Məhkəmə qərarları › İş №2(103)-1402/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1402/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1402/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərdən irəli gələn tələb, subyektiv hüquq, əqdin bəyənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3178/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh kredit yolu ilə satılmış, avtomobilin dəyəri 30.314,5 manat müəyyən edilmişdir.

2. Cavabdeh avtomobilin dəyərinin 5.000 manat hissəsini ödəmiş, qalan 25314,5 manat hissəsindən isə 6.336 manat ödəniş edərək, cəmi 18.978,5 manat isə ödənilmədən qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 18.978,5 manat əsas borc pulun, 3.766,4 manat məbləğində cərimə pulunun, 26.750 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat pulun cavabdehlər Cavabdeh və X3 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, "xxxx" MMC xx.xx.2011 ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30.314,5 manata satılmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh X6 müqavilə üzrə zaminlik edərək xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.000 manat, əlavə xərclər üçün 3000 manat, 9 ay 704 manat ödəniş edərək, cəmi 11.336 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 18978,5 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borclunun qeydiyyat ünvanına “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə (535x50) haqqı hesablanmaqla 26750 manat məbləğində icarə pulu hesablanmışdır. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020- ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3766,4 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilə üzrə alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə alıcı satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə, satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır.

5. İşə birinci instansiya məhkəməsində baxılan ərəfədə "xxxx" MMC əsl İddiaçı ilə əvəz edilmişdir.

6. Bundan sonra, İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı "xxxx" MMC-yə verdiyi AR-İ № 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, 99KA-282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçi İddiaçı geri verilməsi, bu mümkün olmadıqda dəymiş zərərin əvəzi olaraq 18.978,5 manat əsas borc pulun, 3.766,4 manat məbləğində cərimə pulunun, 26.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3178/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia qismən təmin edilərək İddiaçı ("xxxx" MMC-yə verilmiş etibarnamə əsasında) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh tərəfindən “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı geri qaytarılması, bu mümkün olmadıqda Cavabdeh 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas, 1500 (min beş yüz) manat cərimə borcu və 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən satıcının alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşın pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri alıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçının müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğu halda avtomobili ondan geri tələb etmək hüququ olduğundan, “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə ödənilməmiş pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 18.978,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, iddia ərizəsində göstərilən cərimə pulunu əsassız və şişirdilmiş hesab etməklə işin hallarını nəzərə alaraq, iddia tələbində göstərilən cərimə pulunun 3.766,40 manat məbləğində deyil, 1.500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Məhkəmə iddianın “26.750 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır. Məhkəmə cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək hesab etmişdir ki, iddianın “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində də iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 238,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 601.1, 385.1, 442, 443.1, 443.5, 462.1, 467, 421.1, 421.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3771/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat:

11. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4317/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3771/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərtnaməsi ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, baxılan işin hallarından aydın olur ki, 23 dekabr 2019-cu il tarixli müqavilə ilə İddiaçı etibarnaməsi əsasında "xxxx" MMC-nin direktoru X1 şəxsində Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 1 ədəd minik avtomobilin (KMHDH41EBCU540757 şassi nömrəli 2012-li «Hyundai Elantra» markalı, 99KA282 dövlət nömrə nişanlı») nisyə alqı-satqısı ilə bağlıdır. Cavabdeh kassasiya şikayətində göstərir ki, "xxxx" MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədə nisyə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti verilməmiş, etibarnamə yalnız nəqliyyat vasitəsini idarə etmək məqsədi ilə verilmişdir. İşin araşdırılmış hallarından aydın olur ki, nisyə alqı-satqı müqaviləsi rəsmləşdirilərkən yalnız xx.xx.2019-cu il tarixli etibarnamə təqdim edilmişdir. Həmin etibarnamə ilə etibar edən yalınz nəqliyyat vastəsini idarə etmək səlahiyyətini digər tərəfə vermişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından görünür ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfi deyil ki, MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Nəzərə almaq lazımdır ki, cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də göstərmişdir. Lakin apellyasiya instansiya məhkəməsi cavabdehin həmin dəlillərinin (o cümlədən nəqliyyat vasitəsinin ona təhvil verilməsi, nəqliyyat vasitəsinin onun istifadəsində olub-olmaması, onun tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin edilib-edilməməsi, nəqliyyat vasitəsinin hazırda kimin sahibliyində olması, keçən müddət ərzində cavabdehə və digər hər hansı şəxsə etibarnamə verilib-verilməməsi, verilmişdirsə etibarnamənin kimin tərəfindən və hansı müddətdə verilməsi və s.) araşdırılması ilə bağlı heç bir hərəkət etməmiş, yalnız müqavilənin qanunauyğun bağlanması, nəqliyyat vasitəsinin və ya zərərin ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. İşin aşkar olan halı ondan ibarətdir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. Təqdim olunmuş müqavilənin 5.1.3-cü bəndinə əsasən «alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətində gecikdirəcyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomoblin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərək çəkilən xərcləri «alıcı»-dan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək hüquqları vardır. Müqavilənin 5.1.5-ci bəndinə əsasən avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin «alıcı»-dan tələb etmək və ya onun əmlakına yönəldilməsi tələbini irəli sürmək hüququ vardır. Birinci instansiya məhkəməsi iddiaçının adından çıxış edən "xxxx" MMC-nin avtomaşının özgəninkiləşdirmək səlahiyyətinə malik olması nəticəsinə gəlir. Cavabdeh tərəf isə MMC-nin nəqliyyat vasitəsini özgəninkiləşdirmək üçün səlahiyyətə malik olmadığını iddia edir.Cavabdeh tərəf etirazının əsası kimi etibarnamə ilə MMC-yə belə səlahiyyət verilmədiyinə istinad edir. Göstərilən vəziyyətdə səlahiyyəti olmayan şəxsin nisyə alqı-satqı müqaviləsi bağlaması üçün sərəncam hüququna malik olması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı dəlil olsa da məhkəmə belə araşdırmanın aparılmasını təmin etməmiş, nəticədə isə faktiki olaraq Mülki Prosessual Məcəlləninin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən alqı-satqı üzrə isə iddiaçı satılan əşyanın dəyərinin tam ödənilməməsini iddia etmişdir. Bu halda, MM-in 600.4-cü maddəsinə əsasən iddiaçının ya verilmiş əşyanın dəyərini ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranmışdır ki, iddiaçı eyni zamanda müvafiq maddədə göstərilən hər iki tələbi irəli sürmüşdür. Lakin apellyasiya məhkəməsinin qətnaməsində MM-in 600.4-cü maddəsinin dispozisiyasına istinad etsə də, həmin maddənin hazırki mübahisəyə hansı qaydada tətbiq etməsini şərh etməmişdir. Mülki Məcəllənin 600.2-ci maddəsi ilə bağlı isə məhkəmə kollegiyası izah edir ki, həmin norma Məcəllənin 600.4-cü maddəsinin tətbiqini istisna etmir. Belə ki, həmin maddənin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanaraq, alıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada icra etdiyi halda satılmış əşyanın qiymətinin dəyişməsinə yol verilmir. Lakin alıcı öhdəliyini icra etmədikdə satıcının 600.4-cü maddəsində nəzərdə tutulmuş tələblərdən birini irəli sürmək hüququ vardır. Bu zaman isə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin qiymətləndirilməsi zəruridir. Çünki müqavilədə tərəflərin müəyyən etdikləri mühüm şərtlərdən aydın olur ki, iddiaçı müqavilənin pozulması zamanı nəqliyyat vasitəsini geri tələb etmək və nəqliyyat geri qaytarıldıqdan sonra nəqliyyat vasitəsinə zərər vurulması müəyyən olunduğu halda zərər tələbi irəli sürmək hüquq vardır. Məhkəmələr iddianı təmin edərkən nəzərə almamışlar ki, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqda davam edir. Öhdəliyin icrasının pozulması vəziyyətində müqavilə dəyərinin tam tutulması təmin olunarsa nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsinin mümkünlüyü də müzakirə edilməlidir. Çünki adi vəziyyətə öhdəliyin tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir. Digər tərəfdən cavabdeh tərəf bəyan edir ki, nəqliyyat vasitəsi onda deyil, başqa şəxsin istifadəsindədir. Həmin şəxs isə nəqliyyat vasitəsini məhz iddiaçı tərəfin verdiyi etibarnamə əsasında idarə edir. Bu vəziyyətdə də nəqliyyat vasitəsinin həqiqətən cavabdehdən alınması və başqa şəxsin istifadəsinə verilməsi, istifadə üçün yeni əldə edən şəxsə etibarnamə verilməsi halları da aydınlaşdırılmalı olduğu halda apellyasiya instansiya məhkəməsi belə araşdırmanın da aparılmasını təmin etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi cavabdehlə bağlansa da, avtomobil X2 istifadəsinə verilmişdir. “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt onun istifadəsində olmamışdır. Bir dəfə olsun həmin avtomobili idarə etməmiş, istifadəsində olmamışdır. Ona görə də hesab edir ki, əslində bu müqavilənin bağlanması səbəbindən xeyli ziyana düşmüşdür. Belə ki, iddiaçıya ödənilmiş ilkin ödəniş və xidməti haqqını o, öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh olduğu iş üzrə məhkəmə iclasında vəsatət verərək onu əsl cavabdeh X5 ilə əvəz edilməyini məhkəmədən xahiş etsə də, məhkəmə vəsatəti müzakirə etmədən təmin etməmişdir. Etibar Hüseynov 2020-ci ilin sentiyabr ayında “Hyundai Elantra” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. Bu barədə Nərimanov rayon Polis İdarəsi tərəfindən Etibar Hüseynovun barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Nisyə alqı-satqı müqaviləsi bağlansa da, avtomobil onun istifadəsinə verilməyib. Mülki Məcəllənin 337.1-ci maddənin tələblərinin pozulması ilə bağlandığından əhəmiyyətsiz əqd hesab oluna bilər.

b) Hazırki apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 və X6 məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclaslarında iştirak etmədilər. Məhkəmə tərkibi, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın tam rədd edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Hazırki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə avtomobilin qaytarılması hissəsində düzgün olmamışdır.

26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia nisyə alqısatqı müqaviləsi üzrə avtomobilin dəyərinin ödənilməmiş qalan hissəsinin tələb edilməsi hissəsində haqlı sayılır.

27. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi və yoxlanılması tələb edilən qəti olmayan göstərişlər verilmişdir.

28. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni avtomobilin geri qaytarılması, bu mümkün olmadıqda isə onun dəyərinin tutulması ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

29. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

30. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

31. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mümkün olan sübutlarını təqdim edib və iddia tələbinin əsası kimi istinad etdiyi bütün halları özü sübut etməlidir. Çünki həmin halları sübut etmək yükü onun üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun icra edilməmiş öhdəliyinin qaldığını bəyan edib hazırki yekun dəqiqləşdirilmiş iddia tələbini irəli sürmüşdür.

32. İşin mübahisəsiz halıdır ki, İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 5000 manat olmaqla, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30.314,5 manata satılmışdır. Eyni tarixdə X6 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş və əlavə xərclər üçün cəmi 5000 manat, 9 ay üzrə isə 704 manat olmaqla, cəmi 11.336 manat ödəniş edilmiş və xx.xx.2020-ci il tarixdən sonra heç bir ödəniş olmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdən heç bir ödəniş etmədiyi üçün nisyə alqı-satqı müqaviləsi üzrə 18978,5 manat ödənilməmiş borcu qalmışdır.

33. Cavabdeh apellyasiya şikayətində göstərməsə də, kassasiya şikayətində mülkiyyətçi tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədə nisyə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti verilmədiyi, etibarnamə yalnız nəqliyyat vasitəsini idarə etmək məqsədi ilə verildiyi, nisyə alqı-satqı müqaviləsi rəsmləşdirilərkən yalnız xx.xx.2019-cu il tarixli etibarnamə təqdim edildiyi, həmin etibarnamə ilə etibar edən yalınz nəqliyyat vastəsini idarə etmək səlahiyyətini digər tərəfə verdiyi işin mübahisəli halı kimi göstərilir. Lakin iş materiallarında iddiaçının "xxxx" MMC-yə 05 aprel 2016-cı il tarixdə verdiyi etibarnamədə özünün bütün daşınar əmlakını idarə və istifadə etməyi və üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsi əsasında məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər əqdləri bağlamaq səlahiyyəti (bax.i.v.60) etibar edilmişdir. Cavabdehin bu cür dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır. Hətta iddiaçı "xxxx" MMC-yə belə bir səlahiyyət verməməsi də nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını tələb etməyi istisna etmir. Çünki ilkin iddia tələbi "xxxx" MMC tərəfindən irəli sürülsə də sonradan İddiaçı əsl iddiaçı kimi əvəz olunmuşdur. Bu hal ona dəlalət edir ki, İddiaçı cavabdehin mübahisələndirməyə cəhd etdiyi əqdi bəyənmişdir.

34. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mübahisələndirilən müqavilə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də cavabdehin iddiaya bu cür etirazı əsaslı ola bilməzdi. Çünki əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Göründüyü ki, hətta qəbul edilsə belə ki, iddiaçı "xxxx" MMC-yə mübahisə predmeti olmuş avtomobili nisyə alqı-satqı müqaviləsi ilə satmaq səlahiyyəti verməmişdir, qeyd olunan müddətdə bu müqaviləni mübahisələndirməməsi, müqavilə üzrə edilən ödənişləri qəbul etməsi və hazırki iddianı müdafiə etməsi əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın qeyd olunan əsasla rədd edilməsini təkzib edir.

35. İlkin iddia tələbində cavabdeh kimi zamin X6 da göstərilsə də, iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılaraq cavabdeh kimi yalnız Cavabdeh saxlanılmışdır. Buna baxmayaraq, apellyasiya baxışı zamanı X6 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə dair qərar qəbul edildi. Lakin dəfələrlə məhkəmə iclasında iştirak etmək üçün xəbərdar edilsələr də, o cümlədən telefonla əlaqə saxlanılaraq dəvət edilsələr də məhkəmə iclasında iştirak etməyə söz verdilər, son anda yenə də iştirak etməkdən yayındılar. Buna baxmayaraq, cavabdehin dəlilləri, o cümlədən nəqliyyat vasitəsinin ona təhvil verilməsi, nəqliyyat vasitəsinin onun istifadəsində olubolmaması, onun tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin edilib-edilməməsi, nəqliyyat vasitəsinin hazırda kimin sahibliyində olması, keçən müddət ərzində cavabdehə və digər hər hansı şəxsə etibarnamə verilib-verilməməsi, verilmişdirsə etibarnamənin kimin tərəfindən və hansı müddətdə verilməsi və s. hallar araşdırıldı. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh "xxxx" MMC-yə avtomobil almaq məqsədilə getdiyini, məqsədi avtomobili alıb gündəlik yaxud bir neçə günlük ayrı-ayrı şəxslərə kirayə(icarəyə) verməklə məşğul olan tanışı Etibar Hüseynova və onun vasitəsilə “Rentakar” fəaliyyəti ilə məşğul olan Səfər Zaxarova vermək olmuşdur. Nisyə alqı-satqı müqaviləsinin onunla bağlandığını və mübahisə predmeti olmuş avtomobilin təhvil-təslim aktına imza etməklə ona təhvil verildiyini təsdiq etdi(bax.i.v.8-12) və həmin gün də avtomobili Etibar Hüseynova verdiyini bildirdi. Cavabdeh bütün bu hərəkətlərin hamısının onun iradəsi və istəyi ilə həyata keçirildiyini, hətta nisyə alqı-satqı müqaviləsi üzrə 10 ay müddətində edilən ödənişlərin də onun iradəsinə uyğun aparıldığını dönə-dönə təsdiqlədi. Məqsədinin bu yolla həm müqavilə üzrə avtomobilin dəyərini ödəmək və qazanc əldə etmək, sonda, yəni dəyəri tam ödənildikdən sonra isə avtomobilin mülkiyyətinə keçməsinə nail olmaq olduğunu söylədi. Məhz bu məqsədlə də, yəni “Rentakar” fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən "xxxx" RENT A CAR MMC-yə avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən etibarnamələr verilmişdir. 2020-ci ilin oktyabr ayından sonra nə cavabdeh, nədə hər hansı bir şəxs tərəfindən müqavilə üzrə avtomobilin dəyərinin qalan hissəsi ödənilməmişdir. Bu faktları cavabdeh Xətai Rayon Polis İdarəsinin 37-ci X10 Hüseynovun pulunu ələ keçirməsi barədə verdiyi şikayət üzrə aparılan araşdırma zamanı izahatındada təsdiq etmişdir.

36. Göründüyü kimi, 2020-ci ilin sonundan mübahisə predmeti olan avtomobilin halhazıradək kimin sahibliyində olması, eləcə də salamat yaxud məhv olması da məlum deyil. Cavabdeh avtomobilin tapılması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini, lakin heç bir nəticəsinin olmadığını da təsdiq edir. Baş Dövlət Yol Polisi İdarəsinin 23 avqust 2023-cü il tarixli məlumatından da görünür ki, iddiaçı tərəfindən yalnız "xxxx" MMC-yə avtomobildən istifadə hüququ əsasında etibarnamə verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi “Rentakar” fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən "xxxx" RENT A CAR MMC-yə avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək etibarnamə verilmişdir. Bu cür etibarnamənin isə cavabdehin iradəsi və istəyi əsasında verilməsi mübahisə doğurmur. Apellyasiya baxışı zamanı təqdim edilmiş, ayrı-ayrı şəxslərin barəsində tərtib edilmiş çoxsaylı inzibati tənbeh vermə haqqında qərarlardan da görünür ki, mübahisə predmeti olan avtomobilin istismarı ilə əlaqədar yol hərəkəti qaydalarının pozuntularına yol verilmişdir. Bu faktlar da ona dəlalət edir ki, avtomobilin hazırda hansı şəxsdə olmasını müəyyən etmək, başqa sözlə avtomobilin tapılması mümkün deyildir. Bu cür vəziyyətdə avtomobilin cavabdeh Kazımov X7 tərəfindən iddiaçıya geri qaytarılması barədə iddianın təmin olunması isə əsassız olmuşdur. Çünki avtomobil cavabdehin istifadəsində və sahibliyində yoxdursa, hüquq mühafizə orqanları tərəfindən axtarılıb tapılması da bir nəticə vermirsə, cavabdeh tərəfindən geri qaytarılacağı da hazırki iddianın hətta tam təmin olunacağı təqdirdə icrasının mümkün olmayacağı bir hal sayılır.

37. Düzdü, nisyə alqı-satqı müqaviləsinin 5.1.3-cü bəndində alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətində gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomoblin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərək çəkilən xərcləri «alıcı»-dan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək hüquqları, müqavilənin 5.1.5-ci bəndində isə avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin «alıcı»-dan tələb etmək və ya onun əmlakına yönəldilməsi tələbini irəli sürmək hüquqları nəzərdə tutulmuşdur. Ancaq Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəyə əsasən isə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, mövcud vəziyyətdə, yəni hazırki iddianın avtomobilin geri qaytarılması hissəsinin əsaslılığı baxımından müqavilənin 5.1.3-cü bəndinin icrası mümkünsüz vəziyyətə gəlmişdir. Məhz buna görə də, müqavilənin 5.1.5-ci bəndinin icrası da əhəmiyyətini itirmiş olur. Bu cür vəziyyətdə, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbi baxımından nisyə alqı-satqı müqaviləsi üzrə yalnız avtomobilin ödənilməmiş məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə nisyə alqı-satqı müqaviləsi üzrə aldığı avtomobilin dəyərini tam ödəməlidir. Çünki müqavilə cavabdehlə bağlanaraq avtomobil rəsmi qaydada ona təhvil verilmişdir. Cavabdehin ona təhvil verilmiş avtomobili sonradan öz tanışına yaxud üçüncü şəxslərə hansısa məqsədlə verməsi onun hazırki iddiaya cavab verməli olan şəxs olmadığını bəyan etməyə əsas vermir və bu cür mövqe hüquqa uyğun yanaşma sayılmır. Demək ki, cavabdehin nisyə alqı-satqı müqaviləsindən irəli gələn icra edilməmiş öhdəliyi qalır və o, bu öhdəliyin icrası üçün məsuliyyət daşıyır.

38. Göründüyü kimi, nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı satılan əşyanın dəyərinin tam ödənilməməsini iddia etməkdə haqlı olub. Ancaq Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən iddiaçının ya verilmiş əşyanın dəyərini ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranmışdır ki, iddiaçı isə eyni zamanda müvafiq maddədə göstərilən hər iki tələbi irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsi həmin normanı səhf təfsir edərək həm avtomobilin qaytarılmasını, bu mümkün olmadıqda isə müqavilə üzrə ödənilməmiş məbləğin alınmasını qət etmişdir. Çünki alıcı öhdəliyini icra etmədikdə satıcının 600.4-cü maddəsində nəzərdə tutulmuş tələblərdən birini irəli sürmək hüququ vardır.

39. Bununla belə, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqda davam edir. Müqavilə üzrə ödənilməmiş məbləğin cavabdeh tərəfindən tam icra ediləcəyi təqdirdə mübahisə predmeti olan avtomobilin onun mülkiyyətinə keçməsi təmin olunmalıdır. Baxmayaraq ki, müqavilənin 5.2.4-cü bəndinin tələbinə görə iddiaçının satıcı kimi avtomobilin dəyərinin müqavilənin qüvvədə olduğu vaxt tam ödənildiyi halda qeyd-şərtsiz olaraq alıcının, yəni hazırki iş üzrə cavabdehin mülkiyyətinə vermək vəzifəsi nəzərdə tutulmuşdur, ancaq işin halları və tərəflərin qarşılıqlı münasibətləri də nəzərə alınmaqla qətnamə tam icra olunduqdan dərhal sonra İddiaçı tərəfindən avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlər(Baş Dövlət Yol Polisi İdarəsində yaxud müvafiq qurumlarında alqı-satqı müqaviləsi bağlanmasını rəsmiləşdirmək üçün razılıq yaxud bu məqsədlə etibarnamə vermək və.s) icra edilməlidir. Çünki adi vəziyyətdə öhdəliyin tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda nisyə alqı-satqı müqaviləsindən yaranan öhdəliklər və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.

41. Şərh olunanlara əsasən məhkəmə tərkibi qətnamənin əsaslandırıcı hissəsində qeyd edilən maddi hüquq normasının pozuntusu baxımından hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3178/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqısatqı müqaviləsi ləğv edilməli; Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə üzrə ödənilməmiş dəyəri - 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat, 1500 (min beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzi 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat alınaraq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməli; Qətnamə tam icra olunduqdan dərhal sonra İddiaçı tərəfindən avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlər(Baş Dövlət Yol Polisi İdarəsində yaxud müvafiq qurumlarında alqı-satqı müqaviləsi bağlanmasını rəsmiləşdirmək üçün razılıq yaxud bu məqsədlə etibarnamə vermək və.s) icra edilsin.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3178/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə üzrə ödənilməmiş dəyəri - 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat, 1500 (min beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzi 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat alınsın və İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tam icra olunduqdan dərhal sonra İddiaçı tərəfindən avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlər(Baş Dövlət Yol Polisi İdarəsində yaxud müvafiq qurumlarında alqı-satqı müqaviləsi bağlanmasını rəsmiləşdirmək üçün razılıq yaxud bu məqsədlə etibarnamə vermək və.s) icra edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar