Məhkəmə qərarları › İş №2(103)-1418/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1418/2023

10.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1418/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçılara qarşı “faktın müəyyən edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 14 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçıların birgə vəkili (nümayəndəsi) Vəkil2 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İş üzrə iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilərək, reyestrdə 2V-171 nömrə altında qeydə alınmış və Cavabdeh1 verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, ataları X2 ölümündən sonra miras qalmış əmlak – “X7 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onların və (mərhumun arvadı) Cavabdeh1 hər birinin payının 1/3 hissədə müəyyən edilməsi, avtomobilin dəyərini təşkil edən 45.000 manat məbləğində pulun 2/3 hissəsinin, yəni 30.000 manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və notariusdan tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçılar Saleh Qaraşovun birinci nikahdan olan övladları, Cavabdeh1 isə Saleh Qaraşovun ikinci arvadıdır. Saleh Qaraşov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ataları öldükdən sonra, yəni xx.xx.2020-ci il tarixdə, iddiaçılar, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almaq üçün 17 saylı Notariat Ofisinə müraciət etmiş və bu zaman məlum olmuşdur ki, cavabdeh olan notarius tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bununla da iddiaçıların vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh1 qeyd edilən həmin şəhadətnamə əsasında avtomobil üzərində mülkiyyət hüququnun tanınmasından istifadə edərək xx.xx.2020-ci il tarixdə avtomobili dəyərindən çox ucuz qiymətə, yəni formal olaraq 28.000 manata satmışdır. Təsadüfü deyil ki, 12 gün sonra həmin avtomobil real qiymətinə yaxın olan məbləğə, yəni 45.000 manata başqa şəxsə satılmışdır. Bunlara baxmayaraq Cavabdeh1 iddiaçıların hər birinə dəymiş zərərin əvəzini, yəni iddiaçılara vərəsəliklə məxsus olan payın əvəzini ödəməkdən imtina edir. Odur ki, Cavabdeh1 və bu kimi hərəkəti həyata keçirməyə şərait yaratmış notariusdan iddiaçıların hər birinin xeyrinə (45.000 : 3 =) 15.000 manat olmaqla, cəmi 30.000 manat məbləğində müştərək qaydada pul tutulmalıdır. a) qarşılıqlı iddia barədə məlumat

3. Cavabdeh1 iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Saleh Qaraşovun birgə nikahları dövründə əldə olunmuş və sonuncunun ölümündən sonra miras qalmış mübahisəli avtomobilin satışından əldə edilmiş 28.000 manat məbləğinə pul vəsaitinin 1/2 hissəsinin onun mülkiyyət hüququnun tanınması, avtomobilin satışından əldə edilmiş pul vəsaitin bütövlükdə onun tərəfindən Saleh Qaraşovun sağlığında müalicəsi, ölümündən sonra isə dəfn və yas mərasimlərinin keçirilməsi üçün aldıqları borcların qaytarılmasına sərf edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçıların atası Saleh Qaraşov xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Avtomobil də, onların birgə nikahları müddətində, onların birgə vəsaiti hesabına əldə olunmuşdur. Belə olan halda avtomobil Cavabdeh1 ilə Saleh Qaraşovun bərabər paylar üzrə ümumi birgə əmlakı sayılır. Son vaxtlar Saleh Qaraşovun səhhətində yaranmış problemlərın müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərcləri yalnız Cavabdeh1 tərəfindən ödənilmiş, iddiaçılar isə həmin xərclərin qarşılanmasında iştirak etməmişlər. Bu xərclərə görə Cavabdeh1 xeyli məbləğdə, yəni 12.500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh1 borclar barədə notariusa məlumat vermiş, notarius da bu halları qiymətləndirərək hesab etmişdir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yalnız Cavabdeh1 verilməlidir. Cavabdeh1 hesab edir ki, notariusun hərəkəti qanuni olmuşdur. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” aldıqdan sonra Cavabdeh1 avtomobili öz adına keçirtmiş və avtomobili 16.000 ABŞ dollarına, yəni təxminən 28.000 manata sataraq borclarını qaytarmışdır. İddiaçılar avtomobilin dəyərinin 45.000 manat olmasını bildirsələr də, bu həqiqətə uyğun deyil. Belə ki, həmin vaxt avtomobil istismara yarasız, zədələnmiş vəziyyətdə olmuşdur. Avtomobil Cavabdeh1 ilə Saleh Qaraşovun birgə nikahları dövründə əldə olunmuş ümumi əmlakı sayıldığından avtomobilin satışından əldə olunmuş 28.000 manat pul vəsaitinin yarısı, yəni 14.000 manat Cavabdeh1 mülkiyyəti sayılır. Saleh Qaraşovun payını təşkil edən 14.000 manat isə miras əmlakı təşkil edir. Mirasın aktivi və passivi (borc) nəzərə alınarsa onda müəyyən edilir ki, Cavabdeh1 ilə iddiaçılar arasında yalnız (14.000 – 12.500=) 1.500 manat bölünə bilər. Cavabdeh1 hər bir iddiaçıya (1.500 : 3 =) 500 manat ödəməyə hazırdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsini, mübahisəli avtomobilin satışından əldə olunmuş 28.000 manat məbləğdə pulun 1/2 hissəsi (14.000 manat) üzərində Cavabdeh1 mülkiyyət hüququnun müəyyən edilməsini, avtomobilin satışından əldə olunmuş pul məbləğinin qalan 1/2 hissəsi (14.000 manat) üzərində Cavabdeh1, iddiaçılar Natiq və Günay Qaraşovların hər birinin vərəsəlik payının 1/3 hissədə müəyyən edilməsini, Cavabdeh1 iddiaçılar Natiq və Günay Qaraşovların hər birinin xeyrinə (14.000 : 3=) 4.666,67 manat məbləğində pulun tutulmasını, qalan hissələrdə iddiaların təmin edilməməsini, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzinin – 60 manat məbləğində pulun Natiq və Günay Qaraşovlardan müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 1096, 1145, 1159, 1162, 1249, 1322, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77 və 82-ci maddələrinin tələblərindən çıxış edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil Cavabdeh1 ilə Saleh Qaraşovun birgə nikahları dövründə əldə olunmuş, lakin yalnız Saleh Qaraşovun adına qeydə alınmışdır. Buna baxmayaraq avtomobil Cavabdeh1 ilə Saleh Qaraşovun ümumi birgə əmlakı sayılır. Belə olan halda avtomobilin 1/2 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ var. Saleh Qaraşovun ölümündən sonra isə notarius tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” mərhum Saleh Qaraşovun vərəsəsi kimi yalnız Cavabdeh1 qeyd edilmiş, iddiaçıların adı şəhadətnamədə qeyd edilməmişdir, baxmayaraq ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 da Cavabdeh1 kimi mərhum Saleh Qaraşovun birinci növbə vərəsələridir. Cavabdeh1 qeyd edilən həmin şəhadətnamədən istifadə edərək avtomobili öz adına qeydiyyata salmış, sonra isə avtomobili 28.000 manata satmışdır. Bununla da, Natiq və İddiaçı1 vərəsəlik hüquqları pozulmuşdur. Lakin son nəticədə avtomobili almış X1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-3404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə vicdanlı əldə edən şəxs hesab edildiyindən cavabdeh notarius tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi və avtomobil üzərində vərəsələrin paylarının müəyyən olunması hissəsində ilk iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, ilk iddia üzrə Cavabdeh1 miras əmlakı – mübahisəli avtomobili satmaqla ilk iddia üzrə iddiaçıları miras əmlakdan onlara çatası paydan məhrum etməklə, iddiaçılara maddi zərər vurmuşdur. Ekspertiza tərəfindən verilmiş rəyə əsasən müəyyən edilir ki, mübahisəli avtomobilin yararlı vəziyyətdə dəyəri 40.000 manat təşkil edir. Lakin işdə olan sənələrdən və şahidlərin verdikləri ifadələrdən müəyyən olunur ki, Cavabdeh1 avtomobili satarkən avtomobil istismara yaralı vəziyyətdə olmamış və Cavabdeh1 avtomobili 28.000 manata satmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh1 son vaxtlar Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərinin ödənilməsi məqsədi ilə 12.500 manat məbləğində borcun yaranmasını bildirsə də, bu halları təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir. e) apellyasiya şikayəti barədə məlumat

7. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, miras payın bölüşdürülməsi, ilk iddia üzrə iddiaçılara düşən hissəsinin miras passivi nəzərə alınmaqla yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi mərhum Saleh Qaraşovun öhdəsində olmuş və heç bir yerdə işləməyən Cavabdeh1 miras idarəçisi qismində miras qoyanın müalicə və dəfn xərclərinin ödənilməsi ilə bağlı yaranmış borcların miras əmlak hesabına ödəməsini düzgün qiymətləndirilməmişdir. Mübahisəni həll edən hakim miras passivlərini vərəsələr arasında bərabər bölməmiş, həmin öhdəlikləri yalnız Cavabdeh1 üzərində saxlamışdır. Bundan başqa Rayon Məhkəməsi, Cavabdeh1 tərəfindən təqdim edilmiş sübutları nəzərə alınmamış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. f) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və verdikləri izahatlar barədə məlumat

9. Apellyator Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi.

10. İddiaçıların birgə vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə ilk iddia ərizəsinin məzmununa izahat verdi.

11. İlk iddia üzrə cavabdeh olan xüsusi notarius Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmamasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

12. Hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianın bir qismini təmin etməsə də, ilk iddia üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamənin həmin hissəsi ilk iddia üzrə Cavabdeh1 tərəfindən də mübahisələndirilmir. Bu səbəbdən Məhkəmə iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ilk iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin əsaslığını yoxlamamışdır.

13. Bundan başqa qeyd edilməlidir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 mərhum Saleh Qaraşovun birinci növbə vərəsəsi olmasını mübahisələndirmirlər. Cavabdeh1 da iddiaçıların mərhum Saleh Qaraşovun birinci növbə vərəsələri olmasını mübahisələndirmir.

14. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslığını yoxlamamış və iş üzrə tərəflər arasında mübahisə doğurmayan halları işin mübahisəsiz faktları kimi qəbul etmişdir. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki işin mübahisəsiz halları kimi qəbul edilməlidir ki, 1) mübahisəli avtomobil Cavabdeh1 ilə Saleh Qaraşovun birgə nikahları dövründə əldə olunmuşdur; 2) Saleh Qaraşov xx.xx.2020-ci il tarixdə ölmüşdür; 3) İddiaçı2, İddiaçı1 və Cavabdeh1 mərhum Saleh Qaraşovun birinci növbə vərəsələridir; 4) Saleh Qaraşovun ölümündən sonra notarius tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” mərhum Saleh Qaraşovun vərəsəsi kimi yalnız Cavabdeh1 qeyd edilmiş, iddiaçılar isə vərəsə kimi şəhadətnamədə göstərilməmişlər; 5) Cavabdeh1 qeyd edilən həmin şəhadətnamədən istifadə edərək avtomobili öz adına qeydiyyata salmış, sonra isə avtomobili 28.000 manata satmışdır; 6) avtomobilin satışından əldə olunmuş pul vəsaitinin 1/2 hissəsi Cavabdeh1 mülkiyyətini təşkil edir; 7) avtomobilin satışından əldə olunmuş pul vəsaitinin digər 1/2 hissəsi miras kütləsinə daxildir; 8) avtomobilin Cavabdeh1 tərəfindən satılması nəticəsində Natiq və İddiaçı1 vərəsəlik hüquqları pozulmuşdur.

17. İşin mübahisəli halı isə ondan ibarətdir ki, Cavabdeh1 hesab edir ki, Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərə görə Cavabdeh1 12.500 manat məbləğində yaranmış borcu mübahisəli avtomobilin satışından əldə olunmuş 28.000 manat pul vəsaitinin yarısı, yəni miras əmlakı təşkil edən 14.000 manat hesabına ödənilməli və yalnız bundan sonra qalan (14.000 – 12.500=) 1.500 manat məbləğində pul vərəsələr arasında 3 paya bölünməlidir. Başqa sözlə, iddiaçılar Natiq və Günay Qaraşovlar mərhum Saleh Qaraşovun miras passivinə görə, cavabdehlik daşımalıdırlar.

18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mövqeyinə etiraz edən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) isə bildirirlər ki, Cavabdeh1 qeyd etdiyi səbəbdən borcunun yaranmasını bildirsə də, bu halı sübuta yetirə bilmir.

19. İşə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi barədə mövqeyini yuxarıda artıq qeyd edildiyi kimi onunla əsaslandırmışdır ki, Cavabdeh1 son vaxtlar Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərinin ödənilməsi məqsədi ilə 12.500 manat məbləğində borcun yaranmasını bildirsə də, bu halları təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1249-cu maddəsinə görə, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.

21. Cavabdeh1 Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərə görə 12.500 manat məbləğində borc aldığını bildirdiyi üçün Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində işə baxmış Rayon Məhkəməsinin onun tərəfindən tərəfin təqdim edilmiş sübutların nəzərə alınmadığını bildirsə də, işin hallarından müəyyən edilir ki, Cavabdeh1 qeyd edilən borcun olmasını təsdiq edə biləcək yazılı müqaviləni (müqavilələri) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1, 14.2 və 81-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Beləliklə də, göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar