Məhkəmə qərarları › İş №2(103)-1400/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1400/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1400/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-3829/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 10000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilinin iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı ümumi mülkiyyəti hesab edilməsi və tərəflər arasında bərabər bölünərək onların hər birinin mənzil ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-3829/2020 nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzil İddiaçı və Cavabdeh ümumi mülkiyyəti hesab edilmiş, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilinin üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, ½ payı üzərində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ½ (ikidə bir) payı üzərində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınması qət edilmişdir. Qeyd olunan qətnamədən nrazı qalan iddiaçı apellyasiya şikayti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar Qərbi Azərbaycanda yaşayırdılar. Məlum hadisələrlə əlaqədar oradakı evlərini 1988-ci ilin noyabr ayının 11-də Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 18 sayli evin 4 otaqlı 17-ci mənzili ilə dəyişdirmişlər. Sonradan həmin mənzili atasının adına özəlləşdirmiş və 2003-cü ilin avqust ayında sataraq Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi 139 saylı evin 3 otaqlı 111-ci mənzili almış və mənzili onun adına sənədləşdirmişlər. Atası vəfat edərkən ağır maddi şəraitdə yaşadığı üçün həmin mənzili 2007-ci ilin sentyabr ayında sataraq xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 16 saylı evin yaşayış sahəsi 32,93 kv.m olan 2 otaqlı 44-cü mənzili aldı. Əldə edilmiş puldan oğlunun müalicəsinə də xərcləndi. Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 18 saylı evin 4 otaqlı 17-ci mənzilinə dair dəyişdirmə müqaviləsinin və həmin mənzilə dair özəlləşdirmə sənədləri, Bakı şəhəri Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, AB massivi 139 saylı evin 3 otaqlı 111-ci mənzilinə dair alqı-satqı müqaviləsi və əlavə edilmiş sənədlər, Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 16 saylı evin yaşayış sahəsi 32,93 kv.m olan 2 otaqlı 44-cü mənzilinə dair sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən tələb edilərək mıülki işin materiallarına əlavə edilmişdir.Həmin sənədlərlə iddia ərizəsinin əsaslı olması təsdiq olunur. Cavabdeh Ramlyə Əliyeva mübahisəli mənzildən istifadə hüququna malikdir və onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi ilə mümkündür Tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində ona 10.000 manat məbləğində təklif olunan pulun mövcud ərazidə oxşar şəraitli ayrıca yaşayış sahəsindən istifadə etmək üçün ağlabatandır və təklif olunan məbləğ ədalətlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il tarixli, 2(011)-5133/2019 saylı qətnaməsi ilə İddiaçı ilə X6 arasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və 71 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci iltarixli məktuba əsasən, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 18, 17 saylı mənzil xx.xx.1991-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 36 saylı DNK-nın xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə həmin mənzil X3 adına özgəninkiləşdirilmişdir. 37 saylı DNK-nın xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 139, 111 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzil Bakı şəhəri 34 saylı DNK-nın xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 16, 44 saylı mənzil X5 adına xx.xx.2007-ci il tarixində ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil 34 saylı DNnın xx xxxxxx 2007-ci il tarixli, 4Ə/10-1231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Göründüyü kimi qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 16, 44 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən həm İddiaçı, həm də Cavabdeh həmin mənzilə dair bərabər mülkiyyət hüquqları mövcuddur. Belə olan halda mübahisəli mənzlin ½ hissəsi üzrə İddiaçı, ½ hissəsi üzrə isə Cavabdeh pay hüquqları müəyyən edilməlidir. İddiaçı atasına məxsus mənzilin satışı nəticəsində əldə edilmiş pul vəsaiti hesabına hazırkı mübahisəli mənzili almasına istinad etsə də, kollegiya qeyd edir ki, iddiaçının atasına məxsus mənzil 2003-cü il tarixdə satılmışdır. Mübahisəli mənzil isə 2007-ci il tarixdə əldə edilmişdir. Tərəflər isə 1998-ci il tarixdən rəsmi nikahda olmuşlar. Göründüyü kimi mübahisəli mənzil əldə edilərkən iddiaçının atasına məxsus mənzilin satılmasından 4 il keçmişdir. Buna görə də, kollegiya hesab edir ki, iddiaçının atasına məxsus evin satılması nəticəsində hazırkı mübahisəli evin alınması arasında əlaqə müəyyən edilmir. Əksinə mübahisəli ev əldə edilərkən tərəflər uzun müddət nikahda olmuşlar və birgə təsərrüfat aparmışlar. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-3829/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar