Məhkəmə qərarları › İş №2(103)-1401/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1401/2025

09.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1401/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Federovnanın X3 Əhmədoviçin iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir.

2. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatından iddiaçıya ünvanlanan məktubdan görünür ki, müraciət nəticəsində iddiaçının qonşusu tərəfindən müvafiq icazə sənədi olmadan fərdi yaşayı evində aparılan ikinci mərtəbənin tikintisi işləri dayandırılmışdır.

3. İddiaçının müraciətinə cavab olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, ünvan 1 ünvanında tikinti işlərinin aparılması faktı öz təsdiqini tapmışdır.

4. Cavabdehin qonşuları tərəfindən notarial qaydada ərizə təqdim edilmiş və bildirilmişdir ki, Cavabdeh 22 iyul 1991-ci il tarixdən ünvan 3 ünvanında yaşayır.

5. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmaması, tikinti işləri nəticəsində iddiaçıya məxsus evə ziyan dəyib-dəyməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2- 1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, ünvan 1 saylı evin yaşayış otağının tikilisinin konstruktiv elementləri üzərində yaranmış qüsurları nəzərə alaraq, həmin evə ziyan dəydiyi müəyyən edilmiş, eyni zamanda tikinti işlərinin aparılmasının iddiaçıya məxsus evdən istifadəyə maneələr yaradıb-yaratmamasının müəyyən edilməsi “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, qərardadda qoyulmuş sualın ikinci hissəsi üzrə tədqiqat aparılmamışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında bir mərtəbəli evin 2-ci mərtəbəsində qanunsuz tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 4 ünvanında iddiaçının xüsusi mülkiyyətində olan sahəsi 87.5 kv.m olan evdə yaşayır və ev ona məxsusdur. ünvan 5 ünvanında yaşayan (qonşusu) Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan, iddiaçıya məxsus evə bitişik evdə qanunsuz (özbaşına) olaraq yaşadığı 1 mərtəbə evin 2ci mərtəbəsini tikir. Bu isə iddiaçının mülkiyyətində olan 1 mərtəbə evin uçulma həddinə (təhlükəsinə) gətirib çıxara bilir. Belə ki, qeyd etdiyi ünvanda yaşayan qonşusunun tikdiyi 2-ci mərtəbədən sonra evdə çökmə əmələ gəlmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən əlaqədar dövlət təşkilatlarına müraciət etmişdir. Məlum olub ki, cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılıb. Aparılan tikinti işləri tikinti tələblərinə uyğun aparılmamış, elə bu səbəbdən də iddiaçıya zərər dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyəti aparatına və Xətai rayon İcra Hakimiyyətinə etdiyi müraciətlər əsasında Xətai rayon İcra hakimiyyəti tərəfindən cavabdeh tərəfindən tikilən tikintinin qanunsuzluğu müəyyənləşdirilmiş və tikintinin aparılması dayandırılmışdır. Cavabdeh tərəfindən aparılan qanunsuz tikili dayandırılsa da sökülməmişdir. Dəfələrlə cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin sökülməsini desə də heç bir nəticə olmamış, elə bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 3 ünvanında bir mərtəbəli evin 2-ci mərtəbəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 50 (əlli) manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.3, 180.4, 1096.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı inşa edilmiş tikintinin tikinti normalarına və qaydalarına riayət olunmadan aparıldığını və bu tikilinin onun mənzilinə təhlükə və maneə yaratdığını bildirir və onun sökülməsini tələb edir. Hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda yaşadığı fərdi yaşayış sahəsinin üzərində tərəfindən inşa edilmiş tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmır. Belə ki, yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində inşa etdiyi əlavə tikili iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmır, eləcə də, həmin mənzilə gün işığının düşməsinin qarşısını almır və havalandırmaya heç bir maneçilik yaratmır. Tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmur. Belə ki, mülkiyyətində olan torpaq sahəsində yerləşən mənzilə dair tərtib olunmuş texniki pasporta nəzər yetirdikdə mənzilin yerləşmə vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş texniki pasportda qeyd olunan göstəricilər ilə uyğun olduğunu, yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində aparılan tikinti işləri zamanı iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmadığmı görmək olar. Bundan başqa, həmin özbaşına tikilinin inşasında cavabdehin mənafeyi vardır. Buna görə də məhkəmə iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, mənafeyi ilə iddiaçının mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirməmişdir. Əlavə olaraq, mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və özbaşına tikilinin orada olması cavabdehin digər şəxslərlə birgə mühitdə təhlükəsiz yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz. Sözügedən tikilini inşa edən zaman iddiaçının həmin tikilinin inşa edilməsinə razılığı olmuş, həmin tikilinin inşa edilməsinə hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və həmin tikintinin inşa edilməsinə razılığının olduğunu öz davranışı ilə nümayiş etdirmişdir. Cavabdeh iddiaçının bu davranışına güvənərək sözügedən özbaşına tikintini inşa etmişdir. Bununla belə, inşasına hər hansı qaydada etiraz etməyən iddiaçı hazırki iddia üzrə tikintinin sökülməsi tələbini irəli sürməklə, cavabdehə zərər vura biləcək ziddiyyətli davranış nümayiş etdirir və hüquqi nəticə etibarı ilə güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini istəyir ki, onun bu davranışı (hərəkəti) birmənalı şəkildə hüquqdan suiistifadə halını yaradır. Belə bir halın mövcudluğu da iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Hər bir halda, iddiaçının bu hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi üçün əsas yaradan Mülki Məcəllənin 560.3.4-cü maddəsi cavabdehə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və iddiaçının üzərinə ardıcıl rəftar etmək (əvvəlki rəftarı davametmək) öhdəliyi qoyur. Həmçinin, iddiaçının bu iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Əgər tikili qanunsuzdursa, belə iddianı da dövlət qaldırmalıdır. Birinci instansiya məhkəməsi tikilinin qonşu kimi iddiaçının qanınla qorunan hüququnu pozub-pozmamasını, həmin tikilinin iddiaçının öz mənzildən sahəsindən istifadə etməsində bu və ya başqa şəkildə maneçilik yaradıb-yaratmamasını və sair işin hallarını lazımi şəkildə araşdırmayıb və gəldiyi nəticəni 25 iyun 2024-cü il tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, 25 iyun 2024-cü il tarixli ekspert rəyini nəyə görə mötəbər sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmayıb və iş üzrə ziddiyyətlərə aydınlıq gətirməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni 25 iyun 2024-cü il tarixli ekspert rəyindən başqa digər heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin "xüsusi”, "müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməmiş, əksinə işin mahiyyətinə aid olmayan normalar sadalanmışdır. İddiaçı məhkəməyə qeyri-dəqiq məlumat vermiş, məhkəmə yoxlanılmamış məlumat əsasında qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi inşa edilmiş tikilinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaradıb-yaratmamasını, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırıb-məhdudulaşdırmamasını, həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olub-olmadığını müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda keçirilmiş yerində müayinə zamanı da özbaşına tikintinin mənzilə hər hansı maneə yaratdığı aşkar edilməmişdir. Bundan başqa iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Xətai Rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş, eyni zamanda yerli baxış zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsini yerli baxışa cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan tikilinin iddiaçının qanunla qorunan hüququnu pozub-pozmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə kifayətlənərək iddianın əsaslı olması nəticəsinə gəlib. Birinci instansiya məhkəməsi hazırki iş üzrə dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtləri pozmaqla hazırki iş üzrə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və vəkili bir neçə dəfə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

17. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

19. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

20. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

33. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

35. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

36. İş materiallarında olan ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin ünvan 3 ünvanında inşa etdiyi tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2- 1-ci bəndlərinin tələblərinə uyğun olmamaqla yanaşı, ünvan 1 saylı evin yaşayış otağının tikilisinin konstruktiv elementləri üzərində yaranmış qüsurları nəzərə alaraq cavabdehin apardığı tikinti işləri nəticəsində iddiaçıya məxsus evə ziyan dəymişdir.

37. Kollegiya hesab edir ki, iş materiallarında olan sübutlarla, o cümlədən ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla həmin özbaşına tikilini inşa etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin əsasını təşkil edən dəlillərə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyindən iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar