 il sonra iddia tələbi qaldırmışdır ki, iddia müddətinin keçməsi ilə bağlı da iddia tələbi rədd edilməlidir. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş üzrə iddiaçı Departamentin nümayəndəsi X7 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İş üzrə üçüncü şəxs olan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi C.Mustafayev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinin və mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxdı və bunu onunla əsaslandırdı ki, yataqxana binası 2014-cü ildə Müdafiə Sənayesi Nazirliyinin balansından çıxarılıb. İş üzrə Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-nin nümayəndəsi və Bakı Şəhəri Maraqlı şəxs3 nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə görə, yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə görə, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Məhkəmə hesab edir ki, cavabdehə sözügedən orderin verilməsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Belə olan halda, iddiaçının order verilərkən cavabdehin müəssisədə işləməməsi ilə bağlı dəlilini əsassız hesab edir. Bundan başqa, Məhkəmə orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab edir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə görə, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmamasına dəlalət etmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Qərarının 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 895 nömrəli sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli sərəncamının 2-ci bəndinə görə, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Bundan başqa, Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına görə, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki Rayon Məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order “xxxx” tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz həmin Zavodudur. MPM-nin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. MPM-nin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-13959/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13959/2019
13.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver