Məhkəmə qərarları › İş №2(103)-140/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-140/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-140/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X7 və X9 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin və digər iddialar üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı1 Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, X13, İddiaçı2, X8 və İddiaçı3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi” barədə ilkin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 İddiaçı1, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı3 İddiaçı1, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbləri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1nə və ”Cavabdeh2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binası ilə 3 saylı yaşayış binaları arasında ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən və Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən ona təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq 500 000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 (şirkət) ilə arasında bağlanmış 18 nömrəli 08.02.2007-ci il tarixli müqaviləyə əsasən şirkət Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binası ilə 3 saylı yaşayış binası arasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi, o isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər 1 kv.metrinə görə 3333 ABŞ dolları olmaqla, ümumilikdə 420 000 ABŞ dolları məbləğində pul vəsaitini həmin şirkətə ödəməyi öhdəsinə götürmüş, müqavilənin şərtlərinə uyğun olaraq ümumi məbləğin 50%-ni, yəni 210 000 ABŞ dollarını müqavilə bağlandığı an, yerdə qalan məbləği isə hissə-hissə olmaqla 204 100 ABŞ dolları məbləğində pul vəsaitini şirkətə ödəmiş, ümumi məbləğdən cəmi 5900 ABŞ dolları borcu qalmışdır. Tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq şirkət öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsi müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verilməmişdir. Halbuki, müqavilənin 3.2-ci bəndinə əsasən şirkət tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayıb qeyri-yaşayış sahəsini ona təhvil verməli idi. Eyni ünvanda, yəni ünvan 1da ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsinə dair digər Cavabdeh2 MMC (MMC) ilə arasında 135 nömrəli 10.10.2007-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə MMC, sözügedən qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi, o isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər 1 kv.metrinə görə 4000 ABŞ dolları olmaqla, ümumilikdə 1 740 000 ABŞ dolları məbləğində pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq ümumi məbləğin 405 000 ABŞ dolları hissəsi müqavilə bağlandığı an, yerdə qalan məbləğ isə hissə-hissə olmaqla 1 237 000 ABŞ dolları tərəfindən MMC-yə ödənilmiş, yalnız 98 000 ABŞ dolları borcu qalmışdır. Beləliklə, tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq, MMC öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verməmişdir. Halbuki, müqavilənin 3.2-ci bəndinə əsasən MMC tikinti-quraşdırma işlərini 12 ay ərzində tamamlayıb qeyri-yaşayış sahəsini ona təhvil verməli idi. Cavabdehlərə məxsus 17 ədəd kassa mədaxil orderindən görünür ki, hər iki müqavilə üzrə tərəfindən cavabdehlərə ümümilikdə 2 056 100 ABŞ dolları məbləğində pul ödənmişdir. Habelə, cavabdehlər müqavilə üzrə öhdəliklərini vaxtında icra etsə idilər, yəni sözügedən qeyri-yaşayış sahələri ona təhvil verilsəydi, qeyri-yaşayış sahələrini icarəyə verməklə adi mülki dövriyyə şəraitində gəlirlər əldə edə bilərdi. Qeyd edilən hallarla bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də yerinə yetirilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı1 sonradan iddia tələbinin dəyişdirilməsi və həcminin azaldılması barədə ərizələr təqdim edərək, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinə dair 14.01.2006-cı il tarixdə X17 ilə, 06.03.2007-ci il tarixdə İddiaçı2 ilə, 13.08.2013-cü il tarixdə X11 ilə və 29.04.2015-ci il tarixdə İddiaçı3 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən qeyri-yaşayış sahəsinin planına uyğun olaraq ona təhvil verilməsi, 204 100 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Xudiyeva X4 Həsən Məmməd oğluna, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1la Cavabdeh2 MMC arasında imzalanmış 10.10.2007-ci il tarixli 135 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 mübahisələndirdiyi 435 kv.metr mağazanın tərkibində onun mağazası da var və onunla Cavabdeh2 MMC arasında 06.03.2007-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı, ünvan 1ın 1-ci mərtəbəsində ümumi sahəsi 125 kv.metr olan mağazanı ona təhvil verməli, o isə mağazaya görə 187 500 manat məbləğində pul ödəməlidir. Cavabdeh2 MMC tərəfindən ona mağazanın dəyərinin tam ödənilməsi barədə kassa mədaxil orderi verilmiş, lakin İddiaçı1 həmin mağazanın ona təhvil verilməsi barədə iddia qaldırmışdır. Belə aydın olur ki, mağaza onun mülkiyyətində ola-ola MMC tərəfindən qanunsuz olaraq İddiaçı1 satılmışdır. Hesab edir ki, İddiaçı1la Cavabdeh2 MMC arasında bağlanmış müqavilə formal olduğu, eləcə də onun mülkiyyət hüquqlarına toxunduğu üçün etibarsız hesab olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı3 İddiaçı1, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1la Cavabdeh2 MMC arasında imzalanmış 10.10.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3iddia tələbini belə əsaslandırmışdır ki,onunla “xxxx” MMC arasında 29.04.2015-ci il tarixli 407 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən ünvan 1ın 1-ci mərtəbəsində ümumi sahəsi 87 kv.metr olan qeyri-yaşayış sahəsi ona təhvil verilmiş, həmin mağazaya görə 174 000 manat məbləğində pul ödəmiş və mülkiyyət hüququ əldə etmişdir; lakin hazırda ona məlum olmuşdur ki, mülkiyyətində olan mağaza İddiaçı1 satılmışdır. Bu hal qanunsuzdur və onun mülkiyyət hüquqlarına toxunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddia tələblərinin rədd, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı2 və İddiaçı3 iddialarının təmin edilməsi, ünvan 1ın ümumi sahəsi 435 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC ilə İddiaçı1 arasında 10 oktyabr 2007-ci il tarixdə bağlanmış 135 saylı müqavilənin etibarsız hesab olunması qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və özünün iddia tələblərinin təmin, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələblərinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, İddiaçı2 istinad etdiyi müqavilənin sonradan əvvəlki tarixlə tərtib edildiyinə dair şübhələr olmasına baxmayaraq ekspertiza təyin etmədiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili)X12 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Cavabdeh2 MMC-nin, İddiaçı2 və X3 nümayəndələri isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmış Cavabdeh1 nümayəndəsi, X17, X11 və İddiaçı3 məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, Cavabdeh2 MMC ilə İddiaçı1 arasında bağlanılan müqavilələri etibarsız saysa da, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etmədən saxlamış, İddiaçı1 iddia tələblərindən bəzilərinə isə faktiki olaraq qiymət verməmişdir; halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunan hallarına görə, Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə Xətai rayonu, F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.05.2004-cü il tarixli sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsində yaşayış binalarının tikintisinin layihələşdirilməsinə “xxxx” Şirkətlər Qrupuna icazə verilmiş, “xxxx” MMC və Cavabdeh2 MMC arasında bağlanmış 01.02.2007-ci il tarixli birgə fəaliyyət barədə müqaviləylə isə bu müqavilənin tərəfləri birgə fəaliyyət göstərərək “xxxx”ə ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilib tikintisini təmin etməkdən ötrü Cavabdeh2 MMC-nin malik olduğu vəsaitlər və maliyyə imkanlarından istifadə etməklə kompleksin tikintisini həyata keçirmək barədə razılığa gəlmişlər. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 direktoru X14 (satıcı) və İddiaçı1 arasında 08 fevral 2007-ci il tarixdə 18 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 nömrəli yaşayış binası ilə 3 nömrəli binanın arasında yerləşən, ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi, o isə bunun müqabilində qeyriyaşayış sahəsinin hər kvadratmetrinə görə 3333 ABŞ dolları olmaqla, ümumilikdə 420 000 ABŞ dolları məbləğində pul vəsaitini həmin şirkətə ödəməyi öhdələrinə götürmüş, əmlakın dəyərinin 50%-nin müqavilə bağlanan gün, qalan məbləğin 60 gün ərzində ödəniləcəyi razılaşdırılmışdır. İşin müəyyən olunan digər halına görə, Cavabdeh2 MMC-nin direktoru X14 (satıcı) və İddiaçı1 arasında 10 oktyabr 2007-ci il tarixdə 135 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, ünvan 1da ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı1 mülkiyyətinə verməyi, İddiaçı1 isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər kvadratmetrinə görə 4000 ABŞ dolları olmaqla, ümumilikdə 1 740 000 ABŞ dolları məbləğində pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüş, əmlakın dəyərinin 405 000 ABŞ dolları hissəsinin müqavilə bağlanan gün, 500 000 ABŞ dolları hissəsinin 1 ay müddətində, 835 000 ABŞ dolları hissəsinin isə 12 ay ərzində ödəniləcəyi razılaşdırılmışdır. İş materiallarından aydın olur ki, İddiaçı1 sözügedən qeyri-yaşayış sahələri üçün Cavabdeh1nə 16.02.2007-ci il tarixdə 100 000 ABŞ dolları, 13.03.2007-ci il tarixdə 131 000ABŞ dolları, 20.02.2007-ci il tarixdə 110 000 ABŞ dolları, 18.04.2007-ci il tarixdə 19 000 ABŞ dolları, 25.05.2007-ci il tarixdə 2600 ABŞ dolları, 27 400 ABŞ dolları, 25.05.2007ci il tarixdə 1700 ABŞ dolları, 25.06.2007-ci il tarixdə 18300 ABŞ dolları, 02.10.2007-ci il tarixdə 4057 ABŞ dolları, 06.12.2007-ci il tarixdə 170 000 ABŞ dolları, 18.01.2008-ci il tarixdə 70 000 ABŞ dolları, 04.03.2008-ci il tarixdə 210 000 ABŞ dolları, 15.07.2008-ci il tarixdə 210 000 ABŞ dolları, 22.10.2008-ci il tarixdə 75 000 ABŞ dolları, 25.11.2008-ci il tarixdə 102 000 ABŞ dolları; Cavabdeh2 MMC-yə isə 10.10.2007-ci il tarixdə 405 000 ABŞ dolları, 17.10.2007-ci il tarixdə 400 000ABŞ dolları ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 06.08.2015-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, X14 faktiki olaraq 2006-cı ildən Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru vəzifələrində işləyərkən öz qulluq mövqeyindən istifadə edib vəzifə saxtakarlığı, yəni tamah niyyətilə rəsmi sənədlərə müqavilələrə bilə-bilə yalan məlumatları daxil etməklə, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə Cavabdeh2 MMC tərəfindən ünvan 2 ünvanında 2006-cı ildən inşasına başlanılmış 4 ədəd 1 girişli 24 mərtəbəli binalardakı satılmış mənzilləri, ona olan etibardan və inamdan istifadə edib yenidən ayrı-ayrı şəxslərə sataraq özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Həmin qərardan aydın olur ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən, barəsindəki cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Göründüyü kimi, Cavabdeh1 direktoru olmuş mərhum Məzahir Cəfərov, həmin şirkətə aidiyyatı olmayan ünvan 2 ünvanında inşa edilən binada inşası nəzərdə tutulan qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı1la qanunsuz müqavilə bağlamış, bu müqaviləyə görə ondan pul vəsaiti almış, həmin müqavilənin predmetini təşkil edən əmlakın (Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 nömrəli yaşayış binası ilə 3 nömrəli binanın arasında yerləşən, ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi) isə ümumiyyətlə inşa edilmədiyi müəyyən olunmuşdur. “xxxx” MMC və Cavabdeh2 MMC arasında bağlanmış 01.02.2007-ci il tarixli birgə fəaliyyət barədə müqavilədən və Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamından da aydın olur ki, mənzillərin yerləşdiyi binanın ərazisi “xxxx”ə məxsus olmuş, həmin ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququ yalnız Cavabdeh2 MMC-yə verilmiş, 2007-ci ilin fevral ayından etibarən qeyd olunan ərazidə yaşayış binası Cavabdeh2 MMC tərəfindən və onun vəsaiti hesabına layihələndirilmiş, tikilmiş və vətəndaşlara satılmışdur. Nəzərə alınmalıdır ki, İddiaçı1la Cavabdeh1 arasında bağlanmış 08.02.2007-ci il tarixli müqavilədə həmin qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən deyil, məhz Cavabdeh1 tərəfindən alıcıya təhvil verilməli olması nəzərdə tutulmuş, həmçinin müqavilənin bağlanmasına Cavabdeh2 MMC tərəfindən qabaqcadan və ya sonradan verilmiş razılığın (icazənin vəya bəyənmənin) mövcudluğu da müəyyən edilməmişdir; hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Bu mənada kollegiyanın qənaətinə görə, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 08.02.2007-ci il tarixli müqavilə etibarsız olmaqla yalnız etibarsızlığın hüquqi nəticəsini doğura bilər; belə nəticə isə İddiaçı1 adı çəkilən şirkətə qarşı tələbinin təmin edilməli olduğu mənasına gəlir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bununla belə kollegiya qeyd edir ki, İddiaçı1 etibarsız müqavilə üzrə Cavabdeh1nə daha artıq pul ödəmiş olsa da, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan (MPM-nin 218-ci maddəsi), Cavabdeh1ndən onun xeyrinə məhz tələb etdiyi məbləğ, yəni 204 100 ABŞ dolları tutula bilər. İddiaçı1 digər iddia tələbləri üzrə isə kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından aydın olur ki, Cavabdeh2 MMC ilə X17 arasında 14.01.2006-cı il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən ünvan 1ın 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi (mağaza) adı çəkilən şəxsə satılmış, əmlakın razılaşdırılmış dəyəri qismində 522 000 manat onun tərəfindən ödənilmiş, 07.10.2017-ci il tarixdə əmlak mülkiyyət hüququ üzrə Səhlab Bağırovun adına qeydə alınmış, 23.10.2017-ci il tarixdə isə X1. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh2 MMC ilə İddiaçı2 arasında 06.03.2007-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən ünvan 1ın 1-ci mərtəbəsində ümumi sahəsi 125 kv.metrdən ibarət olan mağaza İddiaçı2 satılmış, əmlakın dəyəri olaraq razılaşdırılmış 187 500 manat onun tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarından o da aydın olur ki, Cavabdeh2 MMC ilə X11 arasında ünvan 1ın 1-ci mərtəbəsində ümumi sahəsi 87 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair 13.08.2013-cü il tarixdə, həmin binanın 1-ci mərtəbəsində ümumi sahəsi 87 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair 13.08.2013-cü il tarixdə İddiaçı3 arasında müqavilələr bağlanmış, əmlakların dəyəri adı çəkilən şəxslər tərəfindən tam ödənilmiş, Şahniyar Xasıyevin alqığı qeyri-yaşayış sahəsi 21.09.2018-ci il tarixdə onun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Beləliklə, işin müəyyən olunmuş hallarına görə İddiaçı1 Cavabdeh2 MMC-dən tələb etdiyi 435 kv.metr qeyri-yaşayış sahəsinin 174 kv.metr hissəsinə dair ilk müqavilə Səhlab Bağırovla, 125 kv.metr hissəsinə dair isə ilk müqavilə İddiaçı2 ilə bağlanmış, həmin qeyriyaşayış sahəsinin digər hissələri sonradan başqa şəxslərə satılaraq onlara təhvil verilmiş, mübahisəsi gedən sahənin 245,6 kvadratmetr hissəsi həmin şəxslərin mülkiyyətinə keçirilmişdir. Mülki Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı1, Cavabdeh2 MMC ilə bağlamış olduğu 10.10.2007-ci il tarixli müqaviləyə istinad etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 389-cu, 442-ci, 445-ci və 448-ci maddələrinə əsaslanmış və cavabdehin (Cavabdeh2 MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi,İddiaçı1la həmin MMC arasında müqavilə bağlandığı zaman Səhlab Bağırovla və İddiaçı2 ilə daha əvvəl bağlanmış müqavilələr qüvvədə olmuş, əmlakın müvafiq hissələri həmin müqavilələr əsasında sonuncuların sahibliyinə verilmişdir. Başqa sözlə Cavabdeh2 MMC, İddiaçı1 istinad etdiyi müqavilənin predmeti olan əmlakın müvafiq hissələri ilə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə İddiaçı1 daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxslərin müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, Səhlab Bağırova və İddiaçı2 satılmış, hazırda bir hissəsi İlhamə İsmayılovanın mülkiyyətində olan ümumilikdə 286,9 kvadratmetr sahənin İddiaçı1 təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Kollegiya hesab edir ki, İddiaçı1 “əmlakın təhvil verilməsi, onun üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbi hazırda Şahniyar Xasıyevin mülkiyyətində, İddiaçı3 isə sahibliyində olan hissələrə münasibətdə də təmin oluna bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, əmlak adı çəkilən şəxslərə təhvil verilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən isə, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddiaçı1 “müqavilələrin etibarsız hesab edilməsi” tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339cu maddələri) – onun etibarsız sayılmasını istədiyi əqdlərin isə sadalanan pozuntularla bağlanmış olduğu müəyyən edilməmişdir. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı İddiaçı1 şikayətinin dəlillərinin yoxlanılması üçün ekspertizalar təyin olunmuş, onun olaraq irəli sürdüyü başlıca hal – digər şəxslərin müqavilələrinin sonradan əvvəlki tarixlə tərtib edildiyi halı müəyyən edilməmişdir. İlkin iddia tələbləri üzrə gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarını qismən əsaslı sayır və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Nəzərə alınmalıdır ki, müstəqil tələb irəli sürən şəxslərin İddiaçı1la bağlanmış 10.10.2007-ci il tarixli müqavilənin tam şəkildə etibarsız hesab olunmasını tələb etməyə subyektiv hüquqları mövcud deyildir; onlar yalnız öz mənafelərinə toxunan hissədə həmin müqaviləni mübahisələndirmək imkanına malikdirlər. Nəhayət kollegiya hesab edir ki, ilkin iddiaçı ilə bağlanmış əqd qismən etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli, onun Cavabdeh2 MMC-yə ödədiyi müəyyən edilən 805 000 (səkkiz yüz beş min) ABŞ dolları həmin MMCdən alınaraq İddiaçı1 qaytarılmalıdır. Qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində İddiaçı1 bağladığı müqavilənin yalnız İddiaçı2 məxsus 125 m2 və İddiaçı3 məxsus 87 m2 sahələrlə (cəmi 212 m2) üst-üstə düşən hissəsi etibarsız sayılmışdır. İddiaçı1 MMC ilə bağladığı 10.10.2007-ci il tarixli müqavilənin şərtlərinə görə həmin ölçüdə sahənin dəyəri 848 000 (səkkiz yüz qırx səkkiz min) ABŞ dolları (212 m2 x 4000 ABŞ dolları) təşkil etsə də, onun MMC-yə cəmi 805 000 ABŞ dolları ödədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri Cavabdeh2 MMC-dən alınaraq iddiaçılara ödənilməli, ekspertiza tədqiqatlarının dəyəyəri isə həmin MMC-dən tutularaq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6061/2018 saylı iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 iddia tələbləri qismən təmin olunsun. Cavabdeh1ndən 204 100 (iki yüz dörd min yüz) ABŞ dolları (qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı1 ödənilsin. İddiaçı1 iddia tələbləri qalan hissələrdə təmin olunmasın. İddiaçı2 və İddiaçı3 iddia tələbləri qismən təmin edilsin. İddiaçı1 ilə Cavabdeh2 MMC arasında ünvan 1da ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 10 oktyabr 2007-ci il tarixdə bağlanmış 135 saylı müqavilə İddiaçı2 məxsus 125 m2 və İddiaçı3 məxsus 87 m2 sahələrlə (cəmi 212 m2) üst-üstə düşən hissədə etibarsız hesab olunsun. Həmin müqavilə qismən etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 805 000 (səkkiz yüz beş min) ABŞ dolları (qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh2 MMC-dən alınaraq İddiaçı1 qaytarılsın. İddiaçı2 və İddiaçı3 iddia tələbləri qalan hissədə təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı1 ödədiyi dövlət rüsumunun əvəzi qismində 45,80 manat (qırx beş manat 80 qəpik) Cavabdeh2 MMC-dən alınaraq ona; 10,40 (on manat 40 qəpik) İddiaçı2; 10,40 (on manat 40 qəpik) İddiaçı3 verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 640 (altı yüz qırx) manat Cavabdeh2 MMCdən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X6, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar