Məhkəmə qərarları › İş №2(103)-1418/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1418/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1418/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi») Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh X2, onun nümayəndəsi (vəkili) Vəkil2, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 may 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı ev İddiaçı mülkiyyətindədir, cavabdehlər isə onun oğlu və oğlunun ailə üzvləri olmaqla 1990-cı illərdən həmin evdə yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 12000 manat kompensasiya ödənilməklə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evi ötən əsrin 50-60-cı illərində inşa edilmiş köhnə tikili olmaqla təmirsiz və şəraitsiz vəziyyətdədir. Qeyd edilən yaşayış evində o, cavabdehlərlə birgə yaşayır. Cavabdeh1 onun oğlu, digər cavabdehlər isə Fəhradın həyat yoldaşı və uşaqlarıdır. İddiaçı özü 1940-cı il təvəllüdlüdür, 84 yaşı vardır, təqaüddə və xəstə olan adamdır. Vəziyyəti ilə bağlı övlad qayğısına və mənəvi dəstəyə ehtiyacı vardır, qalan ömrünü öz evində sakit şəraitdə yaşamaq istəyir. Buna baxmayaraq, uzun müddətdir cavabdehlər ona nəinki maddi və mənəvi dəstək olmur, özünə məxsus evdə normal yaşamasına imkan vermirlər, hətta onu evdən qovacaqları ilə hədələyirlər.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/24 saylı iş üzrə 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının özünə məxsus evdə yaşamasına cavabdehlər tərəfindən ciddi maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur, münaqişə nəticəsində iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Digər tərəfdən, həmin ərazidə eyni şəraitə uyğun evlərin kirayə haqqı barədə Daşınmaz Əmlak Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı, "xxxx" MMC-nin 13 iyul 2023-cü il tarixli, LP-107/2023 nömrəli rəyini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq məhkəmə müəyyən etmişdir ki, iddiaçının hazırda təklif etdiyi kompensasiya məbləği cavabdehlərə mülkiyyətçinin hesabına davamlı surətdə və uzun müddət daxilində əvvəlki evə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehlərin formal olaraq bağladığı kirayə müqavilələri, həqiqətdə onlar tərəfindən hər hansı kirayə mənzil tutulmadığından və reallığı əks etdirmədiyindən, mötəbər sübut kimi qiymətləndirilə bilməz.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1. 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmə qətnamə qəbul etdiyi tarixdə bir ildən çox əvvəlki tarixə istinad edərək mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə eyni şəraitə uyğun evlərin kirayə haqqı barədə Daşınmaz Əmlak Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı, "xxxx" MMC-nin 13 iyul 2023-cü il tarixli, LP- 107/2023 nömrəli rəyinə əsas götürərək qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1448/2023 saylı qətnaməsini nəzərə almamışdır. Belə ki, həmin qətnaməyə əsasən İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 856/2024 saylı qərardadına əsasən apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh1 və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər.

12. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

13. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası:

13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1-ci maddəyə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır 228.2-ci maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir;

16. Mülki Prosessual Məcəllə: 14.2-ci maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014ci il tarixli Qərarı: şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə apellyasiya qaydasında iş üzrə cavabdehlərdən yalnız biri – X3 tərəfindən mübahisələndirilsə də, cavabdehlər bir ailənin üzvləri olduğundan və mübahisə predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.).

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

24. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Cavabdehlər onun oğlu və oğlunun ailə üzvləridir. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqları olması işin mübahisəsiz halıdır.

25. İşin müəyyən edilmiş hallarından, eləcə də tərəflər arasında olan başqa bir iş üzrə çıxarılmış Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, mülkiyyətçi olan 84 yaşlı iddiaçının öz evində yaşamasına cavabdehlər tərəfindən maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur və bu münaqişə nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmaqdadır. İddiaçı məhz bu səbəbdən 12 000 manat kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddiaçı bundan əvvəl də 2023-cü ildə 6000 manat kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmış, lakin həmin iddia təklif edilən kompensasiya məbləğinin yetərli olmaması səbəbindən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Hazırkı işdə iddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinin əvəzi kimi 12 000 manat kompensasiya məbləği təklif etmişdir.

26. Birinci instansiya məhkəməsi təklif olunan kompensasiya məbləğinin cavabdehlərin mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəyi qənaətinə gələrək iddianı əsaslı saymış və təmin etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni həm Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına uyğun sayır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında qeyd olunur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

29. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən kompensasiya məbləği müəyyən edilərkən oxşar evlərin kirayə haqqı barədə qiymətləndirmə şirkətləri tərəfindən 2023-cü ildə verilmiş köhnə arayışlara istinad olunması barədədir.

30. Məhkəmə kollegiyası həmin dəlilə obyektiv və müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin etmişdir. "xxxx" MMC-nin 02 aprel 2025-ci il tarixli, 24 saylı rəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evin bazar qiymətinin 40 000 manat, həmin ərazidə yerləşən və şəraiti, sahəsi, habelə texniki göstəriciləri baxımından bu mənzilə uyğun olan mənzilin orta aylıq kirayə haqqının isə 200 manat təşkil etdiyi müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin əvvəlki şəraitə oxşar mənzildə 3 (üç) il ərzində normal şəraitdə yaşamaları üçün hər ay 200 manat kirayə haqqı ödəmək şərti ilə yaşamalı olmalarını nəzərə aldıqda, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 7200 manat təşkil edir.

32. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən bundan artıq məbləğdə kompensasiya təklif olunduğunu və işin digər hallarını qiymətləndirərək təkilf olunan 12 000 manat kompensasiya məbləğinin daha qənaətbəxş olduğu qənaətinə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, 12 000 manat kompensasiya məbləği cavabdehlərə 5 (beş) il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin istinad etdiyi və əvvəlki iş üzrə tətbiq olunmuş arayışda kirayə haqqı ilə bağlı göstərilən məlumatların artıq heç bir önəmi, əhəmiyyəti yoxdur.

34. Göründüyü kimi, cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin 12 000 manat deyil, daha çox təşkil etməli olmasını sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən təklif olunan 12 000 manat kompensasiya məbləğinin cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının xitamının əvəzi olduğunu qəbul edir.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əvvəlki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1448/2023 saylı qətnaməsi ilə 6000 manat kompensasiya ödəniəklə istifadə hüququna xitam verilməsi tələbinin rədd olunması hazırkı işdə 12 000 manat kompensasiya ödənilməklə istifadə hüququnun xitamı barədə iddianın təmin olunmasını istisna etmir. Bu baxımdan, apellyasiya şikayətinin bununla bağlı dəlili də əsassız sayılmalıdır.

37. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.

38. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

39. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

40. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

42. MPM-ə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1).

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 250 (iki yüz əlli) manat Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab: AZ 66 AİİB********************, Kapitaıbank ASC-nin Nərimanov filialı, Kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X, m/h AZ37NABZ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar