Məhkəmə qərarları › İş №2(103)-1439/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1439/2022

16.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1439/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı həmin Notariat Ofisi tərəfindən 10.01.2020-ci il tarixli 8i-655 saylı reyestr nömrəsi ilə qeydə alınmış mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi, X4 məxsus miras əmlaka dair vərəsəlik işinin yenidən açılaraq payların müəyyənləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-5923/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən valideynlərindən qalmış mənzil 2018-ci ilin yayında dövlət ehtiyacları üçün sökülmüş və qarşılığında qardaşları X4 və X5 mənzil verilməsi nəzərdə tutulmuşdur. Belə ki, X7 üçün nəzərdə tutulmuş mənzil ona təhvil verilsə də, X6 üçün nəzərdə tutulmuş mənzil tikilib başa çatmadığı üçün sağlığında ona təhvil verilməmiş, qardaşı X6 03.12.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Bundan dərhal sonra ona çatası əmlak barədə miras açılmışdır. Mərhum qardaşı X2 3 qardaşdan başqa heç kimi, ailəsi və övladları olmadığı üçün onun miras əmlakının qardaşları, yəni İddiaçı1 Ağasəlim oğlu, X7 və digər qardaşı olan İddiaçı2 arasında bölünməsi nəzərdə tutulmuşdur. Lakin X7 onu və digər qardaşını aldadaraq sənədləşməni ona həvalə etmə adı altında onları notariusa çağıraraq imtina ərizəsi yazdırmışdır. Onlar isə hər ikisinin vəziyyəti yaxşı olmadığından hər gün sənədləşmə işləri ilə məşğul ola bilməyəcəkləri üçün onun bu təklifi ilə razılaşaraq sənədləşməni ona həvalə etməyi qərara almış, imtinanın da məhz bu mənada onun xeyrinə olduğunu düşünmüşlər. İmtinanın əsl mənasını, yəni pay hüquqlarının qardaşına ötürülməsi demək olduğunu isə heç vaxt bilməmiş, yalnız son günlərdə Faiq Əliyevin mənzili tamamilə öz adına rəsmiləşdirəcəyini öyrəndikdən sonra hüquqlarının pozulduğunu başa düşmüşlər. Bu barədə xəbər tutduqdan dərhal sonra iddiaçı ərizə yazaraq Bakı şəhər 2 saylı “Asan Xidmət” Notariat ofisinə müraciət etmiş, paydan imtina etmək niyyətində olmadığını bildirərək, imtina ərizəsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı və qardaşı yaşlı və xəstə insanlar olduqlarından bu şəkildə aldadılmış və imtina ərizəsinin əsl mahiyyətini bilməmiş, notariat ofisində izah olunanları onlara vəd verilən şəkildə anlamışlar. İddiaçı illər öncə aldığı travma nəticəsində bu gün də danışmaqda və fikrini rasional şəkildə dəyərləndirməkdə çətinlik çəkir. Məhz bu səbəbdən sənəd işləri ilə məşğul olmaq ona cox çətin gəldiyindən qardaşı Faiqə etimad edərək bu işləri onun öhdəsinə buraxmışdır. Lakin, Faiq bu vəziyyətdən sui-istifadə edərək onları aldatmış və bütün miras payının onun adına keçməsi barədə ərizə yazdırmışdır. Paydan imtina iddiaçının həqiqi iradə ifadəsi deyildir. O, heç zaman bu niyyətdə olmamışdır. Bu səbəbdən də, o, bundan əvvəl mirasdan imtina ərizəsinin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə 18.06.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 25.01.2020-ci il tarixli qətnamələri ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində iddianın təmin edilməməsinin əsası kimi qeyd edilmişdir ki, tələbin əqdin etibarsızlığına dəlalət edən dəlillər irəli sürülsə də onun ləğvi tələbinə dair iddia irəli sürülmüşdür. Eyni zamanda Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, işə maraqlı şəxs kimi cəlb edilmiş X7 MTK-nın ondan vərəsəlik şəhadətnaməsini tələb etdiyini, buna görə də notariat ofisinə gəldiyini, qardaşının miras payından imtina barədə ərizə verdiklərini, ərizə yazmağa məcbur etmədiyini, sonradan iddiaçının öz payını ondan tələb etdiyini, iddiaçını aldatmadığını, evin sənədlərini hazır etdikdən sonra evi satıb pulu böləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən 20.08.2021-ci il tarixli məhkəmə iclasında X8 üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. O, iddianı qəbul etməmiş və izahatında iddiaçıları aldatmadığını, onlara hər hansı təzyiq göstərmədiyini, mirasdan imtina ətizələrinin könüllü yazıldığını bildirmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə onun dəlillərinə münasibət bildirməmiş, notarius mirasdan imtinananın nəticələrini ona tam və düzgün izah etməmiş, əslində onun mirasdan imtina etmək fikri olmamış, qardaşı Faiq Əliyev mirasın yalnız bir şəxsin adına keçməsinin mümkün olduğunu söyləməklə onu aldatmış, miras əmlakı adına keçirəndən sonra onun payını verəcəyini vəd etmiş, lakin vədinə əməl etməmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılardan yalnız İddiaçı1 apellyasiya qaydasında mübahisələndirmişdir. İş üzrə digər İddiaçı2 sağlığında, onun ölümündən sonra isə vərəsələri birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apelyatora, yəni İddiaçı1 aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X7 mərhum X2 qardaşları və o, öldükdən sonra isə vərəsələri olmuşlar. Rafiq Əliyev 03.12.2019-cu ildə vəfat etmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 10.01.2020-ci il tarixdə Rafiq Əliyevin ölümündən sonra miras qalmış əmlakdan onlara çatası paylarından üçüncü şəxs X3 xeyrinə imtina etmişlər. Qeyd edilən imtina ərizələri notarial qaydada təsdiq olunmuşdur. Bundan sonra X7 miras əmlakdan tam hissədə pay almaqla, 17.06.2021-ci ildə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı1 bundan əvvəl məhkəmədə “miras payından imtinaya dair ərizənin ləğv edilməsi” barədə iddia qaldırmış, lakin Xətai Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmamış və yuxarı instansiya məhkəmələri tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda həmin mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. O, tələbini imtinanın vacib yanılma nəticəsində edilməsi, yaşlı olduğu üçün nəticələrini başa düşməməsi, qardaşı Faiq Əliyevin onu aldatması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni Mülki Məcəllənin 1256, 1267, 1268-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. İşin müəyyən edilən hallarından və sadalanan qanunvericilik normalarından göründüyü kimi, İddiaçı1 mərhum qardaşı X1 qalmış miras əmlakdan digər qardaşı X3 xeyrinə imtina etməsi qanunla müəyyən edilmiş müddətdə, qaydada və formada olmaqla, qanunvericiliyin tələblərinə tam riayət edilməklə, ardıcıl şəkildə həyata keçirilmiş, imtinanın nəticələri və geri götürülməməzliyi notarius tərəfindən ona izah edilmişdir. Məhkəmə iddiaçının imtina ərizəsini vacib yanılma nəticəsində verməsi barədəki dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, imtina barədə ərizənin vacib yanılma və ya aldadılma yolu ilə verilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı dəlillərini üçüncü şəxslə aralarında paylarından Faiq Əliyevin xeyrinə imtina etmələri və sonradan miras əmlakın satılaraq bölünməsi barədə razılaşmış olmaları ilə əsaslandırmışdır. Bu isə göstərilən imtinanın etibarsız hesab edilməsi üçün əsas deyildir. Odur ki, iddia əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni apelyatora aid hissədə əsaslı sayır və hesab edir ki, İddiaçı1 öz tələbini əsaslandırdığı halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi onun iddiasını rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı yanılmış, cavabdeh tərəfindən aldadılmış, notarius onun yaşlı və xəstə olmasını nəzərə almamış, mirasdan imtinanın hüquqi nəticələrini ona tam və düzgün izah etməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin araşdırılan hallarına əsasən qeyd olunan faktların mövcudluğunu, yəni İddiaçı1 mirasdan imtina barədə ərizə verərkən aldadılmasını, yaxud hüquqlarının izah olunmamasını, eləcə də vacib əhəmiyyətli yanılma nəticəsində ərizəni yazmasını təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilmədi. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 miras açılandan cəmi 21 gün sonra, yəni 24.12.2019-cu il tarixdə əvvəlcə miras mənzilə dair cavabdehlə payçı müqaviləsinin bağlanmasına etiraz etmədiyi barədə ərizə ilə mənzilin yerləşdiyi "xxxx" MTK-ya müraciət etmişdir. Miras açılandan 1 ay 7 gün sonra isə o, mirasdan imtina barədə ərizə ilə notariat kontoruna ərizə vermiş və ərizədəki imzası notarius tərəfindən təsdiq olunmuşdur. Ərizədə xüsusi olaraq qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1268-ci maddəsi, yəni mirasdan imtinanın hüquqi nəticələri və ərizənin geri götürülməsinin qeyrimümkünlüyü notarius tərəfindən ona izah edilmişdir. Göründüyü kimi, İddiaçı1 mirasdan imtina ərizəsinin həqiqiliyini, onun iddiaçının iradə ifadəsini əlks etdirməsini şübhə altına alan hər hansı mötəbər sübut yoxdur. Eləcə də, iddiaçının cavabdeh, yaxud hər hansı digər şəxs tərəfindən aldadılmasına dair də hər hansı sübut müəyyən olunmamışdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq belə qənaətə gəlir ki, mirasdan imtina ərizəsində İddiaçı1 imzasının həqiqiliyi qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuşdur, həmin ərizə onun iradə ifadələrini əks etdirir və ərizə rəsmiləşdirilərkən iddiaçıya mirasdan imtinanın hüquqi nəticələri qanunla müəyyən olunmuş qaydada izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 1256, 1267, 1268-ci maddələrini tətbiq edib iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı1 nə iddia tələbinin, nə də apellyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən şikayət əsassız sayılmalı və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyatora aid hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyatora aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar