Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1411/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə») Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2668/23 saylı iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə X3 faktiki nikah münasibətlərində olmuş, onların faktiki nikah münasibətlərindən 05 iyul 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən 10 yanvar 2015-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olmuş, 09 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən o, həmin mənzili bacısı İddiaçı bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2017-ci il tarixli çıxarışa əsasən mənzil İddiaçı mülkiyyətindədir.
2. Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi ilə X2 Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostuq küçəsi 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab olunmuşdur. Sonradan qiyabi qətnamə ləğv olunmuş və Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə X2 Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilmiş, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X4 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsindəki 3 saylı evin 26-cı mənzilinin yaşayış sahəsindən 15.000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X4 ilə birlikdə həmin mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X4 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsindəki 3 saylı evin 26-cı mənzilinin yaşayış sahəsindən 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X4 ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil üzərində onun mülkiyyət hüququnun olmasına baxmayaraq həmin mənzildə cavabdeh öz azyaşlı övladı ilə birlikdə yaşayır, evin mülkiyyətçisi isə öz əmlakından heç bir formada istifadə edə bilmir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2668/23 saylı iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 158.1.2, 158.4, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası KM Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərli deyildir. Bundan başqa məhkəmə tərəfindən kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən əmlakın kirayə dəyəri bazar qiymətinə uyğun şəkildə müəyyən edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
14. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. 29-cu maddənin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. 152.1-ci maddəyə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. 153.4-cü maddəyə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
18. 157.2-ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. 157.4-cü maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. 228.1-ci maddəyə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın;
21. 228.2-ci maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir;\
22. 228.5-ci maddəyə əsasən uaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Mülki Prosessual Məcəllə:
23. 14.2-ci maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci maddəyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 217.2-ci maddəyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
26. 217.4-cü maddəyə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
27. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı:
28. “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”.
“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:
29. mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.).
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
37. Apellyatorun kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən əmlakın kirayə dəyərinin bazar qiymətinə uyğun şəkildə müəyyən edilməməsi barədə dəlillinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
38. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMCyə sorğu verilmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75.000-80.000 manat təşkil edir.
39. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 250-450 manat arasında dəyişir.
40. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 450 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, görünür ki, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 16.200 manat təşkil edir.
41. Birinci instansiya məhkəməsi kompenasiya məbləğini göstərilən qaydada müəyyən etsə də, iddiaçı tərəfindən bundan artıq məbləğdə kompensasiya təklif olunduğunu və işin digər hallarını qiymətləndirərək təkilf olunan 20.000 manat kompensasiya məbləğinin daha qənaətbəxş olduğu qənaətinə gəlmişdir.
42. Göründüyü kimi, cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin 20 000 manat deyil, 50 000 manat təşkil etməli olmasını sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.
44. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
45. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.