Məhkəmə qərarları › İş №2(103)-1410/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1410/2020

22.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1410/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh "xxxxxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-5669/2019 saylı qətnaməsindən iddiaçı Muradova Çı̇çək Behbud qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00230-01 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00230-01 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17/33, 3 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdeh tərəfindən mənzilin dəyəri bazar qiymətindən çox aşağı qiymətləndirilərək 30000 manat göstərilmişdir. Halbuki, mənzil alğı-satqısı ilə məşğul olan ofislər tərəfindən mənzilin qiyməti 40.000 manat məbləğində dəyərləndirilir. Bundan başqa ipoteka müqaviləsi cavabdehin nümayəndəsi tərəfindən tərtib edildiyindən, həmin müqavilədə gələcəkdə evin qiymətin aşağı düşməsi və ya qalxması nəticəsində mənzilin dəyərində dəyişikliklərin edilə bilməsi qəsdən nəzərdə tutulmamışdır. Bu hal isə bir mülkiyyətçi kimi gələcəkdə baş verə biləcək yuxarıda qeyd etdiyi şəraitdə hüquqlarının və maraqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Çünki həmin ipoteka müqaviləsindən bu günə kimi 4 ilə yaxın müddət keçmiş və Respublikada mənzillərin, o cümlədən də, onun mənzilinin qiyməti bir neçə dəfə qalxmışdır. Belə olan halda gələcəkdə həmin mənzil bank tərəfindən müqavilədə göstərilən məbləğə satılarsa, onda əldə ediləcək gəlirdən ona heç nə qalmaz. Bu isə onun üçün əlverişsizdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-5669/2019 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı Muradova Çı̇çək Behbud qızı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(004)-5669/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmayıb. Cavabdeh BOKT ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00230-01 №-li kredit müqaviləsinin təminatı kimi onunla cavabdeh arasında mülkiyyətimdə olan Sumqayıt şəhəri İnşaatçılar ləsəbəsi, ev 17/33, 3 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdeh tərəfindən mənzilin dəyəri bazar qiymətindən çox aşağı qiymətləndirilərək 30.000 manat göstərilmişdir. Halbuki, mənzil alğı-satqısı ilə məşğul olan ofislər tərəfindən və eləcə də hazırkı bazar qiyməti ilə bu mənzilin qiyməti 40.000 manat məbləğində dəyərləndirilir. Bu hal isə bir mülkiyyətçi kimi gələcəkdə baş verə biləcək yuxarıda qeyd etdiyi şəraitdə onun hüquqlarının və maraqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Çünki həmin ipoteka müqaviləsindən bu günə kimi 4 (dörd) ilə yaxın müddət keçmiş və Respublikada mənzillərin o cümlədən də onun mənzilinin qiyməti bir neçə dəfə qalxmışdır. Belə olan halda gələcəkdə mənzili bank tərəfindən müqavilədə göstərilən məbləğə satılarsa onda əldə ediləcək gəlirdən ona heç nə qalmaz. Bu isə onun üçün əlverişsizdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxxxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı Muradova Çı̇çək Behbud qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakıolmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Muradova Çı̇çək Behbud qızına ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Muradova Çı̇çək Behbud qızı lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 2015/00230-01 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17/33, 3 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik borc alana 36 ay müddətinə 28 faiz olmaqla verilmiş 12000 ABŞ dolları məbləğində kredit, kreditdən istifadəyə görə hesablanmış faiz, digər tutma və ödəmələr üzrə öhdəliklərdən ibarətdir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 30000 (otuz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 2247/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdehİddiaçı qarşı ipoteka predmetinətutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00230-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə cəmi 10578,15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17/33, 3 saylı mənzilinə yönəldilərək ilkin satış qiyməti 40000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən borcun ödənilməsi, mənzılə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan, istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab olunmasını iddia etsə də, həmin etibarsızlığa səbəb olan hallar müəyyən olunmur. İddiaçının qeyd etdiyi ipoteka predmetinin ucuz qiymətləndirilməsi ipoteka müqaviləsinin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Məhkəmə ümumilikdə qeyd edi ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsaslan müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Aparılmış araşdırma zamanı iddiaçının cavabdehlə bağladığı xx.xx.2015-ci il tarixli il ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilən ipoteka müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskarı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya qeyd edir ki, tərəflərin iradə ifadəsinin müqavilənin bağlanmasının zəruri şərti olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq, bank, yəni cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Həmçinin, iddiaçı bank qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün əmlakı ipoteka ilə yüklü etmişdir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı bir illik müddət nəzərdə tutulmudur. Bununla da iddiaçı etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Muradova Çı̇çək Behbud qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)- 5669/2019 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar