Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1415/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X7 qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı 17 oktyabr 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 040627 saylı xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanı X5 məxsusdur.
2. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 ilə X17 xx.xx.1986-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
3. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışın surətindən aydın olur ki, X6 ilə X28 xx.xx.1969-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə ölmüşdür.
4. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası X26r.
5. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Bakı şəhəri 7 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş- X3 vərəsələri: oğlu Cavabdeh2, ünvan 1 ünvanına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
6. İş materiallarına əlavə edilmiş 5 saylı Asan xidmət mərkəzində notariat kontorunda bağlanmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 42,6 kv.m, yardımçı sahəsi 54,8 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən (97,4 kv.m, 2 otaq) Cavabdeh1 oğluna 31500 manata satmışdır.
7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı Cavabdeh1 oğlunun adına qeydiyyatdan keçmişdir.
8. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X13 cavabdehlər 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu X7 və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)- 12695/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-444/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının İş № 2(102)- 789/2020, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-12695/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022- ci il tarixli məktubunda deyilir: ”4Ə-388 nömrəli, xx.xx.2022 tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 nömrəli fərdi yaşayış evi üzərində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022 tarixdə X10 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi X10 mülkiyyətindədir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 nömrəli fərdi yaşayış evini X15 60000 manata satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X7 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V/1-1320 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış **********22-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqısatqı müqaviləsinin, alqısatqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yəni X17 xx.xx.1965-ci ildə ünvan 4 ünvanında anadan olmuşdur. Atasından miras qalan yaşayış evində yaşayır. Məhrum atasının yaşadığı dövrdə də onunla birlikdə yaşamış xəstəlik dövründə qayğısına qalmışdır. Onların ailəsində də ondan böyük Cavabdeh2 adlı bir qardaşı var. Bildirir ki, atası X6 15 iyul 1995-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan miras qalan Bakı şəhəri Xəzər rayonun Mikayıl Müşviq küçəsi, dalan 2 ev 1 saylı yaşayış evində yaşamışdır. Qardaşı Cavabdeh2 21 noyabr 2012 -ci ildə ondan xəbərsiz 7 saylı Notariat kontoruna müraciət edərək qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mövcud şəhadətnamədə özünün guya yeganə vərəsə olmasını qeyd etmişdir. Notariat kontoru heç bir araşdırma aparmadan onu yeganə varis kimi tanımışdır. Halbuki, həmin əmlakı atası 1995-ci ildə rəhmətə gedəndən sonra faktiki olaraq o, qəbul etmişdir. Daha sonra qardaşı Cavabdeh2 atasından qalan əmlakı 24 noyabr 2015-ci ildə Cavabdeh1 oğluna satmışdır. Həmin alqı-satqı zamanı da ona heç bir məlumat verilməmişdir. Həmçinin qeyd edir ki, mövcud alqı-satqı müqaviləsi tamamilə saxtadır, həmin əmlakın dəyəri 200000 manatdan baha olsa da guya 31500 manata satmışdır.
14. Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız və qərəzlidir. Belə ki, Bəhman ünvan 5 ünvanında yerləşən tikilidə olan fərdi yaşayış evini iddiaçının qardaşı Cavabdeh2 xx.xx.2015-ci il tarixində alqı-satqı yolu ilə almışdır. Həmin əmlak onun mülkiyyətində olmuşdur. Daha sonra növbəti alqı-satqı yolu ilə digər cavabdehin adına (vicdanlı alıcı) rəsmiləşdirilmişdir. Qeyd edir ki, əvvəllər Cavabdeh2 (iddiaçının qardaşı) həyat yoldaşı eyni predmet və əsaslarla Cavabdeh1ağa oğluna qarşı qaldırdığı iddia tələbi AR Ali Məhkəməsinə qədər araşdırılaraq həmin iddia əsassız hesab edilmiş və alqı-satqıların etibarsızlığına dair iddialar rədd edilmişdir. Hal-hazırda mübahisə edilən ünvan 5 ünvanında yerləşən tikili üzrə daşınmaz əmlaka dair (mülkiyyətə dair) alqısatqı müqavilələri üzrə “əqdin etibarsızlığı” üzrə mülki iddianın əvvəllər eyni əsaslarla araşdırılması və məhkəmənin (AR Ali Məhkəməyə qədər) vahid mövqeyinin olması indiki iddianın bir daha əsassız və rədd edilməyə əsas verən hal olmasını sübuta yetirilən haldır. Bundan əlavə Cavabdeh1ağa oğlu “vicdanlı alıcı” olaraq iddiaçının qardaşından pul vəsaiti ödəyərək əmlakı əldə etmiş, illərlə həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Eyni zamanda hal-hazırda evi alan şəxs (digər cavabdeh) də “vicdanlı alıcı”dır və cavabdehlər tərəfindən hər hansı bir qanun pozuntusu həyata keçirilməmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il (hakim R.Həsənov) tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)- 12695/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi və eyni zamanda AR Ali Məhkəmənin Mülki Kollegiyasının İş № 2(102)- 789/2020, xx.xx.2020-ci il tarixli qərarının nəzərdən keçirilməsi və iddianı rədd edilməsi mütləq və zəruridir. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı xeyrinə Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyev tərəfindən elan edilmiş İş № MTT (003)- 126/2022 saylı mülki iş üzrə qərardad Bakı Apellyasiya Məhkəməsinin İş № MTT (103)- 349/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə bütünlükdə ləğv edilərək, iddiaçının iddiasının gələcəkdə mübahisləndirilməsi əsası ilə ərizəsinin rədd edilməsinə dair yeni qərardad elan edilmişdir. Bundan əlavə iddiaçı istər vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın etibarsızlığına dair mübahisələndirilməsi nəzərdə tutulan “iddia müddətini” ötürmüş sayılır. İddiaçı əqdin mövcudluğundan (vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın) xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmişdir və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının vərəsə kimi əmlaka dair hüquqlarının mübahisələndirməsi onun vərəsəsi sayıldığı mərhum atasının ölüm tarixindən 3 aydan gec olmayan müddətdə mümkün olmalı haldır. Mövcud əmlak cavabdeh X18 tərəfindən “ vicdanlı alıcı “ olaraq alınmış və 6 il müddətində mülkiyyətçisi kimi yaşanılmışdır. Göründüyü kimi iddiaçı tərəf atasının ölüm tarixindən xəbərdar olduğu halda “miras əmlakına dair” payı qəbul etməmiş və qardaşının cavabdehin vicdanlı alıcı kimi X2 əmlakı 7 ildən sonra geri qaytarmağa çalışmışdır. İddiaçı cavabdehlərə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab ediməsi“ tələbini deyil, qardaşı Cavabdeh2 qarşı “alqı satqı müqaviləsi“ndə əldə etdiyi pul vəsaiti üzrə payının müəyyən edilib, ona verilməsini mübahisələndirməli idi. Cavabdeh həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının hazırki tələbi üzrə, yəni istər vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın etibarsızlığına dair mübahisələndirilməsi nəzərdə tutulan “iddia müddətini” ötürmüş sayılır. İddiaçı əqdin mövcudluğundan (vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın) xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 oğludur. Samir atası, Tamilla xanım anası, Təranə isə bibisidir. O, atası və anası ünvan 4 ünvanında yaşayırdı. Evin sənədi atasının adına idi. Həmin evi alqı-satqı ilə atası Bəhmənə 31500 manata satmış və o, bu barədə sonradan xəbər tutmuşdur. Ramin Bəhməndən 31500 manat pul götürmüşdür. Bəhmən ona bildirmişdir ki, bu borc pulu evin girov qoyulması qarşılığında verə bilər. Bu zaman mübahisəli evi Bəhmənə vermişlər.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, Cavabdeh2 7-8 il əvvəl onların məhkəmə işində nümayəndə qismində iştirak etmək üçün ona etibarnamə vermişdir. Samirin əmisi oğlu Elçinin bacanağı Ramin və Bəhmən Babayev iş birliyi qurmalı idilər. Bəhmən bunun üçün pul verəcəkdi və bunun da müqabilində mübahisəli evi girov qoyacaqdılar, lakin evi girov qoymadılar və həmin evlə bağlı notariusda alqı-satqı müqaviləsi bağladılar. Notariusda alqı-satqı müqaviləsi bağlamaq üçün 30000 manat məbləğində pulu depozit hesaba qoydular, notariusda müqavilə bağlanandan sonra həmin 30000 manat məbləğində pulu depozit hesabdan götürüb yenidən Bəhmən Babayevə qaytarmışlar. Cavabdeh2 həmin müqavilənin alqısatqı müqaviləsi olduğunu bilməyib. Onlar öz aralarında bir sənədə qol çəkiblər ki, 30000 borc verilir və 2 ay ərzində Bəhmənə qaytarılacaq. Daha sonra Raminin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmış, həbs olunmuş, daha sonra həbsdən azad etmişlər. Ramin də bu evi Bəhməndən geri almaq istəmiş, bunun üçün Bəhmənə pul da təklif etmişlər, lakin Bəhmən razılaşmamışdır. Bəhmən Samiri mübahisəli evdən çıxarmaq istəsə də, qonşuların müdaxiləsi nəticəsində çıxara bilməmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 arvadıdır. Mübahisəli evdə Samir, o və oğlu yaşayırdı. Təranə xanım başqa yerdə yaşayır, amma gəlib gedirdi. Onlar gizli o evi Bəhmənə satmışlar ki, iş qururlar, pul əvəzi sonra qaytarılar. Bəhmən demişdir ki, onları evdən çıxartmayacaq, lakin sonra onlardan evdən çıxmağı tələb etmişdir. Onlar Bəhmənə 30000 manat pulu hissə-hissə qaytarmaq istəsələr də, Bəhmən onlarla razılaşmamışdır. Onlar Bəhməndən xahiş etmişlər ki, ev onun adına olsa da, onları evdən çıxarmasın. Bəhmən əvvəlcə onlara söz vermişdir ki, onları evdən çıxarmayacaq, lakin sonradan onlara qarşı evdən çıxarılma ilə bağlı iddia qaldırmışlar.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun əmisinin oğlu, Təranə əmisi qızıdır. Bildiyinə görə, Samir evi girov qoyub, onun müqabilində pul götürülüb. Ev əmisi Əzizağanın olub. Həmin evdə Samir, onun ailəsi ilə birlikdə yaşayıblar. Təranənin ayrıca evi var. Təranə o həyətə gəlib gedirdi.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o,Cavabdeh2 qonşusudur. Samirin Təranə adında bir bacısı var. Təranə həmin evə gəlib gedirdi, hərdən orada qalıb. Evin nə vaxt satılmasından xəbəri yoxdur. Ev sökülüb.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, neçə ildir ki, qonşudur. Onların öz evləri olmadığı üçün razılaşıb həmin evdə yaşamağa başlamışlar. Sökülən evlərin birində onlar yaşayıblar. Samirgil isə o biri sökülən evdə yaşayırdılar. Bir həyətin içərisində 2 ev var idi, lakin qapıları ayrı idi. Bildiyinə görə mübahisəli evi onun əri Raminin işinə görə girov qoymuşdular. Təranə o həyətə gəlib gedirdi.
21. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın rədd edilməsi qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 1145, 1151.1, 1243-cü maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mövcud işdə İddiaçı ev sökülənə yəni 2022-ci ilə qədər 27 il ərzidə həmin əmlakda yaşamış ev təsərüfatı ilə məşğul olmuş mirası şəksiz qəbul etmişdir. Xəzər Rayon Məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan, işin faktiki hallarını aydınlaşdırmadan qətnamə çıxarmışdır. Məhkəmədə şahid kimi gətirilən hər bir şəxs hətta cavabdehin özü Cavabdeh2 və Cavabdeh2 həyat yoldaşı da qeyd etmişdir ki, İddiaçı həmin evdə yaşamışdır, Cavabdeh2 qayğısına qalmış həmin evi faktiki olaraq o qəbul etmiş bütün evin təsrüffatı ilə o məşğul olmuşdur. Məhkəmənin əmlaka faktiki sahibliyi sübut edilməməsi ilə bağlı gətirdiyi faktlar tamamilə əsasızdır. Məhkəmədə bu faktlar və şahid ifadələri ilə sübut olunmuşdur. İddiaçının atasının 15 iyul 1995-ci il də ölmüşdür, yuxarıda qeyd edildiy kimi, şahid və cavabdehin ifadəsində bildirilir ki, iddiaçı 1995-ci ildən daim ora gəlmişdir faktiki sahiblik etmişdir. Həmin hadisədən 20 il sonra cavabdeh tərəfindən notariusa qanun üzrə vərəsə kimi müraciət edilmiş və notariusda heç bir araşdırma aparmadan şəxsi yeganə varis kimi tanımışdır. 20 il ərzində tamamilə qəbul edilmiş heç bir hərəkət olmayan miras əmlakı ilə bağlı məhkmənin Təranənin vərəsəliyi faktiki qəbul edilməməsi ilə gətirdiyi arqumentlər tamamilə əsasızdır. Həmçinin 20 il sonra 2015-ci ildə qanunsuz şəkildə açılmış və cavabdeh tərəfindən qanuni vərəsə kimi qəbul edilmiş saxta vərəsəlik işini isə əsasılı sayması ədalətsizlikdir.Məhkəmə qətnaməsidə qeyd edilənlər tamamilə yalandır, Cavabdeh2 qeyd edilənlərdən fərqli olaraq iddia tələbini qəbul etmiş, izahatında mirası onun qəbul etməsini xatırlamır, bacısının onun yanında qalmasını qeyd etmiş həmçinin iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Audi video yazı ilə aparıldığından məhkəmə protokoluna qeyd vermək zərurəti görməmişlər. Audio- Video yazılarından şəxsin məhkəmədə ifadəsi dinlənilsə deyilən faktlar sübut olunacaqdır. Bəhmən Mirzə mövcud əmləkı vicdanlı şəkildə əldə etməmişdir, həmin faktı da şahidlər və cavabdeh təsdiq etmişdir. Belə ki, Bəhmən Mirzə borc müqabilində evi girov kimi götürmüşdür, mövcud olan alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün bağlanılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətinə qarşı etiraz iddia tələbinə etirazın tələbləərinə uyğun əsaslandırılmışdır.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontorunun (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi) nümayəndəsi, Cavabdeh2 və X16 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. Maddə 5.3 mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 140 reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 149.2 əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
34. Maddə 329.1 əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
35. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
38. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 1145. miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
40. Maddə 1151.1 mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Maddə 1243. mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun:
42. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
53. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 iddiaçının atası X3 mülkiyyətində olmuşdur. İddiaçının atası X6 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, 1 saylı evin mülkiyyətçisi olmuş X3 xx.xx.1995ci il tarixdə ölməsi ilə həmin mənzilə dair vərəsəlik işi açılmışdır. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsəsi - oğlu Cavabdeh2 müəyyən edilmişdir. 24 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi dalan 2, 1 saylı evi 31.500 manata Cavabdeh1ağa oğluna satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 aprel 2016-cı il tarixli çıxarışa əsasən ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış, daha sonra Cavabdeh1ağa oğlu həmin evi X1.
54. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi – vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışını, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir.
55. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
56. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir.
57. Sadalanan xüsusatlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermədiyindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədiyindən, habelə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən, bununla da miras əmlakları qəbul etmədiyindən, onun mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir.
58. Bundan əlavə, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan və aşkar surətdə görünür ki, iddiaçının atası X6 15 iyul 1995-ci ildə ölmüşdür. Lakin, iddiaçı atasının 15 iyul 1995-ci il tarixdə ölümündən sonra iddiaçı miras əmlakla bağlı heç bir iddia irəli sürməmişdir. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir.
59. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
60. Göründüyü kimi, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür.
61. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyindən, onun “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin ləğv edilməsini, vərəsəlik hüququnun tanınmasını və miras əmlakda onun miras payının müəyyən edilməsini tələb etmək hüquqları da olmamışdır.
62. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyindən, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.
63. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.
64. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı mirası qəbul etmədiyindən, habelə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, o, hazırda mübahisəli əmlaka dair hər hansı bir hüquqa malik deyildir.
65. Azərbaycan Respublikasının qanunvericiliyi isə əmlaka hər hansı bir hüququ olmayan şəxs tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlakda onun miras payının müəyyən edilməsinə dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.
66. Məhkəmə iddia tələbinin “Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış ********** qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin, alqı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsi ilə bağlı da haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında ünvan 5 ünvanına dair 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsində iddia tələbi təmin edilə bilməz.
67. Qeyd edilməlidir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.
68. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
69. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası tətbiq edilməlidirir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.
70. Göstərilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında alqı-satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncu adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etmiş, Cavabdeh1 oğlu tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur. Belə olan halda Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında mübahisələndirilən fərdi yaşayış evi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
71. İddiaçı apellyasiya şikayətində Cavabdeh1ağa oğlunun vicdalı əldə edən olmadığını qeyd etsə də, bu hal təsdiq edə bilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən isəgörünür ki, mübahisəli ev hazırda Cavabdeh1ağa oğlunun adına deyil, tamamilə başqa şəxsin, yəni X10 adına özgəninkiləşdirilmişdir.
72. Həmçinin məhkəmə haqlı olaraq qeyd etmişdir ki, “Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmadığından, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış ********** qeydiyyat da etibarsız hesab edilə bilməz, iddia tələbi bu hissədə də təmin edilməməlidir.
73. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmadığından, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab edilə bilməz. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı 17 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.