Məhkəmə qərarları › İş №2(103)-1403/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1403/2021

04.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1403/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3087/2020 nömrəli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan paylarına uyğun olaraq ona çatası 7 (yeddi) min manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3500 dollar və 5115 manat borc pulun, dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun, etibarnamə üçün sərf etdiyi 12 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3087/2020 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, iddiaçılar cavabdehlərlə borc münasibətində olması iş üzrə sübut yetirilməmiş, hər hansı borc münasibəti olmamış və sübutetmə yükü iddiaçının üzərinə düşdüyü üçün digər tərəfin etiraf etməsi əks tərəfi bu faktları sübut etmə vəzifəsindən azad edir yazsa da, məhkəmə ümumiyyətlə əsaslandığı halların nəticəyə uyğun olmamasını belə diqqətə almamışdır. Belə ki, məhkəmə iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı, eləcə də Cavabdeh2nm nümayəndəsi Cavabdeh1, habelə iş üzrə şahid qismində dindirilmiş bacısı və bacısının əri onun cavabdehlərə borc verdiyini, 7 min manat məbləğində borc verdiyini, eləcə də bacısı və nümayəndəsi olduğu Mustafayeva Cəvahirin 3500 dollar və 5115 manat pulun mərhum bacısı Əhmədova Güləndama borc vermələrini təsdiq etmişlər. Bundan başqa, cavabdeh bacısı qızı Cavabdeh3 qızı Qurbanova Güləndam onun borc verməsini təsdiq etməsə də, bacısı cavabdehlərin anası X3 Cəvahirin 3500 dollar və 5115 manat pulu verməsini təsdiq etsə məhkəmə ən azından nümayəndəsi olduğu X1 iddiasına münasibətdə borc münasibətinin olmasını təsdiq etməli idi. Bundan başqa, şahid Qurbanova Güləndam mərhum miras qoyan bacısının borcları ilə bağlı kitab olmasını qeyd etsə də, məhkəmə bu kitabın (Cavabdeh3 şəxsi xətti ilə yazılmış) məhkəməyə təqdim etmələrinə şərait yaratmamışdır. Məhkəmə ümumiyyətlə hətta şahid Qurbanova Güləndam, digər şahidlərin verdikləri izahatlara münasibət bildirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 1 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-356 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X2 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak X4 verilmiş **********14-05101-093108 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 110, mənzil 138 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzildir. 1 saylı” ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-352 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X2 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak X4 verilmiş **********14-05101-093108 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 110, mənzil 138 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzildir. 1 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X2 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak X4 verilmiş **********14-05101-093108 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 110, mənzil 138 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzildir. 1saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 057744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2019-cu il tarixdə “ağciyərin ikincili bədxassəli yenitörəməsi” səbəbi ilə Bakı şəhərində ölmüşdür. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Buna baxmayaraq, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin mərhum G.Əhmədovaya borc pul vəsaitinin verilməsini bildirsə də, yazılı formada borc müqaviləsi bağlanmamışdır. Göründüyü kimi İddiaçı və üçüncü şəxs X5 ilə cavabdehlər arasında borc münasibətlərinin olması iş materialları ilə öz təstiqini tapmır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3087/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar