Məhkəmə qərarları › İş №2(103)-1402/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1402/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1402/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, X7 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(008)-3205/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş mənzildən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “X17” MMC arasında bağlanmış 17.08.2007-ci il tarixli, 4207 nömrəli alğı-satqı müqaviləsi əsasında ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, bina 6-da yerləşən 165 saylı, 1 otaqlı (ümumi yaşayış sahəsi 51.22 kv.m. olan) mənzilindən bu mənzili qanunsuz zəbt etmiş Cavabdeh və cavabdehin yetkinlik yaşına çatmayan övladları - 18.02.2011-ci il təvəllüdlü X8 və 12.03.2013-cü il təvəllüdlü X2 çıxarılması, habelə həmin mənzilin qanunsuz zəbt edilməsi ilə bağlı dəymiş 50000 (əlli min) AZN maddi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 17.08.2007-ci il tarixli 4207 nömrəli alğı-satqı müqaviləsi (İddiaçı ilə “X18” MMC arasında bağlanmış) ilə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, bina 6-da yerləşən 139a saylı, 1 otaqlı (ümumi yaşayış sahəsi 51.22 kv.m. olan olan) mənzili 71707,2 (yetmiş bir min yeddi yüz yeddi) manat pula (ilkin ödənişdən sonra 240 ay müddətinə hər ay üçün 298.78 manat ödənilməklə) satın almışdır. Xüsusi mülkiyyətindəki mənzilə dair bu öhdəliyin vicdanlı qaydada icra olunması və təmir işlərinin aparılması üçün bankdan və tanışlarından pul götürmək məcburiyyətində qalmışdır. Sözügedən xüsusi mülkiyyətdə olan mənzil 12.07.2010-cu il tarixli təhvil aktı ilə şəxsən özü tərəfindən tikinti şirkətindən təhvil götürülmüşdür. Tərəflər arasında (onunla MMC arasında) bağlanmış 15 mart 2017-ci il tarixli razılaşma ilə həmin mənzilin nömrəsi dəyişdirilərək (bina üzrə mənzillərin yenidən nömrələnməsi və nömrələnmə ilə bağlı yekun dəqiqləşdirmənin aparılması ilə əlaqədar) 165 olmuşdur. İddiaçı qeyd etmişdir ki, həmin mənzil Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçının oğlu cavabdehin zina etməsi (başqa kişilərlə münasibət saxlaması barədə) faktları üzrə dəfələrlə xüsusi mülkiyyətində olan mənzili dərhal tərk etməsini cavabdehdən tələb etsə də, ona qarşı özünə xas tərzdə kobud cavablar verilmiş, zəbt etdiyi mənzilidən çıxmaqdan imtina edilmişdir. Cavabdehin ona məxsus olan mənzili zəbt etməsi, bu mənzildən çıxaraq özünün qeydiyyat yeri üzrə yaşayış yerinə getməkdən qəti imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan xüsusi mülkiyyət hüququnu tapdalamışdır. Göründüyü kimi mülkiyyətçi kimi öz mənzilində yaşamaq hüququndan zor gücünə, hədələrlə məhrum edilmişdir. Cavabdeh iddiaçının oğlu X14 ilə 30 mart 2010-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Hazırda yaşadığı mənzildə müvəqqəti olaraq yaşayırdı və iddiaçı ona məxsus mənzildə yaşamasının hər zaman əleyhinə olmuşdur. Müvəqqəti də olsa, bu onun iradəsi əleyhinə oğlunun sayəsində mümkün olmuşdur. Cavabdehin oğlu ilə olan nikahdan doğulmuş 18.02.2011-ci il təvəllüdlü X13 və 12.03.2013-cü il təvəllüdlü X5 gah cavabdehin anasının himayəsində, gah da iddiaçıya məxsus zəbt olunmuş mənzildə yaşayırlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(008)-3205/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh, yetkinlik yaşına çatmayan övladları 18.02.2011-ci il təvəllüdlü X13 və 12.03.2013-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən 6 nömrəli binanın 165 saylı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddia tələbi tamamilə əsassızdır. Mənzil formal olaraq iddiaçının adına rəsmiləşdirilib. Mənzilin çox hissəsini onun valideynləri təmir etdirib. Təmirə çoxlu vəsait xərclənib. Bu faktı ustalar, şahidlər, tikinti mağazasından aldığı qəbzlər təsdiq edə bilər. Təmirə bağlandıqdan sonra “xxxx” ASC-dən razılıq almışlar. Təmir işlərinin aparılması ilə bağlı müqavilə ondadır. Evləndikləri vaxt iddiaçının oğlu kasıb olduğunu dediyi üçün, evin qalan pulunu ödəmiş, təmirə 25000 manatdan artıq pul xərcləmişlər. Kommunal xərcləri həmişə valideynləri ödəyib. Təmir işləri 2011-ci ildən başlayıb. Onun valideynləri onların uşaqlarının saxlanılmasına da köməklik göstərmişlər. Qətnamədən iddiaçı Göyüşova Valı̇ də Yadulla qızı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən-maddi ziyanla bağlı hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh nə qanunvericilik baxımından (öz yaşayış yeri var, onun ailə üzvü deyil, mənim xüsusi mülkiyyətindəki mənzilə heç bir aidiyyəti yoxdur, bu kimi halları tam qanunsuz hesab edən Avropa İnsan Hüquqları Məhkəməsinin və AR Konstitusiya Məhkəməsinin Plenumunun çoxsaylı qərarları vardır və s.), nə də mənəvi baxımdan (oğluna dəfələrlə, müxtəlif insanlarla xəyanətlər etmiş, bu haqda sübutları oğlu boşanma ərizəsi ilə Yasamal rayon Məhkəməsinə təqdim etmiş, məhkəmənin qətnaməsi ilə onların nikahı pozulmuşdur) onun mənzilini zəbt etmək haqqı yoxdur. Xüsusi olaraq qeyd etmək istəyir ki, bu qadın evli olmasına, 2 uşaq anası olmasına baxmayaraq, yad kişi ilə qucaqlaşmaqdan, barmağında ailəsinə aid üzüyü taxıb həmin kişinin maşını ilə müxtəlif məkanlara səfər etməkdən, onunla gizlincə müxtəlif məclislərdə baş-başa “istirahət” etməkdən zövq alan, Azərbaycan mentalitetinə qəti aidiyyəti olmayan həyat tərzi sürən bir insandır. Bu hal ilə bağlı oğlu onunla boşansa da bu qadın (cavabdeh) utanmadan onun mənzilini qanunsuz zəbt edərək, onu tərk etmək istəmir. O, daşınmaz əmlak kimi xüsusi mülkiyyətindən yararlana bilmir. Bu baxımdan da hər keçən gün ona maddi ziyanın dəydiyini sübut etməyinə ehyiyac belə qalmayıbdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərinə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini, cavabdehin mübahisəli mənzilə 3 il müddətinə müvəqqəti istifadə hüququnun tanınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətlərini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərinə uyğun məzmunda izahat verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(008)-3205/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Akkord şirkətlər qrupu tərəfindən tərtib edilmiş 12.07.2010-cu il tarixli aktın surətindən görünür ki, “X18” ASC ünvan 1 ünvanında inşa etdiyi 4297 saylı mənzili 17.08.2007-ci il tarixli müavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq İddiaçı təhvil vermişdir. İş materiallarında olan 15.03.2017-ci il tarixli, 17 avqust 2007-ci il tarixli, 4207 nömrəli alğısatqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında razılaşmanın surətindən görünür ki, “X15 İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı arasında 17 avqust 2007-ci il tarixli, 4207 saylı alğısatqı müqaviləsinə əsasən iddiaçının aldığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, 6 saylı bina, blok 1, mərtəbə 14, 51,22 kv.m umumi sahəsi olan 139a saylı mənzilin nömrəsi mənzillərin yenidən nömrələnməsi nəticəsində 165 olması barədə tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarında olan mənzilin alğı-satqısı barədə 4207 saylı, 17.08.2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 139a saylı mənzili hər ay 298,78 manat ödəmək şərti ilə 240 ay müddətinə 71707,20 manat məbləğində pulu “X18” MMC-yə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-nin 158.1 və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. MM-nin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 01.10.2009-cu il tarixdən sonra yarandığından, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, mülkiyyətçi hüquqları ilə əmlakın sahibi olan İddiaçı Cavabdeh ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu hesab edilmədiyindən, cavabdehin həmin evə istifadə hüququ yaranmamışdır. Kollegiya hesab edir ki, cavabdeh mübahisəli mənzili hər hansı bir hüquq əldə etmədən zəbt etmiş və həmin mənzilin mülkiyyətçisi olacaq iddiaçının gözlənilən xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçının mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün ünvan 3 ünvanıda yerləşən 165 saylı mənzil Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. İddia tələbinin yetkinlik yaşına çatmayan 18.02.2011-ci il təvəllüdlü X13 və 12.03.2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən 6 nömrəli binanın 165 saylı mənzilindən çıxarılması hissəsinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının oğlu ilə cavabdehin birgə nikahdan olan uşaqları 18.02.2011-ci il təvəllüdlü X13 və 12.03.2013-cü il təvəllüdlü X6 hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən 6 nömrəli binanın, 165 saylı mənzilində yaşayırlar. Onların qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən 6 nömrəli binanın 165 saylı mənzilində yaşaması üçün hazırda əsaslar mövcud deyil. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, işin halları ilə müəyyən olunur ki, azyaşlıların yaşayış yeri onun qanuni nümayəndəsi olan anası Cavabdeh yaşayış yeri olmalıdır. Məhkəmə iddianın 50000 manat maddi zərərlə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin vurulmuş maddi zərərə görə 50000 manat pulun tutulmasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya cavabdeh tərəfin izahatında qeyd olunan, cavabdehin mübahisəli mənzildən 3 il müddətinə müvəqqəti istifadə hüququnun saxlanılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mənzilə istifadə hüququ yaranmadığından, mövcud olmayan hüquq saxlanıla bilməz. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(008)- 3205/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar