Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-141/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına” dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının iştirakı ilə, apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia barədə məlumat İddiaçı cavabdeh Departamentə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Departamentə işlədiyi dövrdə ona ödənilməli olan əmək haqqısının düzgün hesablanması nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat, mənəvi ziyan əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pulun cavabdeh Departamentdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2005-ci ildə işə başlayarkən ailə üzvlərinin sayı üç nəfər olmuş, lakin 2008-ci ildən ailə üzvlərinin sayı artaraq dörd nəfər olmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi güzəştləri tətbiq edilməsi üçün zəruri olan müvafiq sənədləri Departamentə təqdim etsə də, Departament bunu nəzərə almamış, tətbiq edilməli olan vergi güzəştlərini iddiaçıya münasibətdə tətbiq etməmişdir. İddiaçının hesablamasına görə, Departamentin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində ona 20.000 manat məbləğində maddi zərər dəymişdir ki, həmin məbləğ Departament tərəfindən ona ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, Departamentin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər də dəymişdir. O, hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Departamentdən onun xeyrinə 30.000 manat məbləğində pul tutulmalıdır. Hazırki apellyasiya baxışına qədər məhkəmələr tərəfindən iş üzrə qəbul edilmiş qərarlar İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(005)-2707/2019) ilə iddianın rədd edilməsini qət etmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-12088/2019) ilə apelyasiya şikayətinin təmin edilməməsini və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-2954/2020) ilə kasasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Apellyasiya şikayətinin dəlilləri və apellyasiya şikayəti ilə bağlı iş üzrə tərəflərin mövqeyi Mülki işə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Rayon Məhkəməsi işin baxılmasına X4 Xidmətinin nümayəndəsinin iştirakını təmin etməmiş və Vergi Məcəlləsinin 102.2-ci maddəsinin tələbini səhv tətbiq etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Departamentin nümayəndəsi apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Departament işçisi olmuş iddiaçının əmək haqqısını düzgün hesablamış və bu zaman heç bir qanunun tələblərini pozmamışdır. İş üzrə üçüncü şəxs olan X4 Xidməti işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən ləğv edilməli və iddia qismən təmin edilərək cavabdeh Departamentdən iddiaçının xeyrinə maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 7 manat məbləğində pul tutulmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı cavabdeh Departamentinin direktoruna müraciət edərək, ona ödənilməli olan əmək haqqısından tutulan vergi hesablanarkən qanunla müəyyən edilmiş vergi güzəştlərinin həyata keçirilməsi və bu qaydanın yarandığı andan indiyə qədər əmək haqqının yenidən hesablanaraq fərq məbləğin ona ödənilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2016-cı il tarixli ərizəndən görünür ki, iddiaçı, xx.xx.2016-cı il tarixli, Ə-86 saylı ərizəsi ilə əlaqədar olaraq xx.xx.2008-ci il tarixdən himayəsində olan ailəsinin üç nəfərinin bu günə olan durumunu, yəni hələ də himayəsində olmasını bildirən sənədləri cavabdeh Departamentə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri üzrə X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 88/xx/xx-12178 nömrəli məktubdan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixli müraciəti ilə əlaqədar olaraq cavabdeh Departament tərəfindən xx.xx.2009-cu il tarixdə iddiaçının adına xx.xx.2008-ci il tarixdə anadan olmuş övladı X2 doğulması ilə bağlı təqdim edilmiş “Uşağın anadan olmasına görə birdəfəlik müavinət” sənədləri üzrə xx.xx.2009-cu il tarixdə 50 manat məbləğində müavinətin müraciətdə qeyd olunmuş "xxxx" ASC-nin Nərimanov filialındakı bank hesabına köçürülməsinin qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Cavabdeh Departament tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 19/24 nömrəli məktubdan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixli, Ə-261 nömrəli gəlir vergisindən güzəşt edilməsinə dair ərizəsinə baxılmış, həmin güzəştlərin Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərə Məcəlləsinin 102.5-ci maddəsinə uyğun olaraq tətbiq olunan vergi güzəştləri hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 4 nömrəli qərarı ilə müəyyənləşdirilmiş azyaşlı övladının doğum şəhadətnaməsinin surətinin, həddibuluğa çatmış uşağının tələbə biletinin surətinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra Hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışın, həyat yoldaşının onun himayəsində olub heç yerdə işləməməsi barədə sənədin təqdim edildiyi halda həyata keçirildiyi, müvafiq sənədlərin Departamentin mühasibatlığına təqdim edilməsinə dair ona xx.xx.2016-cı il tarixli, 19/102 nömrəli məktubun göndərildiyi, sənədlər təqdim edildikdən sonra məsələyə qanun çərçivəsində baxılacağı bildirilmişdir. İş materiallarında olan “Təsdiq olunmuş maliyyə üzrə çıxarışdan” görünür ki, 2005ci ildə iddiaçının 930.632 (köhnə miqyasda) manat məbləğində olan ümumi gəlirindən 99.168 (köhnə miqyasda) manat tutularaq Departament tərəfindən ona yekun olaraq 864.874 (köhnə miqyasda) manat ödəniş edilmiş, 2006-cı ildə iddiaçının 659,24 (yeni miqyasda) manat məbləğində olan ümumi gəlirindən 70,29 (yeni miqyasda) manat tutularaq ona yekun olaraq 588,95 (yeni miqyasda) manat, 2007-ci ildə 1.349,8 manat məbləğində olan ümumi gəlirindən 205,64 manat tutularaq ona yekun olaraq 1.144,16 manat, 2008-ci ildə 1.614,85 manat məbləğində olan ümumi gəlirindən 197,62 manat tutularaq ona yekun olaraq 1.417,23 manat, 2009-cu ildə 1.954,34 manat məbləğində olan ümumi gəlirindən 255,84 manat tutularaq ona yekun olaraq 1.698,5 manat, 2010-cu ildə 1.924,4 manat məbləğində olan ümumi gəlirindən 245,95 manat tutularaq ona yekun olaraq 1.678,45 manat, 2011-ci ildə 2.161,5 manat məbləğində olan ümumi gəlirindən 318,74 manat tutularaq ona yekun olaraq 1.842,76 manat, 2012-ci ildə 2.349 manat məbləğində olan ümumi gəlirindən 259,41 manat tutularaq ona yekun olaraq 1.989,59 manat, 2013-cü ildə 2.434,58 manat məbləğində olan ümumi gəlirindən 335,85 manat tutularaq ona yekun olaraq 2.098,73 manat, 2014-cü ildə 2.492 manat məbləğində olan ümumi gəlirindən 339,67 manat tutularaq ona yekun olaraq 2.152,33 manat, 2015-ci ildə 2.901,16 manat məbləğində olan ümumi gəlirindən 405,59 manat tutularaq ona yekun olaraq 2.495,57 manat, 2016-cı ildə 1.286,69 manat ümumi gəlirindən 152,63 manat tutularaq ona yekun olaraq 1.134.06 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 19/148 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2016-cı il tarixədək cavabdeh Departamentin Kompüter Hesablama Mərkəzinin Məlumatların hazırlanması və mübadiləsi şöbəsində aparıcı mütəxəssis, baş mütəxəssis və bir müddət müvəqqəti olaraq şöbə rəisi əvəzi vəzifəsində çalışmışdır. Departamentin 142/k saylı, xx.xx.2016-cı il tarixli əmri ilə iddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) uyğun olaraq tutduğu vəzifədən azad olmuşdur. Departamentin Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli 19/166 nömrəli cavabdeh məktubdan görünür ki, sabiq əməkdaşları olan iddiaçı 2005-ci ildən 2011-ci ilədək "xxxx" ASC, 2011-ci ildən 2016-cı ilədək "xxxx" ASC vasitəsilə ödənilən əmək haqqını almışdır. İddiaçı hesab edir ki, onun aylıq əmək haqqı düzgün hesablanmamış, ailə tərkibinin dəyişilməsi ilə bağlı Departamentə məlumat verərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi güzəştləri tətbiq edilməsi üçün zəruri olan müvafiq sənədləri Departamentə təqdim etsə də, Departament bunu nəzərə almamış, tətbiq edilməli olan vergi güzəştlərini ona münasibətdə tətbiq etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə görə, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Həmin Məcəllənin 102.6-cı maddəsinə görə, aşağıdakılar himayədə olanlara aid edilmirlər: -təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa); - dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar); -xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar. Məcəllənin 102.7-ci maddəsinə görə, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Məcəllənin 102.8-ci maddəsinə görə, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, işə baxmış məhkəmələr mülki mübahisəni həll edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə düzgün istinad etsələr də, həmin maddənin mahiyyəti üzrə araşdırma aparılmamış, iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin dəlilləri üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün mütəxəssis və ya ekspert rəyinin alınmasının zəruriliyi müzakirə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə qeyd edilən normanın tələbini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alaraq, əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və aşağıdakı ekspert rəyini almışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/555 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlər və mütəxəssis rəyi nəzərə alınmaqla qeyd edilənlərlə əlaqədar, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən güzəşt hüququnun müvafiq sənədlərin təqdim edildiyi andan başladığını, eləcə də, İddiaçı tərəfindən sənədlərin cavabdeh Departamentə xx.xx.2016-cı il tarixdə təqdim edildiyini nəzərə alaraq, yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə əmək haqqı hesablanması zamanı Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldıla bilər. Belə olan təqdirdə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək tutulmalı olan vergi məbləği 58,48 manat ((603,74- 136.03) x 14%) təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 2016-cı il üzrə təsdiq olunmuş maliyyə üzrə çıxarışdan görünür ki, 1.286,69 manat ümumi gəlirindən 152,63 manat tutularaq iddiaçıya yekunda 1.134.06 manat məbləğində ödəniş edilmişdir. 2016-cı ildə iddiaçının işlədiyi aylar üzrə ümumi gəlirinin 14 %-i gəlir vergisinə (96,66 manat), 3%-i DSMF-ə (37,02 manat), 2 %-i isə həmkarlar ittifaqı təşkilatına üzvlük haqqı (7,04 manat) kimi hesablanmışdır. Həmin çıxarışdan görünür ki, may ayı üzrə iddiaçıya 65,48 manat gəlir vergisi hesablanmış və həmin məbləğ onun əmək haqqından tutulmuşdur. Lakin yuxarıda qeyd edilən ekspert rəyindən görünür ki, azaldılmalar nəzərə alınmaqla iddiaçıdan xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək tutulmalı olan vergi məbləği 58,48 manat təşkil edir. Göründüyü kimi iddiaçıdan tutulmalı olan məbləğ (65,48 – 58,48=) 7 manat artıq hesablanmışdır. İddiaçı daha artıq məbləğdə vergi hesablandığını bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı yuxarıda qeyd edilən ekspert rəyi ilə razılaşmayaraq bildirdi ki, ekspert tədqiqat aparılması üçün zəruri olan sənədlər olmadan tədqiqat apararaq rəy vermişdir. Həmin sənədlər olmadan aparılmış tədqiqatın nəticəsi kimi verilmiş rəy mötəbər hesab edilə bilməz. Məhkəmə iddiaçının etirazının bu dəlili ilə bağlı bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən güzəşt hüququnun müvafiq sənədlərin təqdim edildiyi andan başladığını, eləcə də, İddiaçı tərəfindən sənədlərin cavabdeh Deparlamentə xx.xx.2016-cı il tarixdə təqdim edildiyini nəzərə alaraq, yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə əmək haqqı hesablanması zamanı Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən güzəşt hüququ verilə bilər. Məhkəmə yuxarıda qeyd edilən Məcəllənin 102.8-ci maddəsinə əsaslanaraq qeyd edir ki, iddiaçıya vergi güzəştinin düzgün hesablanmaması ilə bağlı vurulmuş ziyan güzəştin hesablanmasına əsas verən hallara dair lazımı sənədləri təqdim etdiyi andan hesablana bilər. Yəni hazırki halda iddiaçı həmin sənədləri xx.xx.2016-cı il tarixdə təqdim etdiyi üçün, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək (işdən çıxan) olan müddətə görə vergi güzəştinin düzgün hesablanmaması ilə bağlı vurulmuş ziyanı tələb edə bilər. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili qismən əsaslıdır. İddiaçının cavabdeh Departamentə qarşı irəli sürdüyü digər tələb, cavabdeh Departamentin ona vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 30.000 manat məbləğində pulun tutulması barədədir. Bu iddia tələbinin həlli ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 8 №-li qərarına görə, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Göstərilən ölkədaxili və beynəlxalq hüquq normalarının tələblərindən və MPM-nin yuxarıda qeyd edilmiş 77.1 və 14.2-ci maddələrinin tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, müzakirə edilən bu iddia tələbi sübuta yetmədiyindən əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi işin baxılmasına X4 Xidmətinin nümayəndəsinin iştirakını təmin etməmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxs olan həmin Xidmətə qanunda nəzərdə tutulmuş qaydada məlumat versə də, Xidmət, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bunu və MPM-nin 185.5-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh Departamentə qarşı irəli sürülmüş iddia tələbinin “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsi qismən əsaslı, “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsi isə əsassızdır. Buna görə də, Məhkəmə MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2019-cu il tarixli qətnamə qismən, yəni İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddianın “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddianın “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsi qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq tutulmuş gəlir vergisi, yəni 7 (yeddi) manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Bu tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 12 iyul 2019-cu il tarixli qətnamənin qalan hissəsi, yəni İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddianın “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-141/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-141/2022
03.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver