Məhkəmə qərarları › İş №2(103)-1401/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1401/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1401/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdeh iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1.800 manat zərər məbləğinin və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 12:30 radələrində Abşeron rayonu, Heydər Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 məxsus “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. cavabdehin avtomobili onun tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.800 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 1800 (min səkkiz yüz) manat sığorta ödənişi A.İsmayılovanın hesabına ödənilmişdir. Abşeron DYP-nin YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan göründüyü kimi cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı cavabdeh “Hyundai SantaFe” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 4235/2022 saylı qərardadı ilə mülki iş üzrə iddia icraatına keçirilmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-4135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə ilkin iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada etibarnamə olmadan avtomobili idarə etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli PXA********** icbari sığorta müqaviləsindən görünür ki, X4 məxsus "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə bir şəxs üçün 5.000 manat, sağlamlığa vurulan zərərə bir hadisə üzrə 50.000 manat həcmində sığortalanmışdır. Müqavilənin müddəti isə xx.xx.2021-ci il tarixədək etibarlı olmuşdur. Həmin müqavilədən həmçinin müəyyən edilir ki, sığortalı X5 qeyd edilmişdir.

10. Abşeron RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, "Hyundai SantaFe” markalı, 90-GE955 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

11. PXA69396 nömrəli sığorta aktından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli sığorta hadisəsi zamanı "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat ziyan dəymişdir. Qeyd olunan sığorta ödənişi "xxxx" ASC tərəfindən üçüncü şəxs X3 ödənilmişdir.

12. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan və müqavilədən müəyyən edilir ki, sığortalı X5 göstərilmişdir.

13. 16 aprel 2010-cu il tarixli, Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş ƏN-İ seriyalı 205528 nömrəli etibarnamənin surətindən görünür ki, X6 tərəfindən əmlakının (daşınmaz əmlak istisna edilməklə) idarə edilməsi üzrə X1 verilmişdir. Etibarnamə xx.xx.2039-cu il tarixədək etibarlıdır.

14. 22 fevral 2013-cü il tarixli, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş ƏN-İ seriyalı 341603 nömrəli etibarnamənin surətindən görünür ki, X6 tərəfindən daşınar əmlakının (daşınmaz əmlak istisna edilməklə) idarə edilməsi üzrə Cavabdeh səlahiyyət verilmişdir. Etibarnamə xx.xx.2039-cu il tarixədək etibarlıdır.

Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

17. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

18. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

19. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

20. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

23. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu Maddə 37.1 Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir.

41. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə görə məsuliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsinmülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir.

42. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332ci maddəsində etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, izibati xəta haqqında qanunvericildik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır.

43. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur.

44. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 263-1.1.) nəzərdə tutulmuşdur.

45. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də icbari sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur.

46. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili, yəni hadisə vaxtı avtomobili idarə edən cavabdehin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmaması iddia tələbinin keçərli olmasına əsas verə bilməz. Çünki işin mübahisəsiz olan faktiki hallarından da göründüyü kimi yol nəqliyyat hadisəsi baş verən vaxt avtomobili sürücülük hüququ olan cavabdeh idarə etmişdir.

47. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

48. Kollegiya bildirir ki, qeyd edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, hazırkı hala münasibətdə məhz sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobilin idarə edilməsi nəzərdə tutulur, etibarnamənin olmamasının isə yuxarıda da qeyd olunduğu kimi tərəflər arasındakı sığorta münasibətlərinə təsiri yoxdur.

49. Beləliklə, şərh edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının cavabdehlə qarşı subroqasiya hüququ yaranmadığından iddia tələbi təmin edilə bilməz. Nəticə:

50. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.

52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar