Məhkəmə qərarları › İş №2(103)-1410/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1410/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1410/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “yalan və böhtan xarakterli məlumatların təkzib edilməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 6021/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “yalan və böhtan xarakterli məlumatların təkzib edilməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin onun barəsində yaydığı yalan və böhtan xarakterli məlumatları eyni üsulla təkzib etməsi, həmçinin vurduğu mənəvi ziyanın əvəzi olaraq cavabdehdən onun xeyrinə 36000 manat pul vəsaitinin tutulması, cavabdehin intizam məsuliyyətinə cəlb edilməsi üçün Elm və Təhsil Nazirliyinə xüsusi qərardad göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 6021/2024 saylı qərardadı ilə (hakim Ceyhun Tağıyev) iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməkdən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etmək hüququndan yararlanıb hazırki tələbini irəli sürmüş, lakin müraciətini qanunvericiliyin tələbləri baxımından düzgün formada tərtib etməmişdir. Ərizədə iddia edildiyi əməl törədilmişsə də, həmin əmələ mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə deyil, məhz cinayət mühakimə icraatı qaydasında baxılıb hüquqi qiymət verilməlidir. Əməlin törədildiyi sübuta yetirildiyi təqdirdə digər tələbin irəli sürülməsi (zərərin ödənilməsi) də cinayət mühakimə icraatı qaydasında istisna olunmur. Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərindən irəli gələn münasibətlər yaranmış, iddiaçı həmin münasiətlər çərçivəsində cavabdeh tərəfindən barəsində yayılan yalan məlumatların onun şərəf və ləyaqətini alçaltmasını göstərmiş, dəymiş ziyanı tələb etmiş, tələbini əsasən Əmək Məcəlləsinin müvafiq normaları ilə əsaslandırmışdır. Əmək Məcəlləsinin 288-ci maddəsinə görə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, işəgötürənin işçiyə vurduğu maddi və mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi və s. məsələlər fərdi əmək mübahisələrinin predmetinə daxildir. Əmək Məcəlləsinin 292-ci maddəsinə görə, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələ ilə bağlı hüquqlarının və qanuni mənafelərinin pozulduğunun aşkar etdikdə fərdi əmək mübahisələrini həll edən orqanlara və yaxud Mülki-Prosessual Məcəllənin tələblərinə əməl etməklə ümumi məhkəməyə müraciət edə bilərlər. Birinci instansiya məhkəməsi şikayət ərizəsinin qəbulundan imtina edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.2-ci və 147.1-ci maddələrinə istinad edərək böhtan yəni, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma barədə cinayət təqibinin yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında xüsusi ittiham qaydasında həyata keçirildiyini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmçinin, Ali Məhkəmənin 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Plenum qərarının 5-ci bəndinə əsasən başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. ... hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. Göründüyü kimi, iddiaçı seçim hüququndan istifadə edərək qeyd edilən tələblərlə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmuş, lakin birinci instansiya məhkəməsi qanunvericliyin qeyd olunan tələblərini nəzərə almadan iddia ərizəsinin qəbulundan imtina etmiş, nəticədə prosessual hüquq normalarının pozuntusuna yol vermiş, həmçinin iddiaçının məhkəməyə müraciət etmək imkanlarını əsassız məhdudlaşdırmışdır. Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməli) həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “yalan və böhtan xarakterli məlumatların təkzib edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 6021/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 6021/2024 saylı qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməli) həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar