Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1436/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisi və "xxxx" ASC olmaqla) çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiası barədə mülki iş (Açar sözlər: «çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4428/2023 saylı, 23 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1."xxxx" İKB ASC, satıcı İddiaçı və alıcı - ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqaviləyə əsasən - Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 80.3 kv.m, olan 42 “b” saylı evin 44 saylı mənzili, Cavabdeh ilə "xxxx" İKB ASC (hazırda "xxxx") arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan alınmış 33540(otuz üç min, beş yüz qırx) manat kreditə əsasən alıcı-ipotekaqoyanın mülkiyyətinə keçmiş və bu kreditin təminatı kimi mənzil banka ipotekaya qoyulmuşdur.
2. 023-İP(USD-01) saylı, xx.xx.2008-ci il tarixli "xxxx" İKB ASC ("xxxx" ASC) ilə borclu Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 18% olmaqla 240 ay müddətə 40000,00 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin 1.3-cü bəndinə görə kredit ünvan 1 ünvanında, 20 mərtəbəli binanın, 1-ci giriş, 9 mərtəbəsində yerləşən 44№ li mənzilin alınmasına verilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 53/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il tarixli 023-İP(USD-01) saylı kredit müqaviləsi üzrə 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 (otuz səkkiz min altı yüz iyirmi doqquz ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 287.01 (iki yüz səksən yeddi manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilin likvid dəyərinin 103 000 (yüz üç min) manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldilməsi və evin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərci - 250 (iki yüz əlli) manat Cavabdeh və "xxxx" ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC, satıcı İddiaçı və alıcı ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı - satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin müqavilə əsasında Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 "b" saylı evin, 44 nömrəli mənzilinə dair mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və ona verilən seriya MN ******* saylı çıxarış və mənzilin Nikoyl” İKB ASC - nin 2 saylı filialının xeyrinə yüklü edilməsinə dair xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, 2008-ci ilin əvvəllərində tələbə yoldaşı Nümayəndə2 bankdan kredit götürmək istədiyini, bununla əlaqədar dövlət reyestrindən çıxarışı olan mənzilin ipoteka ilə yüklü edilməsinin vacibliyini ona bildirmişdir. Ümumi razılıq əsasında onunla Nümayəndə2 qardaşı Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı - satqı və ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəh, ünvan 2 ünvanda yerləşən mənzili ipoteka ilə yüklü edilərək cavabdehə 33540 (otuz üç min beş yüz qırx) manat məbləğində kredit verilmişdir. Ötən müddət ərzində cavabdeh kredit götürdüyü məbləğin iki qatından artıq banka ödəniş etməsinə baxmayaraq, "xxxx" məhkəməyə müraciət etmiş və Cavabdeh ilə "xxxx" İKB ASC (hazırda "xxxx") arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 53/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 "b" saylı evin 44 saylı mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 38.629 (otuz səkkiz min altı yüz iyirmi doqquz) ABŞ dollarının "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. O, yaşadığı mənzili faktiki satmamış və bununla bağlı ona hər hansı ödəniş edilməmişdir. Cavabdehlə alqı-satqı müqaviləsini bağlamaqda məqsədi tələbə yoldaşının və yaxın dostunun nisbətən aşağı faizlə uzun müddətə kredit götürməsinə kömək etmək olmuşdur. 2008-ci ildən bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 "b" saylı evin 44 saylı mənzilində ailəsi ilə birlikdə yaşayır və bununla əlaqədar heç kəsə kirayə haqqı ödəmir. Bu işlə əlaqədar cavabdehlə bank arasında gedən məhkəmə prosesindən məlumatı olmayıb. Tələbə yoldaşı Nümayəndə2 həmişə ona bildirmişdir ki, qardaşının adına götürülən kreditlə bağlı bank ödənişləri hər ay vaxtında ödənilir və müqavilə üzrə nəzərdə tutulan müddətdə bu ödənişlər yekunlaşacaq və yaşadığı mənzil yenidən onun adına rəsmiləşdiriləcək. Lakin iki gün əvvəl ona bildirmişdir ki, məhkəmənin qərarı ilə mənzilin açıq hərracda satılması nəzərdə tutulur və hazırda həmin iş üzrə verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4428/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia tələbində etibarsızlığı müəyyən edilməsi xahiş edilən 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üç tərəf arasında bağlanmışdır. Müqavilə tərəfləri borcverən – “Nikoyl İKB (indiki adı Yelo Bank ASC), alıcı-ipoteka qoyan - Cavabdeh və satıcı - İddiaçı olmuşdur. Mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə bağlandığı dövrdə qanunvericiliyin daşınmaz əmlakla bağlı analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur. Beləliklə, müəyyən edilir ki, mübahisələndirilən əqd qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunmaqla bağlanmışdır. Məhkəmə 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd kimi qəbul edilməsi üçün hər hansı əsas görmür. İddiaçı tərəfin həmin müqavilənin əslində yalan əqd olması fikiri ilə də məhkəmə razılaşmır. Ona görə ki, qeyd edildiyi kimi, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Konstitusiya Məhkəməsi əhəmiyyətsiz əqdin bu növünü şərh edərkən bildirmişdir ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Deməli, yalan əqd tərəflərin əsl niyyətini əks etdirməməlidir və bu niyyət müqavilə tərəflərinin hamısında olmalıdır. Başqa sözlə, yalan əqd digər müqavilə tərəfində yanlış fikir formalaşdırmaq üçün deyil, üçüncü şəxslərdə yanlış fikir formalaşdırmaq üçün bağlanır. Hazırkı işdə isə belə hallar mövcud deyil. Belə ki, mübahisələndirilən üçtərəfli müqavilə bağlanandan sonra mənzilə dair cavabdehin adına mülkiyyət hüququ qeydə alınmış, mənzilin ipoteka ilə yüklü edilməsinə dair qeydiyyat aparılmış və cavabdeh kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş və nəhayət ödəniş vaxtında edilmədiyinə görə müqavilə tərəfi olan Bank cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, eyni zamanda cavabdeh tərəfin hazırkı iddia tələbi ilə razılaşmasını da əsaslı saymır. Ona görə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə baxılarkən cavabdeh tərəfindən müqavilənin yalan əqd olmasına görə əhəmiyyətsiz hesab edilməsi ilə bağlı hər hansı fikir bildirilməmiş, (İddiaçı həmin işdə tərəf qismində iştirak etməmişdir) əksinə iddia tələbinin qismən qəbul edildiyi bildirilmişdir. Başqa sözlə, cavabdeh əvvəlki məhkəmə işində 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsini etibarlı əqd kimi qəbul etmişdir. Ona görə də, məhkəmə hazırkı işdə cavabdehin iddia tələbi ilə razılaşmasını qəbul etmir. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə isə qeyd edib ki, tələbin bu hissəsi müqavilənin etibarsız hesab edilməsi xahişinə dair tələbin əsas hissəsinin davamıdır və birinci hissə əsassız hesab edildiyinə görə tələbin bu hissəsi də əsassızdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, yaşadığı mənzili faktiki satmamış və bununla bağlı ona hər hansı ödəniş olunmayıb. Cavabdehlə alqı-satqı müqaviləsini bağlamaqda məqsədi ailəvi yaxın münasibətdə olduğu tələbə yoldaşının nisbətən aşağı faizlə uzun müddətə kredit götürməsinə yardımçı olmaq olmuşdur. 2008-ci ildən bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndanküçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilində ailəsi ilə birlikdə yaşayır və bununla əlaqədar heç kəsə kirayə haqqı ödəmir. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi çıxış edir. Cavabdehlə arasında bağlanan alqı-satqı müqaviləsi isə əqdin simulyasiyasıdır, çünki mənzilin dəyəri ona faktiki olaraq ödənilməyib. Digər tərəfdən, 2008-ci ildə yeni tikilidə 2 otaqlı mənzillərin real bazar dəyəri alqı-satqı müqaviləsində qeyd olunan məbləğdən bir neçə qat baha olub. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsini düzgün təfsir etməyib və əqdin etibarlı olduğu nəticəsinə gəlib. Halbuki, mülkiyyətində olan mənzili həqiqətən cavabdehə satmış olsa idi ailəsi ilə birlikdə həmin mənzildə bu günə qədər əvəzsiz yaşaya bilməzdi. Alqı-satqı müqaviləsi ilə ipoteka müqaviləsinin eyni vaxtda bağlanması yalan əqd olan alqı-satqı və ipoteka müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına dəlalət edir. Birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbini qəbul etməsi ilə razılaşmaması barədə gəldiyi nəticə də absurddur. Belə ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minməyən və cavabdeh tərəfindən apellyasiya instansiyasında mübahisələndirilən məhkəmə qətnaməsinə istinad edərək belə bir yanlış nəticəyə gəlib ki, guya cavabdeh əvvəlki məhkəmə işində 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsini etibarlı əqd kimi qəbul edib. Halbuki, cavabdeh özü qeyd olunan məhkəmə prosesində iştirak etməyib. Hazırkı məhkəmə prosesində isə o, alqı-satqı müqaviləsini bağlamaqda məqsədinin nisbətən aşağı faizlə uzun müddətə ipoteka kreditinin götürməsi olduğunu bildirib. Hər bir halda, istənilən ziddiyyət tərəfin son məhkəmə prosesində verdiyi izahata uyğun olaraq həll edilməlidir. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh alqı-satqı müqaviləsi ilə əlaqədar iddiaçıya hər hansı ödəniş etmədiyini, yalan əqd əsasında mülkiyyətçisi olduğu mənzilin harada yerləşdiyini dəqiq bilmədiyini, mübahisələndirilən alqı-satqı və ipoteka müqaviləsinin qardaşı Nümayəndə2 az faizlə ipoteka krediti alması üçün həmin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını təsdiq etmişdir. Bu halda iddiaçının yalan əqd əsasında mənzilə qanunsuz sahiblik hüququ əldə edən cavabdehdən öz əmlakını tələb etmək hüququ mübahisəsizdir. Məhkəmə prosesində izahat verən bütün tərəflər müqavilənin alqı-satqı məqsədi ilə deyil, məhz aşağı faizlə kredit götürmək niyyəti ilə bağlandığını təsdiq edirlərsə və bunun əksini göstərən hər hansı hal mövcud deyilsə, əqdin bağlanması zamanı tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hər hansı halların müəyyən edilməməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Alqı-satqı müqaviləsinin məhz bankın təhriki ilə imzalandığı barədə cavabdehin birinci instansiya məhkəməsindəki izahatı zamanı verdiyi məlumat birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə qeyd olunmayıb və işin bu faktiki halı məhkəmə tərəfindən aydınlaşdırılmayıb. Birinci instansiya məhkəməsində təqdim etdiyi yaşayış yerindən arayış, ödədiyi komunal ödənişlərin qəbzləri, ünvanına gələn məktublar, müxtəlif qurumlarla bağladığı müqavilələr qətnamədə nəzərə alınmayıb. Halbuki, bu sübutların məhkəmənin iş üzrə düzgün nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti vardır. Əgər alqı - satqı müqaviləsi bağlandıqdan sonrakı 15 il ərzində mənzilin faktiki sahibi iddiaçıdırsa, bu halda, alqı – satqı müqaviləsinin görüntü üçün imzalandığı birmənalı şəkildə təsdiq olunur. Birinci instansiya məhkəməsi iş üzrə yanlış nəticəyə gələrək hesab edir ki, müqavilə etibarlıdır və mənzil cavabdehin qanuni mülkiyyətindədir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı, nümayəndsi Nümayəndə1, eləcə də Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 11.Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Bakı şəhəri 43 saylı Notariat Ofisi məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər üçüncü şəxsin nümayəndəsi isə səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaçı və cavabdeh isə məhkəmənin sonuncu iclasında iştirak etmədilər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik üçüncü şəxs kimi göstərilsə də, əslində isə müqavilə tərəfi olduğundan mahiyyət etibarı ilə cavabdeh olan "xxxx" açıq səhmdar cəmiyyətinin etiraz və müdafiə hüquqlarına görə də iddia haqlı sayılmır. 21.Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
23. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
24. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçı və cavabdeh alqı-satqı və ipoteka müqaviləsinin etibarsız əqd olduğunu bəyan etsələr də mülki dövriyyə subyektləri kimi vicdanlı hərəkət etmələri və hüquqdan sui-istifadəyə yol verməmələri tələb olunurdu.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. ...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. 26.İddiaçı şikayətində məhkəmənin Mülki Məcəllənin 340.2-ci maddəsini düzgün tətbiq təfsir etməyərək hüquqlarını pozduğunu, yəni, bağlanmış əqd yalan əqd hesab olunduğu halda, məhkəmənin bu xüsusatı da, nəzərə almadığını göstərir. Göründüyü kimi, iddiaçı alqı-satqı və ipoteka müqaviləsini yalan əqd hesab edir. Əvvəla, satılan mənzilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqısatqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçı iddia edir ki, alqı-satqı və ipoteka müqaviləsi başqa əqdi, yəni kredit müqaviləsini pərdələmək məqsədilə bağlanıb. Başqa sözlə pərdələyən əqdin etibarsızlığını tələb etdiyi əqd, pərdələnən əqdin isə kredit müqaviləsi olduğunu qeyd edir. Ancaq cavabdehlə bank arasında onsuzda bu müqavilədən əvvəl kredit müqaviləsi bağlanmışdı və həmin müqavilədədə kreditin məhz mübahisə predmeti olan mənzilin alınması məqsədilə verildiyi qeyd olunub.
27. Ancaq həqiqətən də mənzilin satılmasında iddiaçının həqiqi iradə ifadəsi olmasaydı yaxud yalnız kreditin təminatı kimi ipoteka qoymaq olsaydı, mənzil iddiaçının mülkiyyətində qalmaqla da ipoteka müqaviləsi bağlana bilərdi. Başqa sözlə, iddiaçı mənzilini satmaq niyyəti olmamışdırsa, alqı-satqı müqaviləsi bağlanmadan, yalnız ipoteka müqaviləsi də bağlana bilərdi. Ancaq sonradan, yəni bankın iddiasına əsasən ipoteka predmeti olan mənzilə tumanın yönəldilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdehlə birlikdə eyni mövqedən çıxış edərək hüquqdan pis niyyətlə, yəni banka zərər vurmaq məqsədilə sui-istifadə etmələri də yolverilməzdir. Çünki, bu cür əqdin bağlanması üçün iradə ifadəsinin olmadığını və ya zədəli olduğunu bəyan etməsi özü inandırıcı və ağlabatan olmalıdır. Əksinə, iddiaçının 15 ildən artıq müddətdə etibarsızlığını tələb etdiyi əqddən məlumatlı olduğu halda susması halı, etibarsızlığını tələb etdiyi əqd əhəmiyyətsiz olsa belə onu bəyənməsi kimi qiymətləndirilməlidir.
28. Əslində, iddiaçı cavabdehlə yaxud üçüncü şəxs kimi göstərdiyi bankla aralarında yaranmış hansı real münasibətlərin nəticəsi olaraq bu əqdi bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilmir yaxud da çatdırmaq istəmir. Belə ki, iddianın və şikayətin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehin üçüncü şəxs kimi göstərdiyi bankdan aldığı kreditin təminatı kimi əqd bağladığını bəyan edir. Bu ziddiyyətli mövqe də alqı-satqı və ipoteka müqaviləsinin etibarsız olmadığına dəlalət edir. Çünki, iddiaçının bu cür iradə ifadəsi və niyyəti vahid və həqiqi olmuşdur. Bu cür iddianın təmin edilməsi üçün isə əsas olmalıdır. Apellyasiya baxışı zamanı tərəflərə mənzilin əldə edilməsinə görə alınmış kredit məbləğinin banka dərhal qaytarılmasının mümkün olub-olmaması təklif edilsə də bunun hazırki vaxtda mümkün olmayacağını bildirdilər. Bu faktın özü də hüquqdan başqasına ziyan vurmaqla sui-istifadə edildiyinə dəlalət edir. Çünki, iddiaçı cavabdehlə eyni mövqedən çıxış edərək rəsmi qaydada özgəninkiləşdirilən mənzili geri istəyir, ancaq cavabdeh bankdan alınmış krediti tam olaraq geri qaytarmaq istəmir. Əlbətdə ki, bu mövqe də açıq-aşkar vicdanlılıq prinsipinə zidddir. Ona görə də mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar.
29. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.2-cı maddəsi nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. İstər alqı-satqı və ipoteka, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insani hiss olaraq insan buna heyfislənə, yaxud bazar dəyərindən aşağı satıldığına görə peşman ola bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır.
30. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, hətta qəbul edilsə belə ki, iddiaçının mübahisə predmeti olmuş mənzilin cavabdehin mülkiyyətinə keçməsində niyyəti olmamış, 15 ildən artıq müddətdə susması bu əqdi bəyənməsinə dəlalət edir. Çünki, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
31. Qeyd olunduğu kimi, tələbin digər hissələri bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki, təmin edilib-edilməmələri sırf əsas hissələrdən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.
32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı və cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4428/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.